ƏZADARLIĞIN FƏLSƏFİ TƏHLİLİ - 1

:

Əhli-beyt (ə) məktəbinin qorunması
Dost və düşmənin etirafına əsasən İmam Hüseyn (ə) əza məclisləri insanların oyanışı istiqamətində qeyri-adi və güclü bir amil, həmçinin həzrət Hüseynin (ə) İslamın yaşaması üçün öz ardıcıllarına öyrətdiyi bir yoldur.

Belə məclislərin təşkilinin əhəmiyyəti və məsum imamların (ə) onların yaşadılmasına təkidinin sirri, belə hədislərin yazılıb-yayıldığı dönəmdə şiələrin ciddi şəkildə cəmiyyətdən təcrid olunduğunu mülahizə etdiyimiz zaman məlum olur. Onlar Əməvilər və Abbasilər hakimiyyətinin müxtəlif təzyiqləri altında o qədər çətinlikdə idilər ki, kiçik bir fəaliyyət, siyasi-ictimai hərəkət gücünə malik deyildilər, hətta köklərinin tamamilə kəsilməsinə az qalırdı ki, İmam Hüseyn (ə) əza məclisləri onları xilas etdi və onun sayəsində təşkilatlandılar, həmrəyliyə qovuşdular. Mühüm bir güc olaraq İslam cəmiyyəti səhnəsində üzə çıxıb ölməzliklərini qorudular.
Buna əsasən, hədislərdə əza məclislərinin bərpası Əhli-beyt (ə) məktəbinin dirçəldilməsi kimi tanıtdırılmışdır. İmam Sadiq (ə) belə məclislər barəsində buyurur:
“(Sizin) belə məclislərinizi bəyənirəm. Bu yolla bizim məktəbimizi yaşadın!” .
İslam Respublikasının banisi imam Xomeyni geniş bir çıxışında deyir: Hər birimiz bilməliyik ki, müsəlmanların vəhdətinə səbəb olan amil bu siyasi mərasimlər, məsum imamların (ə), xüsusilə məzlumlar ağası, şəhidlər sərvəri həzrət Əba Əbdillah Hüseynin (ə) əza məclisləridir. Belə ki, o məclislər müsəlman xalqlarının, xüsusilə də on iki imam (ə) şiələrinin mühafizəçisidir ”.
Müsəlman olmayanlar belə, bu həqiqətə etiraf edirlər.
Josef Fransua “İslam və müsəlmanlar” əsərində İslamın ilk dönəmində şiələrin say azlığına, onların hakimiyyətə əlinin çatmamasından dolayı hakimiyyət başçılarının onlara zülm və qəddarlığına, onların qətlinə və mallarının qarət edilməsinə işarə etdiyi sırada maraqlı bir təhlildə yazır:
“Şiə imamlarından biri düşmənlərin zülmündən canlarını qurtarmaq üçün onlara təqiyyə əmrini verir. Həmin əmr şiələrin yavaş-yavaş güclənməsinə səbəb olur. Bu dəfə düşmənlər şiələri öldürmək, mallarını qarət etmək üçün bir bəhanə yolu tapa bilmirlər. Şiələr gizli məclislər təşkil edir, İmam Hüseynin müsibətinə ağlayırdılar. Bu duyğular, qəlbi bağlılıqlar onların qəlbində gücləndi, get-gedə artmağa başladı və bu minvalla şiələr inkişaf etdilər. Bu inkişafın ən böyük amili digərlərini şiə təriqətinə dəvət edən İmam Hüseyn əza məclislərinin bərpasıdır. Əslində, şiələrdən hər biri digər müsəlmanların xəbəri olmadan camaatı öz təriqətinə dəvət edirdi. Bəlkə də, şiələrin özü də (ola bilsin) fəaliyyətlərindəki mövcud faydadan xəbərsizdirlər və sadəcə axirət savabı qazandıqlarını güman edirlər ”.

Ardı var...

Ardını  buradan oxuyun

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.net üçün

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!