NƏHC-ül-BƏLAĞƏ - 140-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın camaatın qeybətini etməkdən çəkinmək barədə kəlamlarındandır:1

Layiqlisi budur ki, günahdan uzaq duranlar2 və Allahın günahlardan pərhiz saxlamaq nemətini bəxş etdiyi insanlar günahkarlarla və Allahın, peyğəmbərin əmrlərinə boyun əyməyənlərlə mehriban olsunlar.3 Layiqlisi budur ki, (Allah onlara nemət bəxş etdiyinə və günahlardan uzaq qalmaq uğuru nəsib etdiyinə görə) onlara şükranlıq və təşəkkür hakim kəsilsin (başqalarından danışmağa onlara macal verməsin), günahkarların qeybətini etməyə mane olsun.
(Günahdan uzaq olanlara və günahsızlara başqasının qeybətini etmək yaraşmadığı bir halda) öz qardaşının (dindaşının) qeybətini edib onu törətdiyi günaha görə qınayanın halı necə olar?! (Belə bir günahkar şəxsin özü qeybətə daha layiq olduğu halda) Allahın onun qardaşının etdiyi günahdan daha böyük olan öz günahlarının üstünü örtdüyünü xatırlamırmı?4 Onu törətdiyi günaha görə necə qınaya bilər ki, özü də ona bənzərini etmişdir. Eynilə həmin günahı etməsə də, başqa tərzdə qardaşının günahından daha böyük günah olan Allaha itaətsizlik etmişdir (başqa bir günaha batmışdır). And olsun Allaha, böyük günaha batmamış, yalnız kiçik günahla itaətsizlik göstərmiş olsa belə, camaatda eyb axtarmağı və onlar barədə pis danışmağa olan cürəti (törətmədiyi böyük günahdan) daha böyükdür. (Sonra, İmam əleyhis-salam öyüd-nəsihət olaraq buyurur:)
Ey Allah bəndəsi! Törətdiyi günaha görə heç kimsənin eybini axtarıb, haqqında pis danışmağa tələsmə ki, bəlkə o (batdığı günaha görə tövbə edər) bağışlanar. Öz nəfsində kiçik günahdan arxayın düşüb, rahatlanma (ona həqarət və kiçiklik gözü ilə baxma) ki, bəlkə onun nəticəsində əzaba düçar olarsan. Özündən qeyrisinin eybini və pisliyini bilən sizlərdən hər birisi öz eyblərinə görə (başqalarında eyb axtarıb, tənə vurmaqdan) çəkinməli, başqasının mübtəla olduğu günahdan çəkindiyinə görə şükürlə məşğul olmalıdır. (Bu nemətə görə şükr etmək başqasının eybini deməyə ona macal verməməlidir.)

ومن کلام له عليه السلام 

في النهي عن غيبة الناس 

وَإِنَّمَا يَنْبَغِي لِأَهْلِ الْعِصْمَةِ وَالْمَصْنُوعِ إِلَيْهمْ فِي السَّلاَمَةِ أَنْ يَرْحَمُوا أَهْلَ الذُّنُوبِ وَالْمَعْصِيَةِ، وَيَکُوَنَ الشُّکْرُ هُوَ الْغَالِبَ عَلَيْهِمْ وَالْحَاجِزَ لَهُمْ عَنْهُمْ، فَکَيْفَ بِالْعَائِبِ الَّذِي عَابَ أَخَاهُ وَعَيَّرَهُ بِبَلْوَاهُ! أَمَا ذَکَرَ مَوْضِعَ سَتْرِ اللهِ عَلَيْهِ مَنْ ذُنُوبِهِ مِمَّا هُوَ أَعْظَمُ مِنَ الذَّنْبِ الَّذِي عَابَهُ بِهِ! وَکَيْفَ يَذُمُّهُ بِذَنْبٍ قَدْ رَکِبَ مِثْلَهُ! فَإِنْ لَمْ يَکُنْ رَکِبَ ذلِکَ الذَّنْبَ بَعَيْنِهِ فَقَدْ عَصَي اللهَ فِيَما سِوَاهُ، مِمَّا هُو أَعْظَمُ مِنْهُ. وَايْمُ اللهِ لَئِنْ لَمْ يَکُنْ عَصَاهُ فِي الْکَبِيرِ، وَعَصَاهُ فِي الصَّغِيرِ، لجَََرَأَتُهُ عَلَي عَيْبِ النَّاسِ أَکْبَرُ! يَا عَبْدَ اللهِ، لاَ تَعْجَلْ فِي عَيْبِ أَحَدٍ بِذَنْبِهِ، فَلَعَلَّهُ مَغْفُورٌ لَهُ، وَلاَ تَأْمَنْ عَلَي نَفْسِکَ صَغِيرَ مَعْصِيَةٍ، فَلَعَلَّکَ مُعَذَّبٌ عَلَيْهِ; فَلْيَکْفُفْ مَنْ عَلِمَ مِنْکُمْ عَيْبَ غَيْرِهِ لِمَا يَعْلَمُ مِنْ عَيْبِ نَفْسِهِ، وَلْيَکُنِ الشُّکْرُ شَاغِلاً لَهُ عَلَي مُعَافَاتِهِ مِمَّا ابْتُلِيَ بِهِ غَيْرُهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

141-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Qeybət başqalarının dalınca danışılan doğru sözlərdir. Bu sözlər yalan olarsa, ona böhtan deyilir. Qeybət böyük günahlardandır. Ona görə ki, onun törətdiyi fəsadlar başqa yasaqlanmışlardan daha çoxdur. Çünki onun zərəri ictimai, digər günahların ziyanı isə əksər hallarda sırf fərdi xarekterlidir. Buna görə də İmam əleyhis-salam ondan çəkinmək üçün təkid edir.
2. Günah iş görməyərək ağıl və düşüncə sayəsində nəfsi-əmmarəyə qalib gəldiyinə görə günahın eyiblərini, itaətin faydalarını bilənlər nəzərdə tutulur.
3. Onların qeybətini edib böhtan atmasınlar. Əksinə, onları doğru yola yönəltsinlər.
4. Qeybət edən Allah-təalanın onun günahlarını örtərək rüsvay etmədiyini unudubmu ki, günah törətmiş qardaşını rüsvay edir?

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!