EY PEYĞƏMBƏR! ÇATDIR - 4

:

"QƏDİR "HƏDİSİNDƏKİ "VİLAYƏT" VƏ "MÖVLA" SÖZLƏRİNİN TƏFSİRİ
İcmali şəkildə mütəvatir olan "Qədir" hədisi ilə tanış olduq və Peyğəmbəri-Əkrəmin (s) bütün kitablarda qeyd edilmiş مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ (mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır) məşhur kəlamı bir çox həqiqətləri üzə çıxardı.

Bir çox əhli-sünnə müəllifləri buradakı "mövla" sözünün "dost və tərəfdar" mənasında təfsir edilməsinə israr edirlər, çünki bu sözün məşhur mənalarından biri də odur və biz də həmin sözün bir mənasının "dost və tərəfdar" olduğunu qəbul edirik. Amma işin içində çoxlu sayda şahidlər var ki, yuxarıdakı hədisdə işlənən "mövla" sözünün "rəhbər", "vəli" və "qəyyum" mənalarında olduğunu bildirir. Xülasə şəkildə həmin şahidləri nəzərinizə çatdırırıq:
1. Həzrət Əlinin (ə) bütün möminlərlə dostluğu məsələsi o qədər də məxfi və pünhan bir məsələ deyildi ki, bu qədər təkidə, böyük qəflə-qatardan ibarət camaatın yandırıcı günəş altında və quru olan çöllü biyabanda saxlanılması və uzun-uzadı xütbə edilməsi və onlardan bir-birinin ardınca beyət alınmasına ehtiyaclı olsun. Quranda açıq-aşkar deyilir: إِنَّمَا الْمُؤمِنُونَ اِخْوَةٌ
"Həqiqətən, möminlər bir-biri ilə qardaşdırlar. (Hucurat surəsi, ayə 10) "Həmçinin, digər yerdə buyurulur: وَالْمُؤمِنُونَ وَالْمُؤْمِناتُ بَعْضُهُمْ اَوْلِياءُ بَعْض
"Mömin kişi və qadınlar bir-birinin dostu və vəlisidir. (Tövbə surəsi, ayə 71) "Xülasə, İslamdakı qardaşlıq və müsəlmanların bir-birilə dostluğu İslamın əvvəllərindən mövcud və aşkar olan məsələlərindən idi ki, Peyğəmbər (s) onu təbliğ və üzərində təkid etmişdir. Bundan əlavə, qardaşlıq məsələsi Quranda bu qədər şiddətli ifadələrlə bildirilən məsələ deyildi ki, Peyğəmbər (s) onun aşkar və bəyan olunmasından xətər və təhlükə hiss etsin (diqqət edin).
2. Əksər rəvayət mətnlərində qeyd edilmiş. اَلَسْتُ اَوْلى بِكُمْ مِنْ أَنْفُسِكُمْ (mən sizə sizin özününzdən daha üstün deyiləmmi?) cümləsinin sadə bir dostluğun bəyan edilməsilə heç bir rabitəsi yoxdur, əksinə həmin cümlədən "mənim sizə nisbətdə malik olduğum üstünlük, ixtiyar və rəhbərlik, eynilə, Əli (ə) üçün də keçərlidir" – mənası başa düşülür. Həmçinin, yuxarıda deyilənlərdən fərqli olaraq bu cümlənin, xüsusən, بِكُمْ مِنْ أَنْفُسِكُمْ (sizə özünüzə nisbətdə üstünəm) mənasında olduğu halda, başqa cür təfsir edilməsi həqiqət və insafdan uzaqdır.
3. Camaatın, həmçinin, Əbu Bəkr və Ömərin həmin tarixi hadisə ilə həzrət Əliyə (ə) təbrik deməsi də, məsələnin təbrik deyilməsinə səbəb olan xəlifə təyinindən başqa, bir şey olmadığına daha yaxşı göstəricidir. Çünki müsəlmanlara ümümi şəkildə dostluq məsələsinin elan edilməsində təbrik deməyə ehtiyac yoxdur.
İmam Əhməd Hənbəlinin "Müsnəd" əsərində yazılmışdır: "Ömər Peyğəmbərin (s) bəyanatından sonra həzrət Əliyə (ə) xitab olaraq dedi:

هَنيئاً يَابْنَ اَبيطالِب أَصْبَحْتَ وَأَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِن وَمُؤمِنَة

"Təbrik edirəm, ey Əbu Talibin oğlu! Sən gecə də, gündüz də (bütün vaxtlarda) mömin kişi və qadınların vəlisisən." (Əhməd ibn Hənbəl, "Müsnəd", c.4, səh. 281 (Fəzailul-xəmsə, c.4, səh. 432-də nəql edilənlərə uyğun olaraq))
Fəxri Razinin يـا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ اِلَيْكَ مِنْ رَبِّكَ ayəsi barədə yazdığı ifadələrdə oxuyuruq:

 هَنيئاً يَابْنَ اَبيطالِب أَصْبَحْتَ وَأَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِن وَمُؤمِنَة

"Bu tərtiblə, Ömər həzrət Əlinin (ə) özü və bütün möminlərin mövlası olduğunu hesab edir."
"Bağdad tarixi "əsərində yuxarıdakı rəvayət bu şəkildə qeyd edilmişdir:

بَخّ بَخّ لَكَ يابْنَ اَبيطالِب! أَصْبَحْتَ مَوْلاىَ وَمَوْلى كُلِّ مُسْلِم

"Əhsən, əhsən sənə! Ey Əbu Talibin oğlu! Mənim və müsəlmanların vəli və mövlası olaraq sübh etdin. " (Bağdad tarixi, c.7, səh. 290)
"Feyzul-Qədir" və "Əs-Səvaiq" əsərlərində də Əbu Bəkr və Ömərin – onların hər ikisinin belə təbrik dediyi yazılmışdır:

أَمْسَيْتَ يَابْنَ اَبيطالِب مَوْلا كُلِّ مُؤمِن وَمُؤمِنَة

"Ey Əbu Talibin oğlu! Bütün mömin və möminələrin vəlisi olaraq gecəni başa vurdun! " ("Feyzul-Qədir", c.6, səh. 217 və "Əs-Səvaiq", səh. 107. من الله ذي المعارج * للكافرين ليس له دافع * سئل سائل بعذاب واقع  (Kafirlərdən) biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!)
Deməsək də aydındır ki, möminlərin arasında mövcud olan sadə bir dostluq üçün bu qədər təşkilatçılıq və toplanmaya ehtiyac yoxdur və həmin məsələ xilafət mənasını bildirən vilayətdən başqa, digər məsələ ilə uyğun gəlmir.
4. Həssan ibn Sabitdən nəql etdiyimiz şeir də aşkar olan müddəamızın doğruluna digər bir dəlildir (onu yenidən mütaliə etməyiniz xahiş olunur).

"MƏARİC "SURƏSİNİN AYƏLƏRİ "QƏDİR" HADİSƏSİNİN TƏSDİQLƏYİCİSİDİR
Mühəddis və təfsirçilərin çoxu "Məaric" surəsinin ilkin ayələrinin (Bəzi rəvayətlərdə "Haris ibn Neman" və bəzilərində "Nəzr ibn Haris" kimi qeyd edilmişdir) nazilolma səbəbi haqqında bəzi məsələləri nəql etmişlər ki, xülasəsi belədir:
İslam Peyğəmbəri (s) həzrət Əlini (ə) "Qədir-Xum"da xilafətə təyin edərək onun barəsində buyurmuşdur: مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاهُ
"Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. "
Çox keçmədən bu məsələnin xəbəri ətrafa yayıldı və münafiqlərdən olan Neman ibn Haris Fəhri Peyğəmbərin (s) hüzuruna gələrək dedi: "Sən bizə əmr etdin ki, Allahın birliyi və sənin risalətinə şəhadət verək, biz də şəhadət verdik, sonra namaz, zəkat, oruc və cihada göstəriş verdin, onların da hamısını qəbul etdik, lakin sən bunlarla razı qalmayaraq bu cavanı (həzrət Əliyə (ə) işarə edir) özünə canişin təyin elədin və dedin ki, mən kimin mövlasıyamsa, bu Əli (ə) də onun mövlasıdır (مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِىٌّ مَوْلاه) Bu iş Allah tərəfindən idi, yoxsa, öz tərəfindən? "Peyğəmbər (s) buyurdu: "Ondan başqa, məbud olmayan Allaha and olsun ki, Allah tərəfindəndir. "Neman ibn Haris üzünü çevirərək dedi: "İlahi! Əgər bu sözlər doğrudursa, asimandan mənə tərəf daş yağdır. "
Gözlənilmədən başına asimandan bir daş düşərək onu öldürdü və (Kafirlərdən biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu)  سَئَلَ سائلٌ بِعَذاب واقِع – ayəsi nazil oldu.
Yuxarıda qeyd etdiklərimiz Əbülqasim Həskaninin "Məcməul-bəyan" əsərində nəql etdiklərinə uyğundur. (Məcməul-bəyan, c.9-10, səh. 352) Bu məzmunu əhli-sünnə təfsirçi və hədis ravilərinin əksəriyyəti – Qurtubi məşhur təfsirində (Qurtubi təfsiri, c.10, səh. 6757), Alusi "Ruhul-məani" (Sələbi təfsiri, c.29, səh. 52) və Əbu İshaq Sələbi kimilər də öz təfsirlərində (Şibləncinin "Nurul-əbsar" kitabı, səh. 71-də nəql etdiklərinə uyğundur) azacıq bir fərqlə – nəql etmişlər.
Əllamə Əmini "Qədir" kitabında bu rəvayəti əhli-sünnənin otuz nəfər alimindən (sənəd və sözlərini olduğu kimi) nəql etmişdir, o cümlədən: Həmyuni "Sireye Hələbi" və "Fəraidus-səmtəyn", Şeyx Məhəmməd Zərəndi "Durrus-səmtəyn", Şəmsəddin Şafei "Siracul-munir", Süyuti "Şərhu camius-səğir", Hafiz Əbu Übeyd Hərvi "Təfsiru ğəribil-Quran", Əbu Bəkr Nəqqaş "Təfsiru şəfais-sudur" və digərləri də öz kitablarında həmin rəvayəti qeyd etmişlər. Həzrət Əlinin (ə) digərlərindən fəzilətli olmasını görməzdən gəlmək üçün bu rəvayəti qəbul edən bəzi təfsirçi və hədissöyləyənlər onun nazilolma səbəbinə müxtəlif iradlar tutmuş və həmin iradlardan ən mühümü olan dördünü "Əl-Mənar" təfsirinin müəllifi və digərləri yuxarıdakı rəvayəti qeyd etdikdən sonra bu cür bəyan etmişlər:
Birinci irad – "Məaric" surəsi Məkki (Məkkədə nazil olan) surədir və onun Qədir-Xum hadisəsilə uyğunluğu yoxdur.
Cavab: Surənin Məkki olması onun bütün ayələrinin Məkkədə nazil olması demək deyil. Quranın bir çox surələri Məkki adlandırılaraq bütün Quran nüsxələrində Məkki kimi qeyd edilmişdir, lakin onun ayələrinin çoxu Mədinədə nazil olmuşdur və əksinə, Quranda Mədəni (Mədinədə nazil olan) surələr adı ilə qeyd edilən surələrdən bəzilərinin ayələri Məkkədə nazil olmuşdur. Misal üçün, "Ənkəbut" surəsinin Məkki olduğunu deyə bilərik. Halbuki, onun on əvvəlki ayəsinin – Təbərinin məşhur təfsirində, Qurtubinin və digər alimlərin də öz təfsirlərində dediklərinə əsasən – Mədinədə (Təbəri təfsiri, 20-ci cüz, səh. 86; "Qurtubi" təfsiri, 13-cü cüz , səh. 323) nazil olduğu məlum olur. Eyni zamanda, Məkki surəsi kimi tanınan "Kəhf" surəsinin ilk yeddi ayəsi də Qurtubi və Süyutinin təfsirlərinə əsasən, Mədinədə nazil olmuşdur və s. digər hallar da mövcuddur. (Daha artıq məlumat əldə etmək üçün "Qədir" kitabının 1-ci cildi və səh. 256-257-yə müraciət edin)
Beləliklə, "Mücadilə" surəsinə bənzər surələr də ayələri Məkki olduğu halda, məşhur nəzərə əsasən, Mədəni hesab edilmişdir, lakin bəzi təfsirçilər onun ilk on ayəsinin Məkkədə nazil olduğunu demişlər. (Fəxri Razinin təfsirinə haşiyə olaraq yazılan "Əbus-Səud" təfsiri, 8-ci cüz, səh. 148 və "Siracul-munir", c.4, səh. 310) Xülasə, Quran və təfsirlərdə Məkki və ya Mədəni ünvanında qeyd edilən çoxlu sayda surələr var ki, həqiqətdə, onların ayələrinin bir qısmi digər yerdə nazil olmuşdur. Nəticədə, "Məaric" surəsinin də həmin surələrdən olmasında heç bir maneə yoxdur.
İkinci irad – “Qədir” hədisində Haris ibn Nemanın “Əbtəh”də Peyğəmbərin (s) xidmətinə yetişdiyi qeyd edilmişdir. Biz bilirik ki, Əbtəh Məkkədə olan dərələrdən birinin adıdır. Nəticədə, Məkkə və Mədinə arasında və “Qədir” hədisindən sonra nazil olan ayənin onunla heç bir uyğunluğu yoxdur.
Birinci cavab: "Əbtəh" ifadəsi bütün rəvayətlərdə deyil, bəzi rəvayətlərdə mövcuddur. İkincisi, Əbtəh və Bətha yarılmış olan (kanal kimi) yerə deyilir ki, oradan sel axır, həmçinin, Mədinə və digər məntəqələrdə Əbtəh və Bətha adlanan bir çox belə yerlər vardır. Maraqlı və diqqəti cəlb edən məsələ ərəb şeirlərində və rəvayətlərdə bu sözlərin təkrar-təkrar işlənməsi və ona işarə edilməsidir. O cümlədən, Şahabuddin (“Heys və Beys” ləqəbi ilə də tanınır) (Şairin adı Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi Təmimi, ləqəbi Şəhabuddindir və Heys və Beys kimi tanınmışdır. O, şafei fəqihlərindəndir və bir çox elmləri bilirdi, lakin ədəbiyyat və şeirdə daha mahir idi. Onun nə üçün Heys və Beys kimi tanınması barədə yazırlar: "O, bir gün camaatı çətinlik və sıxıntıda olduğunu görərək مـا لِلنّـاسِ فِي حَيْص وَبَيْص "nə hadisə baş vermişdir ki, siz giriftarçılığa və qaçmağa üz tutmusunuz? "-deyir və elə o zamandan bu cür tanınır. O, 554, 574 və ya 577-ci ildə (hicri-qəməri) vəfat etmiş və Qüreyş qəbirsanlığında dəfn edilmişdir. "(Reyhanətul-ədəb, c.2, səh. 97)) adlı məşhur şair Əhli-beytə (ə) yazdığı mərsiyədə onların qatillərinə xitab olaraq belə deyir:

مَلَكْنا فَكانَ الْعَفْوُ مِنّا سَجِيَّةً *** فَلَمّا مَلَكْتُمْ سـالَ بِالدَّمِ أَبْطَحُ
وَحَلَّلْتُمُ قَتْلَ الاُسارى وَطالَما *** غَدَوْنا عَنِ الاَسْرى نَعْفُوا ونَصْفَحُ

"Biz hökmranlıq etdik (Peyğəmbərin (s) Məkkədəki qələbəsinə işarə) və bağışlamaq (Peyğəmbərin (s) ümumi əfv fərmanı) bizim fitrətimizdə və bizim xüsusiyyətimiz idi. Amma siz qələbə çaldığınızda, qan Əbtəhdən axmağa başladı və siz əsirlərin qətlini halal bildiniz, halbuki, biz əsirləri əfv edirdik. " (Əl-Qədir, c.1, səh. 255)
Aydın məsələdir ki, Peyğəmbər (s) Əhli-beytindən olan böyük şəxsiyyətlər əksərən İraq, Kərbəla və Mədinədə qətlə yetirilmişlər və heç vaxt Məkkənin Əbtəhində qan tökülməmişdir. Əlbəttə, Əhli-bytdən (ə) bəziləri də Məkkədən iki fərsəx fasilədə olan "Fəxx" məntəqəsində şəhadət şərbətini içmişlər, halbuki, Əbtəh Məkkənin kənarında yerləşirdi.
Şairlərdən biri də şəhidlər ağası və sərvəri imam Hüseynin (ə) mərsiyəsində yazır:

وَ تَاِنُّ نَفْسي لَلرُّبُـوعِ وَ قَدْ غَـدا *** بَيْتَ النَّبِيِّ مُقَطَّعُ الاَطْنابِ
بَيْتٌ لاِلِ الْمُصْطَفى فى كَرْبَلا *** ضَرَبُوهُ بَيْنَ أَباطِح وَرَوابي

"Mən Peyğəmbərin (s), həmçinin, onun Əhli-beytinin Kərbəlada Əbtəh və təpələr kənarında qurulmuş evinin viran edilməsi və evinin xarabalıqları təsirindən nalə edirəm. "
Nəticədə, bir çox şeirlərdə işlənmiş "Əbtəh" və ya "Əbateh" sözlərinin təkcə Məkkədə olan xüsusi məntəqələrə aid olmadığı anlaşılır. Ümumiyyətlə, Əbtəh sözünün Məkkədə olan bir məntəqəyə aid olmasına baxmayaraq, onun məfhum, misdaq və nümunəsi təkcə həmin məntəqəyə şamil deyil.

Bu ayənin özündən əvvəl və sonrakı ayələr ilə münasibət və rabitəsi necədir?
Bəzi təfsirçilər bu ayədə gizlənən həqiqətləri görməzdən gəlmək və qəbul etməmək üçün digər üzrlər gətirir və deyirlər: "Ayənin əvvəli və sonu əhli-kitab barəsində olduğuna görə, onun vilayət, imamət və xilafət məsələlərilə heç bir münasibəti yoxdur və bu cür ikilik Quranın bəlağət və fəsahəti ilə düz gəlmir. "
Cavab: Quran ayələrinin necə toplanması və cəm edilməsi ilə tanış olan bütün kəslər onun tədricən və müxtəlif münasibətlərlə nazil olunduğunu bilirlər. Bu səbəbdən, bir sıra ayələr var ki, onun bir qismində hansısa bir döyüş, şəri hökm, münafiqlərdən, digər qismində isə möminlərdən söhbət açılır. Misal üçün, əgər siz "Nur" surəsinə nəzər salsanız, görərsiniz ki, o, "tövhid", "məad" mövzularından tutmuş "zinanın cəzası", "ifk" (böhtan və yalan) və "münafiqlər" məsələsinə qədər müxtəlif və digər mətləbləri əhatə edən hissələrdən ibarətdir (Quranın digər uzun surələri də haradasa, belədir) və bununla yanaşı, surənin hissələri arasında ümumi şəkildə bağlılıq və rabitə mövcuddur. Surələrdəki bu cür dəyişiklik Quranın tədricən və ehtiyac, zərurətlər və hadisələrin müxtəlifliyinə əsasən nazil olması səbəbilədir. Əslində, Quran klassik bir kitab deyil ki, əvvəlcədən müəyyən edilmiş şəkildə vahid bir mövzunu izləsin.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü
Ardı var ...

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!