YEDDİ QİRAƏT ÜSULU (3)

:

YEDDİ QİRAƏT NÖVÜ İLƏ YEDDİ QİRAƏT ÜSLUBU AYRI-AYRI ŞEYLƏRDİR
Bəzən belə təsəvvür olunur ki, Quranın nazil olduğu “yeddi hərf” və “yeddi oxunuş” üslubu yeddi qiraət növü ilə eyni şeydir. Onlar buna əsaslanaraq öz iddialarını sübuta yetirmək üçün “yeddi hərf” və “yeddi oxunuş” üslubu haqda varid olan hədisləri öz müddəalarının dəlili kimi göstərməyə çalışmışlar.

Çarəsizlikdən bu mövzunu burada araşdırmaq və onda olan səhvləri aydınlaşdırmaq məcburiyyətindəyik.
1. Biz “yeddi hərf” və “yeddi oxunuş” üslubu haqda nəql olunmuş rəvayətləri əsla qəbul etmirik;
2. Bu rəvayətlərin mötəbərliyinə istinad etsək də belə, “yeddi hərf” və “yeddi oxunuş” üslubunu yeddi qiraət növü ilə əlaqələndirməməliyik. Çünki bu mövzu ətrafında təhqiqat və araşdırmalar aparmış alimlərdən heç biri, onların bir olduqlarına dair fikir irəli sürməmişlər. Burada Cəzairinin bu barədə söylədiklərini xatırlamaq yerinə düşərdi. O deyir: “Əbu Bəkr Əhməd ibn Musa ibn Abbas ibn Mücahidin üçüncü yüzillikdə Bağdad qiyamına qədər mötəbər sayılan yeddi qiraət üsulu digər qiraətlərdən əsla fərqlənmirdi. O Məkkə, Mədinə, Kufə, Bəsrə, Şam şəhərlərinin qarilərindən yeddi nəfəri seçib onlara rəsmiyyət verdi. Onlar aşağıdakılardan ibarətdir: Nafe, Abdulla ibn Kəsir, Əbu Əmr Əla, Abdulla ibn Amir, Asim, Həmzə və Kəsai.
Bəziləri belə güman edirlər ki, yeddi qiraət üsulu ilə yeddi qiraət növü arasında heç bir fərq yoxdur. Lakin bu, heç də belə deyildir... Alimlərin bəziləri hətta Əbu Bəkr ibn Mücahidi yeddi qiraət üsulunu mötəbər hesab etdiyi üçün tənqid atəşinə tutmuşlar. Onlar deyirlər: Yeddi deyildikdə, bir çoxları qiraətlə üslub arasında heç bir fərqin olmadığını güman edir və bu səbəbdən də əksər hallarda səhvə düçar olurlar.
Sonra əlavə edərək deyir: Əhməd ibn Amir Məhdəvi deyir: Yeddi qiraət üsullarını mötəbər hesab edən şəxslər, camaatı anlaşılmaz vəziyyətdə qoyurlar. Çünki bu barədə kifayət qədər məlumatı olmayan kütlə, nəql olunmuş rəvayətlərdən səhv nəticə çıxardaraq qiraətlərin yeddi üslubla əsla fərqlənmədiyini güman edir. İbn Mücahid qiraətləri müəyyən etdiyi zaman belə bir ixtilafın meydana gəlməməsi üçün onlardan yalnız birini müəyyən etsəydi, çox gözəl olardı...
Məşhur qiraət ustası İsmayıl ibn İbrahim ibn Məhəmməd Qurab “Şafi” kitabında yazır: Yalnız yeddi qarinin qiraətini seçib, digər qiraətləri rədd etməkdə heç bir rəvayətə əsaslanmaq olmaz.
Lakin son illərin alim və mütəxəssisləri, yeddi qaridən savayı kimsəni tanımadıqları üçün, öz əsərlərində yalnız onların qiraətlərinə işarə etmiş və onları “Kitabus-səbə” (Yeddi kitab) adlandırmışlar. Bu kitablar tədriclə camaat arasında yeddi qiraət üsulunu sübuta yetirəcək dəlilə çevrilmişdir.”
Əbu Məhəmməd Məkki deyir: “Alimlərdən bəziləri öz kitablarında yetmişə yaxın qarinin adını çəkmiş və onlardan bəzilərini elmi baxımdan yeddi mötəbər qaridən daha üstün tutmuşlar. Belə bir halda bu yeddi qarinin qiraətini Quranın yeddi qiraət üslubu ilə necə uyğunlaşdırmaq olar?! Görəsən bu mətləbə istinad etmək haqq və ədalətdən uzaqlaşmaq deyildirmi?! Ümumiyyətlə, bunu təsdiq edəcək hər hansı bir dəlilə istinad etmək olarmı? Peyğəmbərdən (s) bu barədə rəvayət nəql olunduğu bir halda bu qiraətləri, yeddi Quran üslubu ilə eyni hesab etmək düzgün olardımı? Tarixə nəzər saldıqda görürük ki, Kəsai, Məmunun xilafəti dövründə qarilər sırasına daxil olur. Əvvəllər yeddinci qari Yəqub Həzrəmi hesab olunardı və Hicrətin 300-cü ilində İbn Mücahid, Kəsaini, Yəqub Həzrəminin yerinə təyin edir!!” (“Tibyan”, səh.82)
Şərəf Musa deyir: “Bir çoxları qiraətlə yeddi Quran üslubunu eyni hesab etməklə böyük bir səhvə yol vermiş olurlar. Şübhə yoxdur ki, belə bir təfəkkür tərzi onlarda, kifayət qədər məlumat əldə edə bilmədikləri üçün yaranmışdır.” (“Tibyan”, səh.61)
Qurtəbi deyir: “Davudi və İbn Səfrə kimi bir çox alimlərimiz də qiraətlərlə üslublar arasında heç bir fərqin olmamasına dair fikir irəli sürmüşlər. Onlar deyirlər: Səhabələr qiraətlərin hər hansı birini seçməkdə tamamilə azaddırlar.”
İbn Nuhas və başqaları bu haqda deyir: “Üslub dedikdə, biz yalnız bir şeyi nəzərdə tutmalıyıq. O da, xəlifə Osmanın dövründə yığılmış Quran nüsxələridir. O ki qaldı qiraət üslublarına, bu, sonralar alimlər tərəfindən müəyyən olunmuşdur müxtəlif oxunuş qaydalarıdır.” (“Təfsiri-Qurtubi”, 1-ci cild, səh.46)
İbn Cəzri də Kəsainin Quranın yeddi üslubda nazil olduğunu, qiyamət gününədək bu əsasda oxunacağına dair irəli sürdüyü nəzəriyyəsini tamamilə batil və əsassız hesab edərək demişdir: Siz özünüz bu nəzəriyyənin nə qədər zəif və əsassız olduğunun şahidisiniz. Çünki kifayət qədər məlumat əldə etmiş şəxslər yeddi, on, on üç qiraət üslublarının yalnız son illərdə meydana gəlib məşhurlaşdığını çox gözəl dərk edirlər. Bu qiraət üsullarını hicrətin birinci yüz illiyində istifadə olunan qiraətlərlə müqayisə etsək, sanki dənizdən bir damla su götürmüş kimi oluruq. Belə ki, yeddi mötəbər qarinin qiraətindən təqlid və istifadə etmiş şəxslər olduqca çox olmuşlar.
Biz burada onlarla yanaşı, saysız-hesabsız qiraət nəql etmiş ravilərin də fəaliyyətinin şahidi oluruq. Hicrətin üçüncü yüz illiyinə qədər onların fəaliyyəti bu minvalla davam etmiş və üçüncü yüz illiyin axırlarında özünün ən son həddinə çatmışdır. Üçüncü yüz illik sona çatdıqda məşğuliyyətlər çoxalır və yaddaşlarda zəiflik yaranmağa başlanır. Bir tərəfdən də, digər elmlərlə müqayisədə hədis və təfsir elmlərinə daha çox diqqət yetirilməyə başlanır. Alimlərdən bəziləri özlərinin və ya təhsil aldıqları qiraət ustalarının qiraətini yazılı şəkildə qoruyub saxlamağa daha çox üstünlük verirdilər.
Hamının etimadını qazanmış Əbu Ubeyd Qasim ibn Səlami ilk dəfə olaraq qiraətləri bir yerə toplayaraq kitab halına salmışdır. Hicrətin 224-cü ilində vəfat etmiş Əbu Ubey nəql olunmuş bu qiraətləri 25 qiraət üslubunda xülasə və tənzim edə bilmişdir. Sonra Əhməd ibn Ubeyr ibn Məhəmməd Kufi (258-ci hicri ili) Antakiyada yaşadığı illərdə beş böyük şəhərin hər birindən (Məkkə, Mədinə, Bəsrə, Kufə, Şam) bir qari seçərək onlar barəsində ayrıca kitab yazmışdır.
Qalun ilə birlikdə təhsil almış Qazi İsmayıl ibn İshaq Maliki (282-ci Hicri) öz kitabında iyirmi məşhur qari haqda ətraflı məlumat vermişdir. Onların siyahısında yeddi mötəbər qarinin adlarını da görmək olur. Qazidən sonra Məhəmməd Cərir Təbəri (301-ci hicri) “Əl-cam” adlı kitabını yazmış və orada iyirmidən çox qari haqda ətraflı məlumat vermişdi. Sonra Əbu Bəkr Məhəmməd ibn Əhməd ibn Əmr Dağuyi (324-cü hicri) məşhur qiraətlər haqda kitab tərtib edərək orada Əbu Cəfər Təbərinin də on mötəbər qaridən biri olduğunu qeyd etmişdir. Və nəhayət Əbu Bəkr Əhməd ibn Musa ibn Abbas ibn Mücahid (324-cü hicri) ilk dəfə bu qiraətləri yeddi mötəbər qiraət adlandırmışdır. O, öz kitabında Dacuyi və Təbəri haqda da ətraflı məlumat vermişdir.
Qiraət barəsində kitab yazmış İbn Cəzri öz əsərində digər təhqiqatçıların həyat və yaradıcılıqları haqda söhbət açdıqdan sonra deyir: “Qiraətlərin tarixi haqda ətraflı məlumat verməkdən əsas məqsəd, kifayət qədər məlumat əldə etməyən şəxslərə həqiqəti bildirməkdir.”
Çünki onlar Peyğəmbərin (s) dəfələrlə işarə etdiyi “yeddi hərf” və “yeddi oxunuş” üslubu ilə yeddi mötəbər qiraətlər arasında heç bir fərqin olmadığını güman edirlər. Bu isə tamamilə yanlış bir əqidədir. Bəzi məlumatsız şəxslər belə güman edirlər ki, mötəbər hesab olunan qiraətlər yalnız “Əşşatibiyyə” və “Əttəysir” adlı kitablarda, haqqında söhbət açılan qiraətlərdir. İstinad etdikləri yeganə mənbə isə Peyğəmbərdən (s) nəql olunmuş “yeddi hərf” və “yeddi oxunuş” hədisidir. Onlar hətta bu kitabda adları çəkilməyən qiraətləri qeyri-mötəbər və əsassız hesab etmişlər. Bir halda ki, orada adları çəkilməyən və yeddi qiraət üsullarından hesab olunmayan bəzi qiraətlər onların bir çoxundan daha mötəbər və daha düzgündür. Belə bir böyük səhvə yol vermələrinin əsas səbəbi, onların “Quran yeddi üslubda nazil olmuşdur” hədisindən çıxardıqları səhv nəticə, digər tərəfdən isə yeddi qiraət üslubu haqda əldə etdikləri bəzi məlumatlardır. Buna əsasən də onlar yeddi qiraət üslubu ilə Quranın “yeddi hərf” və “yeddi oxunuş” üslubu arasında heç bir fərqin olmadığını zənn etmişlər. Bir çox keçmiş alimlər İbn Mücahidi qiraətləri yeddi hissəyə böldüyünə və onun sayını yeddidən nə çox, nə də az qeyd etmədiyinə görə tənqid atəşinə tutmuşlar. Çünki məlumatı olmayan bir çox şəxslər qiraətlərlə üslublar arasında heç bir fərqin olmadığını güman edərək böüyk səhvlərə yol verirlər.
Əbu Şammə deyir: “Bir çoxları belə güman edirlər ki, yeddi qiraət deyildikdə hədisdə nəzərdə tutulan ifadələr nəzərdə tutulur. Bir halda ki, alimlər belə bir nəzəriyyəni rədd edirlər. Bəli, belə bir yanlış məlumata bu haqda heç bir məlumatı olmayan cahil insanlar əsaslanırlar.” (“Əl-itqan”, Süyuti, 1-ci cild, səh.138)
Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, qiraətlərin heç biri mütəvatir olaraq qarilərin özləri və ya Peyğəmbər (s) tərəfindən nəql olunmamışdır. Onların mütəvatirliyinin qarilər tərəfindən nəql olunduğu fərz olunsa da, qəti şəkildə bilmək lazımdır ki, Peyğəmbərdən (s) bu məzmunda mütəvatir olaraq bircə rəvayət də nəql olunmamışdır.
Demək, mötəbər qiraətlər ya vahid xəbər formasında nəql olunmuş, ya da qarilərin özlərinin ictihadı nəticəsində meydana gəlmişdir. Belə olduqda biz burada iki mətləbi aydınlaşdırmalıyıq:
1. Bütün qarilərin mötəbər olub-olmaması;
2. Bu qiraətlərdən namazda istifadə olunub-olunmamasının düzgünlüyü.
Sonradan biz onların hər biri haqda ətraflı söhbət açacağıq.

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!