ŞƏFAƏTİN ALLAHIN YEGANƏLİYİ İLƏ ƏLAQƏSİ (2)

:

BİRİNCİ HİSSƏNI BURADAN OXUYUN

HƏQİQİ VƏ QEYRİ-HƏQİQİ ŞƏFAƏT
Həqiqi şəfaətlə batil (qeyri-həqiqi) şəfaət arasındakı əsaslı fərq odur ki, həqiqi şəfaət Allahdan başlayıb, günahkarla sona yetir.

Batil şəfaətdə isə onun əksi fərz olunur. Dünyada xarici nümunəsi çox olan batil şəfaətlərdə şəfaətçi vasitəçilik sifətini günahkarlardan kəsb edir. Çünki o, vasitəçinin yanına gələrək onu şəfaətə vadar edir. İcraçısı peyğəmbərlər və ilahi övliyalar olan həqiqi şəfaətdə isə mütəal Allah onları şəfaətçi seçir.1
Əgər hər bir istək və itaət şirk olsa, onda, Həzrət Adəmdən (s) indiyə qədər, bütün insanlar müşrik və kafir sayılacaqlar. Çünki hamı həyatı boyu özündən yüksək məqama malik olan şəxsdən nə isə bir şey istəmiş və ona tabe olmuşdur. Həmişə övladlar atasına, kölələr sahibinə, fəhlələr sahibkara və əsgərlər yüksək rütbəli zabitə tabe olur və onlardan kömək istəyirlər. Deməli, hər istək və itaət şirk sayılmadığı kimi, pərəstiş və ibadət də sayılmır. Çünki dünya və axirət işlərinin Mütləq Hakiminə ibadət etmək və Ondan hacət istəmək təvazökarlıqla birgədir. Hər kəs Allahdan qeyrisindən belə bir hacət istəsə, şübhəsiz, Ona şərik qoşmuşdur.2 Odur ki, Əllamə Təbatəbai yazır: “Şəfaətçi şəfaət məqamında Allahdan üç şeyi istəmir:
1. Allahdan Öz rübubiyyəti və bəndənin übudiyyətini (bəndəçilik) nəzərdən qaçırmasını və batil etməsini istəmir;
2. Allahdan Öz hökmündən dönməyi istəmir;
3. Allahdan ümumi cəza tədbirlərini batil etməyi istəmir."
Şəfaətçi Rəbbin əfv və güzəştinə səbəb olan kərəm, böyüklük, səxavət və s. sifətlərinə and verir və Onun ülfət və bəxşişinə zəmin hazırlamaq üçün bəndənin çarəsizlik, kiçiklik və s. xislətini dilə gətirir. Həmçinin şəfaətçi Allaha yaxın və Onun dərgahında yüksək məqama sahib olduğundan Ondan şəfaət istəyənin günahlarının bağışlanmasını diləyir. Mütəal Allah bu səbəbləri məğfirət üçün tanıtdırır və həmin səbəblər hazır olduğu zaman məğfirət gerçəkləşir.3
Başqa sözlə, zəruri varlıq (Allah-Taala) Öz zatında başqasının nəticəsi olmadığı kimi, sifət və felləri də bu qəbildən olub, heç bir səbəbin təsirinə məruz qalmır. O, məhz təsirli qüvvədir, heç bir şeydən təsirlənmir və bizdən həmin vasitə və səbəblərdən bəhrələnməyi tələb edir. Bu da əsla şirk deyil, əksinə, eynilə tövhiddir.4 Əgər bu, şirk sayılsaydı, insanlar Peyğəmbəri-Əkrəmdən (s) həyatı və ölümü zamanı şəfaət diləməzdilər.5

ŞƏFAƏTİN ALLAHIN YEGANƏLİYİ İLƏ VƏHDƏTİ
Tövhidin mahiyyətini və şəfaətin onunla tətbiqini dəqiq araşdırdıqda, aydın olur ki, nəinki şəfaət Allahın yeganəliyi ilə uzlaşır, hətta Allahın yeganəliyi ilə eynidir.

TÖVHİDİN QİSİMLƏRİ
1. Zatda tövhid: Allahın zatının şəriki, tayı-bərabəri yoxdur. Bunun müqabilində irəli sürülən iki tanrı etiqadı Onun zatında şəriklik (şirk) sayılır.
2. Fellərdə tövhid: Dünyada həqiqi təsirli qüvvə birdir və hər bir varlığın təsiri Allahdan qaynaqlanır. Atəşin yandırıcı, qılıncın kəsici olması və bütünlüklə, hər bir şey Allah tərəfindən və Onun əmri ilədir.
3. İbadətdə tövhid: Allahın zatından başqası übudiyyət və bəndəliyə layiq deyil və dünyada büt, daş və s. kimi varlıqlar, hətta varlıq aləminin ən yüksək kamillik təcəllası olan peyğəmbərlər və ilahi övliyalar belə, ibadət və pərəstişə layiq deyildirlər.
Tövhidin qisimlərinə diqqət yetirdikdə, həqiqi şəfaətçilərdən şəfaət istəməyin üç mərhələdən ibarət olan tövhidlə əsla ziddiyyət təşkil etmədiyini görürük. Çünki övliyalardan şəfaət istəmək Allahın (zatda tövhidin) ikiliyinə, yaxud təsirlikdə, lütf və mərhəmətin çatdırılmasında (fellərdə tövhiddə) onların müstəqil olduğuna, yaxud onlara pərəstiş etməyə (ibadətdə tövhidə) səbəb olmur.6 Bunu nəzərə alaraq belə qənaətə gəlirik ki, şəfaət tövhidlə ziddiyyət təşkil etmir. Çünki şəfaətçinin ülfət və mehribanlığı Allahın lütf və mərhəmətindən başqa bir şey deyildir. Şəfaət, ülfət və mehribanlıq stimulu da məhz Rəbbin tərəfindəndir.7
Beləliklə, əgər şəfaətçilər kiçik tanrı – Allahın icazəsi olmadan şəfaət məqamına malik olan və istədiyinə şəfaət edən bir qüvvə – kimi güman edilsə, sözsüz, onların istəyi Allahdan başqasına pərəstiş və onu istəyən (şəfaətçi) müşrikdir. Amma şəfaətçilərin Allahın məxluqu kimi Onun xüsusi izni, icazəsi ilə bir qrupa şəfaət edəcəyini desək, şübhəsiz ki, belə istək adi istəklərlə fərqlənməyəcək və tövhid sərhədini aşmayacaqdır. Belə isə, zahirdə ilahi övliyaların şəfaətinin öz əlləri ilə yonduqları bütlərdən şəfaət istəyən müşriklərin əməlinə oxşadığını deyənlər yanılır və onların iradı əsassızdır. Çünki təkallahçının ilahi övliyalar barəsində etiqadı müşrikin bütlərə etiqadı ilə tam ayrıdır. Müşriklər bütləri şəfaət məqamının malikləri bilirlər. Onlara görə, bütlər istədikləri hər bir kəsə şəfaət edə bilər. Bu isə bir növ bütlərin ilahiliyinə etiqad bəsləmək və nəticədə Allaha şərik qoşmaqdır. Halbuki müsəlmanlar öz ilahi övliyalarının belə məqam və malikiyyətinə etiqad bəsləmir8 və hər gecə-gündüz zümzümə edərək deyirlər:

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

“Allahın izni olmadan (Qiyamətdə) Onun hüzurunda kim şəfaət edə bilər?”9

NƏTİCƏ
Şəfaət Allaha məxsus haqdır və bəzən O, Öz bəndələrindən olan övliyalara müəyyən səbəbə görə bu haqdan bəhrələnməyə icazə verir:

 Bu dünyada Allahın lütf və mərhəməti (istər maddi, istərsə də mənəvi olsun) bizə səbəblər vasitəsilə çatır. Məsələn, insana səadət və hidayət yolunu göstərmək üçün peyğəmbərlər göndərir; həyatı işıq və istiliyi ilə rövnəqləndirən günəşi yaradır... Onun bəxşiş və məğfirəti də ilahi övliyalar kimi səbəblər vasitəsilə bizə çatsa da, əsas təsirli qüvvə yeganə Allahdır. O, övliyalara şəfaət məqamını əta etməklə layiqli əvəz verir və onların məqam və üstünlüklərini başqalarına tanıtdırır.10

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Ədli-ilahi”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.237-238.
2. “Şəfaət dər qələmrove əql, Quran və hədis”, Ayətullah Cəfər Sübhani, səh.273-274.
3. “Əl-mizan” təfsiri, Əllamə Məhəmmədhüseyn Təbatəbai, tərcümə: Məhəmmədbaqir Musəvi Həmədani, 1-ci cild, səh.24.
4. “Ədli-ilahi”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.239.
5. “Əl-ilahiyyat ələl-hudəl-kitabi vəs-sünnəti vəl-əql”, Ayətullah Cəfər Sübhani, səh.357-358.
6. “Şəfaət dər qələmrove əql, Quran və hədis”, Ayətullah Cəfər Sübhani, səh.280 və 282.
7. “Ədli-ilahi”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, səh.240.
8. “Təfsiri-mozuyi”, Ayətullah Cəfər Sübhani, 2-ci cild, səh.361, 362 və 364.
9. Bax: “Yunis” surəsi, ayə 3; “Məryəm” surəsi, ayə 87; “Taha” surəsi, ayə 109; “Səbə” surəsi, ayə 23; “Zuxruf” surəsi, ayə 86.
10. “Şəfaət dər qələmrove əql, Quran və hədis”, səh.90-91.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!