YEDDİ QİRAƏT ÜSULU (4)

:

QİRAƏTLƏRİN DƏLİL OLMASI HAQDA
1. Alimlərin bəziləri bütün qiraət üslublarını mötəbər hesab edərək bir çox şəriət məsələlərində onlara istinad etmişlər. Belə ki, Həfs istisna olmaqla, Kufə qariləri “Heyz zamanı qadınlardan kənar olun, heyzdən təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin” ayəsinə istinad edərək, heyz qusulu almamış qadınla yaxınlıq etməyin haram olduğuna istinad etmişlər.

Göründüyü kimi onlar “yəthərnə” kəlməsini təşdidlə, yəni “yəttəhhərnə” oxumuşlar. Yəni “heyzdən uzaq olun və (qadınlarınız) qüsl almayınca onlarla yaxınlıq etməyin”.
Cavab: Bu qiraətin düzgünlüyünə dair heç bir dəlil yoxdur və qiraətlər arasında ixtilaf olduğu bir halda şəriət məsələlərində onlardan birinə istinad etmək olmaz. Bunun isə iki əsas səbəbi vardır:
Birincisi, qiraətlərin səhv olmasının mümkünlüyü;
İkincisi, qiraətlərə əməl olunmasının vacibliyinə dəlalət edən əqli və şəri dəlillərin olmaması ilə yanaşı, əql və şəriətin insana yəqinlik hasil etmədiyi hər hansı bir şeyə əməl etməyi qadağan etməsi.
2. Deyə bilərlər ki, qiraətlər mütəvatir olmasa da, Peyğəmbərdən (s) nəql olunduğu üçün, onları heç olmasa vahid xəbər formasında nəql olunmuş hədislərə aid edə bilərik. Demək, vahid xəbərin etibarlı olmasına dəlalət edən amillər bu qiraətin də mötəbərliyinə dəlalət edəcəkdir.
Cavab: Qiraətlərin rəvayət olunduğu sübuta yetmədiyi bir halda təbii ki, vahid xəbərin də dəlil olması onları sübuta yetirməyəcəkdir. Belə ki, bir qədər əvvəl qiraətlərin qarilərin şəxsi rəy və ictihadları nəticəsində meydana gəlməsinin ehtimal verildiyinə işarə etdik. Bəzi alimlərin bu mətləbə əhəmiyyət verməsi bu ehtimalı bir daha təsdiq edir.
Əgər qarilər arasında yaranmış ixtilafların əsas səbəbini ilk vaxtlar hərflərin nöqtəsiz, durğu işarələrinin olmamasında görmüşdüksə, onların ictihad etməsi haqda irəli sürülmüş nəzəriyyə bir daha özünü sübuta yetirir. İbn Əbi Haşim bu barədə deyir: Qarilərin qiraətlərində yaranmış ixtilafların əsas səbəbi, səhabələrin fəth olunmuş məntəqələrə göndərilərək, orada yerli əhaliyə Quran ayələrini nöqtə və işarələrsiz öyrətmələri olmuşdur. Yazıb-oxumaq savadı olmayan şəxslər Quranı başqalarından şifahi şəkildə dinləməklə əzbərləməyə çalışırdılar. Əzbərlədikləri hər bir ayə Quran nüsxələri ilə uyğun gəldikdə ona əməl edir, ziddiyyətli nəzərə çarpdıqda isə onu tərk etməli olurdular. Beləliklə də müxtəlif şəhər və məntəqələrdə bir-birindən fərqlənən qiraət üsulları meydana gəldi.
Zərqani deyir: Müsəlmanlar İslamın zühur etdiyi ilk illərdə Quranın orjinallığını qoruyub saxlamaq və müxtəlif qiraətlərin qarşısını almaq məqsədilə, hərflərin üzərinə nöqtə və hərəkələr qoymadan oxumağa cəhd edirdilər. Lakin gözlənildiyinin tam əksi baş verdi. Qiraətlərdəki fərq daha çox hiss olunmağa başladı. Müxtəlif qiraət və tələffüzlərin çoxaldığını hiss edən müsəlmanlar hərflərə nöqtələr əlavə etməyə məcbur oldular. (“Mənahilul-irfan”, səh.402)
3. Ravinin vahid xəbər formasının doğruluğuna dair mötəbər hesab etdiyi dəlilləri nə qiraətlərin ravilərinə, nə də qiraət üslublarının rəvayət olunmasına şamil etmək olar. Çünki onların şərh-halı artıq etimad olunası şəxslərin olmadıqlarını sübuta yetirmişdir.
4. Bütün qiraətlərin şəxsi rəy və ictihadlara deyil, yalnız rəvayətlərə istinad olunduğunu, bütün qarilərin etimad olunası şəxs olduqlarını fərz etsək də, onların tamamilə mötəbər olduqlarını qəbul edə bilmərik. Çünki əldə etdiyimiz icmali elmin vasitəsilə belə məlum olur ki, qiraətlərin bir qismi əsla Peyğəmbər (s) tərəfindən bəyan olunmamışdır. Belə bir halda təbii ki, icmali elm qiraətlər arasında ixtilafın yaranmasına səbəb olmalı idi. Belə ki, qiraətlərin biri digərini təkzib edəcək və nəticədə hər biri öz etibarını itirməli olacaqdı. Qiraətlərdən birini digərindən üstün tutmaq yalnız o zaman düzgün ola bilər ki, əlimizdə onun etibarlığını sübuta yetirəcək kifayət qədər dəlil olsun. Əks təqdirdə qiraətlərdən birinin digərindən üstün tutulması şəriət qanunlarına əsasən, tamamilə zidd olacaqdır.
Əgər bütün qiraətlərin mötəbərliyinə istinad etsək, yenə də həmin nəticəyə gələcəyik. Şəriət məsələlərinin həllində onlardan istifadə etməyə gəldikdə isə, burada üstün xüsusiyyətləri bəyan edən və məna baxımından bir-biri ilə ziddiyyət təşkil edən rəvayətlərə istinad etməli olacağıq. Çünki əgər hər iki qiraətin mütəvatir olduğunu təsdiq etsək, onların hər ikisinin Allah tərəfindən nazil olmasını qəbul etməli olacağıq. Demək, qiraətlərin hər ikisi sənəd baxımından eyni, zahiri məna baxımından isə bir-biri ilə tamamilə müxtəlif olacaqdır. Bu isə qeyri-mümkündür.
İcmali olaraq qiraətlərdən birinin mötəbər olmadığını bilsək, onda gərək hər ikisini inkar edib digər üsul və qanunlara müraciət edək. Çünki zahiri mənanı nəzərə alaraq onlardan birini digərindən üstün və həmçinin üstün tutduğumuz qiraəti mötəbər hesab edə bilmərik. Belə ki, iki şeydən birini digərindən yalnız o zaman üstün tutmaq olar ki, onlardan hansınınsa mötəbər olub-olmamasında yəqinlik hasil etmiş olaq. Qiraətlərdən hər hansı biri ziddiyyətli olsa artıq, onlardan heç birini mötəbər saya bilmərik. Çünki belə olduqda onlar sənəd baxımından bir-birindən fərqlənməyəcək.

YEDDİ QİRAƏT ÜSLUBLARININ HƏR BİRİ İLƏ NAMAZ QILMAQ OLARMI?
İstər sünnü, istərsə də şiə alimlərinin bir çoxu yeddi qiraət üslubu ilə, bəziləri isə mövcud olan on və ya daha çox qiraət üslubları ilə namaz qılmağı düzgün hesab edirlər.
Lakin namazda Quran ayələrinin düzgün tələffüz edilməsinin vacib şərtlərdən olmasını nəzərə alaraq deyə bilərik ki, qiraətə olduqca böyük əhəmiyyət yetirilməli, namazda bütün qiraətlərdən deyil, yalnız Peyğəmbər (s) və ya imamlar tərəfindən düzgünlüyü təsdiq olunan qiraətlərdən istifadə olunmalıdır. Demək, düzgünlüyü sabit olmayan hər hansı bir surə və ya kəlməni Quran adlandırmaq olmaz və insan, üzərinə düşən məsuliyyəti elə yerinə yetirməlidir ki, nəticədə ona olduğu kimi əməl etməsinə yəqinlik hasil etsin. Diqqət yetirsək məlum olar ki, ya gərək qiraətlərin sayı miqdarında namaz qılınsın, ya da ixtilafa səbəb olan kəlmə və ya ifadə müxtəlif tələffüz formalarında təkrar edilsin. Yalnız belə olduqda insan üzərinə düşən məsuliyyəti olduğu kimi yerinə yetirmiş olur. Məsələn, Fatihə surəsinin 4-cü ayəsi həm “Maliki yəvmiddin”, həm də “Məliki yəvmiddin” şəklində oxunsun.
Namazda Fatihə surəsindən sonra oxunan surələrə gəldikdə isə, gərək qiraətində heç bir ixtilaf olmayan surələr oxunsun.
Bir anlıq imamların tövsiyələrinə nəzər salaq. Onlar zəmanələrində istifadə olunan qiraətlərin düzgünlüyünə nəzarət edir və öz davamçılarına bu qiraətlərdən istifadə etmələrini tövsiyə edirdilər. “Öyrəndiyiniz kimi oxuyun”, “Sən də camaat oxuduğu kimi oxu.” (“Kafi”, “Quranın fəziləti” bölümü)
Qiraətlərdən bəzilərinin yasaq olunmasına gəldikdə isə, qeyd etməliyik ki, bu barədə onlar tərəfindən rəvayət nəql olunmamışdır. Və əgər nəql olunsaydı təbii ki, mütəvatir və ya vahid xəbər formasında bizlərə gəlib çatardı.
Buradan belə bir nəticəyə gəlirik ki, namazdakı Quran qiraətlərini yeddi və ya on üsluba ayırmaq heç bir məna kəsb etmir. Yəni insan, qondarma və qeyri-mötəbər qiraətləri çıxmaq şərti ilə, namazda istədiyi qiraətlərdən istifadə edə bilər. Məsələn, “Maliki yəvmiddin” ayəsini”mələkə yəvməddin” kimi oxumaq düzgün deyildir.
“İnnəma yəxşəllahə min ibadihil uləmau” ayəsindəki Allah kəlməsini zəmmə ilə “yəxşəllahu” və “uləma” kəlməsini fəthə ilə “uləmaə” kimi oxumaq tamamilə yanlış və səhv qiraət üsuludur. Bu qiraəti Əbu Hənifə, Xəzaidən nəql etmişdir. (Ayənin mənası belədir: “Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.” Xəzainin şəraitindən isə bunun tam əks mənasını əldə edirik. Yəni, “Alimlərdən qorxan yalnız Allahdır.”)
Qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, imamların zamanında mövcud olmuş, düzgünlüyü onlar tərəfindən təsdiq olunan qiraətlərdən gündəlik namazlarda istifadə etmək tamamilə doğru və düzgündür.

Kitаbın аdı: Əl-bəyan

 Ardı var...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!