NƏHC-ül-BƏLAĞƏ - 92-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir.1
Allaha həmd və şükr etdikdən, həzrət Peyğəmbərə salamdan sonra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum.2 Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı.3

Nə qədər ki, məni itirməmisiniz (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun.4 And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə və ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az və ya çoxunu) doğru yola yönəldənlər və yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri və qovanları (hakimləri), onların endikləri və yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər və öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni itirsəniz (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq və bu pis hadisələrdən və çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə və nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik və əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər və daha uzun gələcək). Nəhayət, Allah-taala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq və camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini və nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. (Nə qədər ki,  fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar və bir şəhərdən keçərlər.5 Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü və ən çətini) Bəni-Üməyyənin fitnəsidir.6 O, kor və qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə və dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla və çətinlikləri (pərhizkarlara və şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla və çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr və qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda və əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağmaq istəyərkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən və süd sağmağa qoymayan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç nə verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən və ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər və ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası və hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən və tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq və namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat və hidayət üçün nə bir əlamət, nə də (haqq yolu üçün) görünən bir nişanə vardır.
Biz Əhli-beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-taalanın buyruqlarına uyğun rəftar edəcəyik) və həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-taala onları zəlil və xar edib zorla (ətrafa) dartacaq (bəla və müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər və qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz və zəlil olduqda) Qüreyş dünyanı və onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi və bu gün onların bəzilərindən istədiyim və mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar.7

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
و فيها ينبّه أميرالمؤمنين على فضله و شرف وقته و يبيّن فتنة بني أمية

 أَمَّا بَعْدَ حَمْدِ اللَّهِ،وَ الثَّنَاءِ عَلَيْهِ، أَيُّهَا النَّاسُ، فَإِنِّي فَقَأْتُ عَيْنَ الْفِتْنَةِ، وَ لَمْ يَكُنْ لِيَجْتَرِىءَ عَلَيْهَا أَحَدٌ غَيْرِي بَعْدَ أَنْ مَاجَ غَيْهَبُهَا، وَ اشْتَدَّ كَلَبُهَا. فَاسْأَلُونِي قَبْلَ أَنْ تَفْقِدُونِي، فَوَالَّذِي نفسي بِيَدِهِ لاَ تَسْأَلُونِي عَنْ شَيْءٍ فِيما بَيْنَكُمْ وَ بَيْنَ السَّاعَةِ، وَ لاَ عَنْ فِئَةٍ تَهْدِي مِائَةً وَ تُضِلُّ مِائَةً إِلاَّ أَنْبَأْتُكُمْ بِنَاعِقِهَا وَ قَائِدِهَا، وَ سَائِقِهَا، وَ مُنَاخِ رِكابِهَا،وَ مَحَطِّ رِحَالِهَا، وَ مَنْ يُقْتَلُ مِنْ أَهْلِهَا قَتْلاً،وَ مَنْ يَمُوتُ مِنْهُمْ مَوْتاً، وَ لَوْ قَدْ فَقَدْ تُمُونِي وَنَزَلَتْ بِكُمْ كَرَائِهُ الْأُمُورِ، وَ حَوَازِبُ الْخُطُوبِ لَأَطْرَقَ كَثِيرٌ مِنَ السَّائِلِينَ، وَ فَشِلَ كَثِيرٌ مِنَ الْمَسْؤُولِينَ، وَ ذلِكَ إِذَا قَلَّصَتْ حَرْبُكُمْ،وَ شَمَّرَتْ عَنْ سَاقٍ، وَ ضَاقَتِ الدُّنْيَا عَلَيْكُمْ ضِيقاً، تَسْتَطِيلُونَ مَعَهُ أَيَّامَ الْبَلاَءِ عَلَيْكُمْ حَتَّى يَفْتَحَ اللَّهُ لِبَقِيَّةِ الْأَبْرَارِ مِنْكُمْ
 إِنَّ الْفِتَنَ إِذَا أَقْبَلَتْ شَبَّهَتْ وَ إِذَا أَدْبَرتْ نَبَّهَتْ؛ يُنْكَرْنَ مُقْبِلاتٍ،وَ يُعْرَفْنَ مُدْبِرَاتٍ، يَحُمْنَ حَوْمَ الرِّيَاحِ، يُصِبْنَ بَلَداً وَ يُخْطِئْنَ بَلَداً. أَلاَ وَ إِنَّ أَخْوَفَ الْفِتَنِ عِنْدِيعَلَيْكُمْ فِتْنَةُ بَنيأُمَيَّةَ، فَإِنَّهَا فِتْنَةٌ عَمْيَاءُ مُظْلِمَةٌ: عَمَّتْ خُطَّتُهَا وَ خَصَّتْ بَلِيَّتُهَا، وَ أَصَابَ الْبَلاَءُ مَنْ أَبْصَرَ فِيها، وَ أَخْطَأَ الْبَلاءُ مَنْ عَمِيَ عَنْهَا. وَ ايْمُ اللَّهِ لَتَجِدُنَّ بَني أُمَيَّةَ لَكُمْ أَرْبابَ سَوْءٍ بَعْدِي، كالنَّابِ الضَّرُوسِ: تَعْذِمُ بِفِيهَا، وَ تَخْبِطُ بِيَدِهَا، وَ تَزْبِنُ بِرِجْلِهَا، وَ تَمْنَعُ دَرَّهَا، لاَ يَزَالُونَ بِكُمْ حَتَّى لاَ يَتْرُكُوا مِنْكُمْ إِلاَّ نَافِعَاً لَهُمْ، أَوْ غَيْرَ ضَائِرٍ بِهِمْ. وَ لاَ يَزَالُ بَلاؤُهُمْ عَنْكُمْ حَتَّى لاَ يَكُونَ انْتِصَارُ أَحَدِكُمْ مِنْهُمْ إِلاَّ كانْتِصَارِ الْعَبْدِ مِنْ رَبِّهِ،وَ الصَّاحِبِ مِنْ مُسْتَصْحِبِهِ تَرِدُ عَلَيْكُمْ فِتْنَتُهُمْ شَوْهَاءَ مَخْشِيَّةً، وَ قِطَعَاً جَاهِلِيَّةً، لَيْسَ فِيهَا مَنارُ هُدًى، وَ لاَ عَلَمٌ يُرَى
 نَحْنُ أَهْلَ الْبَيْتِ مِنْهَا بِمَنْجاةٍ، وَ لَسْنَا فِيهَا بِدُعاةٍ،ثُمَّ يُفَرِّجُهَا اللَّهُ عَنْكُمْ كَتَفْرِيجِ الْأَدِيمِ: بِمَنْ يَسُومُهُمْ خَسْفاً، وَ يَسُوقُهُمْ عُنْفاً، وَ يَسْقِيهِمْ بِكَأْسٍ مُصَبَّرَةٍ لاَ يُعْطِيهِمْ إِلاَّ السَّيْفَ، وَ لاَ يُحْلِسُهُمْ إِلاَّ اَلْخوْفَ، فَعِنْدَ ذلِكَ تَوَدُّ قُرَيْشٌ - بِالدُّنْيا وَ مَا فِيهَا - لَوْ يَرَوْنَني مَقَاماً وَاحِداً، وَلَوْ قَدْرَ جَزْرِ جَزُوْرٍ لِأَقْبَلَ مِنْهُمْ مَا أَطْلُبُ الْيَوْمَ بَعْضَهُ فَلاَ يُعْطُونِيهِ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

93-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Nəhrəvan müharibəsi başa çatdıqdan sonra buyurduğu məşhur xütbələrindəndir. Burada öz hünər və fəzilətlərini şərh edərək onun göstərişlərinə uyğun rəftar etmələri, əmrlərinə tabe olmaları üçün öz məqamını cahillərə və qafillərə bəyan etmişdir. Daha sonra Bəni-Üməyyənin fitnə-fəsadları, onlardan hər birinin hakimiyyəti dövründə camaata yaradılan çətinlik və onların dövlətlərinin süqutu barədə xəbər vermişdir.
2. Təlhə və Zübeyrlə «Cəməl» müharibəsində, Müaviyə və qoşunu ilə «Siffeyn» döyüşündə və Xəvariclə Nəhrəvanda döyüşüb fitnə-fəsadlarının aləmi bürüməsinə mane oldum.
3. Hər yeri fitnə bürümüşdü və heç kəs nə edəcəyini bilmirdi. Çünki İslam əhli ona qədər qiblə əhli ilə müharibə etməyin hökmünü bilmirdi və buna cürət etmirdi. Necə ki, İbn Ömər, Səd ibn Malik və Əbu Musa və onlar kimiləri Həzrətin yanından uzaqlaşaraq dedilər: «Müsəlmanlar arasına düşən bu fitnədən çəkinmək və uzaq durmaq daha yaxşıdır.»
4. Əqli və nəqli hökmə əsasən minbərə çıxıb «فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى» «Nə qədər ki, məni itirməmisiniz (hər şeyi bildiyimə görə dini hökmləri və məsələləri) məndən soruşun.» demək cürəti Əli ibn Əbu Talib və pak İmamlardan başqa kimsədə yoxdur. Çünki suallar müxtəlif və saysız-hesabsızdır. Bəziləri əqli, bəziləri nəqli, bir qismi aləmdə müşahidə olunana, başqa bir qismi isə qeyb aləminə, eləcə də keçmişə və ya gələcəyə, yaxud indiki zamana aid olur. Allah tərəfindən təsdiqlənmiş, elm-hikmət mənbəyi, kamal-mərifət çeşməsindən əvvəlkilərin və sonuncuların elmlərini öyrənmiş şəxsdən başqa heç kəs bu suallara cavab verə bilməz.
5. Fitnəkarlar hər yerdə fəsad törədərlər. Bəzən bir şəhərin əhalisini öz alovları ilə yandırar, bəzən həmin şəhərdən keçərək başqa bir şəhərin əhalisini yandırarlar.
6.  O, Allah Peyğəmbərinə hörmətsizlik edərək onun iki nəvəsini - imam Həsən və imam Hüseyn (ə) qətlə yetirdi, Allahın evini dağıtdı, səksən il İslamın minbərlərindən Əmirəl-mömininə hörmətsizlik edərək camaatı o həzrətdən uzaqlaşmağa məcbur etdi. Bu çirkin əməli qəbul etməyənləri şəhərdən çıxardaraq yurdlarını viran qoydu. Peyğəmbərin sünnəsini bidət, bidəti isə sünnə bilirdilər.
7. Əgər Qüreyş, Bəni-Üməyyə Bəni-Abbasdan gördükləri bütün çətinlik, hərc-mərclik, zəlillik və çarəsizlikdən sonra Həzrəti tapsaydılar, Onun ayaqlarına düşüb xəlifəliyi və hakimiyyəti qəbul edərək dünyadan zülm, sitəm, fitnə-fəsadın pasını silməsi üçün zar-zar ağlayardılar. Tarixçilərin nəql etdiyi məşhur bir hadisə deyilənləri təsdiqləyir: «Bəni-Üməyyənin son padşahı Mərvan ibn Məhəmməd Xorasan qoşununun sərkərdəsi olan Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbası gördükdə «ey kaş bu cavanın yerində, bu bayrağın altında Əli ibn Əbu Talib qoşuna rəhbərlik edəydi» demişdi.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!