NƏHC-ül-BƏLAĞƏ - 36-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Nəhrəvan əhlini qorxutmaq üçün buyurduğu) xütbələrindəndir.1

Mən sizi öz Rəbbinizin yanında (mənim əleyhimə çıxmanız və düşmən kəsilməniz üçün) səbəb və höccət olmadan, (bu işdə) aydın dəlilsiz bu çayla dərə-təpəli yerlər arasında öldürülmüş halda səhərə çıxmağınızla çəkindirirəm.

Dünya sizi həlak edir və ilahi qəzavü-qədər sizi tora salır (öz İmamınızın əleyhinə çıxmağınızın öldürülməkdən başqa cəzası yoxdur). Mən sizi (indi peşman olduğunuz) iki hakimin hökm verməsindən çəkindirdim. Siz isə əhdini pozan müxaliflər kimi imtina edərək əleyhimə çıxdınız. (Siffeyn müharibəsində Müaviyənin qoşunu Quranları nizələrinə sancdıqları vaxt dediniz: «Onlar bizi Allahın Kitabına tərəf dəvət edirlər və dəvətlərini qəbul etməyimiz lazımdır». Mən onların, məğlub olduqlarına görə bu hiyləni işlətdiklərini bildiyimdən sözlərinə inanmadım. Siz mənə qarşı çıxıb dediniz ki, əgər dəvətlərini qəbul etməsən səni onlara təslim edəcəyik. Mən razı deyildim, amma çarəsiz idim.) Beləliklə, sizin istək və xahişinizə uyğun hərəkət etdim (döyüşdən əl çəkib Malik Əştəri geri çağırdım. Dünən iki hakimin hökm çıxarmasını vacib bilən, bu gün isə onu küfr sanan) sizlər quşbeyin, səfeh və səbrsiz bir dəstəsiniz (çünki söz və əməllərinizdə möhkəm deyilsiniz, ağılla söz danışıb iş görmürsünüz). Mən sizlərə şər gətirmədim, sizin ziyan görmənizi istəmədim, ey atasızlar.2

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

(في تخويف أهل النهروان)

فَأَنا نَذِيرٌ لَكُمْ أَنْ تُصْبِحُوا صَرْعَى بِأَثْنَاءِ هذَا النَّهْرِ، وَ بِأَهْضَامِ هذَا الْغَائِطِ عَلَى غَيْرِ بَيِّنَةٍ مِنْ رَبِّكُمْ، وَ لاَ سُلْطَانٍ مُبِينٍ مَعَكُمْ: قَدْ طَوَّحَتْ بِكُمُ الدَّارُ، وَ احْتَبَلَكُمُ الْمِقْدَارُ، وَ قَدْ كُنْتُ نَهَيْتُكُمْ عَنْ هذِهِ الْحُكُومَةِ فَأَبَيْتُمْ عَلَيَّ إِباءَ الُْمخَالِفِينَ الْمُنَابِذِينَ، حَتَّى صَرَفْتُ رَأْيِي إِلَى هَوَاكُمْ، وَ أَنْتُمْ مَعَاشِرُ أَخِفَّاءُ الهامِ، سُفَهَاءُ الْأَحْلامِ؛ وَ لَمْ آتِ - لاَأبَالَكُمْ - بُجْراً، وَ لاَ أَرَدْتُ لَكُمْ ضُرًّا.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

37-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

_______________________________________________________________________

1. Nəhrəvan Kufəyə yaxın olan yoldakı çayın kənarında, Hərura səhrası tərəfdə yerləşir. Hərura isə Kufə yaxınlığında bir kəndin adıdır. Xəvaric Əmirəl-möminə qarşı çıxmaq üçün bu səhrada toplaşdıqlarına görə Nəhrəvan Xəvaricini Həruriyyə də adlandırırlar. O Həzrətin Nəhrəvan Xəvaricilə müharibə etməsinin səbəbi budur ki, Siffeyn müharibəsində Müaviyə və tərəfdarlarının vəziyyəti ağırlaşmışdı. Xüsusilə də, «Hərir» gecəsində hər iki qoşundan otuz altı min nəfər öldürüldü. «Hərirul-kəlb»in lüğətdəki mənası “itin ulamağı” olsa da, igidlərin döyüş meydanında üzləşməsi də buna bənzədilir. Xülasə, həmin gecənin səhəri Müaviyə Əmr ibn Asın göstərişi ilə hiyləyə əl ataraq, öz qoşununa əmr etdi ki, beş yüz Quranı nizələrə taxaraq, Həzrətin qoşununun önünə çıxıb desinlər: «ey müsəlmanlar, döyüşlər ərəbin ruzigarına ölüm-itim saldı, bu qədər qarşıdurmalar bizim və sizin qəbilələrinizin bünövrəsini sarsıtdı. Gəlin, Allahın Kitabına qayıdaraq, bizim aramızda hökm etdiyinə razılaşaq, qarşıdurmadan əl çəkək!». Onların bu hiyləsi təsirli oldu. İraq qoşunu bu sözlərdən tərəddüdə düşdü və döyüşdən əlləri soyudu. Onlardan on iki min nəfər üz döndərərək Həzrətə dedi: «Malik Əştəri döyüşdən geri çağır, yoxsa səninlə döyüşərik». O Həzrət çarəsiz qalaraq Maliki geri çağırdı və «Həkəmeyn» məsələsi ortaya çıxdı. Həzrət həddən artıq israr etmələrinə görə onların hakimliyilə razılaşdı. Onlar iki hakimin rəyini və Əmr ibn Asın hiyləsini başa düşdükdən sonra daha çox Həzrətin əleyhinə çıxdılar və dedilər: «Məxluqu Xaliqin işlərində və xəlifəlik məsələlərində hakim təyin etdiyinə görə, indi öz küfrünü və xətanı etiraf etməlisən və tövbə etdikdən sonra biz sənə itaət edib sözlərinə əməl edərik.” Həzrət onlara nəsihət vermək üçün əvvəlcə Abdullah ibn Abbası göndərdi. Ondan sonra özü onlarla söhbət edib şübhələrini aradan götürdü. Bundan sonra səkkiz min nəfəri öz sözlərindən və qərarlarından döndü, dörd min nəfəri isə Həzrətlə döyüşmək niyyətilə Nəhrəvana yola düşdü. Yalnız ətrafa qaçan doqquz nəfərdən başqa onların hamısı o çayın yaxınlığında öldürüldü. Xəvaricin və Nasibilərin əksəriyyəti onların nəslindəndilər. Onların «Xəvaric» adlandırılmasının səbəbi Həzrətdən üz döndərmələri, «Nəvasib» adlandırılmalarının səbəbi isə Əhli-Beyt əleyhis-salam və onların şiələrinə qarşı ədavət və düşmənçilikləridir. Xülasə, Həzrət döyüşdən əvvəl höccətin tamam olması üçün onları qorxudaraq bunları buyurmuşdur.

2.  لا ابا لكم (la əbə ləkum) sözü ərəb dilində danlaq və qarğış məqsədilə işlədilir. Belə ki, onlar atasızlığı insan üçün zillət və rəzillik sayırdılar.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!