NƏBƏ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 2

:

“Nəbə” surəsi 40 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا
10. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik.

وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا
11. Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.

Uyğun ayəyə əsasən, gecə yer üzərinə və onda yaşayan bütün varlıqlar üçün libas və örtük mənasındadır. Gecə, həyatın yorucu fəaliyyət və çalışmalarını məcburi şəkildə tətil edir, aramlıq, sakitlik, istirahət səbəbi olan qaranlığı onlara hakim edir. Bunun nəticəsində yorğun ruh və bədənlər istirahət edir, yenidən şad və təravətli olurlar.
Bunlardan əlavə, gecə özünün qaranlıq pərdəsini dünyaya yaymaqla, günəşin şüaları, nuru da çəkilir. Əgər günəş mütəmadi olaraq dünyaya nur saçsa və şüalarını yaysa, bütün bitkilər, heyvanlar yanar və artıq yer üzündə yaşamaq imkansız olar.
Bu səbəbə görə də Qurani-Kərim dəfələrlə bu məsələyə toxunaraq buyurur: “De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!” (“Qəsəs” surəsi, ayə 72)
Gecənin başqa mənəvi faydaları da vardır: Gecə namazı qılmaq, Allah ilə razü-niyaz etmək, ondan bağışlanmaq diləmək və s...
İndi isə gündüzün faydası barədə: Gündüzün özü də İlahi tərəfindən böyük və misilsiz bir nemətdir. İnsanı hərəkətə gətirir, onda çalışmaq hissi yaradır. Bitkilər, heyvanlar günəşin nuru sayəsində inkişaf edir və böyüyür.
Gecə ilə gündüzün bir-birini əvəz etməsi, onlarda olan dəqiq və tədrici dəyişikliklər Allah-taalanın yaradılış aləmindəki nişanələrindəndir. Eyni zamanda, onların bu hərəkətləri insanların yaşayışını tənzimləmək üçün təbii bir təqvim hesab olunur.
Sonrakı ayə səmaların (göylərin) yaranmasına işarə edərək buyurur:

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
12. Sizin başınızın üstündə yeddi (qat) möhkəm və sabit göy qurduq.
“7” rəqəmi burada “çoxluq” “mübaliğə” rəqəmini çatdırır və çoxlu səma qatlarına, planet və qalaktikalara işarə edir. Yaxud yer ətrafında olan çox saylı hava qatları ehtimal olunur. Bu hava qatları zahirdə nazik və zərif olmasına baxmayaraq, o qədər möhkəmdirlər ki, yer kürəsini göydən gələn səma daşlarından, meteroidlərdən qoruyur.

وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا
13. Olduqca parlaq və hərarətli bir çıraq (günəş) yaratdıq.
“Vəhhac” kəlməsinin mənası alovdan yüksələn “nur” və “hərarət”dən ibarətdir. Bu iki xüsusiyyətin günəş üçün qeyd olunması, bütün maddi dünyanın əsasını təşkil edən iki böyük nemətə – nur və istiliyə işarə edir.
Günəşin nuru təkcə insan dünyasını, yer kürəsini və günəş mənzuməsini işıqlandırmır, əksinə bütün canlı varlıqların inkişafında böyük rol oynayır. Onun istiliyi insan, bitki və heyvanların həyatında birbaşa təsirlər qoyur. Bunlardan əlavə, buludların yaranmasının, küləyin əsməsinin, yağışın yağmasının əsasını təşkil edir.
Günəş ultra bənövşəyi şüaları nəticəsində yer üzündəki mikrobları məhv edir. Əgər bu şüalar olmasaydı, müxtəlif xəstəliklər yaranardı, yer kürəsi böyük bir xəstəxanaya çevrilər və qısa bir müddət ərzində yer üzündə canlı varlıqların kökü kəsilərdi.
Günəş öz sağlam, havayı, daimi və uyğun fasilədən (həddindən artıq yandırıcı və soyuq olmadan) nurunu bizim ixtiyarımızda qoymuşdur.
Əgər günəşdən alınan enerjinin qiymətini digər enerji mənbələrinin qiyməti ilə müqayisə etsək, çox böyük bir rəqəm fərqi yaranar.
“Ulduzlar dünyası” kitabının müəllifi Anne Terry White yazır: “Əgər qərar olsaydı, günəşdən alınan havayı istilik və nur üçün pul ödənilsin, yer üzünün insanları hər saat üçün 1.750.000.000 dollar pul ödəməli olardı. (indi siz müqayisə edin, 1gun, 1 ay və 1 il, nə qədər olardı.)
Günəş yer kürəsindən 1.300.000 (və ya 437.437) dəfə böyükdür. Onun yer ilə məsafəsi 150.000.000 km-dir. Günəşin zahiri səthinin hərarəti 6.000, daxili hərarəti isə 20 milyon dərəcə ehtimal olunur.
Növbəti ayədə Allah-taala digər bir nemətinə işarə edərək buyurur:

وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا
14. (Küləklərin sıxdıqı, təzyiq göstərdiyi) topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
Bu ayədə, günəş nuru və hərarəti qədər əhəmiyyəti olan buludlar və yağışdan söhbət açılır.

Yağışın önəmli faydalarına toxunaraq buyurur:

لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا
15. Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.

وَجَنَّاتٍ أَلْفَافًا
16. (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
Son iki ayə insanın istifadə etdiyi qida maddələrinin, həmçinin heyvanların yediyi otların yerdən bitdiyinə işarə edir. Çünki bu qidaların bir hissəsini dənlər, digər bir hissəsini bitki və göyərtilər, başqa bir hissəsini isə meyvələr təşkil edir.
Doğrudur, son iki ayədə yağışın üç faydası haqqında söhbət açıldı, şübhəsiz onun faydaları daha çoxdur. Yağışın yağması xeyir-bərəkətlərlə doludur. O cümlədən;
a) Havanı sərinləşdirir.
b) Natəmizlikləri yuyub aparır.
c) Xəstəlik səbəblərini azaldır.
d) İnsanlara xoş əhval-ruhiyyə bəxş edir.
f) İnsanın bədəninin 70%-ni su təşkil edir.
Quranın açıq-aşkar bildirdiyinə görə bütün canlı varlıqların yaranması və yaşaması suya bağlıdır. Belə ki, “Ənbiya” surəsi 30-cu ayədə buyurur: ”....Biz hər bir canlı varlığı sudan yaratdıq!
h) Bütün fabrik və zavodlar su olmadan iflic vəziyyətə düşər.
g) Təbiət özünün füsunkar gözəlliyini itirər.
j) Dünya ticarətində yükdaşınmanın böyük hissəsi su yolu ilə həyata keçir.

Sual: Bəhs etdiyimiz ayələrlə “Məad” məsələsinin nə əlaqəsi vardır?

Cavab:
1. Bütün bu nemətlərin xatırlanması, yaradılış aləmində olan bu dəqiq nizam-intizam Allahın qüdrətinə, onun hər şeyə qadir olmasına aydın dəlildir. Belə ki, Quran məadı inkar edənlərin cavabında buyurur: “Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən.” (“Yasin” surəsi, ayə 51)
2. Digər tərəfdən bu əzəmətli yaradılış aləmi, kainat mütləq bir hədəf və məqsəd üzərinə yaradılmışdır. Sadəcə bu maddi dünya həyatı üçün deyildir. Allahın hikməti tələb edir ki, bu yaranış daha böyük hədəflər üçün, yəni əbədi həyat və Cənnət üçün olsun.
3. Yatıb-ayılmaq ölüb dirilməyin bir nümunəsidir.
4. İnsanların gözü önünüdə ölmüş torpaqların yağış vasitəsilə yenidən canlanması, məadı xatırladır. Ölümdən sonrakı həyata işarə edir.

Öncəki ayələrdə “məad”ın haqq olması barədə müxtəlif dəlillərə işarə olundu. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur.

إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا
17. Həqiqətən, ayrılıq günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır.
Bu günün “Ayrılıq günü” adlandırılmasında çox incə məqamlar vardır. O böyük gündə – Qiyamət günündə – olan ayrılıqlar bəyan edilir:
a) Haqq ilə batilin ayrılması,
b) Saleh möminlərlə günahkarların ayrılması,
c) Ata-ananın övladından ayrılması,
d) Qardaşın qardaşdan ayrılması,
f) Yaxşı əməlin pis əməldən ayrılması.

Sonrakı ayədə o böyük günün ən mühüm hadisələrindən biri barədə danışılır:

يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا
18. Sura üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
“Nəfx” sözü üfürmək, “sur” sözü isə şeypur mənasındadır. Bu ifadələr ikinci surun çalınması ilə yeni həyatın başlanmasını bəyan edir.
Quran ayələrindən istifadə olunur ki, Qiyamət öncəsi iki böyük hadisə – “Sura üfürülmə” baş verəcəkdir. Birinci hadisədə, yəni Sura birinci dəfə üfürüləndə dünya quruluşu bir-birinə dəyəcək, yer üzərində və göylərdə olan varlıqların hamısı öləcək. İkinci hadisə zamanı isə (Sura ikinci dəfə üfürüləndə) dünya yenidən qurulacaq. Ölülər diriləcək, qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün dəstə-dəstə qiyamət səhnəsinə gələcəklər.

وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا
19. (O gün) göy açılar (yarılar) və qapılar şəklinə düşər.
Sual: Ayədə qeyd olunan “Qapılar” və “Göyün açılması” ndan məqsəd nədir?
Cavab: Bu barədə söylənilən bir neçə fikri nəzərinizə çatdırırıq:
1. Bir qrup alim və təfsirçi deyir: “Qeyb” aləminin qapıları dünyaya açılacaq, maneələr, pərdələr kənara çəkiləcək. Mələklər aləmi ilə insanlar aləmi bir-birini müşahidə edəcək.
2. Səma qatlarında və planetlərdə o qədər yarıqlar əmələ gələcək ki, sanki qapılara çevriləcək.
3. Bəziləri belə ehtimal edir ki, insan indiki şəraitdə göylərdə, planetlərdə hərəkət edə bilmir (olsada çox az insan). Elə bil göyün qapıları insanların üzünə bağlanıb, amma qiyamətdə insan bu yer kürəsindən azad olacaq, göylər aləminin qapısı onun üzünə açılacaq və o yüksəklərə səfər edəcək.
Başqa sözlə desək, o gündə ilk olaraq göy parçalanacaq, yeni göylər və yer onun yerini alacaq. Necə ki, Allah-taala “İbrahim” surəsi 48-ci ayədə buyurur: “Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!”
Bu zaman səmanın yolları, qapıları insanların üzünə açılacaq, cənnət əhli Cənnətə gedəcək: ”Rəblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!” (“Zümər” surəsi, ayə 73)
Bu zaman mələklər hər biri bir qapıdan daxil olub cənnət əhlinə təbrik deyərlər.
Eyni zamanda da cəhənnəmin qapıları kafirlərin və günahkarların üzünə açılar. Allah-taala “Zümər” surəsi, 71-ci ayədə belə buyurur: “Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.”

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!