İMAMINI TANI (II hissə)

:

İMAM ZAMAN(əc)IN MÖCÜZƏLƏRİ
İmamın (əс) möcüzələri çoxdur. Biz burada onlardan ikisini qısaca nəql edirik:

1. Şeyx Tusi Abbasi xəlifəsi Mötəzidin məmurlarından olan Rəşiqdən bu hadisəni belə nəql etmişdir: “Bir gün Abbasi xəlifəsi Mötəzid məni çağırıb “Eşitdiyimə görə Həsən Əskərinin evində bir uşaq vardır?” – dedi və məmurlardan iki nəfəri mənə qoşub belə əmr etdi: “Tezliklə Samirraya, imam Həsən Əskərinin evinə gedib həmin uşağı öldürün və başını mənə gətirin!” Biz sürətlə gəlib İmamın evinin qapısına çatdıq. Qapıda bir nökər oturmuşdu. Ona əhəmiyyət verməyib evə girdik. Çox gözəl bir ev idi. Evin bir küncündə pərdə asılmışdı. Pərdəni qaldırıb su ilə dolu böyük bir otaq gördük. Suyun üstündə bir xalça var idi, xalçanın üstündə də bir oğlan uşağı namaz qılırdı. Məmurlardan biri otağa girdi və dərhal suya batdı. Biz onu çətinliklə qurtardıq, amma özündən gedib huşunu itirdi. O biri məmur da otağa girən kimi suya batdı. Onu da çıxartdıq və bihuş oldu. Bir müddətdən sonra ikisi də huşa gəldi. Qorxudan titrəyərək atlarımıza minib xəlifənin sarayına doğru hərəkət etdik. Gecə yarısı oraya çatdıq. Xəlifə yatmayıb bizi gözləyirdi. Əhvalatı olduğu kimi onun üçün danışdıq. O da bizim kimi qorxudan titrəyib ”Heç kim bundan xəbərdar olmasın və bu sirri heç kimə deməyin, yoxsa sizi öldürərəm!” – dedi. Abbasi xəlifəsi Mötəzid nə qədər ki, sağ idi bu macəranı bir kəsə danışmadım.”
2. Əli ibn Sinanın qeyd etdiyinə görə, Qum əhlisindən bir qrup imam Həsən Əskərinin (ə) xidmətinə yetişmək üçün bir miqdar pul ilə birlikdə Samirraya doğru yola düşmüşdü. Ora yetişəndə Həzrətin şəhid olduğunu eşitdilər. Nə edəcəklərini bilmirdilər. Nəhayət onları imam Həsən Əskərinin (ə) qardaşı Cəfərin yanına göndərdilər. Onlar Samirraya gəlmələrinin səbəbini Cəfər üçün danışdı. Cəfər də onlara “Pulu mənə verin, onun xəlifəsi mənəm!” – dedi. Amma onlar “İmamın yanımızdakı pulların miqdarını və hər bir kisənin kimin olduğunu bilməsi lazımdır. Əvvələr də biz belə edərdik” – dedi. Cəfər hirslənib belə dedi: “Qardaşım da bunları bilmirdi. Siz yalan deyirsiniz. Bu qeybi bir məsələdir. Allahdan başqa heç kim qeybdən xəbər verə bilməz!” Amma onlar sözlərindən dönmədi. Nəhayət Cəfər onlardan xəlifəyə şikayət etdi. Xəlifə də onlara əmr etdi ki, pulu Cəfərə versinlər. Amma onlar “Bu pul bizim yanımızda əmanətdir. İmamın xəlifəsi varsa, pulu ona verməliyik yoxsa sahiblərinə qaytarmaqdan başqa heç bir çarəmiz yoxdur!” – dedi. Xəlifə onların sözünü təsdiq edib onları sərbəst buraxdı.
Onlar Quma qayıtmaq istədikləri vaxt bir cavan oğlan yaxınlaşıb “İmam sizi çağırır!” – dedi. Hamısı sevinib onunla birlikdə imam Həsən Əskərinin (ə) evinə getdi. Orada üzündə imamlıq nişanəsi aşkar olan gənc imam Məhdini (əс) gördülər.
Onlar Cəfərə dedikləri sözü imam Zamana da söylədikdə, Həzrət (əс) gülərək onlara belə buyurdu: “Oturun, sizə bu kisələrin sahibinin kimlər olduğunu söyləyim!” Sonra pul kisələrinin sahiblərini və içində nə qədər pul olduğunu bir-bir bəyan etdi. Onlar axtardıqları şəxsi tapdıqlarına görə sevinib kisələri Həzrətə verib məsələlərini soruşdu. Həzrət (ə) məsələlərin hamısını cavabını verdi, sonra isə əmr etdi ki, bundan sonra oraya pul gətirməyib, Bağdadda təyin etdiyi vəkilinə aparsınlar. Sualları olduqda da həmin vəkilə müraciət edib onun vasitəsilə cavabları öyrənsinlər. Onlar İmamla xudahafizləşib evdən çıxdıvə Allaha bu nemətinə görə şükür etdi.

İMAM ZAMAN(əc)LA GÖRÜŞƏNLƏR
Böyük qeyb dövründə imam Zaman (əс) özünü kimsəyə göstərmədiyi və xalqın o həzrətlə görüşməkdən məhrum olduğu bir halda, bir sıra aşiq və pak ürəkli adamlar bəzən İmamı görüb onunla danışmışlar. O cümlədən:
1. Şəmsəddin ibn İsmayıl Herqeli atası haqqında belə deyir:
“Atamın budunda bir yara izi var idi. Bir gün atam həmin yara barədə belə dedi: “Cavanlığımda budum yaralanmışdı və mənə çox əziyyət edirdi. Bir gün Hillə şəhərində dostum Seyid Rəziyəddin Tavusun yanına getdim. O, budumun irinləmiş yarasını müalicə etmək üçün həkimləri çağırdı. Onlar belə nəzər verdi ki, əgər budum üzərində cərrahiyyə əməliyyatı aparılsa, damar kəsilər və ölərəm.
O biri il isə Seyid məni Bağdada apardı. Bağdadın həkimləri də Hillə həkimlərinin sözünü təkrar etdi. Bir gün ümidsiz bir halda Samirraya İmamları (ə) ziyarət etmək üçün getdim. Gecəni orada qaldım və imam Zamanı köməyə çağırdım. Səhər çağı Dəclə sahilinə gedib paltarımı yudum və qüsl etdim ki, yenidən ziyarətə qayıdım. Yolda dəvəyə minmiş iki nəfərlə qarşılaşdım. Onların çöldə yaşayan ərəblər olduğunu güman etdim. Onlar sənə salam verdi. Onlardan biri mənə “Yaxın gəl!” – dedi. Mən paltarımı təmizlədiyim və çöl ərəblərini pak bilmədiyim üçün yaxın getmədim. Çünki paltarım hələ yaş idi və qorxurdum ki, onların əli paltarıma toxunsa paltarım və bədənim yenidən murdar olsun. Elə bu fikirdə idim ki, birdən onlardan biri məni özünə tərəf çəkərək əlini yaramın üstünə qoyub basdı və “Ey İsmayıl, rahat oldun. Artıq ağrı çəkməyəcəksən!” – dedi. Mən təəccüblənib onun mənim adımı haradan bildiyini düşünərkən o, xudahafizləşib getdi. Mən öz-özümə “Bəlkə İmamdır” – deyə düşünüb dalınca getdim və yalvardım ki, dayansın. Birdən qayıdıb “Ey İsmayıl, qayıt get!” – dedi. Mən qulaq asmadım və yenə də onun dalınca getdim. İmamla birlikdə olan kişi dedi: “Ey İsmayıl, İmamın əmrinə tabe olmadığına görə utanmırsan?” Bu vaxt mən yəqin etdim ki, o, bu ümmətin başçısı və imamıdır. Dayanıb ona baxdım və bir azdan sonra daha onları görmədim.”
Şəmsəddin belə deyirdi: “O gündən sonra atam bir daha İmamı (əc) görmək ümidilə ardıcıl olaraq hər il Samirraya gedirdi. Lakin daha İmamı görmədi və onu görmək həsrəti ilə də dünyadan getdi.”
2. Seyid Məhəmməd Cəbəlamili dostlarından biri üçün etdiyi səfər haqqında belə demişdir: “Məşhədə getmişdim. Kifayət qədər pulum olmadığı üçün çox çətinliklə dolanırdım. Bir gün karvanın hərəkət etməyə hazırlaşdığını eşitdim. Mənim qarnımı doyurmaq üçün bir tikə çörəyim belə yox idi. Ona görə İmamın hərəminə gedib ağladım. Sonra özümü karvana çatdırmaq qərarına gəldim. Çünki əgər qalsaydım, qışın soyuğunda ölərdim. Ac-acına yola düşdüm və qızmar, susuz bir biyabana çatdım. Susuzluqdan hərəkət etməyə qadir deyildim. Yemək üçün ot-ələf də tapılmırdı. Hava qaraldıqdan sonra yırtıcı heyvanların nərəsi məni dəhşətə gətirmişdi. Mən ağlayıb özümü ölümə hazırladım. Çox keçməmişdi ki, ay çıxdı və heyvanlar susdu. Bu zaman bir yüksəklik görüb ona tərəf getdim və orada bir bulaq gördüm. Çox sevindim, dəstəmaz alıb namaz qıldım. Aclıqdan daha hərəkət edə bilmirdim. Orada yatıb ölümə təslim oldum. Birdən mənə tərəf gələn bir atlını gördüm. Öz-özümə “Oğrudur, amma heç bir şeyim olmadığına görə qəzəbindən məni ölrürəcək!” – deyə düşündüm. Lakin mənim yanıma çatanda salam verdi. Salamını aldım. Bildim ki, oğru deyildir. Sonra mənə “Burada nə edirsən?” – dedi. Çətinliklə cavabını verdim: “Çox acam və yolumu azmışam.” Dedi: “Yanında neçə dənə qovun var, niyə acsan?” Mən hər yeri axtarıb heç bir şey tapa bilmədiyim üçün zarafat etdiyni sandım. Ona dedim: “Məni lağa qoyma. Burax elə burada ölüm!” Dedi: “Zarafat etmirəm. Arxana bax!” Arxama baxdıqda üç dənə qovun gördüm. Dedi: “Onlardan birini ye, ikisini də saxla! Bu yoldan düz get, axşamüstü bir çadıra çatacaqsan. Onlar səni karvana yetirər.” Sonra gözümdən qeyb oldu. Tez özümə gəldim başa düşdüm ki, imam Zaman (əc) imiş. Əmrə uyğun olaraq qovunlardan birini yedim, ikisini də götürüb yola düşdüm. Sabahı gün nahar vaxtı qovunlardan birini də yedim və buyurduğu kimi axşamüstü bir çadıra çatdım. Onlar məni çadırın içinə aparıb doyunca yedirtdikdən sonra karvana yetirdilər.”

İNSAN BU QƏDƏR YAŞAYA BİLƏRMİ?
Fiziolgiya elminə görə insanın bədəni milyardlarla hüceyrədən ibarədir. Zaman getdikcə qocalmış hüceyrələr ölür, nəticədə isə cavan hüceyrələr onların yerini tutur. Beləliklə həyat və yaşayış davam edir.
İnsanı qocaldan, hüceyrələrin fəaliyyətini dayandıran və insanı ölümə tərəf sövq etdirən amil, müxtəlif yollarla insanın bədəninə daxil olan və hüceyrələrə hücum edərək onları məhv edən mikroblardır.
Tibb elmi sübut etmişdir ki, öz cismi vəziyyətini, zərərli qida və maddələri öyrənən, eləcə də səhiyyə, gigiyena qaydalarına riayət edən şəxsin ömrü daha uzun olur və tez qocalmır.
Elə buna görə də alimlər müxtəlif təcrübələrlə bəzi heyvanların ömrünü bir neçə dəfə çoxaltmağa müvəffəq olublar. Beləliklə, insanlar da geniş bilik və səhiyyə qaydalarını riayət etməklə uzun ömürlü ola bilər.
Alimlər bir elmi sirri öyrənmək üçün illər boyu çalışmalıdır. Lakin bütün elmlər Allah tərəfindən əta olunmuş imam Zamanın (əc) bu uzun yolu getməyə ehtiyacı yoxdur və yüz illik yolu bir anda keçib nəticəyə çata bilər.
Buna görə də onun tərəfindən bu mövzuda heç bir çətinlik yoxdur. Onun elmi Allah tərəfindən təmin olduğundan, yüz illərlə cavanlığını qoruyaraq yaşaya bilir.
Digər tərəfdən isə, imam Zamanın ömrünün uzunluğu atəşin İbrahimə soyumasından, Musanın keçə bilməsi üçün Nilin yarılmasından, onun əsasının ilana çevrilməsindən və yüzlərlə bu kimi örnəkdən daha heyrətləndirici deyildir. Bu Allah-taalanın qüdrətinin bariz nümunəsidir.
Bunlardan əlavə Quran və tarix keçmiş peyğəmbərlərin və bir qrup insanların uzun ömrünü açıq-aydın bizə göstərməkdədir. Misal üçün, həzrət Nuh (ə) 950 il, Loğman (ə) 400 il, Buxtun-nəsr 1507 il, Süleyman (ə) 712 il və Hindistan padşahı Firuzray isə 537 il yaşamışdır.
Bütün bunlar onu göstərir ki, insanın uzun ömürlü ola bilməsi elm və biliyə zidd deyildir, əksinə həmişə mümkündür.

İMAM ZAMAN (əc) DÜNYA QÜDRƏTLƏRİNƏ NECƏ QƏLƏBƏ ÇALACAQ?
Üzdəniraq alimlər kütləvi qırğın silahları istehsal etməkdə bir-birilə yarışdıqları dövrdə dünya sülh üzü görməyəcək, ədalətsizlik hökm sürəcək və fövqəlqüdrətlər həmişə müharibə və hərbi müdaxilə yolu ilə öz nüfuz dairələrini daha da genişləndirməyə can atacaqlar. Belə bir şəraitdə insanları ümidsizlik bürüyəcək və təcavüzlə fəsad çoxalacaqdır. Eyni halda müharibə və təcavüzdən uzaq ədalətli bir hökuməti qəbul etməyə zəmin yaranacaq. Bütün millətlər zülmkar və diktator hökumətlərdən təngə gələcək və fəsadla ədalətsizliyin yayılması dünyanı bir partlayış ərəfəsinə aparacaqdır. Eynilə Hicaz ölkəsində beş əsr cahiliyyət və zülmün hökm sürməsindən sonra İslamın parlaq ulduzunun doğmasına zəmin yarandığı və zülm altında yaşayan xalq kütlələri İslamı qəbul etməyə hazır olub Peyğəmbərin tövhid və ədalətə çağırmasını müsbət qarşılayaraq dəstə-dəstə onun dininin qəbul etdikləri şərait kimi bir şərait meydana gələcəkdir.
Əgər dünyada baş verən inqilablara diqqət yetirəcək, başa düşərik ki, inqilab rəhbərlərinin müvəffəqiyyət əldə etmələrinin əsas səbəbi cəmiyyətdə uyğun zəminin yaranmasından ibarət olmuş, zülmkar rəhbərlərin təzyiqi nəticəsində xalq hakimiyyəti inqilabçılara təhvil vermişdir.
Buna görə də Məhdinin (əc) qiyam və inqilabı bir təbii bazaya, yəni cəmiyyətdə mövcud olan əlverişli şəraitə əsasən baş verəcəkdir. Həzrətin inqilabı regional deyil, ümumdünya xarakter danışdığına görə bütün xalqlar bu inqilabı qəbul etməyə hazır olmalıdır. Bu da o vaxt mümkündür ki, Peyğəmbərin buyurduğuna əsasən, zülm, fəsad və qanunsuzluq bütün dünyanı bürüdükdə və hökumətlərin təzyiqi nəticəsində xalq kütlələri yardım əllərini ona tərəf uzadıb səmimi qəlbdən dəvətini qəbul etsinlər.
Belə bir şəraitdə dünyanın fövqəlqüdrətləri, bütün hərbi texnika və təchizatlarına baxmayaraq, onların inqilabının qarşısını almağa qadir olmayacaqdır.
Dünya ruhi bir böhran içərisindədir və fövqəladə bir rəhbərə möhtac olacaqdır. Elə bir rəhbər ki, insan mədəniyyəti və tarixi ilə yaxından tanış olub, yüz illər boyunca bütün tarixi hadisələrin bilavasitə şahidi olub və hiss etmişdir.
Allah tərəfindən verilən vəzifənin hökmünü aldıqdan sonra ədalət və insanlıq fəryadını yayacaq və tarix boyu müxtəlif zülmlərə məruz qalan məzlum xalq kütlələrini ətrafında cəmləşdirərək zalım hökumətləri devirəcəkdir. O, vahid dünya İslam dövlətinin sayəsində qüvvələrindən bir-birinə qarşı istifadə edən xalqların ürəyini birləşdirəcək və onlar da bir-birinin rifah və dincliyi üçün çalışacaqdır. Beləliklə, qorxu və nigarançılıqdan uzaq, nemət və rifahla dolu parlaq bir dünya yaranacaqdır.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!