NƏBƏ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 3

:

İnsanın dərk qüvvəsinin fövqündə olan qiyamət məsələlərindən biri də dağların vəziyyətidir. Belə ki, uca Yaradan bu barədə buyurur:

وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا
20. Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.

Dağlar o əzəmətli və böyük gündə müxtəlif hallara düşəcək. Qurani-Kərim “Dağların qiyamət günündə vəziyyəti” məsələsinə bir çox ayələrdə işarə edərək buyurur:
1. Və bütün dağlar (toz kimi havada) gəzişəcək. (“Tur” surəsi, ayə 10)
2. Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar. (“Haqqə” surəsi, ayə 14)
3. O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar. (“Müzzəmmil surəsi”, ayə 14)
4. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır. (“Qariə” surəsi, ayə 5)
5. Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. Beləliklə, dağınıq toz halına düşəcəkdir. (“Vaqiə surəsi, ayə 5-6)
Sonunda bəhs edəcəyimiz ayədə isə buyurur: “....və (məhv olar və nəzərlərdə) ilğıma dönər.”

Dağların sonu!
“Və səndən dağların (taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir.» Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır.” (“Taha” surəsi, ayə 105-106)

Sual: Bu hadisələr dünyanın sonunda “Sura 1-ci dəfə üfürüləndə” baş verəcək, yoxsa qiyamətin başlanğıcında “Sura 2-ci dəfə üfürüləndə”?

Cavab: “Sura üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.” ayəsinə əsasən “Sura 2-ci dəfə üfürülmə” hadisəsinə aid olması məqsədə uyğundur. Çünki insanlar Sura 2-ci dəfə üfürüləndə diriləcək və dəstə-dəstə məhşərə gələcəklər.
Mümkündür, dağların ilk dəfə hərəkətə gəlməsi “Sura 1-ci dəfə üfürüləndə”, amma onun sonu, ilğıma çevrilməsi “Sura 2-ci dəfə üfürüləndə” olsun.

Cəhənnəm böyük pusqu yeridir
Məadı sübut edən dəlillər və qiyamətdə baş verəcək hadisələr barədə açıqlamalar verdikdən sonra Allah-taala Cəhənnəm və Cənnət əhlinin aqibəti və taleyi haqqında danışır. İlk olaraq cəhənnəm əhli haqda buyurur:

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا
21. Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur.
Mirsad” (مِرْصَادًا) sözü pusqu qurulan yerə deyilir.

Sual: Cəhənnəmdə üsyankarlar, günahkarlar üçün kim pusquda duracaq?
Cavab: Onlar üçün “Əzab mələkləri” pusquda duracaqdır. Çünki “Məryəm” surəsi 71-ci ayədə belə buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür.”
Mələklər «Sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar.
Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır.

لِلطَّاغِينَ مَآبًا
22. Üsyankarlar üçün dönüş yeridir.
Məab” (مَآبًا) dönüş yeri mənasındadır.

لَابِثِينَ فِيهَا أَحْقَابًا
23. Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
“Əhqab” (أَحْقَابًا) “hoqb” sözünün cəm formasıdır. Qeyri-müəyyən bir zaman mənasında işlədilir: məsələn, 40 il, 70 il, 80 il və.s.
Bu ifadədən cəhənnəm əhlinin uzun müddət orada qalacaqı və nəhayət bu əzabın sona çatacağı anlaşılır. Lakin bu məsələ “əbədi əzab” və “cəhənnəmdə daimilik” ayələri ilə ziddiyyət təşkil edir. Bunu necə həll etmək olar?

Cavab: Hər bir ayə özünə məxsus tərzdə təfsir olunmuşdur.
1. Təfsirçilər arasında ən məşhur nəzəriyyə belədir: Burada “Əhqab” sözündən məqsəd ardıcıl olaraq ötüb keçən və sonu olmayan uzun illər və zamanlardır. Belə ki, ötüb keçən hər zamanın və illərin yerinə yenisi gəlir.
2. Digər nəzəriyyə isə belədir: Bir sıra rəvayərlərdən anlaşılır ki, bu ayə əbədi olaraq atəşdə qalan kafirlər haqqında deyil, əksinə sonunda paklaşıb cəhənnəm əzabından xilas olan günahkarlar haqqındadır.

Sonrakı ayələrdə Cəhənnəmin dəhşətli əzabları barədə buyurur:

لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا
24. Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar;

إِلَّا حَمِيمًا وَغَسَّاقًا
25. Qaynar sudan və irindən başqa!
“Həmim” (حَمِيمًا) qaynar su, “Ğəssaq” (غَسَّاقًا) isə yaradan axan çirk və qan mənalarında işlədilir.

Cəhənnəm əhli üçün bu formada cəzaların təyin edilməsi və onlara şiddətli əzabların verilməsi bir dəstə üçün maraqlı görünə bilər, bu səbəbdən də növbəti ayədə buyurulur:

جَزَاءً وِفَاقًا
26. (Dünyadakı əməllərinə) uyğun cəza olaraq.
Niyə də belə olmasın!? Halbuki, onlar məzlumların qəlblərini incitdilər, onlara zülmlər etdilər. Bu əməllərinə görə də belə əzablara, irinli-qanlı sulara layiqdirlər.

Daha sonra bu cür cəzalandırmanın səbəblərinə toxunaraq Allah-taala buyurur:

إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا
27. Həqiqətən, onlar haqq-hesab çəkiləcəyinə heç bir ümid bəsləmirdilər. (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular).
Onların qiyamət və haqq-hesab gününə etinasızlığı və ona əhəmiyyət verməməsi daha çox tüğyan edərək digər insanlara zülm etmələrinə səbəb olmuş və nəticədə, onlar üçün belə ağır cəzaların hazırlanmasına gətirib çıxarmışdır. Həqiqətən, qiyamət günündən qafil olmaq, itaətsizlik və tüğyan amili və onun aqibəti də belə cəzaların verilməsi ilə nəticələnməkdir.
Diqqət yetirmək lazımdır ki, ayədə işlədilən “la yərcunə” sözü “rəca” kökündəndir və “ümid” mənasını verir. Əgər insan haqq-hesabın olacağına ümid etsə, o, pis əməlləri yerinə yetirməkdən qorxub çəkinər və əks təqdirdə, nədənsə qorxub-çəkinməkdən söhbət gedə bilməz. Cəhənnəm əhli qiyamətə ümid etmədiyindən, onlarda qorxu məsələsi yoxdur və dünyada hər bir günaha mürtəkib olmuşlar.
“İnnə” sözü təkidi bildirir və “kanu” sözü də keçmiş davam edici zamanı ifadə edir. “Hisaba” sözü nəkərə (qeyri-müəyyən) halda və inkar formasında işləndiyindən, onun ümumiliyi ifadə etdiyi məlum olur. Yəni onlar ümumilikdə haqq-hesab gününün olacağını unutmuş və ona ümid etmirdilər.
Nəticədə, onlar qiyamət gününü unutduqları üçün heç bir günahdan çəkinməmiş və belə bir aqibət və cəzaya düçar olmuşlar.

Sonrakı ayədə Allah dərhal belə buyurur:

وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا
28. (Onlar) bizim ayə və nişanələrimizi israrla təkzib edirdilər.
Nəfsi istəklər onlara o qədər qalib gəlmişdi ki, Allahın əzəmət və hidayət nişanələrini inkar edərək yalan sayırdılar. İstəyirdilər ki, bu yolla öz qeyri-şəri və haram istəklərini əməldə həyata keçirə bilsinlər.
Ayədə işlədilən “nişanələr” ifadəsi geniş mənadadır və aləmi əhatə edən bütün təkvini, təşrii nişanələrə, möcüzələr, peyğəmbərlərin sünnə və ənənələrinə də şamildir. Bütün bu nişanələri təkzib edənlərə verilən bu cür cəzalar həqiqətdə onlara layiqdir.

Daha sonra Allah tüğyan edən bu şəxslərə xəbərdarlıq edərək günahlara görə cəzaların nəzərdə tutulduğunu bildirir və belə buyurur:

وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا
29. Biz hər şeyi (bir-bir) sayıb (Lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik).
Yəni ey zalım və günahkarlar, elə güman etməyin ki, pis əməlləriniz cəzasız qalacaq. Eyni zamanda, sizə verilən şiddətli cəzaların ədalətsiz olduğunu da düşünməyin!
İnsanın böyük və kiçik, gizli və aşkar əməllərinin, hətta etiqad və düşüncələrinin belə qeyd edilməsi məsələsi əksər ayələrdə bildirilmişdir.
Məsələn, “Qəmər” surəsinin 52-53-cü ayələrində belə buyurulur: “Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və Lövhi-məhfuzda) qeyd edilmiş, hər bir kiçik və böyük (əməl onda) yazılmışdır.”
“Yunis” surəsinin 21-ci ayəsində buyurulur: “Həqiqətən, bizim elçilərimiz etdiyiniz məkr və hiylələri yazırlar.”
“Yasin” surəsinin 12-ci ayəsində isə Allah-taala buyurur: “Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.”
Əməl dəftərləri günahkarların əlinə verildyi zaman, onlar fəryad edərək deyərlər: “Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!” (“Kəhf” surəsi, ayə 49)
Şübhəsiz, insan belə bir etiqada malik olsa, əksər günahlardan çəkinər və bu, onunla günah arasında maneə amilinə çevrilər.

فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا
30. Odur ki, (əzabı) dadın! Biz sizə əzabdan başqa, əsla bir şey artırmayacağıq!
Otuzuncu ayədə ayənin ifadə tərzi dəyişir və günahkarlara xitab edilir ki, onlar nə qədər fəryad etsələr də, dünyaya qayıdıb əməllərini cübran etməklə bağlı nə qədər xahiş etsələr də onlara heç bir əhəmiyyət verilməyəcək və əzabdan başqa, onlar üçün heç nə artırılmayacaq. Bunun səbəbi onların dünyada haqqa dəvət edən peyğəmbərlərin müqabilində dayanmaları və itaət etməmələri olmuşdur. Onlar peyğəmbərlərə belə deyirdilər: “Nəsihət etsən də, etməsən də, bizim üçün birdir (iman gətirməyəcəyik)!” (“Şuəra” surəsi, ayə 136)
Belə cəzalar, Quran ayələri onlara oxunduğu zaman, onların nifrətinin artmasına səbəb olan kəslər üçün nəzərdə tutulmuşdur: “Həqiqətən, biz bu Quranda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tövhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu,) onlarda nifrət və uzaqlaşmaqdan başqa, bir şey artırmır.” (“İsra” surəsi, ayə 41)
Peyğəmbərdən (s) belə bir hədis nəql edilmişdir: “Bu ayə Quran ayələri arasında cəhənnəm əhli barəsində nazil edilən ən şiddətli ayədir.” (“Kəşşaf” təfsiri,c.4, səh.690; ”Ruhul-bəyan”, c.10, səh.307; “Safi” təfsirində  bəhs edilən ayə barəsində də bu hədis qeyd edilmişdir.) Nə üçün də belə olmasın!? Rəhimli və mehriban olan Allah qəzəbindən onlar barəsində bu cür cümlələr işlədərək bütün ümid qapılarının üzlərinə bağlandığını bildirmişdir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!