AYƏLƏRİN ZAHİRİ MƏNALARININ DƏLİL OLMASI - 1

:

Ərəb dili ilə tanışlığı olan hər bir şəxs ayələrin zahiri mənalarını asanlıqla başa düşür və bir çox şəriət məsələlərinin icrasında onlara istinad edirlər. Ayələrin zahiri mənalarına istinad etmək, Quran elmləri terminalogiyasında “Quranın zahiri mənalarının höccəti” adlanır.

Bu səbəbdən də bir çox şəri məsələlərin həyata keçirilməsində və irəli sürülən nəzəriyyələrin isbatında onlara istinad olunur. Çünki Quranın zahiri mənası ümumi kütlə tərəfindən istinad olunası ən mötəbər mənbə və sənəd hesab olunur.
Quranın zahiri mənalarının höccət olmasına dair irəli sürülmüş nəzəriyyəni sübuta yetirəcək kifayət qədər hədislər vardır və burada diqqətinizi onlardan bir neçəsinə cəlb etmək istəyirik.

1. QURAN ÜMUMBƏŞƏRİ KİTABDIR
Məlum olduğu kimi, Peyğəmbər (s) ünsiyyətdə olduğu şəxsiyyətlərlə xüsusi davranış və ya danışıq tərzi seçməmişdir.
Qəbiləsinin bir üzvü kimi o da, başqalarının danışdığı kimi danışır və onlarla adət halını almış bir tərzdə rəftar edərdi.
Bu da hamıya məlumdur ki, Quran nazil olduqdan sonra belə, onun nazil olmuş ayələrini çox sadə, ərəb qəbilələrinin adət etdiyi bir tərzdə bəyan edər, həmçinin Quranın qadağan etdiyi və ya icra olunması vacib olan məsələləri onlara iqrar edərdi.

Qurani-Kərimin bir çox ayələrində bu məsələyə dəfələrlə işarə olunmuşdur.
1. ”Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur.?” (“Mühəmməd” surəsi, ayə: 24)
2. ”Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər.” (“Zümər” surəsi, ayə: 27)
3. ”Şübhəsiz ki, bu [Quran] aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!* Onu Cəbrail [Ruhuləmin] endirdi.* [Günahkarları Allahın əzabı ilə] qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə [nazil etdi]* özü də açıq-aydın ərəb dilində.” (“Şuəra” surəsi, ayə: 195)
4. ”Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir.” (“Ali-İmran” surəsi, ayə: 138)
5. ”Biz Quranı [ümmətin üçün] ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul etsinlər.” (“Casiyə” surəsi, ayə: 58)
6. ”And olsun ki, Biz Quranı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!” (“Qəmər” surəsi, ayə: 17)
7. ”Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə ondan çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq] tapardılar.” (“Nisa” surəsi, ayə: 82)

2. QURAN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK DƏLİLDİR
Quran həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün nazil olmuşdur. Nazil olduğu ilk gündən öz müxaliflərini mübarizə meydanına çağırmış və onlara Quranın surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir.
Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması Quranın ilahi möcüzə olduğunu bir daha sübuta yetirir. Buradan belə məlum olur ki, ərəblər Quranı asanlıqla başa düşüb və onun zahiri mənalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki əgər Quran ayələrinin başa düşülməsi çətin və müəmmalı olsaydı, əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi möcüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların haqq-ədalətə, imana dəvət olunmaları heç bir məna kəsb etməzdi.

3. QURAN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN BÖYÜK VƏ ƏN MÖTƏBƏR MƏNBƏDİR
Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin (s) tövsiyə etdiyi “Səqələyn”ə (Quran və Peyğəmbərin (s) Əhli-beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq etmələrinə təkid olunmuşdur. Bu isə Quranın zahiri mənalarının asanlıqla başa düşülməsini və həyata keçirilməsinin vacibliyini bir daha sübuta yetirir.

4. QURAN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR
Bir çox mütəvatir rəvayətlərdən bizə məlum oldu ki, nəql olunmuş rəvayətlər Quranla tətbiq olunmalı və bununla da onun mötəbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək, Quranla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər isə kənara qoyularaq istinad olunmamalıdır.
Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Quranın zahiri mənasının dəlil olmasını açıq-aşkar isbat edir. Çünki anlamı bir o qədər də asan və heç bir etibarı olmayan hər hansı bir mətnlə rəvayətləri tətbiq etmək düzgün olmazdı.

5. İMAMLAR QURANIN ZAHİRİ MƏNALARINA İSTİNAD ETMİŞLƏR
1. Zürarə, imam Sadiq (ə)-dan soruşur: Belə bir qənaətə necə gəlmisiniz ki, dəstəmaz alarkən məsh başın bütün hissəsinə deyil, yalnız bir hissəsinə çəkilməlidir? İmam (ə) sualın cavabında buyurur: Dəstəmaz ayəsində “Birüusikum” kəlməsində ön şəkilçi kimi işlənmiş “Ba” hərfindən. Bu halda ayənin zahiri mənasından belə bir qənaətə gəlirik ki, məshi başın hər tərəfinə deyil, yalnız bir hissəsinə çəkmək lazımdır.
2. Günlərin bir günündə imam Sadiq (ə)-dan soruşurlar: Adətən çox istirahət edirəm. Və istirahət etdiyim zaman qonşu həyətdən haram edilmiş musiqi sədası eşidilir. Bir halda ki, məqsədim həmin musiqiyə qulaq asmaq deyil, yalnız istirahət etməkdir. Bu haqda nə deyə bilərsiniz. İmam (ə) buyurur: Quranın “Çünki qulaq, göz və ürək – bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] – sorğu-sual olunacaqdır.” (“İsra” surəsi, ayə: 36) –ayəsini nəzərə alaraq, sənin gördüyün bu işin haram olduğuna istinad etmək olar.
3. İmam Sadiq (ə) oğlu İsmayıla deyir: Möminlərdən bir neçəsi sənin yanında şəhadət verərlərsə, o zaman onların şəhadətini qəbul et. Çünki Allah-taala Qurani-Kərimdə bu haqda buyurur:
“Allah da inanır, möminlər də.” (“Tövbə” surəsi, ayə: 61)
5. İmam Sadiq (ə), üç dəfə təlaq verilmiş və artıq ərinin onun üçün haram olduğu qadınlar haqda buyurur: Əgər həmin qadın başqa birisi ilə evlənib və sonra boşanarsa, yenidən əvvəlki əri ilə evlənə bilər. Allah-taala Qurani-Kərimdə bu haqda buyurur:
“Ayrı bir kişi ilə nikah etməyincə...”
6. İmam Sadiq (ə) buyurur: Üç dəfə təlaq verilmiş qadın, başqa birisi ilə müvəqqəti evlənərsə (siğə edilərsə), əvvəlki ərinə halal olmayır. Allah-taala bu haqda buyurur:
“Yəni əgər sonrakı əri həmin qadını boşasa, əvvəlki ərlə ailə qurmağın eybi yoxdur.”
Ayələrin zahiri mənasından belə məlum olur ki, üç dəfə təlaq verilmiş bir qadın öz əri ilə yalnız o zaman yenidən evlənə bilər ki, bir başqasına ərə getmiş və ondan boşanmış olsun. Müvəqqəti evlənmədə isə təlaq olmadığı üçün qadının birinci əri ilə evlənməsinə icazə verilmir.
7. Dırnağı düşmüş bir şəxs, imam Sadiq (ə)-dan dəstəmaz alarkən necə məsh çəkəcəyini soruşur. İmam (ə) sualın cavabında buyurur: Soruşduğun bu sualın cavabı Quranda açıq-aşkar bəyan edilmişdir.
“O [öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”
Sonra sözünə davam edərək buyurdu: Dəstəmaz alarkən yaranın üzərinə bağladığın tənzifin üzərindən də məsh çəkə bilərsən.
8. İmam Sadiq (ə)-dan bəzi qadınlarla evlənmək barəsində soruşduqda buyurur: Allah-taala onlarla evlənməyi sizlərə halal etmişdir. Qurani-Kərimdə bu haqda deyilir:
“Və uhillə ləkum ma vəraə zəlikum.”
9. Əti halal olan bəzi heyvanlar haqda isə bu ayəyə istinad etmişdir.
“[Ya Rəsulum!] De ki: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [Bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (“Ənam” surəsi, ayə: 145)
10. İmam Sadiq (ə)-dan kölə və kənizlərin, sahiblərinin icazəsi olmadan evlənmələri haqda soruşduqda, bu ayəyə istinad edir:
“Əbdən məmlukən la yəqdiru əla şəyin.”

Kitаbın аdı: Əl-Bəyan

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!