İTRƏTİN ANASI XANIM FATİMEYİ ZƏHRA (ƏS)

:

İslam tarixində ən əlamətdar günlərdən birini yəni dünya və axirət xanımlarının seyyidəsi, Xanım Zəhranın (əs) mübarək mövlud günlərini yaşayırıq.
Besətin 5-ci ili, cəmadius sani ayının 20-də Allah Təala dünya qadınlarının tacı ilə Yer üzünü şərəfləndirmişdir.
Bu günün mübarəkliyi o mərtəbədədir ki, Allah Təala öz sevimli bəndəsi, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd Mustəfaya (s) əta edəcəyi övlad ilə müjdələmişdir, nəslinin Qiyamətə qədər var olacağını bəyan etmişdir.
Bu günün müqəddəsliyinin nişanlarından biri də budur ki, Qurani Kərimin sahibi onun şərəfinə “Kövsər” surəsini nazil etmişdir:

Bağışlayan və mehriban Allahın adı ilə.
(1) (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Həzrət Fatimeyi – Zəhra (salamullahi – ələyha)-nın gündən–günə artıb çoxalan baqi nəslini əta etdik).
(2) Odur ki, (şükranlıq üçün) Rəbbinə namaz qıl və dəvə qurbanı kəs!.
(3) Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.

Dünyaya göz açmazdan əvvəl, ana bətnindəykən Məkkə qadınlarının üz dönərdiyi, dörd Cənnət xanımlarından biri olan anası Xədiceyi Kubra (əs) ilə danışmış, ona həyan olmuşdur.
Yaradılışdan Qiyamətə qədərki bütün Cənnət xanımlarının zinəti olacaq bu körpənin dünyaya gəlişini qarşılamaq üçün Allah Cənnət xanımlarını Yer üzünə endirmişdir.
Cənnət xanımlarının əhatəsində dünyaya göz açan parlaq ulduz, nəcib bir ailədə tərbiyə almışdır. Rəsuli Əkrəmin (s) sıxıntılı günlərində ana şəfqəti ilə atasının qayğısını çəkmişdir. Əbu Talib dərəsindəki mühasirə zamanı mənəvi və iqtisadi çətinliklərlə üzləşən atasının sirdaşı, təsəllisi olmuşdur. Bəlkə elə səbəblərdən biri də budur ki, əziz Peyğəmbərimiz (s) ona “Ümmü Əbiha" (atasının anası) ləqəbini vermişdir.
Peyğəmbərimiz Muhəmməd (s) mühacir və ənsarın1 qarşısında Fatiməni (əs) "Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti", "dünyanın ən fəzilətli xanımı" və "Cənnətin ən üstün qadını" olduğunu demişdir.
İmam Sadiqdən (əs) nəql olunur ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə və Zəhra.» İsmi həm İlahi ərşdə həm də Cənnətin qapısına yazılan Xanım Zəhranın (əs) adlarının, künyələrinin hər biri o şərəfli zatın bir qabiliyyətindən, kəramətindən nişan verir.
Misal üçün, «Mühəddəsə» mələklərin danışdığı şəxs deməkdir. Bu isbat edir ki şərafətli Xanıma mələklər nazil olub onunla söhbət edər və ona ilahi biliklərdən məlumat verərdilər.
Cənab Peyğəmbərimiz bildirib ki, “Fatimə (əs) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub onunla danışarlar. Allah Fatiməni (əs) seçdi, pakladı və ona üstünlük verdi.” («Biharul-ənvar», 43-cü cild.)

***

XANIM FATİMƏNİ (ƏS) NECƏ TANIYIRIQ?
Saleh bir övlad kimi, xeyirli həyat yoldaşı kimi, mələklərin salam verdiyi, imanı kamil bəndə kimi. Allahın “infaq edin” buyuruğuna əməl edən səxavətli xeyriyyəçi kimi, nümunəvi ana kimi, haqsızlığa göz yummayan hüquq müdafiəçisi kimi, zalımın qarşısında xütbə deyən natiq kimi, ayaqları şişənədək ibadət edən abidə və möminə kimi.
Bizlər onu sevirik, bu sevginin işığında görə bildiyimiz cəhətlərini dərk edirik. Lakin onun mənəvi məqamı ictimai məqamından və ailədəki rolundan daha yüksəkdədir. Biz sıravi insanlar onun mənəvi məqamlarını anlamağa, dərk etməyə qadir deyilik. Bəlkə elə bu səbəbdəndir ki, Fatimeyi Zəhra (əs) anamızın “Mushəf” kitabının aşkara çıxarılması, geniş oxucu kütləsinə təqdim edilməsi məsləhət bilinməyibdir.
Xanımın əslində möhtəşəm bir varlıq, parlaq ilahi bir nur, saleh bəndə olduğunu Yaradanı bilirdi və bir də onun mənəvi məqamını Allahın Rəsulu olan atası və ailəsində olan imamlar bilə bilərdi.

***
Dəyərli islam alimlərimiz zaman-zaman araşdırmalar aparmışlar. Xanımın şəxsiyyətini bir çox cəhətlərdən incələyib insanlara tanıtmağa çalışmışlar. Bu cəhətlərdən birinin üzərində dayanmağa cəhd edək.
Xanım Fatimeyi Zəhra (əs) müəllim kimi
Bildiyimiz kimi Xanım uşaqkən anasını itirib yetim qalmış və atasına bağlanmışdır. Hər vaxt atasının yanında olmuşdur. Atasından öyrəndiklərini də gözəl bir qabiliyyətlə çevrəsindəkilərə öyrətmişdir. Buna xanım Fizzəni parlaq nümunə kimi göstərə bilərik.
Xanım Fizzə kəniz idi ki, Zəhra anamıza xidmət etmək şərəfi ona nəsib olmuşdu. Xanım Zəhra onu kənizi deyil dostu adlandırırdı. Ev işlərini bərabər olaraq belə bölmüşdü: bir gün Xanım ev işlərini görürdü Fizzə oxuyub öyrənirdi. O biri gün isə Fizzə ev işlərinə baxırdı, Xanım Zəhra Quran oxumaqla məşğul olurdu. Fatimeyi-Zəhranın (s.ə) vəfatından sonra Fizzə, həzrət Əlinin (ə) icazəsi ilə, Mədinədən çöldə, həyat yoldaşının qəbiləsi yaşadığı tərəfə getmiş və ömrünün sonuna qədər orada yaşamışdı. Məlum həqiqətə görə, Fizzə həyatının son iyirmi ili ərzində Quran ayələrindən qeyri bir söz danışmamışdı. Bəli, Fatimeyi Zəhra (əs) məktəbinin yetirməsi Fizzənin obrazı canlı bir sənəd olaraq, o Muhəddəsənin (əs) məqamını dərk etməkdə bizə əvəzsiz bir yardımdır.[2]Xanım Zəhranın ictimai işlərdəki fəallığından öyrəniləcək məqamlar var. Müharibələr zamanı atasına köməyə tələsmiş, yaralılara ilkin tibbi yardım göstərilməsini təşkil etmişdir.

***
Əlbəttə, kiçik bir yazı ilə iki dünya xanımlarının rəhbərinin bütün gözəl xüsusiyyətlərini əhatə etmək mümkün deyildir.
Xanım Fatimeyi Zəhranın (əs) təvəllüdü günü müsəlman qadınların bayramı sayılır. Peyğəmbər (s) reyhanəsi olan o xanımın təvəllüdü günü əbəs yerə insanlara məxsusən bütün müsəlman qadınlarına onu nümunə götürərək yaşamağı və axirətdə o Xanımla məşhur olmağı arzu edirlər. Elə bu fürsətdən istifadə edərək biz də siz Uca Allahdan dəyərli oxucularımıza Fatimeyi Zəhranın (əs) şəfaətini nəsib etməsini diləyir o həzrətin həqiqi dacamçılarından olmasını arzu edirik. Analar və xanımlar bayramınız mübarək.

Müəllif: Məlahət Məmmədova, Rizvan.net saytı üçün


1 - Məkkədən Mədinə şəhərinə hicrət edən müsəlmanlara mühacirlər, Mədinə şəhərində Peyğəmbərə (s) və Məkkədən gələn müsəlmanlara dəstək olanlara isə ənsar deyilir.
2 - (Bu hadisə mərhum Şeyx Abbas Qumminin “Beytül-əhzan”, Mühəmməd Baqir Hüseyni Zəfəreyinin “Münazirat dər Quran və itrət” kitablarında və başqa mənbələrdə əks olunmuşdur.)

 

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s), MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!