YEDDİ QİRAƏT ÜSULU (1)

:

YEDDİ QİRAƏT ÜSULUNDA NƏZƏRƏ ÇARPAN MÜTƏVATİRSİZLİK
Şübhəsiz ki, Quran hər bir müsəlman tərəfindən mütəvatir olaraq qəbul edilir. Bu müqəddəs kitabın qiraəti haqda isə bir neçə müxtəlif nəzəriyyələr irəli sürülmüş və onun mütəvatir olmaması bir neçə dəlil vasitəsilə sübuta yetirilmişdir:

1. Qiraət ravilərinin şərhi-halını nəzərdən keçirdikdən sonra bir daha bəlli olur ki, qiraətlər mütəvatir şəkildə deyil, vahid xəbər formasında nəql olunmuşdur. Belə olduqda, onlardan bəzilərinin doğru və mötəbər olması bizim üçün müəmmalı qalır. Demək, biz, qiraətlərin mütəvatir olaraq qarilərin özlərinə aid olması haqda heç bir söz deyə bilmərik.
2. Qiraət ustadlarının qiraəti harada və necə öyrənmələri bir daha qiraətin onların özlərinə mütəvatir olaraq deyil, vahid xəbər formasında nəql olunuduğunu sübuta yetirir.
3. Bütün qiraət üsullarının ravilərinin bütün təbəqələrdə mütəvatir olduğunu və nəql etdikləri rəvayətlərdə yalana yol vermədiklərini fərz etsək də belə, nəticədə ravilərə yetişəcək sənəd silsiləsi mütəvatirlik baxımından öz etibarını itirəcək və vahid xəbər formasında bəyan ediləcəkdir. Çünki hər bir qiraət üsulunu yalnız bir qari tərtib edərək özünəməxsus üsulla qiraət etmişdir.
4. Hər bir qari və onun ardıcılları yalnız öz qiraət üsulunun düzgünlüyünə istinad edərək, həmin dəlillərlə digər qiraət üsullarına qarşı çıxır. Buradan belə məlum olur ki, hər bir qiraət üsulu qarilərin şəxsi rəy və nəzərlərindən irəli gəlmişdir. Çünki əgər onların hər biri Peyğəmbərdən (s) mütəvatir olaraq nəql olunsaydı, doğruluğunu sübuta yetirəcək heç bir dəlilə ehtiyac duyulmazdı.
5. Bəzi böyük alim və qiraət ustalarının, digər qiraət üsullarına qarşı çıxaraq onları inkar etmələri, qiraət üsullarının bütünlüklə mütəvatir olmamasını sübuta yetirir. Çünki əgər qiraət mütəvatir olaraq nəql olunarsa, onun alim və mütəxəssislər tərəfindən inkar olunması qeyri-mümkün olardı. Belə ki, İbn Cərir Təbəri, İbn Amirin qiraətini bütünlüklə və digər qarilərin qiraətini isə qismən inkar və tənqid edir. Qiraət ustaları Həmzənin, Əbu Əmrin, İbn Kəsirin qiraətlərini də qeyri-mötəbər hesab edərək onları qətiyyətlə rədd etmişlər. Alimlərdən bir çoxu kökü ərəb dili ilə əlaqəli olmayan qiraət üsullarını inkar etmiş və bu üsullar əsasında Quranı tilavət edən şəxsləri tənqid atəşinə tutmuşlar.
Həmzənin şərh-halını nəzərdən keçirərkən bunun şahidi olduq ki, onun qiraəti Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl, Yəzid ibn Harun, İbn Məhdi, Əbu Bəkr Əyyaş və İbn Dərid tərəfindən qətiyyətlə rədd edilmişdir.
Zərkeşi, qiraətlərin ictihad yolu ilə formalaşmamasına əsaslanaraq deyir: “Zəməxşəri və onun kimi bir çoxları, qiraətlərin ixtiyari olaraq ictihad və ərəb dili mütəxəssisləri tərəfindən tərtib olunmasına əsaslanaraq bizimlə müxalif mövqedə durmuşlar.” Sonra onların nəzəriyyələrini rədd etmək məqsədilə Həmzənin qiraətini misal çəkərək deyir: Həmzə səhv olaraq “Vəl ərham” kəlməsində həmzəni kəsrə ilə, yəni “irham” kimi tələffüz etmişdir. Yəqub və Həzrəmi onun “Və maəntum bimusriki” ayəsini kəsrə ilə oxumasına irad tutmuşlar. Bu kimi səhvlərə Əbu Əmr də yol vermişdir. “Yəğfirkum” kəlməsində (ra) hərfini (lam) ilə idğam etməsi onun ən böyük səhvlərindən biridir.

MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN QİRAƏTLƏRİN MÜTƏVATİR OLMAMASINA DAİR İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR
1. İbn Cəzri deyir: “Qiraət üsullarından hər biri ərəb dilinin qarammatikası və ya xəlifə Osmanın zamanında yığılmış Quran nüsxələri ilə uyğun gələrsə, onun mötəbərliyinə istinad etmək olar. Bu xüsusiyyətlərə malik olan qiraət ustaları ilə, Quranın nazil olmuş orjinal nüsxəsi arasında heç bir fərq nəzərə çarpmır. Belə bir halda hər bir müsəlman – istər yeddi mötəbər qari tərəfindən nəql olmuş olsun, istərsə də yox – onu düzgün qiraət üsulu kimi qəbul etməlidir.
Qiraət bu xüsusiyyətlərdən birinə malik olmadıqda isə, yeddi mötəbər qari tərəfindən nəql olunmasına baxmayaraq batil və əsassız hesab edilməlidir.
Bu nəzəriyyə bir çox məşhur alim və təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Əbu Əmr Osman ibn Səid Dani, Əbu Məhəmməd ibn Əbitalib Məkki, Əbul-Abbas Əhməd ibn Əmmar Məhdəvi də bu mətləbi açıq-aşkar bəyan etmişlər.
Əbi Şammə ləqəbi ilə tanınan məşhur təhqiqatçı Əbül Qasim Əbdürrəhman ibn İsmayıl da keçmiş alimlərin əsaslandıqları bu nəzəriyyəni əlində əsas tutmuşdur. Və bu nəzəriyyədə kimsənin onlarla müxalif olduğu qeydə alınmamışdır.
2. Əbu Şammə özünün “Əl-mürşidul-vəciz” adlı kitabında yazır: “Əsaslı dəlillər olmayınca qiraətlərdən hər hansı birinin, hətta yeddi məşhur qarilərdən birinə aid olunduğu hesab edilsə də, həqiqətən Quranın nazil olmuş orjinal nüsxəsilə tamamilə eyni olduğunu qəbul etmək heç də düzgün olmazdı. Əgər müəyyən bir qiraət yeddi məşhur qari tərəfindən nəql olunmayıbsa, bu heç də o Demək, deyildir ki, həmin qiraət səhv və əsassızdır. Çünki qiraətin düzgün olub-olmamasına dəlalət edən əsas meyar, onun kimlər tərəfindən nəql olunmasında deyil, mötəbərliyini sübuta yetirən özünəməxsus xüsusiyyətlərdir. Lakin yeddi məşhur qarinin qiraətlərinin ərəb dilinin qarammatikası və ədəbi janrı ilə müqayisə olunması yəqin ki, onların digər qarilərdən daha çox şöhrət tapmalarından irəli gəlir.
2. İbn Cəzri deyir: “Son illərin mütəxəssisləri bu qənaətə gəlmişlər ki, qiraətlərin doğru və düzgün olması vacib olduğu kimi, onların mütəvatir olması da lazım və zəruridir. Demək, Quranın sübuta yetirilməsi üçün ilk növbədə onun mütəvatir olaraq nəql edilməsi lazımdır. Əks təqdirdə biz onu Quran adlandıra bilmərik. Nəticə olaraq qeyd etməliyik ki, Quranın mütəvatir olması zəruri olduğu kimi, onun qiraətinin də mütəvatir olması vacib və zəruridir.
Sonra, onların irəli sürdükləri bu nəzəriyyəni rədd edərək deyir: Belə bir nəzəriyyəni qəbul etmək məntiqdən uzaq olardı. Çünki əgər qiraətlər mütəvatir olsaydı, biz artıq heç bir şərt və xüsusiyyətlərə ehtiyac duymazdıq. Belə ki, Peyğəmbər (s) tərəfindən nəql olunmuş hər bir mütəvatir hədis və rəvayəti arada heç bir şərt olmadan qəbul etməliyik. Yox əgər müxtəlif qiraət üsullarının mütəvatir olmasını lazımı şərtlərdən biri hesab edəriksə, onda bir çox qiraətlər mütəvatir olmadıqları üçün istər-istəməz aradan gedəcəkdir.
İbn Cəzri sözlərinə əlavə edərək deyir: Əvvəllər mən də bu əqidəyə əsaslansam da, sonradan böyük səhvə yol verdiyimi başa düşüb yanlış əqidəmdən əl çəkdim və qiraət elmində müasir alimlərin fikirlərini qəbul etməyə başladım.
4. Əbu Şammə özünün “Əl-murşid” adlı kitabında yazır: “Bəzi qiraət mütəxəssisləri yeddi qiraət üsulunun hər birini mütəvatir hesab edirlər. Onlar bu qiraət üsullarının Allah tərəfindən nazil olduğunu iddia edir və belə bir əqidəyə əsaslanmağı hər bir müsəlmana zəruri hesab edirlər.
Sonra deyir: Biz də belə bir əqidəyə əsaslanırıq. Lakin bütün qiraətlərdə deyil, yalnız bütün ravilər tərəfindən qəbul olunmuş və kimsənin inkar etmədiyi qiraətləri. Bir haldakı, qiraətlər ətrafında yaranmış ixtilaf və qarşıdurmalar istənilən qədərdir. Bu səbəbdən də əgər qiraət mütəvatir olmazsa, heç olmasa ixtilaf və inkara da səbəb olmamalıdır.”
5. Süyuti deyir: “Qiraət barəsində söylənilən ən gözəl sözlərə Əbülxeyr ibn Cəzrinin kitabının əvvəlində söylədiyi ifadələrdə rast gəlirik. O, deyir: Qiraətin düzgün olmasının üç şərti vardır.
1. Ərəb dilinin qarammatik qanunlarına müvafiq olmalı;
2. Osmanın tərtib etdiyi nüsxələrdən biri ilə müvafiq olmalı;
3. Sənəd baxımından doğru və mötəbər olmalıdır.
Sonra əlavə edərək deyir: İbn Cəzri olduqca mühüm bir mətləbə toxunmuş və məntiqi dəlillərə əsaslanmışdır.” (“Əl-itqan”, 1-ci cild, səh.129)
6. Əbu Şammə özünün “Əl-bismilə” adlı kitabında qarilər arasında yaranmış ixtilaflı məsələlərə toxunaraq deyir: “Biz onları bütünlüklə mütəvatir hesab etmirik. Onlardan bəziləri mütəvatir, bəziləri isə qeyri-mütəvatirdir. Və bu həqiqəti hər bir təhqiqatçı çox gözəl dərk edir.”
7. Alimlərdən bəziləri deyirlər: “Üsul alimlərindən kimsə hələ də qiraətlərin mütəvatirliyi haqda bir söz deməmişdir. Bəzilərinin fikrincə isə, yeddi mötəbər qarinin hər birinin nəql etdiyi qiraət özləri kimi tamamilə düzgün və mötəbərdir. Lakin onların Peyğəmbər (s) tərəfindən mütəvatir olması sual altındadır. Çünki mötəbər hesab olunan yeddi qaridən hər biri nəql etdiyi qiraətin Peyğəmbərə (s) mütəvatir olaraq deyil, vahid xəbər formasında çatmasını etiraf edir.” (“Tibyan”, səh.105)
8. Son dövrün mütəxəssisləri deyirlər: “Üsul alimlərindən bir qismi yeddi qiraət üsulunun hamısının mütəvatir olduğunu iddia etmişlər. Bəziləri isə belə bir iddianı on qari barəsində irəli sürmüşlər. Lakin onların bu əsassız iddiaları sübuta yetirəcək heç bir məntiqi dəlilləri yoxdur. Belə ki, qarilərin özləri yeddi qiraət üsulunun bir qisminin mütəvatir, digər bir qisminin isə qeyri-mütəvatir olmasını dəfələrlə etiraf etmişlər. Belə bir halda, artıq digər on qari barəsində nə isə Demək, tamamilə yersiz olardı. Bəli, bütün qiraət üsullarının mütəvatir olması üsul alimlərinin şəxsi nəzəridir. Lakin hər bir elm və fənnin mütəxəssisləri yiyələndikləri sahənin sirlərinə hamıdan daha çox agahdırlar.” (“Tibyan”, səh.106)
9. Məkki, qiraətlər barəsində deyir: “Bir çoxları Asim və Nafenin qiraətini mötəbər hesab etmişlər. Çünki onların qiraətləri daha düzgün və ərəb dilinin fəsahət və bəlağətinə daha yaxındır.” (“Tibyan”, səh.90)
10. Qiraətlərin mütəvatir olmasına əsaslanan şəxslərdən biri də, məşhur qiraət ustadı şeyx Məhəmməd Səid Üryandır. O, öz yaddaşlarının birində yazır: “Qiraətlərin hər birinin müəyyən irad və nöqsanları vardır. Biz bu kimi nöqsanları hətta mötəbər hesab olunan yeddi qiraət üsullarında da müşahidə edirik.”
Sonra əlavə edərək deyir: Lakin bu qiraətlərin etibar baxımından daha düzgünü Asim və Nafenin qiraətləridir. Fəsahət elmi baxımından müqayisə etdikdə isə Əbu Əmr Kəsainin qiraəti digər qiraətlərdən daha cazibəli və daha fəsahətlidir.”

NƏTİCƏ
Qiraətlərin mütəvatir olmadıqlarına dair irəli sürülən nəzəriyyələri və qarilərin özlərinin bu həqiqəti etiraf etmələrini ixtisarla da olsa, nəzərdən keçirdik.
Əziz oxucular, indi özünüz nəticə çıxarın. Qarilər özləri bu qiraətlərin mütəvatir olmadığını etiraf etdikləri bir halda, heç bir sübut və dəlilə əsaslanmadan təəssüb hissi ilə belə bir əsassız iddianı bir daha irəli sürmək olarmı?!
Lakin daha təəccüblüsü budur ki, Qazi Əbu Səid Müfti Əndəlosi, qiraətləri mütəvatir hesab etmədiyi üçün Kəsaini kəskin şəkildə tənqid atəşinə tutmuş və onun küfr etdiyinə dair hökm sadir etmişdir. Bir anlığa fərz edək ki, alimlər də qiraətlərin mütəvatir olduğuna əsaslanmışlar. Məgər bunu əldə əsas tutaraq müsəlman bir şəxsi, hətta dinin zəruri olmayan məsələlərinin birində kafir olmaqda ittiham etmək olarmı?!
Bunu da fərz edək ki, qiraətlərin mütəvatir nəql olunması dinin zəruri məsələlərindəndir. Məgər belə bir zərurət qarinin özünə sabit olmayınca, onu küfrdə ittiham etmək olarmı?!
İlahi! Sən özün daha yaxşı bilirsən ki, belə bir iddianı irəli sürmək, Sənin qanunlarına qarşı çıxmaqdan və müsəlmanlar arasında ixtilaf və ikitirəlik yaratmaqdan savayı bir şey deyildir.

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!