YEDDİ QİRAƏT ÜSULU (8)

:

YEDDİNCİ NƏZƏR – QURANDA NƏZƏRƏ ÇARPAN DİGƏR İXTİLAFLAR
Deyirlər: Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin özündə olan ixtilaflar nəzərdə tutulur. Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün “Ləvayih” adlı kitabında Əbülfəzl Razidən nəql edərək yazır:

Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.
1. Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik – bu ərəb dilinə aid olan bir xüsusiyyətdir) və cəm halında işlənməsi;
2. Fellərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;
3. Hərəkə (sait hərflər) və erab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;
4. Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;
5. İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;
6. Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;
Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki, bəzi qəbilələr bu kimi ifadələri bir mənada, digər qəbilələr isə tam başqa bir mənada işlətmişlər.
Cavab: Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki 6-cı nəzəriyyəyə tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.
Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fellərdəki ixtilafların ayrı-ayrılıqda hesab olunmasıdır. Bir haldakı, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək biz, onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı altıdan artıq olmayacaqdır.
Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fellərin indiki, keçmiş, gələcək, əmr, tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə) ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.
Zərqani, İbn Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi təsir göstərmir və bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.
1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf “baid” (uzaqlaşdırmaq) felinin keçmiş və ya əmr formasında və “əmanətəhum” (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;
2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf “nunşizuha” kəlməsinin bəzən “ra”, bəzən də “za” hərfləri ilə tələffüz olunması kimi;
3. Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf “ihn” və “sovf” kəlmələri arasında olan ixtilaf kimi;
4. Erabda nəzərə çarpan ixtilaflar; Məsələn, “və ərculkum” kəlməsi bəzən fəthə ilə, yəni “və ərculəkum” və bəzən də “və ərculikum” oxunur.
5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;
6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.

SƏKKİZİNCİ NƏZƏR – SAYLARIN ÇOXLUĞU
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar. Yəni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi burada məcazi mənada işlənmişdir.
Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.
Cavab: Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.
1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mənasında işlənməmişdir.
2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı məna daşıdığını açıqlamamışlar. Demək biz, yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi mənalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.

DOQQUZUNCU NƏZƏR – YEDDİ QİRAƏT ÜSULU
Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi mənalandırmaları olmuşdur.
Cavab: Əgər yeddi qiraət dedikdə, yeddi mötəbər qiraət üsulunu nəzərdə tuturlarsa, “Qiraətlərə baxış” fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.
Belə bir nəzər də irəli sürülə bilər ki, Qurandakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Quranın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. Çünki Quranda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bəzi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn, “və əbədəttağuti” kəlməsi 22, “uffi” kəlməsi isə 34 qiraət səkbilə tələffüz olunur.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.

ONUNCU NƏZƏR – MÜXTƏLİF LƏHCƏLƏR
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Quranda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.
Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (“Ecazi-Quran”, səh.70)
Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bəzi kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, “yəqulu” kəlməsində boğazda tələffüz olunmalı “qaf” hərfini qeyri-ərəb xalqların tələffüz etdiyi adi “q” hərfi kimi, şamlılar isə onu “ə” hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan müsəlmanlar üçün Quran qiraətinin asanlaşdırılmasıdır. Çünki hamının Quranı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Quranın hər bir qəbilə və millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada çoxluq mənasında işlənmişdir.
Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.
1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Quranın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbn Məsudu “hətta hiynə” kəlməsini “ətta hiynə” kimi tələffüz etməsini qadağan və Quranı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.
2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və mənasına əsasən yarandığına işarə edilmişdir.
3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması rəvayətlərin zahiri mənası ilə uyğun gəlmir.
4. Bu nəzəriyyəyə istinad edərək Quranı, hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya müsəlmanlarının adət-ənənələri ilə ziddiyyət təşkil edən məsələlərdəndir.
5. Əgər bu nəzəriyyənin tərəfdarları Quranın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və əsası olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq bütün alimlər, Quranın yalnız bir səbkidə oxunmasını təkid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Quranın qiraətinə sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və sözsüz ki, onların da Quranda istifadə olunan ifadələri tələffüz etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri islamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara Quranı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?!
Biz bununla da Quranın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.
Belə bir nəticəyə gəlirik ki, Quran yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə Quranı yalnız bir səbkidə təlim etmişdir. Demək, Quranın yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir əsası olmayan iftiralardır.

Kitаbın аdı: Əl-bəyan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!