NƏHC-ül-BƏLAĞƏ - 85-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Haqq-taalanın bəzi sifətlərinin bəyan edildiyi, insanın təqva və məşvərətlə dəyər tapması barədə söylədiyi) xütbələrindəndir.

(Böyük Allah) gizlinləri bilən və (ürəklərdəki) düşüncələrdən agah, bütün şeyləri əhatə edən (əşyanın cüziyyatına (xırdalıqlarına) və külliyyatına (təfərrüatına) hakimdir), hər şeydən üstündür və hər bir şeyə gücü yetər. Belə isə, ölüm tezliklə haqlamamışdan öncə möhlət günlərində, (qəbir və qiyamətin dəhşətinə, qorxusuna) düçar olmamışdan qabaq, əldə fürsət varkən, nəfəs yolu açıqkən, bu yol bağlanmamış (ölməmiş) sizlərdən əməl edənlər iş görməlidirlər (Allahın və Peyğəmbərin razılığını qazanmalıdırlar) özünün rahatlığı və addımının möhkəmliyi üçün yaxşı işlərlə məşğul olmalıdırlar. (Allah və Peyğəmbərin fərmanına əməl etməlidirlər ki, qiyamət günü rahat olub ayaqları Siratda büdrəməsin.) Özlərinin köç yeri olan saraydan (dünyadan) əbədi məkanları (axirət) üçün azuqə götürməlidirlər (oranın azuqəsi bu saraydan başqa heç yerdən götürülmür). Allaha, Allaha sığının! Ey Allah bəndələri, Allahın öz kitabında onu (Quranı) qorumağı və riayət etməyi sizə əmr etmiş, (Quranı dərindən düşünün və fikirləşin) öz haqqından sizin yanınızda əmanət qoymuşdur, (Allahın əmrlərinə və qadağalarına riayət edin). Çünki pak və münəzzəh Allah sizi əbəs yerə yaratmayıb, başsız (özbaşına) buraxmayıb və sizləri nadanlıqda, korluqda (azğınlıqda) özbaşına qoymayıb. O sizin əməllərinizi məlum etdi (xeyir və şər, ibadət və günah yolunu sizə göstərdi) və sizin rəftarınızdan (yaxşısından, pisindən, böyük-kiçiyindən, gizlin və aşkarından) agahdır, həyatınızın, ömrünüzün müddətini müəyyən etdi və Kitabı (Qurani-Kərimi) hər bir şeyə dəlil kimi sizlərə göndərmişdir. (O öz əmr və qadağalarını orada bəyan etmişdir.) Bir müddət Peyğəmbəri sizin aranızda sağ (diri) saxladı ki, səmadan yerə göndərdiyi  dinini həm Peyğəmbər (s), həm də sizin üçün kamilləşdirsin. Elə bir din ki, onun bəyəndiyi bir dindir (dinlərin ən kamilidir). O həzrətin dili ilə yaxşı əməllərdən sevdiyini, məkruh və haram əməlləri, əmrlərini (vaciblərini) sizə çatdırdı. Sizə bəhanə yeri qoymadı və sizə höccəti (dəlil-sübutu) tamam etdi. Sizi qiyamət qopmamış əzabla təhdid etdi, ağır əzab gəlməmiş qorxutdu. Belə isə (qəflət yuxusundan oyanın və) ömrünüzdən qalanını qənimət bilin (Allahın razılığı üçün çalışın) və ömrünüzdən qalan günlərdə dözüm yolunu tutun (özünüzü günahdan və itaətsizlikdən saxlayın). Çünki bu qalan günlər (ola bilər ki, əldən buraxılmışların tədarükünə sərf edilsin) qəflətdə (yaşadığınız), öyüd-nəsihətdən üz döndərdiyiniz çoxlu günlərin müqabilində azdır. (İtaətsiz) Nəfslərinizə fürsət verməyin (günahı asan sanmayın) ki, bu fürsətlər sizi zülmkarların yollarına sürüklər, (onların rəftarının ardınca aparar) və (heç bir işdə) səhlənkar olmayın ki, səhlənkarlıq sizi gözlənilmədən günaha doğru sürükləyər.
Ey Allah bəndələri, insanlardan özünə ən çox öyüd verəni Pərvərdigarına daha çox itaət və bəndəlik edəndir.1 İnsanlardan özünü ən çox aldadanı Allahına qarşı daha çox günah və itaətsizlik edəndir.2 Aldanmış şəxs ziyanı özünə rəva görəndir (özünü həlak və puç edərək ilahi əzaba səbəb olan bir iş görəndir), qibtə olunası o şəxs, dinini qoruyandır.3 Xoşbəxt o şəxsdir ki, başqalarından öyüd alsın (yaxşı əməl sahiblərinin yolu ilə gedərək pis insanların çirkin əməllərindən uzaqlaşsın) və bədbəxt o şəxsdir ki, nəfsinin istəklərinə və öz (yersiz, bəyənilməyən) qüruruna aldansın (nəfsinə itaət edərək onun təhlükəsindən xəbərsiz olsun). Bilin ki, (ibadətdə və bəndəlikdə) azacıq riya və özünü göstərmə şirkdir. (Çünki hər kəs Allaha ibadətdə qeyrisini nəzərdə tutsa, şübhəsiz ki, onu Allaha şərik bilmişdir.) Nəfsinə uyanlarla (günahkarlarla) yoldaşlıq imanın unudulmasına və şeytanın gəlişinə səbəb olar.4 Yalandan uzaq durun ki, o imandan uzaqdır.5 Doğru danışan (əzabdan) nicat, qurtuluş məqamındadır. Yalançı ölüm, zəlillik və xarlıq çuxuruna düşməyə yaxın olan yüksəklikdədir. Bir-birinizə həsəd etməyin (başqasının zavala uğramasını arzulamayın). Çünki alov odunu məhv etdiyi kimi (yandıraraq külə döndərdiyi kimi) həsəd də imanı yeyər (məhv edər, dağıdar). Bir-birinizlə düşmənçilik etməyin, çünki düşmənçilik (qohumlarla əlaqənin kəsilməsinə və) hər bir xeyrin, bərəkətin (ülgücün saçı başdan qırxdığı kimi dibdən) kəsilməsinə səbəb olar. Bilin ki, arzu ağlın yanılmasına və səhvinə, Allahın zikrini unutmağa gətirib çıxarar. Belə isə (ölümü, qiyamət gününün qorxu və vəhşətini xatırlamaqla) arzunu yalan sanın. Çünki (həqiqi olmayan şeylərin) arzu aldadıcıdır və arzulayan aldanmışdır.

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
(و فيها بيان صفات الحق جل جلاله ثم عظمة الناس بالتقوى و المشورة)

قَدْ عَلِمَ السَّرَائِرَ، وَ خَبَرَ الضَّمَائِرَ، لَهُ الْإِحَاطَةُ بِكُلِّ شَيْءٍ، وَ الْغَلَبَةُ لِكُلِّ شَيْءٍ، وَ الْقُوَّةُ عَلَى كُلِّ شَيْءٍ
(عظة الناس)
فَلْيَعْمَلِ الْعَامِلُ مِنْكُمْ فِي أَيَّامِ مَهَلِهِ قَبْلَ إِرْهَاقِ أَجَلِهِ، وَ فِي فَرَاغِهِ قَبْلَ أَوَانِ شُغْلِهِ، وَ فِي مُتَنَفَّسِهِ قَبْلَ أَنْ يُؤْخَذَ بِكَظَمِهِ، وَلُْيمَهِّدْ لِنَفْسِهِ وَ قَدَمِهِ، وَلْيَتَزَوَّدْ مِنْ دَارِ ظَعْنِهِ لِدَارِ إِقَامَتِهِ. فَاللَّهَ اللَّهَ أَيُّهَا النَّاسُ، فِيما اسْتَحْفَظَكُمْ مِنْ كِتَابِهِ، وَ اسْتَوْدَعَكُمْ مِنْ حُقُوقِهِ، فَإِنَّ اللَّهَ، سُبْحَانَهُ لَمْ يَخْلُقْكُمْ عَبَثاً، وَ لَمْ يَتْرُكْكُمْ سُدًى، وَ لَمْ يَدَعْكُمْ فِي جَهَالَةٍ وَ لاَ عَمَى، قَدْ سَمَّى آثَارَكُمْ، وَ عَلِمَ أَعْمَالَكُمْ، وَ كَتَبَ آجَالَكُمْ، وَ أَنْزَلَ عَلَيْكُمُ الْكِتَابَ تِبْيَاناً لِكُلِّ شَيْءٍ؛ وَ عَمَّرَ فِيكُمْ نَبِيَّهُ أَزْمَاناً؛ حَتَّى أَكْمَلَ لَهُ وَ لَكُمْ - فِيما أَنْزَلَ مِنْ كِتَابِهِ - دِينَهُ الَّذِي رَضِيَ لِنَفْسِهِ؛ وَ أَنْهَى إِلَيْكُمْ - عَلَى لِسَانِهِ - مَحَابَّهُ مِنَ الْأَعْمَالِ وَ مَكَارِهَهُ، وَ نَوَاهِيَهُ وَ أَوَامِرَهُ، وَ أَلْقَى إِلَيْكُمَ الْمَعْذِرَةَ، وَ اتَّخَذَ عَلَيْكُمُ الْحُجَّةَ، وَ قَدَّمَ إِلَيْكُمْ بِالْوَعِيدِ، وَ أَنْذَرَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ
فَاسْتَدْرِكُوا بَقِيَّةَ أَيَّامِكُمْ، وَاصْبِرُوا لَهَا أَنْفُسَكُمْ؛ فَإِنَّهَا قَلِيلٌ فِي كَثِيرِ الْأَيَّامِ الَّتِي تَكُونُ مِنْكُمْ فِيهَا الْغَفْلَةُ، وَ التَّشَاغُلُ عَنِ الْمَوْعِظَةِ، وَ لاَ تُرَخِّصُوا لِأَنْفُسِكُمْ؛ فَتَذْهَبَ بِكُمُ الرُّخَصُ مَذَاهِبَ الْظَّلَمَةِ، وَ لاَ تُدَاهِنُوا فَيَهْجُمَ بِكُمُ الْإِدْهَانُ عَلَى الْمَعْصِيَةِ. عِبَادَ اللَّهِ، إِنَّ أَنْصَحَ النَّاسِ لِنَفْسِهِ أَطْوَعُهمْ لِرَبِّهِ؛ وَ إِنَّ أَغَشَّهُمْ لِنَفْسِهِ أَعْصَاهُمْ لِرَبِّهِ؛ وَ الْمَغْبُونُ مَنْ غَبَنَ نَفْسَهُ، وَ الْمَغْبُوطُ مَنْ سَلِمَ لَهُ دِينُهُ، وَ السَّعِيدُ مَنْ وُعِظَ بِغَيْرِهِ، وَ الشَّقِيُّ مَنِ انْخَدَعَ لِهَوَاهُ وَ غُرُورِهِ. وَاعْلَمُوا أَنَّ يَسِيرَ الرِّيَاءِ شِرْكٌ، وَ مُجَالَسَةَ أَهْلِ الْهَوَى مَنْسَاةٌ لِلْإِيمَانِ. الصَّادِقُ عَلَى شَفَا مَنْجَاةٍ وَ كَرَامَةٍ، وَ الْكَاذِبُ عَلَى شَرَفِ مَهْوَاةٍ وَ مَهَانَةٍ. وَ لاَ تَحَاسَدُوا؛ فَإِنَّ الْحَسَدَ يَأْكُلُ الْإِيْمَانَ كَمَا تَأْكُلُ النَّارُ الْحَطَبَ، وَ لاَ تَبَاغَضُوا فَإِنَّهَا الْحَالِقَةُ؛ وَ اعْلَمُوا أَنَّ الْأَمَلَ يُسْهِي الْعَقْلَ، وَ يُنْسِي الذِّكْرَ فَأَكْذِبُوا الْأَمَلَ فَإِنَّهُ غُرُورٌ، وَ صَاحِبُهُ مَغْرُورٌ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

86-CI XÜTBƏNİ BURADAN OXUYUN


1- Çünki nəsihət verənin məqsədi başqasına xeyir verməkdir. Ən böyük xeyir isə əbədi səadəti qazanmaqdır. Bunu qazanmaq üçünsə Allah-taalaya itaət və ibadət etmək lazımdır. Deməli, Pərvərdigarına daha çox ibadət və bəndəlik edən bir o qədər çox səadət qazanmış olar. Daha çox səadət qazanmış kimsə özünə öyüd verənlərdən daha çox nəsihət vermişdir.
2- Çünki aldadan şəxsin məqsədi başqasına ziyan vurmaqdır. Ən böyük ziyan isə əbədi çarəsizliyi qazanmaqdır. Bu, günah və itaətsizliyə gətirib çıxarar. Deməli, Allahına qarşı başqalarından daha çox günah törədən daha çox çarəsizliyə düçar olar. Çarəsizliyə daha çox qərq olmuş kimsə özünü onu aldadanlardan daha çox aldatmışdır.
3- İlahi hökmlərə uyğun rəftar etdiyinə görə başqalarının ona qibtə etdiyi, onun məqamını arzuladığı şəxsdir.
4- Çünki Allahın zikrindən və axirətin xatırlanmasından qəflətdə qalmağın təsirindən günahkarların qəlbindən iman nuru silinər və şeytan onları azdırmaq üçün məclislərinə gələr. Həzrət Peyğəmbər buyurmuşdur: «أَلْمَرْءُ عَلى دِينِ خَلِيلِهِ و قَرِينهِ» «İnsan dostunun, yoldaşının dininin, məramının ardınca gedər». Nəfsinə uyanlarla oturub-durmaq insana öz təsirini göstərər.
5- Çünki iman fəzilətlər toplusudur, doğruluq bu fəzilətlərdən biridir. Yalançılıq rəzillik və bəyənilməmiş sifətlərdəndir. Buna görə də imandan fərqli və ayrıdır.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!