YEDDİ QİRAƏT ÜSULU (6)

:

RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ
Quranın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli-sünnə mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.

1. Bu rəvayətlər Zürarənin imam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir: “Quran birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.” (“Üsuli-kafi”, “Nəvadir” fəsli, 12-ci rəvayət)
Fəzl ibn Yəsar imam Sadiqdən (ə) Quranın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə) cavabında deyir: “Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Quran bir olan Allah tərəfindən yalnız bir səbkidə nazil olmuşdur.” (“Üsuli-kafi”, “Nəvadir” fəsli, 13-cü rəvayət)
Quran və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən mötəbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir. Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.
Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir əhəmiyyət kəsb etməməlidir.

2. Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz etibarını itirməsinə səbəb olur.
1. Məsələn, rəvayətlərdən birində deyilir: “Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Quranı bir səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.
2. Rəvayətdən birində deyilir: Ubey məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.
3. Bəzən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbn Məsudun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.
4. Quranın yeddi müxtəlif səbkilərdə nazil olması məna və məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Quranın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də ziddiyyətli mənalar verməsinə səbəb ola bilər. Quranın ən başlıca hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.

YEDDİ OXUNUŞ SƏBKİNİN MƏNA VƏ MƏFHUMU
Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bəzilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.

BİRİNCİ NƏZƏR –  SİNONİM SÖZLƏR
Yeddi oxunuş səbki deyildikdə, eyni mənalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.
Məsələn, “əccil”, “əsri” və “isə” kəlmələrinin hər üçü “tələsmək” mənasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni məna daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtəbi və İbn Əbdulbərr Quranın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.

NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR
Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.
1. Yunus, İbn Şəhabdan nəql edərək deyir: “Səd ibn Museyyib deyir: “Nəhl” surəsinin 13-cü ayəsində “[Biz, müşriklərin: Quranı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik” deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn “səmiun əlimun” və “əzizun həkimun” kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: “Elə yazdıqların düzdür.” Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bəzən bunu özünə böyük fəxr bilib deyərdi: “Peyğəmbər (s) ayələrdə istifadə olunan bəzi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.”
2. Ənəsin dediklərinə istinad edərək deyir:
 O, “Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir!” ayəsindəki “əqvəm” kəlməsini “əsvəb” kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə “əsvəb” deyil, “əqvəm”dir. Cavabında demişdi: “əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni məna daşıyır.”
3. İbn Məsudun qiraətinə istinad edərək deyir:
“[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu” ayəsində “səyhətən vahidətən” birləşməsini “zəyqətən vahidətən” kimi oxumuşdu. “Səyhə” və “zəqyə” eyni mənalı sözlər olub, dəhşətli və tükürpədici səs mənasını daşıyır.
4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibn Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda “Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir” ayəsində “təamul əsim” birləşməsini “təamul yətim” kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mənasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək “təamul facir” kimi oxumağa başlayır. Çünki “facir” və “əsim” kəlmələri eyni məna daşıyır.
5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Quran, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mənalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.
Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Quranın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mənalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!
2) Quran öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi möcüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mənalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?
Məlum məsələdir ki, sonuncu səmavi kitab olan Quran Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mötəbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs kitabın orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Quranda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq “Yasin” surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy. İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.
Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.
Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.
Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
“Onlara de ki: Mən onu öz başına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram”.
Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!
Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibn Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: “Və nəbiyyukəlləzi ərsəltə”. Bərra burada “nəbi” kəlməsini “rəsul” sözü ilə əvəz edir. Bu sözlər məna baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (“Tibyan”, səh. 58)
Şəxsən özü təlim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına vədə verilən Quran ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Quranı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qurani-Kərimdə bu haqda deyilir:
“Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırıb azalmadan] qoruyub saxlayacağıq.” (“Hicr” surəsi, ayə: 9)
2. Rəvayətlərdən belə məlum olur ki, Quranın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bəziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Quranın orjinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.

Buradan bir neçə nəticəyə gələ bilərik.
1. Quranın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.
Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mötəbərliyinə istinad edə bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bəzi hallarda qəzəbləndiyinin də şahidi oluruq.
2. Müsəlmanların Quranı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb olmuş və Quranın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin islamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.
3. Rəvayətlərdən belə məlum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Quran oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük nemət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.
Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?..
Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu etiraf etmişlər. (“Tibyan”, səh.61)
Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!