NƏHC-ül-BƏLAĞƏ-67-Cİ XÜTBƏ

:

Misir hakimiyyətini (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrə verdiyi (oranın xeyir-şərini, əyri və düzgününü ona tapşırdığı) vaxt imam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü.1

Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim.2 Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As və qoşunu ilə) döyüş meydanını boş qoymazdı.3 Onlara (şücaət və qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum və rəbibim (arvadımın oğlu, yəni oğulluğum) idi.4

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام
( لما قلد محمد بن أبي بكر مصر فمُلِكَتْ عليه و قُتِل)
 وَ قَدْ أَرَدْتُ تَوْلِيَةَ مِصْرَ هَاشِمَ بْنَ عُتْبَةَ؛ وَ لَوْ وَلَّيْتُهُ إِيَّاهَا لَما خَلَّى لَهُمْ الْعَرْصَةَ، وَ لاَ أَنْهَزَهُمُ الْفُرْصَةَ، بِلاذَمِّ لُِمحَمَّدِ ابْنِ أَبي بَكْرٍ، وَ لَقَدْ كانَ إِلَىَّ حَبِيباً،وَ كَانَ لِي رَبِيباً

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

68-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki Siffeyn döyüşündən və iki hakimin verdiyi hökmdən sonra Müaviyənin mövqeyi yaxşılaşdı, gücü günbəgün artdı. O, Misiri ələ keçirməyə tamah saldı. Əmr ibn Asın onunla beyət etdiyi vaxt Ası Misirə vali təyin edəcəyinə söz verdiyindən, əksəriyyəti Osmanın intiqamını almaq niyyətində olan və Osmanı Məhəmməd ibn Əbu Bəkrin öldürdüyünü güman edənlərdən olan altı min süvari ilə Əmr ibn Ası Misirə göndərdi. O, Misirin böyük şəxsiyyətlərinə məktub yazaraq, dostlarını həvəsləndirdi və düşmənlərini qorxutdu. Məhəmməd hadisədən xəbər tutduqda vəziyyət barədə həzrət Əliyə (ə) məktub yazaraq, kömək üçün pul və qoşun istədi. Həzrət onun məktubuna cavab göndərdi və istədiyini çatdıracağını vəd etdi. Lakin Məhəmməd tələsərək Misir əhlini Əmr ibn Asa qarşı müharibəyə çağırdı. Dörd min nəfər onun dəvətini qəbul edərək ona yoldaş oldular. Onların iki min nəfərini Kənanə ibn Bişrin başçılığı altında öncədən göndərdi, özü isə iki min nəfərlə qaldı. Kənanə igidlik göstərib Əmrin qoşunundan çoxlu əsgəri qətlə yetirdi, özü və yoldaşları həlak olana qədər onlarla döyüşdü. Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, onun ətrafından uzaqlaşdılar. Məhəmməd tək qaldığını gördükdə qaçdı, Misirə üz tutaraq xarabalıqların birində gizləndi, Əmr ibn As Misirə daxil oldu və öz sərkərdələrindən Müaviyə ibn Xudeyc Kindini Məhəmmədin ardınca göndərdi. Müaviyə ibn Xudeyc çox axtarışdan sonra, Məhəmmədi susuzluqdan ölmək üzrə olarkən tapdı. Başını bədənindən ayıraraq, bədənini ölmüş uzunqulağın içinə qoyub yandırdı. Həzrət bu xəbəri eşitdikdə çox kədərləndi və dedi: «Allah Məhəmmədə rəhmət etsin. O, düşmənlərin məkr və hiyləsini görməmiş xam bir gənc idi.
2. Təcrübəli və bacarıqlı bir şəxsiyyət olan Haşim Əmirəl-mömininin xas səhabələrindən və o Həzrəti sevənlərdən idi. O, Siffeyn döyüşündə şəhid oldu.
3. Müqavimət göstərər, qılıncı əlindən verməz və Məhəmməd kimi qaçmazdı. Məhəmməd qaçanda, güman edirdi ki, qaçmaqla xilas olacaq.
4. Əgər döyüş meydanını boş qoyub qaçıbsa, çarəsiz qalıb və təqsiri olmayıb. Məhəmmədin anası Əsma bint Uməys idi. O, əvvəlcə Cəfər ibn Əbu Talibin zövcəsi olub və ondan Abdullah ibn Cəfər dünyaya gəlmişdir. Cəfərin Mutə döyüşündə şəhid olmasından sonra Əbu Bəkr onu almış və Məhəmməd anadan olmuşdur. Əbu Bəkrdən sonra Həzrət onunla evləndi. Məhəmməd Həzrətin qollarında böyüyüb boya-boşa çatdı və elə uşaqlıqdan o böyük şəxsin vilayəti və dostluğu ilə böyümüşdü. Həzrət onu çox sevər və hörmət edərdi. O, buyurmuşdur: «Məhəmməd mənim Əbu Bəkrin belindən gələn oğlumdur».)

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!