QURANDA ALLAHI TANIMA YOLLARI

:

Sual: Qurani-Kərimdə insanların Allah-Taalanı tanıması müqabilində (inkar, şəkk, şəhadət və yəqin kimi) müxtəlif mövqelər bəyan olunmuşdur ki, bu, insanlar arasında (kafir, münafiq, müsəlman və möminlər kimi) müxtəlif qrupların yaranmasına səbəb olur. Həmin səbəbdən də mənə tam aydın deyil ki, bu mövqelər əməldə necə aşkar olur?


QURANDA MƏRİFƏT
Qurani-Kərimdə mərifət və onun əsasları, – elm və alim, – eləcə də, şərtləri, vasitə və maneələri haqqında geniş şəkildə söz açılmışdır.1

MƏRİFƏT VƏ ALLAHA İNAM
İman mərifətlə əlaqəli olduğundan, Qurani-Kərimdə “Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə kor-koranə təqlidləri,2 empirik idrakı3 və gümana əsaslanmağı4; Allaha yönəlmə maneələrinə isə, ani həvəs və istəkləri,5 insanın gələcək rifahı barədə ifrat dərəcədə fikirləşməsini,6 Allah, peyğəmbər və dinlə7 düşmənçiliyi misal göstərmək olar.8
Qurani-Kərimdə dini məsələlər, xüsusilə, “tövhid” və “məad” barədə zənn, şəkk, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: İnsanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) “inkar” ifadəsini yalnız kafirlərə, “şəkk” ifadəsini yalnız müşrik, yaxud münafiqlərə, “şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.
Misal üçün: “Qafir” surəsinin 81-ci və “Muminun” surəsinin 99-cu ayələrində “inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar “İbrahim” surəsinin 10-cu və “Səbə” surəsinin 54-cü ayələrində “şəkk və tərəddüd” ifadələri ilə vəsf olunurlar. “Qafir” surəsinin 59-cu və “Tövbə” surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkkə düçar olmalarından söz açılır. “Qeyri-möminlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. “Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanır.
Bu ifadələrin, eləcə də, kafirlərin, müşrik, münafiq, müsəlman və möminlərin Allah, məad və dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb “şəkk”, “zənn” və “yəqin”in mərifət və Allaha yönəlməklə əlaqədar tərif və təsirlərini araşdırmaqla kifayətlənirik:

1. QURANDA ŞƏKK
Şəkk bir nöqteyi-nəzərdən üç qismə bölünür:
1. Təbii şəkk: Həqiqət axtarışında hər hansı bir hadisənin, hərəkətin, hökmün predmeti və predikatı arasında əlaqənin tapılmasında tərəddüd və zehni işlətmək. Bu növ şəkk təbiidir və həyəcan dolu ehtimalları aradan qaldırır. Buna əsasən, hadisənin digər tərəfindəki əsaslı və faydalı yəqinlərə təbii şəkk demək olar. İnsanı yəqinə çatdıran bu növ şəkk zahiri imandan olduqca üstündür.
2. Vasvasılıq: Bu, həqiqət axtarışında müddəalar və sübutlarla üzləşdikdə, zehnin acizliyindən irəli gəlir. Bu şəkkin səbəbi zehnin həqiqətləri araşdırıb, onları xəyallardan ayırarkən qorxuya düşməsidir. Şəkkin özünəxass xüsusiyyətlərindən biri beyin fəaliyyətlərindən xilas olmaq üçün zehni rahatlıq təmayüllü olmasıdır. Bu şəkk həqiqətdə mərifətin antonimidir.
3. Əsaslı şəkk: Bu, zəif imanlı şəxslərin yüksək təfəkkür sahibi olduqlarını göstərməsidir. Buna düçar olanlar iddia edirlər ki, mərifət və idrak məqamına nail olmuşlar. Şəkk və tərəddüddən başqa, yol tapa bilməmiş, yaxud həqiqətə çatmaq üçün şəkk edənlərə məhəbbət bəsləmişlər ki, onların şəkki həqiqətləri tapmağa olan eşq üzündəndir!
Qurani-Kərimdə məzəmmət edilən şəkk “təbii şəkk” yox, “əsaslı şəkk” və “vasvasılıq”dır.9

QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA
Diqqət yetirmək lazımdır ki, Qurani-Kərimdə “şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı şəkkə düçar olub yəqinə çatmağı və şəkkin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-Kərimdə şəkk edənlər iki qrupa bölünür:
Birinci qrup: “Bilmirəm” və “başa düşmürəm” deməklə şəkkə düçar olduqlarını bildirənlərdir. Yəni onlar açıq-aşkar ayələri görə-görə Yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.10
İkinci qrup: Allahı, nübuvvət və məadı inkar edən şəxslər. Onlar həqiqətdə bu məsələlərlə bağlı yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.11
Quran baxımından “şəkk edənlər”, məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən bir dəlil göstərmirlər.12

ŞƏKKİN TƏSİRLƏRİ
Qurani-Kərimin “tövhid”, “məad”, “risalət”, “vəhy” və digər dini inanclarla əlaqədar ayələrinə diqqət yetirdikdə, iki əsas nöqtə ilə rastlaşırıq.
1. Şəkk ya qəlbdə, ya dildə, ya da həm qəlb, həm də dildə inkara səbəb olur.13
2. Bu şəkk bəzən müşriklərə14, bəzən də kafirlərə15 aid edilir.
Deməli, şirk və küfrə səbəb olan amillərdən biri də şəkdir.
İncə bir mətləb: Ayələrdə qeyd olunan “rəyb”in şəkdən müəyyən fərqləri var. “Rəyb” lüğətdə böhtan və bu kimi şeylə yanaşı şəkk və nadanlıq nəticəsində nəfsdə yaranan “iztirab” və “həyəcanlı hal” mənasındadır. Buna əsasən, ayələrdə qeyd olunan “murib” sözü şəkk sifəti olaraq qərar verilmişdir; yəni “həyəcan yaradan şəkk”. Buna “Səbə” surəsinin 54-cü ayəsini misal göstərmək olar. Həmin ayədə buyurulur: “Kafirlər “murib” (şəkk) içində idilər.” Yəni onlar həyəcanla birgə olan şəkkə düçar olmuşdular. Bəzən insan müəyyən bir ağacın ildə neçə dəfə bar verdiyini bilmədiyi zaman, onda (Quran ayələrində qeyd olunan) “reyb” yox, şəkk yaranır. Bəzən isə yolda bir quldurun pusquda durub-durmaması bilinmir. Burada insanda şəkdən əlavə, həyəcan da baş qaldırır.16

2. QURANDA “ZƏNN” (GÜMAN)
Qurani-Kərimdə beş növ gümandan söz açılır:
1. Həqiqətə uyğun gəlməyən güman;17
2. Həqiqətə uyğun gələn güman;18
3. Günah sayılan güman;19
4. Həqiqəti kəşf etməyən güman;20
5. Məzəmmət edilən güman.21
Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-Kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar:
a) Güman təbii ki, insanı – xüsusilə, gümanın müqəddimələrində nəfsani istəklər olduğu zaman22 – həqiqətə çatdırmır. Çünki bu halda, güman nəfsin istəklərinə uyub dəlil və sübutdan uzaqlaşır.
b) Məzəmmət edilən güman insanın əqidə üsullarında, xüsusilə, əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Bu məsələlərdə elm və yəqinə çatmaq labüddür.
c) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqin əldə etmək üçün özlərini zəhmətə salmırlar.
d) Qurani-Kərimdə pislənilən və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.23
Diqqət yetirmək lazımdır ki, bəzi ayələrdə (“zənn” sözünün yerinə) “zəəm” sözü işlədilmişdir.24 “Zəəm” sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran baxımından, “zəəm” (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-sual olunacaqdır. Çünki bəziləri səhlənkarlıq və etinasızlıq üzündən güman etsə də, haqqı hiss etməklə yanaşı güman edənlər öz gümanlarına diqqət yetirmiş və onun üzərində təhqiqat aparmışlar.25

3. QURANDA YƏQİNLİK
Predikatın predmetə isbatı, eləcə də, predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə “yəqin”lik deyilir. Buna əsasən, “yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən çıxır. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud ona əks göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.
Qurani-Kərimdə yəqinin dörd şərtindən yaranan zərurəti “la rəybə fihi” (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan edilir. Məsələn buyurulur: “Bu (Quran), onda heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır.”26
“La rəybə” (heç bir şəkk-şübhə yoxdur) ifadəsi Quranın inkaredilməz həqiqət olduğunu göstərir. Bu kitabda tövhid və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da danılmaz həqiqətdir.
Başqa bir ayədə belə buyurulur: “Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!”27 Ayənin mənası budur ki, Allah-Taalanın insanları bir yerə toplayacağı gün labüddür.28
Quranda “yəqin” sözünün qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır.29

YƏQİNİN DƏRƏCƏLƏRİ
Quran baxımından yəqinin müxtəlif dərəcələri var: “elmül-yəqin”, “eynül-yəqin” və “həqqül-yəqin”.
Qurani-Kərim “elmül-yəqin”i “eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.30 Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını gözləri ilə müşahidə edər. “Təkasur” surəsində buyurulur: “Əgər insan “elmül-yəqin” mərhələsinə çatsa, cəhənnəmi görə bilər.” İnsan “elmül-yəqin” mərhələsinə çatsa, onu həmin mərhələ ilə tanış edən müqəddiməsi də yarana bilər.
“Eynül-yəqin”dən yüksək mərhələnin adı “həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından “həqqül-yəqin” mərifətdə ən üstün yəqin deməkdir.31
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübutu və predikatın predmetdən götürülməsinin qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və elmin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı müşahidədən fərqlənir.
Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:
1. İlahi nişanələri Allah barəsində yəqinə çatmaq üçün bir növ səbəb hesab etmək olar.32
2. Təqvanın yüksək mərhələsinə nail olan və axirət aləminə inananlar özlərini xəyallar, zehnin batil göstərişləri və nadanlığa qərq olmaqdan qoruyanlardır.33
3. Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.34
4. Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.35
5. “Yəqin” mərifət və elmin xarici nümunəsi olduğu üçün məlumlara aid edilir. Məlum olan “əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifət və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddinə uyğun yəqindən bəhrələnir. Bu səbəbdən də, yəqin üçün zehndən xaric nümunələri nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.
6. Yəqinin ən yüksək dərəcəsi “həqqül-yəqin”dir.36
7. Yəqinlə bağlı məsələlər, xüsusilə, Allahın gözəl adları məhdud olmadığından yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivəyə salaraq yəqinin son mərhələsi hesab etmək olmaz. Onun həqiqəti çeşidli nurdan ibarətdir. O, artdığı kimi də hüdudsuzdur.37

 Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. Bu məsələ barəsində geniş məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı kitablara müraciət edə bilərsiniz: 1. “Şenaxtşenasi dər Quran”, Cavad Amili; 2. “Şenaxt əz didqahi-Quran”, Behişti və Məhəmməd Hüseyni.
2. “Zuxruf”, ayə: 22-23.
3. “Bəqərə”, ayə: 55; “Furqan”, ayə: 21, 33 və 34.
4. “Yunis”, ayə: 36 və 66; “Sad”, ayə: 27.
5. “Mühəmməd”, ayə: 13.
6. “Təkasur”, ayə: 1-2; “Hicr”, ayə: 3; “Hud”, ayə: 15-16.
7. “Muddəssir”, ayə: 11-25.
8. Bax: “Peyami-Quran”, Məkarim Şirazi, 1-ci cild, səh. 316-423.
9. Bax: “Şenaxt əz didqahe elmi və didqahe Quran”, Məhəmməd Təqi Cəfəri, səh. 310-312.
10. Bax: “İbrahim” surəsi, 9-10-cu ayələr; “Hud” surəsi, 62-ci ayə; “Yunis” surəsi, 104-cü ayə; “Nəml” surəsi, 66-cı ayə... .
11. “Casiyə” surəsi, 24 və 32-ci ayələr; “Qaf” surəsi, 2-3-cü ayələr; “Muminun” surəsi, 33 və 37-ci ayələr.
12. Bax: “Şenaxtşenasi dər Quran”, səh. 181-182.
13. “İbrahim” surəsi, ayə 9-10; “Nəml” surəsi, ayə 66; “Casiyə” surəsi, ayə 32; “Muminun” surəsi, ayə 69; “Bəqərə” surəsi, ayə 23 və s.
14. “Nəml” surəsi, ayə 66; “Hud” surəsi, ayə 62 və 110.
15. “Səbə” surəsi, ayə 54; “Fussilət” surəsi, ayə 45; “Qaf” surəsi, ayə 2-3.
16. “Quran dər Quran”, Cavad Amili, 1-ci cild, səh. 361-362.
17. “Ənam” surəsi, ayə 116; “Casiyə” surəsi, ayə 24; “Ali-İmran” surəsi, ayə 154; “Bəqərə” surəsi, ayə 78; “Həcc“ surəsi, ayə 15.
18. “Tövbə” surəsi, ayə 118; “Haqqə” surəsi, ayə 17-21.
19. “Hücurat” surəsi, ayə 12.
20. “İsra” surəsi, ayə 52.
21. “Nəcm” surəsi, ayə 28.
22. “Nəcm” surəsi, ayə 23.
23. “Ənam” surəsi, ayə 148; “Yunis” surəsi, ayə 66; “Nəcm” surəsi, ayə 23; “Casiyə” surəsi, ayə 24.
24. “Cümə” surəsi, ayə 6; “Nisa” surəsi, ayə 60; “Ənam” surəsi, ayə 22, 94 və 136; “Kəhf” surəsi, ayə 52; “Qəsəs” surəsi, ayə 62 və 74; “Səbə” surəsi, ayə 22.
25. Bax: “Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh.316-318.
26. “Bəqərə” surəsi, ayə 2.
27. “Ali-İmran” surəsi, ayə 9.
28. “Mərifətşenasi dər Quran”, Cavad Amili, 13-cü cild, təfsiri mozuyi, səh. 255-256.
29. Bax: “Rəd” surəsi, ayə 2; “Bəqərə” surəsi, ayə 4 və 118; “Maidə” surəsi, ayə 50; “Nəml” surəsi, ayə 3 və 82; “Rum” surəsi, ayə 60; “Loğman” surəsi, ayə 4; “Səcdə” surəsi, ayə 24; “Casiyə” surəsi, ayə 4 və 20; “Tur” surəsi, ayə 36; “Hicr” surəsi, ayə 99; “Vaqiə” surəsi, ayə 95; “Haqqə” surəsi, ayə 51; “Muddəssir” surəsi, ayə 47; “Nisa” surəsi, ayə 157; “Ənam” surəsi, ayə 75; “Şüəra” surəsi, ayə 24; “Duxan” surəsi, ayə 7; “Zariyat” surəsi, ayə 20.
30. “Təkasur” surəsi, ayə 5-6.
31. “Haqqə” surəsi, ayə 51; bax: “Mərahele ixtilaf dər Quran”, (təfsiri mozuyi), Cavad Amili, “yəqin” bölümü, 11-ci cild, səh. 351-356.
32. “Rəd” surəsi, ayə 2.
33. “Bəqərə” surəsi, ayə 4.
34. “Hicr” surəsi, ayə 99.
35. “Səcdə” surəsi, ayə 24; bax: “Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh. 493-499.
36. “Təsnim” (Qurani-Kərimin tərtibi təfsiri), Cavad Amili, 2-ci cild, səh. 205-206.
37. Yenə orada; eləcə də “Mizanul-hikmət”, Məhəmməd Məhəmmədi Reyşəhri, 10-cu cild, səh. 790.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!