ÖZÜ GETSƏ DƏ...

:

الامام الحسن العسکری علیه السلام

خَصلَتانِ لَيسَ فَوقَهُما شَيءٌ: اَلْإيمانُ بِاللَّهِ ونَفعُ الإخوانِ

بحارالأنوار، ج 78، ص 374

İmam Əskəri (ə) buyurub:
" İki xislət vardır ki, onlardan böyük heç nə yoxdur: Allaha iman və (dindar) qardaşlara xeyir vermək". 1

Hicrətin 260-cı ili Rəbiul-əvvəl ayının 8-ci günü. Samira şəhəri üçün ağrılı və acılı bir gün, bazarlar tətil oldu, zalım rejimin qorxusundan səslərini çıxara bilməyənlər həmin gün İmama(ə) olan məhəbbətlərini gizlədə bilməyib ayaqyalın tələsik İmamın(ə) evinə qaçdılar.
Abbasi hökümətinin xoşagəlməz vəziyyət yaratmasına baxmayaraq, İmam Həsən Əskəri (ə) elm süfrəsini xalqın üzünə aça bilmişdi və o qədər təzyiqlərə baxmayaraq Həzrət (ə) elə şagirdlər yetişdirmişdir ki, onların hər biri öz növbəsində İslam maarifinin yayılması və düşmənlər tərəfindən yayılan şübhələrə cavab verməkdə əsaslı təsir göstərirdilər.

O, GETDİ, AMMA SABAHLARI VƏD OLUNMUŞ MEHDİYƏ (ƏC) TAPŞIRDI
Abbasi xəlifəsinin Samira şəhərində İmam Həsən Əskərini (ə) məcburi şəkildə saxladığı məntəqə Əskəri məntəqəsi adlanırdı. İmam Həsən Əskəri (ə) kamil səbr və mehribanlıq nümunəsi idi. O, elə bir sabahlara ürəyini tapşırmışdır ki, həmin sabahlarda vəd olunmuş Mehdi (əc) dinin həqiqətini fəryad edər. Özü getsə də, dünyanı enişləri və yoxuşları, sevinc və kədərləri ilə birlikdə ona tapşırdı. Həmçinin Samirada olan kiçik evinin qapı divarından başqa kimsənin bilmədiyi dərdlərini orada qoyub getdi.

İBRƏTAMİZ HADİSƏ “ZİNDANDA İBADƏT VƏ QARDAŞININ AZADLIĞI”
Abbasi xəlifələrini kimi Mötəmid Abbasi də hər gün Zəhra (s) balaları olan seyidləri müxtəlif işkəncələr ilə əzab verərdi. Günlərin birində əmr elədi ki, İmam Həsən Əskərini (ə) qardaşı Cəfər ilə tutub zindana salsınlar.
İmam (ə) zindana daxil olanda Mötəmid Abbasi həmişə onu soruşar, halını xəbər alardı və zindanda nə etdiyini soruşardı. Hər dəfə cavabında eşidərdi ki, o Həzrət (ə) gündüzləri oruc tutar, gecələri ibadətlə məşğuldur. Elə ki, bu minval ilə bir neçə gün keçdi, Mötəmid öz vəzirini əmr etdi ki, zindana gedib onun salamını İmam Həsən Əskəriyə (ə) çatdırandan sonra onu azad edərək evinə yola salsın. Vəzir deyir ki, zindanın qapısına çatanda  sanki bir nəfəri gözləyən bir uzunqulaq gördüm. Zindana daxil olduqda gördüm ki, Həzrət (ə)  bir xəbər gözləyən adam kimi libasını geyinib, sanki bilirdi mən onu azad etmək üçün gəlmişəm. Xəlifənin sözünü ona çatdıranda dərhal tərpənib ulağın yanına getdi, amma hərəkət etməyib öz yerində durdu. Qabağa gəlib ərz etdim ki, nə üçün getmirsiniz? Buyurdu: "Qardaşım Cəfəri gözləyirəm". 
Dedim:" Mən yalnız sizi azad etməyə məmur tutulmuşam və Cəfəri azad edə bilmərəm. O, hələlik zindanda qalmalıdır". 
Həzrət buyurdu:" Xəlifənin yanına get və ona de: biz hər ikimiz birlikdə mənzildən gəlmişik və birlikdə qayıtmasaq problem yaranacaq" .
Bundan sonra vəzir Mötəmidin yanına gedib Həzrətin (ə) sözünü xəlifəyə çatdırdı və Mötəmid də Cəfərin azad olma əmrini verdi. Bundan sonra vəzir İmamın (ə) yanına qayıdıb Mötəmidin Cəfəri azad etmə hökmünü ona çatdırdı, Həzrət (ə) qardaşı ilə birlikdə evlərinə getdi.2

Əziz və dəyərli izləyicilərimiz! Rizvan.net saytı sahibimiz və mövlamız olan İmam Zamanın (əc) əziz atası Həzrət İmam Həsən Əskərinin (ə) şəhadəti münasibəti ilə öndə əza səhibi olan İmam Zamanın (əc) özünə və naibi Həzrət Ayətullah Xameneiyə, sonra siz əziz möminlərə başsağlığı verir uca Allahdan hamınıza səbir diləyirik. Allah əzadarlığınızı qəbul eləsin.

_____________________________

1. Biharul Ənvar, c78, s374

2. Uyunil Mucizat, s139. Hilyətil Əbrar, c5, s90.

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN ƏSKƏRİ (ə), İSLAMIN ƏSASLARI, MƏQALƏLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!