RƏBBIN DƏRGAHINDA - 9

:

NƏTİCƏSİNDƏN ASILI OLMAYARAQ DUA ETMƏK

Qəbuldan daha mühüm duanın özü və Allah ilə razü-niyazdır. Baxmayaraq ki, biz adətən istəklərimizin və maddi ehtiyaclarımızın təmin olunması üçün dua edirik.

Yəni yaşayışımızda problem və ya narahatçılıqla qarşılaşdıqda ilahi dərgaha əl açıb Ondan kömək istəyirik.

Əlbəttə, bu iş Allahın rəbliyinə etiqad və bəndəlik nümunəsi olmaqla yanaşı insan üzərində tərbiyəvi rol oynayır. Lakin duanın fəlsəfəsi ümumi şəkildə münacat, razü-niyaz, yalnız hacətlərin, xüsusilə də dünyəvi hacətlərin istənilməsi deyildir. Məsumlardan nəql olunmuş bir çox duaların məzmununda göstərilir ki, əsas duanın özü, Allah ilə razü-niyazdır. Onun qəbul olub-olmamasını düşünməməliyik. “İstəmək” “istənilən şeydən” daha mühümdür.

Allahla münacat və əlaqə o qədər ləzzətli və dəyərlidir ki, bunu dərk edən kəs heç vaxt maddi və dünyəvi məsələlər barədə düşünməz. Beləliklə, duada daha çox əhəmiyyət kəsb edən Allah ilə danışıq və razü-niyazdır. Bu, Allahdan tələb olunan şeylərdən qat-qat üstündür. Bəndənin Ağası ilə xəlvətə çəkilib, razü-niyaz etməyə nail olması onun öz istəklərinə çatmasından daha dəyərlidir. Ona nəinki aləmlərin rəbbi ilə söhbətə icazə verilmişdir, hətta Allah özü onu “uduni” (“çağırın Məni”) sözü ilə dəvət etmişdir.[1] Bu, bəndə üçün necə də böyük səadətdir!

Beləliklə, duada maddi istəklərin təmin olunması yox, duanın özü və Allah ilə razü-niyaz daha üstündür.

Duanın xarici gerçəkliklərini, qəbulunu və nəticələrini nəzərə almadan ona inam və əminlik insan şəxsiyyətinin formalaşmasına, insani duyğuların güclənməsinə səbəb olur. Dua edən şəxsin öz daxili və psixoloji aləmində çatdığı ləzzətlər və tövfiqlərə (ilahi inayətlər müqabilində) dua etməyən şəxsin çatması və bu halı dərk etməsi qeyri-mümkündür. Bu həqiqətlər mömin insanın şəxsiyyət və inkişaf səviyyəsini tanıtdırır.

Ardı var ...
 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!