NƏHC-ül-BƏLAĞƏ - 89-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Haqq- Taalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.
Həmd olsun gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmış Allaha! (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.)

Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır.1 O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın məbudu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər.2 Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab edilməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, öz daxilindən (öz tərəfindən, vicdanından) öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Pisliklərə əmr edən» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıxmaz.3

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

و تشتمل على قدم الخالق و عظم مخلوقاته و يختمها بالوعظ

 الْحَمْدُ لِلَّهِ الْمَعْرُوفِ مِنْ غَيْرِ رُؤْيَةٍ، و الْخالِقِ مِنْ غيرِ رَوِّيةٍ الَّذِي لَمْ يَزَلْ قَائِماً دَائِماً؛ إِذْ لَاَسْمَاءٌ ذَاتُ أَبْرَاجٍ، وَ لاَ حُجُبٌ ذَاتُ إِرْتَاجٍ، وَ لاَ لَيْلٌ دَاجٍ، وَ لاَ بَحْرٌ سَاجٍ، وَ لاَ جَبَلٌ ذُو فِجَاجٍ، وَ لاَ فَجٌّ ذُو اعْوِجَاجٍ، وَ لاَ أَرْضٌ ذَاتُ مِهَادٍ، وَ لاَ خَلْقٌ ذُو اعْتِمادٍ: ذلِكَ مُبْتَدِعُ الْخَلْقِ وَ وارِثُهُ، وَ إِلهُ الْخَلْقِ وَ رَازِقُهُ، وَ الشَّمْسُ وَ الْقَمَرُ دَائِبَانِ فِي مَرْضَاتِهِ: يُبْلِيَانِ كُلَّ جَدِيدٍ، وَ يُقَرِّبَانِ كُلَّ بَعِيدٍ. قَسَمَ أَرْزَاقَهُمْ، وَ أَحْصَى آثَارَهُمْ وَ أَعْمَالَهُمْ، وَ عَدَدَ أَنْفُسِهِمْ، وَ خَائِنَةَ أَعْيُنِهِمْ، وَ مَا تُخْفِي صُدورُهُمْ مِنَ الضَّمِيرِ وَ مُسْتَقَرَّهُمْ وَ مُسْتَوْدَعَهُمْ مِنَ الْأَرْحَامِ وَ الظُّهُورِ، إِلَى أَنْ تَتَنَاهَى بِهِمُ الْغَايَاتُ. هُوَ الَّذِي اشْتَدَّتْ نِقْمَتُهُ عَلَى أَعْدَائِهِ فِي سَعَةِ رَحْمَتِهِ، وَ اتَّسَعَتْ رَحْمَتُهُ لِأَوْلِيَائِهِ فِي شِدَّةِ نِقْمَتِهِ، قَاهِرُ مَنْ عَازَّهُ، وَ مُدَمِّرُ مَنْ شَاقَّهُ، وَ مُذِلُّ مَنْ نَاوَاهُ، وَ غَالِبُ مَنْ عَادَاهُ، مَنْ تَوَكَّلَ عَلَيْهِ كَفَاهُ، وَ مَنْ سَأَلَهُ أَعْطَاهُ، وَ مَنْ أَقْرَضَهُ قَضَاهُ، وَ مَنْ شَكَرَهُ جَزَاهُ
 عِبَادَ اللَّهِ، زِنُوا أَنْفُسَكُمْ مِنْ قَبْلِ أَنْ تُوزَنُوا، وَ حَاسِبُوهَا مِنْ قَبْلِ أَنْ تُحَاسَبُوا، وَ تَنفَّسُوا قَبْلَ ضِيقِ الْخِنَاقِ، وَ انْقَادُوا قَبْلَ عُنْفِ السِّيَاقِ، وَ اعْلَمُوا أَنَّهُ مَنْ لَمْ يُعَنْ عَلَى نَفْسِهِ حَتَّى يَكُونَ لَهُ مِنْهَا وَاعِظٌ وَ زَاجِرٌ؛ لَمْ يَكُنْ لَهُ منْ غَيْرِهَا لاَ زَاجِرٌ وَ لاَ وَاعِظٌ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

90-CI XÜTBƏNİ BURADAN OXUYUN


1    Belə ki, naməlum şeylər barədə düşünmək lazım gəlir. Vacibin zatında cəhalət və nadanlığı olması qeyri-mümkündür. Deməli, heç bir şey ona qaranlıq deyil ki, onu başa düşmək üçün düşünməli olsun.
2    Dünya və axirətdə onun əvəzini verər. Onun yolunda malımızdan keçməyimizin verilən borc kimi izah edilməsinin məqsədi borcun qaytarılmağı vacib olduğu tək budur ki, Allah yolunda maldan keçməyin də bir əvəzi olduğunu bilək.
3    İnsan özünə öyüd verib doğru yola, qurtuluşa hazır olmasa, başqalarının sözünün ona xeyri olmayacaqdır. Bu cümlədə ona işarə olunur ki, Allahdan nəfsi islah etmək, şeytanı dəf etmək üçün kömək istəmək hər halda vacib və lazım olsa da, kimsənin itaətə və ya üsyana məcbur edilməsi demək deyil. Çünki belə olsa, iş cəbrə (“məcburiyyət” əqidəsinə) gedib çıxar.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!