NƏHC-ül-BƏLAĞƏ - 146-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır.

Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir:1Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik.2 Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz.3 Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar və məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq.4 (Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar.5 İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək və sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)

ومن کلام له عليه السلام 

وقد استشاره عمر بن الخطاب في الشخوص لقتال الفرس بنفسه 

إِنَّ هذَا الْأَمْرَ لَمْ يَکُنْ نَصْرُهُ وَلاَ خِذْلاَنُهُ بِکَثْرَةٍ وَلاَ بِقِلَّةٍ، وَهُوَ دِينُ اللهِ الَّذِي أَظْهَرَهُ، وَجُنْدُهُ الَّذِي أَعَدَّهُ وَأَمَدَّهُ، حَتَّي بَلَغَ مَا بَلَغَ، وَطَلَعَ حَيْثُ طَلَعَ، وَنَحْنُ عَلَي مَوْعُودٍ مِنَ اللهِ، وَاللهُ مُنْجِزٌ وَعْدَهُ، وَنَاصِرٌ جُنْدَهُ. وَمَکَانُ الْقَيِّمِ بِالْأَمْرِ مَکَانُ النِّظَامِ مِنَ الْخَرَزِ يَجْمَعُهُ وَيَضُمُّهُ: فَإِنِ انْقَطَعَ النِّظَامُ تَفَرَّقَ وَذَهَبَ، ثُمَّ لَمْ يَجْتَمِعُ بِحَذَافِيرِهِ أَبَداً. وَالْعَرَبُ الْيَومَ وَإِنْ کَانُوا قَلِيلاً، فَهُمْ کَثِيرُونَ بَالْإِسْلاَمِ، عَزِيزُونَ بَالْإِجْتَِماعِ! فَکُنْ قُطْباً، وَاسْتَدِرِ الرَّحَا بِالْعَرَبِ، وَأَصْلِهِمْ دُونَکَ نَارَ الْحَرْبِ، فَإِنَّکَ إِنْ شَخَصْتَ مِنْ هذِهِ الْأَرْضِ انْتَقَضَتْ عَلَيْکَ الْعَرَبُ مِنْ أَطْرَافِهَا وَأَقْطَارِهَا، حَتَّي يَکُونَ مَا تَدَعُ وَرَاءَکَ مِنَ الْعَوْرَاتِ أَهَمَّ إِلَيْکَ مِمَّا بَيْنَ يَدَيْکَ. إِنَّ الْأَعَاجِمَ إِنْ يَنْظُرُوا إِلَيْکَ غَداً يَقُولُوا: هذا أَصْلُ الْعَرَبِ، فَإِذَا اقْتَطَعْتُمُوهُ اسْتَرَحْتُمْ، فَيْکُونُ ذلِکَ أَشَدَّ لِکَلَبِهِمْ عَلَيْکَ، وَطَمَعِهِمْ فِيکَ. فَأَمَّا مَا ذَکَرْتَ مِنْ مَسِيرِ الْقَوْمِ إِلَي قِتَالِ المُسْلِمِينَ، فَإِنَّ اللهَ سُبْحَانَهُ هُوَ أَکْرَهُ لِمَسِيرِهِمْ مِنْکَ، وَهُوَ أَقْدَرُ عَلَي تَغْيِيرِ مَا يَکْرَهُ. وَأَمَّا مَا ذَکَرْتَ مِنْ عَدَدِهِمْ، فَإِنَّا لَمْ نَکُنْ نُقَاتِلُ فِيَما مَضَي بِالْکَثْرَةِ، وَإِنَّمَا کُنَّا نُقَاتِلُ بِالنَّصْرِ وَالْمَعُونَةِ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

147-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Tarixçilər arasında İmam əleyhis-salamın bu sözləri buyurduğu tarix barədə fikir ayrılığı var. Bəziləri bu sözlərin Kufə yaxınlığında, qərbdə, səhra tərəfdə yerləşən Qadisiyyədəki döyüşlə əlaqədar deyildiyini bildirirlər. Bu döyüş hicrətin on dördüncü ilində olmuşdur. Ömər özünün döyüşə getməsi haqda müsəlmanlarla məsləhətləşdikdə İmam əleyhis-salam onu bu işdən çəkindirdi. Sonra Sə’d ibn Əbi Vəqqası qoşuna başçı təyin etdi və o, yeddi min nəfərlik qoşunla döyüş meydanına daxil oldu. İran şahı Yəzdigərd də Rüstəm Fərruxzadı çoxsaylı qoşunla birgə onunla döyüşə göndərdi. Nəhayət, İslam qoşunu qələbə çaldı və Rüstəmi çoxlu əsgərlər ilə birgə qətlə yetirərək zəfər qazandı. Bundan sonra müsəlmanlar və Sə’d Mədainə doğru gedərkən Kəsra eyvanına daxil oldular. Orada olanları qarət etdilər və Yəzdigərd oradan qaçdı. Bəzi tarixçilərə görə isə bu, Həmədan yaxınlığındakı Nəhavənd döyüşü ilə əlaqədar deyilmişdir. Bu döyüşün qısa məzmunu belədir: İran şahı Yəzdigərd İslam ordusuna qarşı döyüşmək üçün Firuzanın sərkərdəliyi altında Nəhavənd şəhərinə çoxlu qoşun topladı. Həmin vaxt Kufənin hakimi olan Əmmar Yasir bunu bildikdə Ömərə məktub yazaraq xəbər çatdırdı. Ömər səhabələri toplayaraq özünün döyüşə getməyi barədə onlarla məsləhətləşdi. Hər kəs öz fikrini, münasibətini bildirdi. Osman dedi ki, Şam, Yəmən, Məkkə, Mədinə, Kufə və Bəsrənin bütün müsəlmanlarına döyüşə hazır olmaları üçün məktub yaz və özün də onlarla birgə hərəkət et. Əmirəl-möminin əleyhis-salam isə buyurdu ki, Mədinədən çıxmağın məsləhət deyil. Çünki bu şəhər məmləkətin mərkəzi və İslamın paytaxtıdır. Şamdan qoşun istəməyin də məsləhət deyil. Çətinliklə ələ keçirilmiş şəhərin qoşunsuz qalması düzgün deyil. Məbada Rum padşahı Herakl bundan xəbər tutsun və pusqudan çıxaraq yenidən oranı tutsun. Ömər dedi: «Ya Əli, bəs göstərişin nədir?» Buyurdu: «Fikrim budur ki, sən Mədinədə qalasan və igid bir insanı İslam ordusuna sərkərdə təyin edərək iranlılarla döyüşə göndərəsən. Əgər məğlub olsalar, sən öz yerində qalaraq ikinci dəfə qoşun toplayıb göndərərəsən. İslam qoşununa rəhbərliyə Nö’man ibn Məqrən layiqdir.» Ömər bu fikri qəbul edərək Bəsrədə olan Nö’mana məktub yazdı və onu İslam qoşununun rəhbəri kimi iranlılarla döyüşə getməyə məmur etdi. Nö’man məktubu oxuduqdan sonra otuz min nəfərdən artıq qoşunla Nəhavəndə yola düşdü. Çox ağır döyüşdən sonra nəhayət, qələbə müsəlmanlara nəsib oldu və onlar bu döyüşü «fəthul-futuh» adlandırdılar. Yəzdigərd isə qaçdı.» Xülasə, buradakı sözlər, Ömərin məsləhətləşdiyi vaxt İmam əleyhis-salamın buyurduğu sözlərdir.
2. Qur’ani-Kərimin Nur surəsinin 55-ci ayəsində buyurulur:وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə Onlardan əvvəl İsrail övladını Misir və Şam torpağında hakim etdiyi kimi onları kafirlərin torpaqlarına və şəhərlərinə hakim edəcəyini vəd vermişdir. Onlar üçün bəyənilmiş və seçilmiş dini möhkəmləndirəcəyini vəd buyurmuşdur. Kafirlərdən olan xof və qorxudan sonra onlara əmin-amanlıq, rahatlıq əta edəcəkdir.
3. Sən əgər Mədinədən çıxsan, fitnə-fəsad baş verəcək və müsəlmanların birliyi pozulacaq. Bundan sonra (o Həzrət) İslam qoşununun azlığına və düşmən qoşununun sayının çox olmasına görə Ömərin narahatlığını aradan götürmək üçün sözlərini davam edir.
4. Qısası, çölə çıxsan ərəblərin fitnə və qarışıqlıq salaraq məmləkətin sabitliyini pozması qorxusu var. Hətta o həddə qədər ki, bu iş üçün tədbir tökməyin əhəmiyyəti sənə kafirlərlə müharibəyə tədbir görməkdən daha artıq olar.
5. Ömərin Həzrətdən soruşduğu suallar arasında «İranlılar müsəlmanların üstünə hücuma keçib onlarla döyüşmək qərarına gəlmişlər. Onların bu qərarı qoşunlarının çoxluğuna, güc və qüdrətlərinə dəlalət edir. Onların döyüşə birinci başlamasını bəyənmirəm.» qənaətində olduğuna görə İmam əleyhis-salam onun cavabı (olaraq sözünü davam edir).

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!