QURANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QAYDALAR - 2

:

MÜƏLLİFİN NƏZƏRİ
Vahid xəbər halında nəql olunmuş rəvayətlər öz etibarını sübuta yetirəcək dəlillərə malik olduğu üçün Quranın verdiyi ümumi hökmləri də müəyyənləşdirə bilər.(Yəni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edərək deyə bilərik ki, ümumi hökm verildikdən sonra həmin hökmün xırdalıqları bəyan olunmuş və ya müəyyən istisnalar edilmişdir.)

Çünki hər hansı bir mətləb (dəlil) kifayət qədər mötəbər və əsaslı olarsa, maneə olmadığı təqdirdə istinad olunmalı və əməli olaraq həyata keçirilməlidir.

SUAL VƏ CAVAB
Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş mötəbər rəvayətlərlə Quranın ümumi xarakter daşıyan ayələrinə əlavə olaraq müəyyən izahlar verilmişdir. Lakin alimlərin bəziləri bu nəzəriyyə ilə müxalif olaraq bunun mümkün olmadığına dair bir neçə dəlilə istinad etmişlər. Lakin bu dəlillər olduqca zəif və əsassızdır.

1. Deyirlər: Bu bir həqiqətdir ki, Quran Allah kəlamıdır və onun ayələri bütünlüklə Allah tərəfindən nazil olmuşdur. Lakin vahid xəbər halında nəql olunmuş rəvayətlərin qəti olaraq nə məzmunun həqiqətlə uyğun olması və nə də onun məsum imamlar tərəfindən nəql olunduğu bəllidir. Çünki həm rəvayəti nəql edən şəxsin səhvə yol verdiyinə ehtimal vermək olar, həm də bir qədər dərindən düşündükdə belə bir qənaətə gəlmək olur ki, səhvə yol verilməsinə ehtimal verilən və ya hər hansı bir zənn doğuran dəlilə istinad edərək əsaslı və daha yaxın olan sənədi kənara qoymamalıyıq.
Cavab:
Quranın Allah tərəfindən nazil olması kimsədə şəkk-şübhə doğurmur. Lakin Quranın ümumi xarakter daşıyan bəzi ayələrinin ümumi məfhumu bir o qədər də bəlli olmur. Quranın ümumi hökmlərinə əməl etmək isə vacib və zəruridir. Bunun üçün də ümumi xarakter daşıyan bəzi ayələrin zahiri mənasından istifadə olunur. Ayələrin zahiri mənaları etibar kəsb etdiyi üçün də bu, alimlərin və ümumi kütlənin istifadə etdiyi üsullardan biri olmuşdur. O ki, qaldı Peyğəmbər (s) və ondan sonrakı məsum imamlara, bunu onlara qadağan etməmişdir. Başqa sözlə desək, Quranın Allah tərəfindən nazil olduğu qəti olsa da, onun bəzi mətləblərə dəlalət etməsi zənnidir. Bunun da əqli baxımdan mötəbərliyi sabit olan zənn doğuran başqa bir əsaslı dəlil və məfhuma görə hər hansı bir zənn doğuran dəlil və məfhumdan əl çəkməyə heç bir maneçiliyi yoxdur.

2. Deyirlər: Məsum imamlardan nəql olunmuş mötəbər rəvayətlərə əsasən nəql olunmuş bütün rəvayətlər Quranla müqayisə olunmalı və onların doğru olub-olmadıqları aşkara çıxarılmalıdır. Quranla müxalif olan rəvayətlər kənara qoyularaq onlara istinad olunmamalıdır. Çünki məsum imamlardan Quran ayələri ilə ziddiyyət təşkil edən və müxalif olan bir hədis və rəvayət də olsun nəql olunmamışdır.
Cavab:
Düzdür, Quranla müxalif olan bütün hədis və rəvayətlər kənara qoyulmalıdır. Lakin hər şeydən əvvəl müxalif deyildikdə nəyin nəzərdə tutulduğu və müxalifətin məna və məfhumunun nədən ibarət olduğunu dərk etmək lazımdır. Əgər hər hansı bir məsələdə ürfi (adət-ənənə) əlamətlər Quranın bəzi ayələrinin zahiri mənası ilə müxalif olarsa, mətləbin bu yolla bəyan olunması ürfi və əqli nöqteyi-nəzərdən müxalifət və ziddiyyət kimi qəbul olunmur. Bu səbəbdən də əgər vahid xəbər halında nəql olunmuş hər hansı bir mötəbər rəvayət Quranın ümumi zahiri mənası ilə müxalif olarsa, bu kimi rəvayətlər əksinə olaraq ayələrin təfsir və anlamını verməklə yanaşı, zahiri mənanın nəzərdə tutulmadığını da bildirir.
Demək, rəvayət və ayələrin zahiri mənası arasında mövcud olan belə bir fərqi ziddiyyət adlandırmamalıyıq. Ziddiyyət yalnız o zaman ola bilər ki, onların hər ikisi, yəni həm nəql olunmuş ayələr eyni şəxs tərəfindən sadir olunsun və həm də xitab olunan şəxslər çətinlik çəkmiş olsunlar. Lakin vahid xəbər halında nəql olmuş rəvayətin “xüsusi” və ayənin “ümumi” məfhumu arasında ziddiyyət deyil, birinin digərini açıqlaması müşahidə olunur.
Digər tərəfdən də məsum imamlardan Quranın ümumi ayələrini xüsusiləşdirəcək bir çox hədis və rəvayət nəql olunmuşdur.
Demək, əgər Quran vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal taparsa, imamlardan nəql olunmuş “Deyilən hər bir söz Quranla müxalif olarsa bilin ki, bizim tərəfimizdən deyilməmişdir” rəvayəti ilə ziddiyyət təşkil edəcəkdir. Bir halda ki, Əhli-beytdən (ə) bu məzmunda bir çox rəvayətlər nəql olunmuşdur və bu rəvayətlərin Quranla heç bir ziddiyyət yoxdur.
İstinad edəcəyimiz başqa bir dəlil bundan ibarətdir ki, İmamlar, bir-biri ilə ziddiyyət təşkil edən iki rəvayətdən birinin Quranla müvafiq olduğunu və bu rəvayətlərdən birinin üstün tutulmasına dair öz müsbət rəylərini bildirmişlər. Bu da bir daha bunu sübuta yetirir ki, ayənin ümumi zahiri mənası ilə ziddiyyət təşkil edən rəvayət özü-özlüyündə mötəbər və əsaslı olmuşdur. Lakin Quranla müvafiq olan başqa bir daha əsaslı və ziddiyyətli rəvayət olduğu üçün zahirdə müxalif olan rəvayət kənara qoyulmuşdur. Və əgər heç bir etibara malik olmasaydı, artıq burada ziddiyyət və birinin digərinə üstün tutulmasına fürsət olmazdı.

3 Sonuncu dəlil:
Quranın vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyənləşməsi və xüsusi hal tapmasını təkzib edən şəxslər gətirdikləri sonuncu dəlildə bu nöqtəyə işarə edirlər. “Əgər Quranın vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması doğru olarsa, ayələrin vahid xəbərlə nəsx olunmasını doğru və əsaslı hesab etməliyik. Bir halda ki, Quranın vahid xəbərlə nəsx olunması heç bir etibar kəsb etmir. Demək, ayələrin vahid xəbərlə müəyyənləşərək xüsusi hal tapması da heç bir etibar kəsb etməyəcəkdir. Bir qədər əvvəl qeyd etdik ki, nəsx deyildikdə yenə də ayələrin müəyyənləşib xüsusi hal tapması nəzərdə tutulur. Belə ki, nəsx hər hansı bir hökmün müəyyən dövrdə qüvvədə olmasına və qüvvədə olacağı müddət başa çatdıqdan sonra yeni [daha mükəmməl] hökm verilməklə birinci hökmün nəsx olunaraq öz qüvvəsini itirməsinə deyilir. Başqa sözlə desək, hökmün qüvvədə olacağı vaxtın başa çatması, daha dəqiq desək hökmə zaman baxımından müəyyən əlavələrin olunması deməkdir. Demək nəsx, qüvvədə olan hökmə, zaman baxımından əlavə olduğu kimi, ayənin müəyyən və xüsusi hal tapması da hökmən cəmiyyət baxımından olunan əlavə rolunu ifadə edir. Bir sözlə həm ayənin nəsx, həm də müəyyən və xüsusi hal tapması istisna halı daşıyır. Belə bir halda vahid xəbərlə nəsx etibar kəsb etdiyi kimi, ayənin müəyyən və xüsusi hal tapması da əsaslı və mötəbər hesab olunacaq.
Lakin kimsə bunun əsaslı hesab etmir.
Cavab:
Bunların hər ikisi eyni xüsusiyyətə malik olsa da, zaman və xarici nümumə baxımından aralarında olan fərq onları bir-birindən ayırmağa kömək edir. İcma Quranın, vahid xəbərlə nəsx olunmasını rədd edir. Lakin ayələrin vahid xəbərlə müəyyən və xüsusi hal tapmasına gəldikdə, icma tərəfindən heç bir qəti hökm verilməmişdir və əgər ayələrin vahid xəbərlə nəsx olunmasına dair icma öz rəyini bildirməsəydi, bu da ayələrin müəyyən və xüsusi hal tapması kimi tamamilə əsaslı və məntiqi olardı. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, Quran sənəd baxımından olsa da, məfhum və dəlalət baxımından qəti deyildir (yəni Quranın Allah tərəfindən nazil olduğu heç bir şəkk və şübhə doğurmur, lakin bəzi ayələrin məna və məfhumu açıqlanmadan oxucuyua nəyin nəzərdə tutulduğu bir qədər bəlli olmur. Bu səbəbdən də mötəbərliyi əsaslı dəlillərlə sübuta yetirilən vahid xəbər halında nəql olmuş rəvayətlərlə, zənn doğuran məna və məfhumun kənara qoyulmasının heç bir nöqsanı yoxdur. Demək, istər nəsx, istərsə də ayənin xüsusi hal tapması ilə cümlənin zahiri mənasının kənara qoyulmasında elə bir əsaslı fərq yoxdur.
Nəzərə çarpan yeganə fərq bundan ibarətdir ki, Quranın vahid xəbərlə nəsx olunmasına icazə verilmədikdə, icma öz qüvvəsində qalır və bu kimi hallarda etibarı sübuta yetirilməyinə baxmayaraq, ayənin vahid xəbər halında nəql olunmuş rəvayətlərlə nəsx olunmasının qarşısını alır. Bunu da nəzərdən qaçırmamalıyıq ki, icmanın əsasını əqli dəlillər təşkil edir. Çünki bəzi məsələlər elə bir şəraitdə həyata keçir ki, xaricdə baş vermiş olarsa, mütəvatir olaraq və bir çoxlarının nəql etməsi ilə camaat arasında yayılıb hamının bundan agah olmasına səbəb olur. Yox əgər belə bir əhəmiyyət kəsb edən məsələni müəyyən şəxslər nəql edərsə, yalan və səhv olduğuna dəlalət edəcəkdir. Vahid xəbər halında nəql olunmuş rəvayətlər isə nəql olunan bu kimi xəbər və rəvayətlərə şamil olub, onların mötəbərliyini sübuta yetirmir (yəni az saylı müəyyən şəxslər tərəfindən nəql olunmuş rəvayətlər – vahid xəbər halında nəql olunmuş rəvayətlər kimi bir o qədər də mötəbər hesab olunmur və vahid xəbər deyildikdə biz bu rəvayətləri nəzərdə tuta bilmərik). Bütün bunları nəzər alaraq əvvəllər dəfələrlə bu mətləbə işarə etdik ki, Quran və onun nəsx olunması vahid xəbər halında nəql olunmuş rəvayətlərlə deyil, mütəvatir olaraq sübuta yetirilmişdir. Çünki əgər Quranın hər hansı bir ayəsi həqiqətən nəsx olunmuş olsaydı, müəyyən şəxslər tərəfindən vahid xəbər halında deyil, müsəlmanların bir çoxu tərəfindən nəql edilərək bizlərə mütəvatir olaraq gəlib çatar və beləliklə, şübhə birdəfəlik aradan qaldırılmış olardı.
Beləliklə, “nəsx” və “ayələrin müəyyən və xüsusi hal tapması” arasında mövcud olan fərq bəlli olur. Quran ayələrinin vahid xəbərlə müəyyən və xüsusi hal tapması bir daha sübuta yetirilir.

Əl-bəyan kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!