ALLAH DOSTLARININ ŞƏFAƏTİ

:

Şəfaət ilahi mərhəmət cilvələrindən biridir. Allah bəndələrini bağışlamaq istədiyindən Öz peyğəmbərləri və xüsusi övliyaları üçün şəfaət haqqı nəzərdə tutmuşdur. Onlar Allahın izni ilə insanlar üçün bağışlanma diləyir, şəfaətçi kimi çıxış edirlər. Beləcə, insanlar şəfaət yolu ilə Allahın mərhəmət nemətini dadırlar. Allah-təala öz peyğəmbərinə icazə vermişdir ki, ondan günahkarlar üçün bağışlanma diləsin: “Biz elə bir peyğəmbər göndərmədik ki, ona Allahın izni ilə itaət olunmasın. Onlar özlərinə sitəm qıldıqda sənin yanına gələr və Allahdan bağışlanma diləyərdilər. Peyğəmbər onlar üçün bağışlanma istəyərdi. Şübhəsiz, Allahı tövbələri qəbul edən və mehriban görərlər.”1

Bəli, peyğəmbər Allahın izni və iradəsi əsasında günahkarlar üçün bağışlanma diləyir. Onlar öz istəklərini Allaha qəbul etdirmirlər. Peyğəmbər (s) və digər məsumlar sadəcə rəhmət qapısıdır. İnsanlar çətinlik çəkmədən onlara üz tutub təvəssül edə bilərlər. Allah da öz övliyalarına xüsusi diqqəti səbəbindən onların bağışlanma istəklərini qəbul edər. Məsumların vasitəçiliyi ilə bəndələr Allahın mərhəmətindən faydalanar.
Peyğəmbər (s) və digər imamlar Allahın izni olmadan şəfaət verə bilməzlər. Şəfaət şərtləri ödənmədikdə də şəfaət həyata keçmir. Şəfaətin əsas şərtlərindən biri xətaya yol vermiş insanın iman əhli olmasıdır. Yalnız möminlər şəfaətə nail olur. Amma müşrik və günah səbəbindən dünyadan imansız gedən insan şəfaətə nail olmur. Allah müşriklərə şəfaət edilməsinə icazə vermir: “Peyğəmbər və iman gətirənlərə yaraşmaz ki, cəhənnəm əhli olduqlarını bildikdən sonra müşriklər üçün bağışlanma diləsinlər. Onlar qohum olsalar da belədir.”2
Qurani-kərimdə bildirilir ki, həzrət İbrahim nə qədər ki, Azərin Allahla düşmənçiliyindən xəbərsiz idi, ona şəfaət vəd edirdi. Quranda buyurulur: “Tezliklə Rəbbimdən sənin üçün bağışlanma istəyərəm.”3 Amma məsələdən xəbər tutan İbrahim Azər üçün bağışlanma diləmək fikrindən daşındı: “ İbrahimin öz atası üçün bağışlanma istəyi yalnız bir vəd idi və Azərin Allaha düşmən olduğunu bildikdən sonra ondan üz çevirdi. Həqiqətən, İbrahim canıyanan və dözümlü idi.”4
Qeyd olunduğu kimi, şirkdən əlavə namazın tərki, namaza yüngül yanaşmaq kimi bəzi günahlar insanı övliyaların şəfaətindən məhrum edir. İmam Sadiq (ə) bu barədə buyurur: “Namazı yüngül sayan şəxs bizim şəfaətimizə nail olmaz.”5
Qeyd etməliyik ki, insanı cəhənnəm odundan qurtaran şəfaət qiyamət aləminə aiddir. Günaha batıb dünya və bərzəx həyatında paklanmayanlar qiyamətdə Peyğəmbər (s) və məsumların şəfaətinə nail ola bilər. Xam qızıl kürədə qızdırılır ki, onun qatqıları təmizlənsin. Allah-təala bəzi möminləri çətinliyə salmaqla, onları yoxsulluq və xəstəliklə sınağa çəkməklə onların günahlarını təmizləyir. Belə ki, ilahi sınaqlardan üzü ağ çıxanlar pak qəlblə rahatca dünyasını dəyişir. Amma həmin məqamadək günahdan paklanmayanlar çətin can verir. Ruhun çətinliklə çıxması da insanın günahlarını yuyur. Amma bəziləri o qədər günaha yol verirlər ki, həmin iki mərhələdən sonra da günahdan təmizlənə bilmirlər. Nəticədə qəbr sıxıntısı vasitəsi ilə günahları yuyulur və bərzəx aləminə daxil olurlar. Bu üç mərhələdən sonra da günahları paklanmayan insan bərzəx aləmində əzab çəkməklə təmizlənir. Bərzəx əzabından sonra bir günahı qalarsa, qiyamət səhnəsinə daxil olur. Qiyamətdə Peyğəmbər (s) və məsum imamların şəfaətinə nail olan kəs bağışlanıb kövsər hovuzuna varid olur.
Bütün kamilliklərin kökü tövhiddə olduğu kimi, bir çox günahların da kökü şirkdədir. Bunu peyğəmbərlərin və keçmiş qövmlərin tarixi təsdiqləyir. Allah-təala qədim ümmətləri yol verdikləri şirkə görə cəzalandırır. Bu şirk bütpərəstlik və Allahdan qeyrisinə pərəstiş kimi aşkar şirkdir. Belələri qəlblərində Allahdan qeyrilərini də müstəqil təsirə malik bilirlər. Hər halda şirk çoxlarının qəlbində kök atmışdır. Bu səbəbdən Allah-təala buyurur: “Onların çoxu şərik qoşmamış Allaha iman gətirməz.6
Xalis və düzgün iman əldə etmək üçün insan qəlbində şirkin köklərini qırmalıdır. Yalnız bundan sonra həqiqi tövhidə etiqad mümkündür. Bu etiqadın görüntülərindən biri budur ki, insan hətta Peyğəmbər (s) və məsum imamların müstəqil şəfaət qüdrətinə malik olmadığına inansın. Peyğəmbər (s) və imamların şəfaəti ilahi rəhmət üçün yalnız bir zəmindir. Yəni Allah öz bəndələrinə o qədər diqqətlidir ki, hətta şəxsən ləyaqəti olmayanları da bağışlayır. Belələri üçün Allah övliyaları vasitədir. Allah övliyalarının duasına xatir belələrini bağışlayır. Əslində şəfaət yolunu açan Allah özüdür.

Kitabın adı: İlahi Nəsihətlər 
Müəllif: Ustad Misbah Yəzdi
Hazırladı: Rəsul Mahmudzadə


1. “Nisa”, 64
2. “Tövbə”, 113
3. “Məryəm”, 48
4. “Tövbə”, 114
5. “Biharul-ənvar”, c. 47, bab 1, s.7, h. 23
6. “Yusuf”, 106

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!