NƏHC-ül-BƏLAĞƏ - 26-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir (Nəhrəvana doğru hərəkət etməzdən öncə buyurmuşdur). (Ərəblərin besətdən öncəki hallarını bəyan edir:)
Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Mühəmmədi (səlləllahu əleyhi və alih) göndərdi.

Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çəyirdəyinin unu və kərtənkələ kimi canlılar) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı (öz əllərinizlə yaratdıqlarınıza pərəstiş edirdiniz) və günahlardan çəkinib uzaqlaşmırdınız.1
Bu xütbənin bir hissəsidir. (Həzrət Peyğəmbərin vəfatından sonra başına gələnləri qısa şəkildə bəyan edir: Müxaliflərim mənim haqqım olan xəlifəliyi qəsb etdikdə:)
Beləliklə, (öz işlərimi) fikirləşib gördüm ki, öz əhli-beytimdən (Bəni-Haşimdən) başqa yavərim yoxdur, (onlar da bu qədər əleyhdarlarımla mübarizə apara bilməzdilər. Buna görə də) onların öldürülməsinə razı olmadım. Çöp batmış gözümü yumdum, sümük boğazımı tutsa da uddum, tənəffüs yolunun tutulmasına (qəm və kədərin çoxluğundan) və “Əlqəm” otundan (olduqca acı bir bitkidir) daha acı şeylərə dözdüm.
Bu xütbənin başqa bir hissəsidir. (Əmr ibn Asın Müaviyəyə necə beyət etdiyini bəyan edir və buyurur:)2
Əmr girov və qiymət şərtini (Misirin hakimliyini) qoymayınca Müaviyəyə beyət etmədi. Satıcının (dinini dünyanın qiymətinə satanın) əlinin bərəkəti olmaz və alıcının (Müaviyənin) əhd-peymanı onun rüsvayçılığına səbəb olar. Buna görə də (indi ki, Əmr Müaviyəyə qoşulub), müharibəyə hazırlaşın, onun tədarükünü görün ki, döyüş məşəli alovlanıb, onun işığı ucalıb. Dözümü özünüzə şüar edin (döyüşdə sabit olun, onun ziyanına dözün) ki, düşmənə zəfər çalmağın ən mühüm yolu dözümdür.

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
 و فيها يصف العرب قبل البعثة ثم يصف حاله قبل البيعة له

العرب قبل البعثة
 إِنَّ اللَّهَ بَعَثَ مُحَمَّداً صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ نَذِيراً لِلْعَالَمِينَ، وَ أَمِيناً عَلَى التَّنْزِيلِ، وَ أَنْتُمْ مَعْشَرَ الْعَرَبِ عَلَى شَرِّ دِينٍ، وَ فِي شَرِّ دَارٍ، مُنيخُونَ بَيْنَ حِجَارَةٍ خُشْنٍ، وَ حَيَّاتٍ صُمٍّ تَشْرَبُونَ الْكَدِرَ، وَ تَأْكُلُونَ الجَشِبَ، وَ تَسْفِكُونَ دِمَاءَكُمْ، وَ تَقْطَعُونَ أَرْحَامَكُمْ. الْأَصْنَامُ فِيُكمْ مَنْصُوبَةٌ وَ الْآثَامُ بِكِمْ مَعْصُوبَةٌ
 صفة قبل البيعة له، منها
 فَنَظَرْتُ فَإِذَا لَيْسَ لِي مُعِينٌ إِلاَّ أَهْلُ بَيْتي، فَضَنِنْتُ بِهِم عَنِ الْمَوْتِ، وَ أَغْضَيْتُ عَلَى الْقَذَى، وَ شَرِبْتُ عَلَى الشَّجَى، وَ صَبَرْتُ عَلَى أَخْذِ الْكَظَمِ وَ عَلَى أَمَرَّ مِنْ طَعْمِ الْعَلْقَمِ
 و منها: وَلَمْ يُبَايِعْ حَتَّى شَرَطَ أَنْ يُؤْتِيَهُ عَلَى الْبَيْعَةِ ثَمَناً، فَلا ظَفِرَتْ يَدُ الْبَائِعِ، وَ خَزِيَتْ أَمَانَةُ الْمُبْتاعِ، فَخُذُوا لِلْحَرْبِ أُهْبَتَهَا، وَ أَعِدُّوا لَها عُدَّتَهَا، فَقَدْ شَبَّ لَظَاهَا، وَ عَلا سَنَاهَا، وَاسْتَشْعِرُوا الصَّبْرَ فَإِنَّهُ أَدْعَى إِلَى النَّصْرِ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

27-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Deməli, Həzrət Peyğəmbərin müqəddəs vücudunun səbəbinə o cür pis həyat, əqidə və bütün çətinliklərdən xilas olub, dünya əhli arasında böyüklük və ucalıqla məşhurlaşdınız. İndi isə O böyük şəxsiyyətin canişininə və haqq olan xəlifəsinə düşmən kəsilib itaətsizlik etməniz layiqli işdirmi?.
2. Hadisənin mahiyyəti qısaca olaraq bundan ibarətdir ki, Həzrət (ə) «Cəməl» müharibəsi başa çatdıqdan sonra Kufəyə təşrif gətirdi. Orada Müaviyəyə məktub yazaraq, onu beyət etməyə çağırdı və məktubu Cərir ibn Abdullah Bəcəli ilə göndərdi. Cərir Şam şəhərinə daxil olub məktubu Müaviyəyə verdi. Müaviyə məktubu oxuyandan sonra dərin fikrə getdi. Cavabını qaytarmaq üçün Cəriri məəttəl saxladı, Şam şəhərinin əhalisindən bir dəstəsini çağırtdırıb, Osmanın qanının intiqamının alınması barədə onlarla söhbət etdi. Onlar Müaviyənin fikri ilə razılaşdılar, ona yardıma hazır olduqlarını bildirdilər. Daha sonra qardaşı Utbə ibn Əbu Süfyanla bu barədə məsləhətləşdi. Utbə dedi: «Bu işdə Əmr ibn Ası köməyə çağır. Çünki sən onun fitnəkar, düşüncəli və tədbirli olmasını bilirsən». Sonra Müaviyə Əmr ibn Asa məktub yazaraq onu tərifləyib özünə köməyə və Osmanın qanını almağa dəvət etdi. Əmr məktubunun cavabında yazdı: «Məktubunu oxuyub məqsədini başa düşdüm. İslam dinindən çıxıb azğınlığa düşməyə, sənin ardınca getməyə, o dərəcədə fəzilətli, yüksək məqamlı və şücaətli Əli ibn Əbu Talibin üstünə qılınc çəkməyə hazır deyiləm. Ey Müaviyə, sən Osmanın ölümü ilə Şam şəhərinin hakimliyindən uzaqlaşdırılmısan və onun intiqamını almaq yolu ilə xəlifəliyi ələ keçirmək istəyirsən. Belə hiylələrinlə mənim kimiləri aldada bilməzsən. Sənin yolunda öz dinimdən dönüb canımı qoya bilmərəm». Müaviyə məktubu oxuduqda rüşvətsiz onu razı sala bilməyəcəyini başa düşdü. Bilirdi ki, o, Misirin hakimi olmaq istəyir. Ona Misirin hakimliyinə vəd etdi. Əmr də axirətini dünyasına dəyişərək Müaviyəyə qoşuldu. Buna görə də Həzrət bunları buyurur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!