BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 1

:

BƏLƏD SURƏSININ MÖHTƏVASI
Bu surə qısa olmasına baxmayaraq, böyük həqiqətləri bəyan edir. Surənin birinci hissəsində bir sıra mənalı andlardan sonra Allah-taala insana bildirmək istəyir ki, dünya həyatı çətinliklərlə doludur və insan onları aradan qaldırmaq üçün hazırlıq görməlidir.

Bundan əlavə, dünyada mütləq aramlıq və asudəlik intizarında olmaq yanlışdır. Əbədi səadət və rahatlıq yalnız axirət aləmindədir.
Digər ayələrdə Allahın insana bəxş etdiyi bir sıra böyük nemətlərdən söz açılır və insanın həmin nemətlər müqabilində naşükürlüyünə işarə edilir.
Bu surənin sonuncu hissələrində əməlisaleh möminlər, günahkarlar və kafirlərdən ibarət olan iki dəstədən danışılır və onların axirətdəki aqibətlərinin necə olacağı bildirilir.
Uyğun surənin ayələrində istifadə edilən ifadə və cümlələr lakonik və dərin mənalı, eyni zamanda, həddən artıq təsirlidir. Surənin möhtəvası və ayələrdən onun Məkki (Məkkədə nazil olan surə) surələrdən olması anlaşılır.

BƏLƏD SURƏSINI OXUMAĞIN FƏZILƏTI
Surənin oxunmasının fəziləti ilə bağlı Peyğəmbərdən (s) nəql edilən hədisdə belə bildirilir: “Kim bu surəni (“Bələd” surəsini) oxusa, Allah qiyamət günü onu öz qəzəbindən amanda saxlayar.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh.490.)

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم

1. “And olsun bu şəhərə!” لا أُقْسِمُ بِهَذَا الْبَلَدِ
Qurandakı üslub və ənənələrdən biri də, həddən artıq əhəməiyyət kəsb edən mətləb və həqiqətləri and içməklə bəyan etməkdən ibarətdir. Əlbəttə, bu andlar barəsində bəhs ediləcək mətləblərlə əlaqədardır və insanları təfəkkürə, düşüncəyə sövq edir.
Dünya həyatının çətinlik və problemlərlə dolu olması ilə bağlı Allah belə and içir: “And olsun bu şəhərə (Məkkəyə)!”

2. “Sənin məskunlaşmış olduğun bu şəhərə!” وَأَنْتَ حِلٌّ بِهَذَا الْبَلَدِ
Ayədə şəhərin Məkkə olduğu aşkarcasına bildirilməsə də, surənin Məkki surələrindən olması, bu müqəddəs şəhərin əhəmiyyət kəsb etməsi, eyni zamanda, təfsirçilərin həmin şəhərin Məkkə olması ilə bağlı fikir birliyinə əsasən, ayədə bəhs edilən şəhərin Məkkə olduğu anlaşılır.
İlk tövhid binası olan Kəbənin bu şəhərdə tikilməsi, böyük peyğəmbərlərin burada təvaf etməsi Məkkə şəhərinə and içilməsinə səbəb olmuşdur. Bundan əlavə, İslam Peyğəmbərinin (s) də bu şəhərdə məskunlaşması, onun fəzilət və bərəkəti sayəsində Məkkə şəhəri zinətlənmiş və and içilməyə layiq görülmüşdür. Ölkələrin dəyəri orada məskunlaşan insanların əzəmət və dəyəri ilə ölçülür. Nəticədə, fasiq və kafir şəxslər olan Məkkə kafirləri elə düşünməməlidir ki, Məkkəyə and içilməsi onların bütlərinə əhəmiyyət və üstünlük verildiyi üçündür. Xeyr, əsla belə deyil, əksinə Allahın əzəmətli peyğəmbəri Mühəmmədin (s) bu şəhərdə olması ona and içilməsinə səbəb olmuşdur.
Bildiyiniz kimi, Məkkə müşrikləri bu şəhərdə Peyğəmbəri (s) həddən artıq incitmiş və ona olmazın əziyyətlər vermişlər. Onlar özlərini Kəbənin mühafizi və xadimləri hesab edirdilər. Allah Məkkə şəhərinə and içməklə onları məzəmmət edir. Belə ki, əgər onların atalarının qatilləri belə Məkkəyə pənah gətirsəydilər, şəhərin müqəddəsliyinə və ehtiramına xatir həmin şəxslərə toxunmazdılar. Bu adət-ənənəni unudaraq Peyğəmbəri (s) incitdikləri üçün Allah bu şəhərə and içməklə onları şiddətli şəkildə tənbeh edir.
Bu cür təfsir imam Sadiqdən (ə) olan bir hədisdə də nəql edilmişdir. (“Məcməul-bəyan” təfsiri, c.10, səh.393)

Allah-Taala daha sonra ardınca belə davam edir:

3. “And olsun ataya və onun oğluna!”. وَوَالِدٍ وَمَا وَلَدَ
Təfsirçilər ayədəki ata və oğulda məqsədin kim olması ilə bağlı maraqlı fikirlər qeyd etmiş və həmin şəxslərin həzrət İbrahim (ə) və oğlu həzrət İsmail (ə) olduğunu vurğulamışlar. Onlar Məkkə şəhəri və Kəbənin əsasını qoyanlar idilər. Cahil ərəblər həzrət İbrahim (ə) və həzrət İsmayilə (ə) nisbətdə həddən artıq ehtiram göstərir və öz nəsillərinin onlara çatdığını vurğulayaraq öyünürdülər.
Digər bir təfsirə əsasən, ata və oğulda məqsəd həzrət Adəm (ə) və onun övladlarıdır.
Eyni zamanda, məqsədin hər bir ata-oğul olması və insan nəslinin müxtəlif zaman kəsiyində meydana çıxması ilə bağlı təfsir də qeyd edilmişdir. Bütün təfsirlərin arasında birinci təfsir məqsədə daha uyğundur.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!