NƏHC-ül-BƏLAĞƏ - 162-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (şə’ni uca olan Allahın bəzi sifətlərinin bəyanı barəsindəki) xütbələrindəndir.

Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan və bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı və əbədiliyinin sonu yoxdur.1 (Buna görə də buyurur:) Həmişə olmuş əvvəl və sonu olmayan əbədi Odur. (Əzəmət və böyüklüyünə görə ibadətə layiq olduğu üçün) alınlar torpağa qoyularaq Ona səcdə edib və qəlblər Onun tovhid və təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahiri və batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv və aləti yoxdur.) Onun barəsində «nə vaxt olub?» deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz.2 (Ağıl qarşısında elə) əyandır ki, «nədən zahir oldu?» demək olmaz. (Gözlərdən elə) məxfidir ki, «nədə gizlənib?» deyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir və yer və məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil.3 Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (ay batan kimi gün çıxanda və günəş batan kimi ayın görünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil.4 O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır.5 (Buna görə də buyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir. Əşyaları əzəli və əbədi əsas, mənşə və nümunələr əsasında yaratmayıb (çünki Onun yaratmasının mənşəyi olmayıb), bəlkə yaratdığını və həddini təyin etdiyini (nümunə və mənşəyi olmadan, sırf istəməklə) yaradıb. Vücuda gətirdiyinə surət və şəkil verdi və onun surətini gözəl və münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hər bir şey itaətkar və tabedir). İtaət və tabeçilikdən Ona bir xeyir və mənfəət nəsib olmur.6 Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.7
Bu da həmin xütbənin (insanın yaradılışının heyranediciliyi və yaradanın əzəmət və böyüklüyü barəsindəki) bir hissəsidir
Ey bərabər yaradılışla (heç bir nöqsan və çatışmazlığı olmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə (bətn, uşaqlıq və ciftin, yəni, insanın dünyaya gələrkən ana bətnindən onunla birlikdə çıxdığı pərdənin qaranlığında) qorunmuş məxluq! Xalis gildən (və torpaq ünsürlərindən təşkil olunmuş insan bədənindən) başlanmısan və məlum ölçüyə (en, uzun, naziklik və qalınlıq aşkar olana) və bölünmüş müddətə (yeddi və ya doqquz ay, yaxud ondan az və ya çox hamiləlik dövrünə) qədər möhkəm yerə (ananın uşaqlığına) qoyulmusan. Ananın qarnında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananın uşaqlığından) görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? (Məgər bütün bunlar yaradanın varlığına və mövcud olmasına bir dəlil deyil ki, sən Onun zatının həqiqət və mahiyyətini araşdırıb dərk etmək istəyirsən? Onun zatının həqiqət və mahiyyətini dərk etmək) necə də uzaqdır! (Çünki) şəkil, surət və əndam sahibinin sifətlərində (onları tanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz və Onu, yaratdıqlarının hədd və sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.8

ومن خطبة له عليه السلام 

الخالق جلّ وعلا 

الْحَمْدُ لله خَالِقِ الْعِبَادِ، وَسَاطِحِ الْمِهَادِ، وَمُسِيلِ الْوِهَادِ، وَمُخْصِبِ النِّجَادِ، لَيْسَ لِأَوَّلِيَّتِهِ ابْتِدَاءٌ، وَلاَ لِأَزَلِيَّتِهِ انْقِضَاءٌ، هُوَ الْأَوَّلُ لَمْ يَزَلْ، وَالْبَاقي بِلا أَجَلٍ. خَرَّتْ لَهُ الْجِبَاهُ، وَوَحَّدَتْهُ الشِّفَاهُ، حَدَّ الْأَشْيَاءَ عِنْدَ خَلْقِهِ لَهَا إبَانَةً لَهُ مِنْ شَبَهِهَا، لاَ تُقَدِّرُهُ الْأَوْهامُ بِالْحُدُودِ وَالحَرَکَاتِ، وَلاَ بِالْجَوَارِحِ وَالْأَدَوَاتِ، لاَ يُقَالُ لَهُ:«مَتَي؟» وَلاَ يُضْرَبُ لَهُ أَمَدٌ «بِحَتَّي»، الظَّاهِرُ لاَ يُقالُ: «مِمَّ؟» وَالْبَاطِنُ لاَ يُقَالُ: «فِيمَ؟»، لاَ شَبَحٌ فَيُتَقَصَّي، وَلاَ مَحْجُوبٌ فَيُحْوَي، لَمْ يَقْرُبْ مِنَ الْأَشْيَاءِ بِالْتِصَاقٍ، وَلَمْ يَبْعُدْ عَنْهَا بِافْتِرَاقٍ، وَلاَ يَخْفَي عَلَيْهِ مِنْ عِبَادِهِ شُخُوصُ لَحْظَةٍ، وَلاَ کُرُورُ لَفْظَةٍ، وَلاَ ازْدِلاَفُ رَبْوَةٍ، وَلاَ انْبِسَاطُ خُطْوَةٍ فِي لَيْل دَاجٍ، وَلاَ غَسَق سَاجٍ، يَتَفَيَّأُ عَلَيْهِ الْقَمَرُ الْمُنِيرُ، وَتَعْقُبُهُ الشَّمْسُ ذَاتُ النُّورِ فِي الْأُفُولِ وَالْکُرُورِ، وَتَقْلِيبِ الْأَزْمِنَةِ وَالدُّهُورِ، مِنْ إِقْبَالِ لَيْلٍ مُقْبِلٍ، وَإِدْبَارِ نَهَارٍ مُدْبِرٍ، قَبْلَ کُلِّ غَايَةٍ وَمُدَّةٍ، وَکُلِّ إِحْصَاءٍ وَعِدَةٍ، تَعَالَي عَمَّا يَنْحَلُهُ الُْمحَدِّدُونَ مِنْ صِفَاتِ الْأَقْدَارِ، وَنِهَايَاتِ الْأَقْطَارِ، وَتَأَثُّلِ الْمَسَاکِنِ، وَتَمَکُّنِ الْأَمَاکِنِ; فَالْحَدُّ لِخَلْقِهِ مَضْرُوبٌ، وَإِلَي غَيْرهِ مَنْسُوبٌ. 

ابتداع المخلوقين 

لَمْ يَخْلُقِ الْأَشْيَاءَ مِنْ أُصُولٍ أَزَلِيَّةٍ، وَلاَ مِنْ أَوَائِلَ أَبَدِيَّةٍ، بَلْ خَلَقَ مَا خَلَقَ فَأَقَامَ حَدَّهُ، وَصَوَّرَ مَا صَوَّرَ فَأَحْسَنَ صُورَتَهُ، لَيْسَ لِشَيْءٍ مِنْهُ امْتِنَاعٌ، وَلاَ لَهُ بِطَاعَةِ شَيْءٍ انْتِفَاعٌ، عِلْمُهُ بِالْأَمْوَاتِ الْمَاضِينَ کَعِلْمِهِ بِالْأَحْيَاءِ الْبَاقِينَ، وَعِلْمُهُ بِمَا فِي السماوَاتِ الْعُلَي کَعِلْمِهِ بِمَا فِي الْأَرَضِينَ السُّفْلَي. منها: أَيُّهَا الْمَخْلُوقُ السَّوِيّ، وَالْمُنْشَأُ الْمَرْعِيُّ، فِي ظُلُمَاتِ الْأَرْحَامِ، وَمُضَاعَفَاتِ الْأَسْتَارِ، بُدِئْتَ (مِنْ سُلاَلَةٍ مِنْ طِينٍ)، وَوُضِعْتَ (فِي قَرَارٍ مَکِينٍ * إِلَي قَدَرٍ مَعْلُومٍ) وَأَجَلٍ مَقْسُومٍ، تَمُورُ فِي بَطْنِ أُمِّکَ جَنِيناً لاَ تُحِيرُ دُعَاءً، وَلاَ تَسْمَعُ نِدَاءً، ثُمَّ أُخْرِجْتَ مِنْ مَقَرِّکَ إِلَي دَارٍ لَمْ تَشْهَدْهَا، وَلَمْ تَعْرِفْ سُبُلَ مَنَافِعِهَا; فَمَنْ هَدَاکَ لِإِجْتِرَارِ الْغِذَاءِ مِنْ ثَدْيِ أُمِّکَ, وَعَرَّفَکَ عِنْدَ الْحَاجَةِ مَوَاضِعَ طَلَبِکَ وَإِرَادَتِکَ! هَيْهَاتَ، إِنَّ مَنْ يَعْجِزُ عَنْ صِفَاتِ ذِي الْهَيْئَةِ وَالْأَدَوَاتِ فَهُوَ عَنْ صِفَاتِ خَالِقِهِ أَعْجَزُ، وَمِنْ تَنَاوُلِهِ بِحُدُودِ الَْمخْلُوقِينَ أَبْعَدُ!

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

163-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki başlanğıc və son mümkün varlığa məxsusdur, yoxluğu qeyri-mümkün və vücudu vacib olan varlığa yox. Çünki yoxluq keçmişinə malik olan şey «hadis», yəni, sonradan yaranmış, meydana çıxmış varlıqdır və belə bir varlıq vücudu vacib olan varlıq ola bilməz.
2. Çünki O, əzəlidir və zamanın yaradanıdır. Buna görə də zaman Onu əhatə etmir. Həmçinin sonu olmayan əbədidir. Əgər belə olmasaydı, hədd ilə məhdudlaşardı və vacib varlıq olmazdı.
3. Çünki yaxınlıq və uzaqlıq mümkün varlığın xüsusiyyətlərindəndir. O isə mümkün varlıq deyil. Buna görə də Onun yaxın olmasının mənası, hər bir şeyi əhatə etməsi və hər şeyin Onunla var olmasıdır. Uzaq olmasının mənası isə Onun zatının həqiqətinin dərk edilməməsidir.
4. Xülasə, gecə ilə gündüz, gizli ilə aşkar və ruzigarın dəyişmə və əvəz olunması Onun elmi müqabilində cüzi və külli olmaq baxımından bərabərdir və Ona heç nə gizli deyil.
5. Çünki ölçü, sonu olmaq, məkan əldə etmək və onda yerləşmək cismin və mümkün varlığın xüsusiyyətlərindəndir.
6. Çünki O, başqasına möhtac deyil. Ona görə ki, möhtac olmaq kamalın naqisliyinə səbəb olur və bu, mümkün varlığın xüsusiyyətlərindəndir.
7 Onun ölü və diri, keçmiş və gələcək, alçaq və hündürə olan elmi birdir. Onun zatı zamanın və zamana aid şeylərin hissələrinə nisbətdə yeksan olduğu üçün zatının eyni olan elmi də həmin cürdür.
8. Yaradılmışların heyranediciliklərini dərk etməyə bir yol tapa bilməyən kəs yaradana necə yol tapa bilər? Halbuki Onun bənzər və oxşarı yoxdur ki, zat və sifətlərinin həqiqəti tanınsın.

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!