"TƏBLİĞ" AYƏSİ VƏ İMAMƏT

:

"Ey Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal edilən şərindən) qoruyacaq. Həqiqətən, Allah kafir olan qövmü hidayət etməz." (Maidə surəsi, ayə 67)

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

"Təbliğ" ayəsi adi ilə tanınan bu şərif ayə İslam dünyasının "nübüvvət" və "peyğəmbərlik" məsələsindən sonra ən əhəmiyyətli mövzusu barədə bəhs edir və Peyğəmbərin (s) dəyərli ömrünün axırlarında israrla ona göstəriş verir ki, tamamilə aydın şəkildə özündən sonra "canişinlik (xilafət)" məsələsini camaata çatdırsın və camaatın bu baxımdan vəzifəsi müəyyənləşsin.

Şərh və təfsir
Canişin seçilməsi risalətin (peyğəmbərlik) sona çatma nöqtəsidir
İslam Peyğəmbərinə (s) Qurani-Kərimdə müxtəlif cümlələrlə xitab olunur:
يَا أَيُّهَا الرَّسُول" (Ya əyyuhər-rəsul)Ey Rəsul!"
يَا أَيُّهَا الْمُزَّمِّلُ (Ya əyyuhəl-muzzəmmil) "Ey libasına bürünən! " ("Müzzəmmil" surəsi, ayə 1)
يَا أَيُّهَا الْمُدَّثِّرُ (Ya əyyuhəl-muddəssir) "Ey əbasına bürünüb yatan Peyğəmbər! " ("Müddəssir" surəsi, ayə 1)
يَا أَيُّهَا النَّبِیُّ (Ya əyyuhən-nəbiyy) "Ey Peyğəmbər! " (Bu cür xitab ondan artıq ayədə təkrarlanmışdır)

Birinci və ikinci xitabda o həzrətin xüsusi zahiri halətinə, amma üçüncü və dördüncü xitabda isə Peyğəmbərin (s) mənəvi və ilahi məqamlarına işarə edilmiş və يَا أَيُّهَا النَّبِیُّ (ya əyyuhən-nəbi)– xitabı dəfələrlə Quranda təkrar olaraq işlədilmişdir.
Amma يَا أَيُّهَا الرَّسول (Ey Rəsul!)– xitabı təkcə Quranın iki surəsində – biri indi bəhs etdiyimiz ayədə və digəri "Maidə" surəsinin 48-ci ayəsində gəlmiş və bu ayə ilə uyğunluq təşkil edir. Peyğəmbərə (s) aləmlərin Rəbbi tərəfindən bu şəkildə xitab edilməsi mövzunun əhəmiyyətini göstərir.
بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ – "Ey Peyğəmbər! Allahın sənin öhdənə qoyduğu xüsusi vəzifəni yerinə yetir və onu camaata çatdır! "Bu vəzifə canişin təyin edilməsindən başqa, bir şey deyildi.
وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ – "Əgər (bunu) etməsən, onun risalətini (peyğəmbərlik missiyanı) yerinə yetirməmisən." Öhdənə qoyulan vəzifə o qədər əhəmiyyətli və həlledicidir ki, əgər onu yerinə yetirməsən və camaata çatdırmasan, elə bil Allahın risalətini (sənə verdiyi peyğəmbərliyi) yerinə yetirməmisən və sənin iyirmi üç illik zəhmət və əziyyətin naqis olacaqdır.
Əlbəttə, Peyğəmbərin (s) ona nazil olunanların hamısını camaata çatdıraraq onlara izah etməsi aydın məsələdir, amma ayənin bu ifadə ilə və belə tərzdə nazil olması camaatın həmin mətləbin xüsusililik və həddən artıq əhəmiyyətinə diqqət yetirməsi üçündür.
وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ – "Allah səni insanlardan (onların ehtimal edilən şərindən) qoruyacaq." Bu xüsusi və həssas vəzifəylə bağlı xətər – aşkar və gizlində zəif imanlı şəxs və münafiqlərin reaksiya və əks-təsirləri – gözlənildikdə, Allah Peyğəmbərin (s) canını ehtimal edilən təhlükələr müqabilində qoruyacağına zəmanət verir.
 إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ– "Həqiqətən, Allah kafir olan qövmü hidayət etməz." Allah hamıya öz hidayətini şamil etmək istəməsinə baxmayaraq, yersiz olaraq öz təfəkkür və əqidələrində qalaraq tərslik edən kəsləri (kafir olan qövmü) hidayətə layiq bilməyərək hidayət etməz.

Qeyd edilən ayənin məzmunu barədə düşündükdə, onun çox mühüm bir məsələdən xəbər verdiyini və israrla yanaşı olduğunu anlayırıq.
1. Əvvəldə də vurğuladığımız kimi, ayənin يَا أَيُّهَا الرَّسول (ya əyyuhər-rəsul) xitabı ilə başlaması mətləbin xüsusi əhəmiyyətə malik olduğu və bu səbəbdən Peyğəmbərə (s) Allah tərəfindən belə xitab edildiyini göstərir.
2. بَلِّغْ (Bəlliğ) – sözü də yuxarıdakı ayənin məzmun baxımından xüsusiliyi və əhəmiyyətli olmasına digər bir dəlildir:

Birincisi, bu söz gələcəyə aiddir və Quranın yalnız həmin ayəsində işlənmişdir.
İkincisi, Rağib İsfahaninin "Mufrədat" kitabındakı qeydlərinə əsasən, bu kəlmə oxşar mənalı ابلغ (ibləğ) sözünə nisbətdə daha çox təkidə malikdir. Nəticədə, həmin sözün Quranın bir ayəsində işlənməsinə baxmayaraq ("Tövbə" surəsi, ayə 6), kəlmənin daxilində təkiddən əlavə, təkrarın da olması mümkündür, yəni bu mövzu o qədər əhəmiyyətə malikdir ki, onu camaata çatdırmalı və təkrar etməlisən. (Peyğəmbər (s) də bu cür əməl etmişdir. O həzrət İslamın zühurunun əvvəlindən vəfat etdiyi günə qədər həzrət Əlinin (ə) canişinlik məsələsini camaatın qulağına eşitdirirdi.)
3. وَ إِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ (Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən)– ayəsi mətləbin əhəmiyyətliliyinə üçüncü sübutdur. Peyğəmbərin (s) təbliğinə vəzifəli olduğu məsələ "risalət" və "nübüvvət"in əsası və onun sütünudur. Əgər onu yerinə yetirməsə, elə bil ki, öz risalət və peyğəmbərliyini yerinə yetirməmişdir.
4. Peyğəmbərin (s) canının qorunması üçün bu ayədə Allah tərəfindən zəmanət və ehtimal olunan təhlükələr müqabilində mühafizə edilməsinə vədə verilməsi məsələnin əhəmiyyət və əzəmətinə başqa bir dəlildir.

Peyğəmbərin (s) vəzifəsi o qədər həlledici və əhəmiyyətlidir ki, onda can təhlükəsi və müxtəlif əksül-əməllərin olması ehtimalı da vardır. Amma bununla belə, Allah ehtimal edilən bütün təhlükələr qarşısında Peyğəmbərini (s) sığortalayaraq ona zəmanət verir. Görəsən, "Təbliğ" ayəsinin barəsində xəbər verdiyi mühüm mətləb nədir? İslam Peyğəmbərinin (s) açıq-aşkar ilahi zəmanətə ehtiyaclı olduğu vəzifə hansıdır?
Peyğəmbərin (s) risalətinə bərabər hesab edilən və camaata çatdırmalı olduğu mətləb nədir? Allahın Peyğəmbərdən (s) yerinə yetirməsini istədiyi və bir tərəfdən onu təhdid edən, digər tərəfdən isə Allahın onun canının mühafizəsinə vədə verdiyi məsələ hansı məsələdir? Xülasə, ayənin bütün bu misligörünməmiş təkidlərlə yanaşı bildirmək istədiyi mövzu nədir?

Bu sualların cavabını əldə etmək üçün iki yol var:
Birincisi, bu barədə əlimizə əhli-sünnə və şiədən onun təfsirilə bağlı gəlib çatan bütün rəvayətləri, tarix və təfsirçilərin sözlərini nəzərə almadan ayənin öz məzmunu üzərində təfəkkür etmək.
İkincisi, ayəni onun nazilolma səbəbi ilə bağlı hədis və rəvayətlər sayəsində təfsir etmək.

Birinci yol: Ayənin digər şahidlərin köməyi olmadan təfsiri
Ayənin özü barədə düşünmək və digər vasitələrdən yardım almamaqla bütün sualların cavabı aydın olacaq, bu şərtlə ki, insafla və təəssübdən uzaq olmaqla qəzavət edək. Nəticədə:
Birincisi, qeyd edilən ayə "Maidə" surəsinin 67-ci ayəsidir və onun Peyğəmbərə (s) nazil olan sonuncu surə və ya surələrdən olduğunu bilirik. Yəni, bu ayə hicrətin on və Peyğəmbəri-Əkrəmin (s) ömrünün sonuncu ilində və o həzrətin iyirmi üç illik təbliğindən sonra nazil olmuşdur.
Sual: Həqiqətdə, iyirmi üç ildən sonra Peyğəmbərin (s) ömrünün axırına qədər hələ də rəsmi olaraq hansı məsələlər bəyan olunmamış qalırdı? Görəsən, bu mühüm məsələ müsəlmanların iyirmi ilə yaxın namaz qılmasına baxmayaraq, namazla bağlı idimi?
Yoxsa, orucla bağlı idi? Halbuki, oruc hicrətdən sonra vacib olmuş və ona göstəriş verilməsindən on üç ilə yaxın bir müddət keçmişdi.
Cihadın hicrətin ikinci ilindən başlamasına baxmayaraq, görəsən, cihada göstəriş verməklə bağlı idimi? Yoxsa, həccə aid idi?
Cavab: İnsaf adı çəkilən məsələlərdən heç birinin olmamasını deməkdədir. Peyğəmbərin (s) iyirmi üç illik gərgin zəhmətlərindən sonra, yer üzərində hansı mühüm məsələnin deyilməmiş qaldığını anlamaq lazımdır.
İkincisi, ayədən Peyğəmbərin (s) bu vəzifəsinin çox mühüm və təhlükəli, eyni zamanda, nübüvvətlə eyni çəkidə olması başa düşülür. Bəzi alimlərin söylədiyi ehtimallar və yuxarıdakı sətirlərdə işarə etdiyimiz məsələlərin də mühüm olmasına baxmayaraq, onlardan heç biri risalət və nübüvvətlə eyni çəki və ölçüdə deyil. İyirmi üç ildən sonra hələ də yerinə yetirilməyən və risalətə bərabər olan mühüm məsələnin nə olduğunu düşünməliyik.
Üçüncüsü, bu vəzifənin digər xüsusiyyəti bəzilərinin onunla müxalifətçilik etməsidir və hətta, həmin müxalifətçilik o qədər ciddi və şiddətlidir ki, Peyğəmbəri (s) də ortadan qaldırmağa hazırdırlar. Müsəlmanlar namaz, oruc, cihad və həcc kimi məsələlərlə müxalif olmadıqlarından, bu vəzifənin siyasi məqsəd daşıdığı aydınlaşır və bir dəstə onunla müxalifətçilik səbəbindən, İslam Peyğəmbərinin (s) müqabilində dayanmağa belə hazır idi.
Bütün bu məsələləri nəzərə aldığımız, bitərəf və münsif şəkildə mütaliə, həmçinin, inadkarlıq və təəssübkeşlikdən uzaq olaraq qəzavət etdiyimiz zaman, Qədir-Xumda rəsmi olaraq bəyan edilən mətləbin Peyğəmbərin (s) "xəlifəsi" və "canişini" məsələsindən başqa, digər bir məsələ olmadığı nəticəsinə varırıq.
Bəli, Peyğəmbərin (s) şərafətli ömrünün sonlarında rəsmi olaraq bəyan etdiyi, peyğəmbərlərin sonuncusunun risalət və nübüvvətinə bərabər, çoxlarının onunla mübarizə aparacağına and içmiş olduğu və Allahın da Peyğəmbərə (s) bu vəzifəni icra etməsi üçün mühafizə edəcəyinə zəmanət verdiyi məsələ həlledici və mühüm olan canişinlik məsələsi idi. Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan etmişdisə də, həmin məsələni dünya müsəlmanları qarşısında rəsmi olaraq bildirməmişdi.
Beləliklə, o böyük və əzəmətli vəzifəni Peyğəmbər (s) "Həccətül-vida"dan (vida həcci) qayıtdığı zaman Qədir-Xum çolündə həyata keçirərək həzrət Əlini (ə) "öz canişini" ünvanında tanıdırdı və bununla da risalətini tamamlamış oldu.

Kitabın adı: İmamət və vilayət ayələri

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!