AŞURA QİYAMINI FƏRQLƏNDİRƏN ƏN ÜSTÜN XÜSUSİYYƏTLƏR

:

Allahın adı ilə

1. Hədəf və məqsədlərin ilahiliyi 

İmam Hüseyn (ə) qiyamında niyyət və ilahi hədəf ünsürü həddən artıq qabarıqdır. O həzrət (ə) yalnız və yalnız Allahın razılığı və haqq dini dirçəltmək üçün qiyam etmiş, onun qiyamına heç bir dünya və vəzifəpərəstlik amili müdaxilə etməmişdir. Kərbəla tarixinin hər bir hissəsi bu müddəaya şahiddir. Bu səbəbdən, İmam (ə) bu hərəkatda daima özünün ilahi vəzifəsi haqda düşünür və nəticəsini Allaha həvalə edirdi.

2. Allahın nümayəndəsinin zahirdə müsəlman camaat tərəfindən öldürülməsi

Hadisənin digər bir xüsusiyyəti odur ki, bu macərada yalnız mömin və haqqsevər bir insan deyil, əksinə məsum imam, “Kisa” əhlinin beşinci üzvü və Allah Rəsulunun (s) qızı Fatimənin (ə) övladı, özlərini İslam Peyğəmbərinin (s) ümməti hesab edən bir qrup camaatın əli ilə faciəli şəkildə şəhid edilmişdir.
Bu qədər mənəvi məqam və əsil-nəcabətinə baxmayaraq, günün günorta çağında müəyyən şəraitdə imam Hüseynin (ə) öldürülməsi tarixdə unudulacaq sadə bir məsələ deyil. Baxmayaraq ki, hansısa bir mömin və möhtərəm insanın öldürülməsi böyük cinayət sayılır, lakin yer üzərində Allahın höccəti, əsrinin imamı olan və zülümlə mübarizə aparmaq üçün qiyam edən bir şəxsin belə qəddarlıqla öldürülməsi daha böyük bir günahdır və bunun yanından asanlıqla ötmək olmaz.

3. İmamla (ə) birlikdə olan tərəfdarları

“Həqiqətən, mən öz səhabələrimdən daha üstün və yaxşı səhabə və öz əhli-beytimdən də xeyirxah və qohumluq vəzifəsinə daha bağlı olan bir əhli-beyt tanımıram!”1

4. Aşura iştirakçılarının zillətə boyun əyməməsi

"Heyhat minnaz-zillət – Zillət bizdən uzaqdır!"2 kimi şüarlar, eyni zamanda, "Vallahi la ətikum biyədi itaəz-zəlili və əfirru fərarəl-əbidi – Allaha and olsun, nə sizə zillət əli uzadar, nə də qullar kimi sizdən qaçaram!"3 kimi yadigar qalan sözlər həmişəlik olaraq tarixin səhifələrində və yüksəkliklərində parlayır.

5. Müxtəlif cəhətlərdən məzlumluq

İmam Hüseyn (ə) və onun tərəfdarlarının məzlumluğu birtərəfli deyildi, əksinə Kərbəla hadisəsində müxtəlif cəhətli məzlumluq nəzərə çarpmaqdadır:
İmam Hüseyni (ə) dəvət edib sonra vəfasızlıq etmək, qonağı öldürmək, onu, tərəfdarlarını, ailəsini susuz qoymaq, 72 nəfərin qarşısına otuz min nəfərlik təchiz olunmuş bir ordu çıxarmaq, südəmər körpəni qətlə yetirmək, qadın və uşaqlara hücum etmək, xeymələri odlamaq, şəhidlərin bədənləri üzərində at çapdırmaq, başlarını kəsib nizələrə taxmaq, cəsədlərinin dəfninə mane olmaq, Peyğəmbər (s) ailəsinin qadın və uşaqlarını əsir götürmək, onları müxtəlif şəhərlərdə əli-qolu bağlı gəzdirmək və bir sıra digər zülmə məruz qalmalar.

6. Təsir gücü

Bu böyük qəhrəmanlıq hadisəsinin digər üstünlüklərindən biri müsəlmanların, hətta tarix boyu dünyanın azadlıqsevər insanlarının ümumi düşüncəsində təsir gücünə malik olmasıdır.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu-Rizvan.az

1 "Təbəri tarixi", c. 4, səh. 317 və "Biharul-ənvar", c. 44, səh. 392.
2 Təbərsi, "İhticac", c. 2, səh. 90.
3 Müfid, "İrşad", səh. 450.

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!