YEDDİ QİRAƏT ÜSULU (2)

:

QİRAƏTLƏRİN MÜTƏVATİRLİYİ HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏRİYYƏNİN ARAŞDIRILMASI
Qiraətlərin mütəvatir olduğunu iddia edən şəxslər irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün bir neçə dəlilə istinad edib deyirlər:
1. Qiraətlərin mütəvatir olması icmai şəkildə qəbul olunan və bütün dövrlərdə alimlər tərəfindən hamılıqla qəbul edilən bir məsələdir.

Müəllif: Bir qədər əvvəl bu nəzəriyyənin tamamilə əsassız olduğu oxuculara bəlli oldu. O ki qaldı onun icmai bir məsələ olmasına, bunu yalnız o zaman qəbul etmək olar ki, müxalif mövqe tutmuş şəxslər bu barədə öz ziddiyyətli nəzəriyyələrini irəli sürməmiş olsunlar. Bir haldakı yeddi qari üsulunun mütəvatirliyinin sübuta yetirilməsində biz bunun tam əksini müşahidə edirik. Çünki hər bir qiraət üsulunun davamçıları digər qiraətləri tənqid atəşinə tutmuşlar.
2. Hicrətin birinci və ikinci yüzilliklərində Peyğəmbərin səhabələri və sonralar ona iman gətirmiş müsəlmanların Qurana hər şeydən daha çox əhəmiyyət vermələri, bütün qiraətlərin mütəvatir olmasına səbəb olmalı idi.
Bu mətləbi hər bir ədalətli və həqiqətsevər insan dərk edir.
Müəllif: Müsəlmanların Qurana əhəmiyyət vermələri onun qiraətinin deyil, özünün mütəvatir olduğunu sübuta yetirir.Bunu da qeyd edək ki, Quran qiraətinin düzgünlüyü bəzi qarilər üçün, hətta əgər bir nəfər tərəfindən olsa da, ictihad və dinləmək yolu ilə sabit olur.
Əgər bu doğrudan da həqiqətdirsə, onda bu məsələ yeddi və ya on mötəbər qiraət üsullarında deyil, Quranın bütün qiraət üsullarında müşahidə olunmalıydı. O ki qaldı istifadə olunan bəzi terminlərə, biz bunun üçüncü yüzillikdən sonra meydana gəldiyinin şahidi oluruq.
Qiraətlər isə qarilər tərəfindən yeddi və ya on mötəbər üsullara bölünərək, ayrı-ayrılıqda məktəblərin yaranmasına səbəb oldu. Bu məntiqə əsaslanaraq, bütün qiraət üsullarının hamısını birlikdə mütəvatir və ya qeyri-mütəvatir hesab etməliyik. Birinci nəzəriyyə, yəni bütün qiraətlərin mütəvatir olması batil və əsassızdır. Belə olduqda ikinci nəzəriyyəni, yəni qiraətlərin heç birinin mütəvatir olmadığını qəbul etməliyik.
3. Yeddi qiraət üsullarının mütəvatir olmaması, Quranın mütəvatir olmaması deməkdir. Və Quranın mütəvatir olmaması nəzəriyyəsi batil olduğu üçün, yeddi qiraət üsullarının da mütəvatir olmaması batil və əsassızdır. Hamıya məlumdur ki, Quranın orjinal mətni bizlərə məhz qari və hafizlərin vasitəsilə gəlib çatmışdır. Əgər onların qiraəti mütəvatirdirsə, Demək, Quran da mütəvatirdir və əgər qiraətlərdə nöqsana yol verilibsə, onda Quranın orjinal mətninə də şəkk-şübhə ilə yanaşılacaqdır.
Müəllif: Əvvəla, Quranın və qiraətin mütəvatirliyi arasında heç bir zərurət yoxdur. Çünki hər hansı bir kəlmənin tələffüzündə mövcud olan ixtilaf onun əsl mənasına heç bir mənfi təsir göstərmir. Məsələn, Mutənəbbinin şer və qəsidələrini nəql edən ravilərin, onun istifadə etdiyi ifadələrin hər hansı birində bir-birinə müxalif olan nəzəriyyələr irəli sürmələrinə baxmayaraq, qəsidənin ümumi mətninə heç bir zərər yetirməmişlər. Qəsidələrin Mütənəbbiyə mənsub olduğuna şübhə ilə yanaşmayan şəxslər, onun mütəvatirliyinə də heç bir xələl yetirmirlər. Həzrət Peyğəmbərin hicrəti buna aid olan digər bir misaldır ki, onun xırdalıqları haqda fikir ayrılığı olmasına baxmayaraq, məsələnin ümumiliyində hamı yekdildir.
İkincisi də, qarilər tərəfindən bizə gəlib çatan yalnız onların yiyələndikləri qiraət üsullarının xüsusiyyətləridir. Quranın özü isə müsəlmanlar arasında mövcud olan ümumi təvatür vasitəsi ilə bizə gəlib çatmışdır. Hamıya məlumdur ki, müsəlmanlar bütün dövrlərdə Quranı yazılı və şifahi şəkildə hifz edərək bir-birlərinə nəql etmiş və onu bizlərə çatdırmışlar. Qarilər isə Quranın gələcək nəsillərə nəql olunmasında heç bir rol ifa etməmişlər.
Buradan belə bir nəticəyə gəlirik ki, yeddi və ya on mötəbər qarinin Quranın mütəvatirliyini nəql edib-etməmələri və ümumiyyətlə onların mövcud olub-olmamaları Quranın mütəvatirliyinin sübuta yetirilməsində heç bir təsir göstərməmişdir. Çünki Quran təsəvvür olunduğundan daha uca və daha münəzzəhdir. Bu səbəbdən də onun mütəvatirliyinin sübuta yetirilməsi üçün bir neçə qarinin qiraət və nəql etdikləri rəvayətlər heç də dəlil kimi qəbul olunmur.
4. Əgər qiraətlər mütəvatir olmazsa, Quranda istifadə olunan “Məlik” və “Malik” və bu kimi ifadələri də mütəvatir hesab etmək olmazdı. Çünki bu qiraətlərdən birinin qəbul, digərinin isə rədd olunması əsassız bir iddiadır. Bu səbəbdən də biz onların hər ikisini mütəvatir hesab etməliyik.
İlk dəfə bu dəlilə İbn Hacib istinad etmiş və sonralar bir çoxları ondan təqlid etmişlər.
Müəllif: Qiraətdə olan ixtilaf yalnız kəlmələrin quruluşunda və ya onun tələffüzündə nəzərə çarpır və kəlmənin özünün və Quranın mütəvatirliyinə heç bir xələl gətirmir. Belə bir məntiqə əsaslanaraq, bütün qiraətləri mütəvatir hesab etməliyik, lakin bunun sübuta yetməsi üçün heç bir dəlil yoxdur.
Alimlərdən bəzilərinin yeddi və ya on qarini digər qarilərdən üstün tutmasını isə xüsusilə qeyd etmək lazımdır. Fərz edək ki, doğrudan da yeddi məşhur qari digər qarilərdən daha mötəbər və Quran elmlərinə onlardan daha yaxşı yiyələnmişlər. Lakin buna baxmayaraq, yeddi qarinin mötəbər olduğunu bilavasitə Quranın mütəvatirliyinə də meyar olaraq qəbul edə bilmərik. Bəli, yeddi qarinin üstün xüsusiyyətlərini nəzərə alaraq, onları digər qarilərdən daha mötəbər hesab etmək olar. Quranın mütəvatirliyinə gəldikdə isə, bir-birindən fərqli olan bu iki şeyi əsla əlaqələndirmək olmaz.
Nəticə: Yuxarıda qeyd olunan dəlilləri nəzərə alaraq, yeddi qarini digər qarilərdən daha mötəbər hesab edə bilmərik. O ki qaldı digər qiraət üsullarına, onların mütəvatir olduqlarına kimsə əsaslanmır.

ARAŞDIRMA
Belə bir nəticəyə gəlirik ki, Quranla qiraətlər arasında mütəvatirliyin bərqərar olunmasına heç bir lüzum yoxdur. Bunu alimlərdən bir çoxu təsdiq etmişlər. O cümlədən Zərqani deyir: “Alimlərdən bəziləri bu məsələni daha da şişirdərək, yeddi qarinin mötəbərliyini qəbul etməyən şəxsləri küfrdə ittiham etmişlər. Çünki onlar, qiraətləri mütəvatir hesab etməyən şəxsləri Quranı da mütəvatir hesab etməməkdə günahlandırır və bu səbəbdən də, belə şəxsləri küfr etməkdə suçlayırlar. Bir zamanlar Əndəlosun (İspaniyanın) müftisi olmuş Əbu Səid Fərəc ibn Ləb, bu əqidənin bünövrəsini qoymuş ilk şəxslərdən olmuşdur. O, öz əqidəsini sübuta yetirmək üçün böyük səy göstərmiş, hətta bu sahədə kitab da yazmışdır. Lakin bütün bunlar bir nəticə verməmiş və Əbu Səid öz əqidəsini sübuta yetirə bilməmişdir. Bir qədər əvvəl qeyd etdik ki, qiraətlə Quranın mütəvatirliyi arasında olduqca böyük fərq vardır. Məgər Quran qiraətlər olmadan mütəvatir ola bilməzmi? Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla mütəvatir hesab olunurlar.
Alimlərin bəziləri deyirlər: “Qiraətlərlə Quranın mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı həddindən artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbn Hacibdir.”
Zərkeşi “Burhan” kitabında yazır: “Quran və qiraət bir-birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında olan müştərəklikdən danışa bilmərik. Çünki Quran həzrət Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir. Bununla yanaşı bəziləri qiraətləri mütəvatir, bəziləri isə sadəcə olaraq mötəbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən mütəvatir olaraq nəql olunmaları, yəni mötəbər olduqlarına dəlalət edən hədisin nəql olunması kimsəyə məlum deyildir. Çünki qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar. (“Əl-itqan”, 1-ci cild, səh.138)

Kitаbın аdı: Əl-bəyan

Ardı var ...

ARDINI BURADAN OXUYUN 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!