NƏHC-ül-BƏLAĞƏ-65-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır.
Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur:

Ey müsəlmanlar, Haqdan qorxmağı özünüzə alt köynəyi qərar verin (xof və qorxunu özünüzə şüar edin), (Döyüşdə) vüqar və sakitliyi özünüzə üst köynəyi qərar verin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) və dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət və döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə və tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth və qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) və qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin.1 Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın.2 Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ və ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu və tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qısadırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın.3 Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) və Allahın Rəsulu səlləllahu əleyhi və alih və səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin və qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab və Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin.4 Bu böyük qaragüruha (Müaviyənin qoşununa) və kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir.5 O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin). Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub.6 Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla və yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın və bu yolda çalışın).7 Siz üstün və yüksəksiniz (siz haq yolundasınız və qələbə, zəfər sizinlədir). Allah sizinlədir və heç vaxt əməllərinizin (mükafatını) naqis və az etməz (sizə dünya və axirətdə nicat verər.)

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام
( في تعليم الحرب و المقاتلة
 و المشهور أنه قاله لاصحابه ليلة الهرير أو أول اللقاء بصفين)
 مَعَاشِرَ الْمُسْلِمِنَ. اسْتَشْعِروا اَلْخشْيَةَ، وَ تَجَلْبَبُوا السَّكِينَةَ وَ عَضُّوا عَلَى النّواجِذِ، فَإِنّهُ أَنْبَى لِلسُّيُوفِ عَنِ الْهامِ. وَ أَكْمِلُوا اللَّأْمَةَ وَ قَلْقِلُوا السُّيُوفَ فِي أَغْمَادِهَا قَبْلَ سَلِّهَا. وَ الْحَظُوا الْخَزْرَ وَ اطْعَنُوا الشَّزْرَ وَ نَافِحُوا بِالظُّبَا، وَ صِلُوا السُّيُوفَ بِالْخُطَا وَ اعْمَلُوا أَنَّكُمْ بِعَيْنِ اللَّهِ، وَ مَعَ ابْنِ عَمِّ رَسُولِ اللَّهِ. فَعَاودُوا الْكَرَّ، وَ اسْتَحْيُوا مِنَ الْفَرِّ فَإِنَّهُ عَارٌ فِي الْأَعْقَابِ، وَ نَارٌ يَوْمَ الْحِسَابِ، وَ طِيبُوا عَنْ أَنْفُسِكُمْ نَفْساً،وَ امْشُوا إلَى الْمَوْتِ مَشْياً سُجُحاً، وَ عَلَيْكُمْ بِهذَا السَّوَادِ الْأَعْظَم، وَ الرَّواقِ الْمُطَنَّب، فَاضْرِبُوا ثَبَجَه، فَإِنَّ الشَّيْطَانَ كامِنٌ في كِسْرِهِ، وَ قَدْ قَدَّمَ لِلْوَثْبَةِ يَداً، وَ أَخَّرَ لِلنُّكُوصِ رِجْلاً. فَصَمْداً صَمْداً! حَتَّى يَنْجَليَ لَكُمْ عَمُودُ الْحَقِّ وَ أَنْتُمُ الْأَعْلَوْنَ، وَ اللَّهُ مَعَكُمْ، وَ لَنْ يَتِرَكُمْ أَعْمَالَكُم

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

66-CI XÜTBƏNİ BURADAN OXUYUN


1. Ehtiyac olduqda çıxarmaq asan olsun deyə və ya döyüş alətinizin səsini düşmənə eşitdirib özünüzü döyüşə hazır göstərin ki, narahat olub, qorxsun və bu da onun məğlubiyyətinə səbəb olsun.
2. Çünki gözünü dikmək qorxu və heyranlıq əlamətidir. Bunun nəticəsində düşmən cürətlənib qələbə çala bilər.
3. Özünüzü ona yaxınlaşdırın. Mərdilk və igidliyin əlaməti uzaqlaşmaq və qılıncın ucunu göstərmək deyil, irəliyə addım atmaqdır. Nəql olunur, müharibələrin birində Həzrətə ərz etdilər ki, sənin qılıncın qısadır. Həzrət buyurdu ki, addımımla uzadaram.
4. Dinə kömək üçün haqq yolda ölməyə sevinin. Çünki müvəqqəti ömrü əbədi həyatla dəyişəcəksiniz. Qurani-Kərimin Ali-İmran surəsinin 169-cu ayəsində buyurulduğu kimi: وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ yəni, «Allah yolunda öldürülənləri ölü sanma. Onlar sağdır və Allahlarının yanında ruzi yeyirlər.»
5. Deyilənə görə, Müaviyə üçün böyük bir çadır düzəltmişdilər və yüz min nəfər onun ətrafına toplaşaraq, ölsələr belə ayrılmayacaqları barədə əhd-peyman bağlamışdılar.
6. Döyüşdə iradəli deyil, narahat və həyəcanlıdır. Qorxsanız, sizə üstün gələcək. İgidlik göstərsəniz, məğlub olaraq qaçacaq.
7. Qurani-Kərimin Muhəmməd surəsinin 35-ci ayəsində   buyurulur: فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ  Yəni, «Ey möminlər, kafirlərlə döyüşdə süstləşib onlardan sülh və barışıq istəməyin. Bu sizin acizlik və gücsüzlüyünüzə səbəb olar.»

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!