EY PEYĞƏMBƏR! ÇATDIR - 2

:

Peyğəmbərin (s) risalətinə bərabər hesab edilən və camaata çatdırmalı olduğu mətləb nədir? Allahın Peyğəmbərdən (s) yerinə yetirməsini istədiyi və bir tərəfdən onu təhdid edən, digər tərəfdən isə Allahın onun canının mühafizəsinə vədə verdiyi məsələ hansı məsələdir?

Xülasə, ayənin bütün bu misli görünməmiş təkidlərlə yanaşı bildirmək istədiyi mövzu nədir?
Bu sualların cavabını əldə etmək üçün iki yol var:
Birincisi, bu barədə əlimizə əhli-sünnə və şiədən onun təfsiri ilə bağlı gəlib çatan bütün rəvayətləri, tarix və təfsirçilərin sözlərini nəzərə almadan ayənin öz məzmunu üzərində təfəkkür etmək.
İkincisi, ayəni onun nazilolma səbəbi ilə bağlı hədis və rəvayətlər sayəsində təfsir etmək.

BİRİNCİ YOL:
AYƏNİN DİGƏR ŞAHİDLƏRİN KÖMƏYİ OLMADAN TƏFSİRİ
Ayənin özü barədə düşünmək və digər vasitələrdən yardım almamaqla bütün sualların cavabı aydın olacaq, bu şərtlə ki, münsifanə və təəssübkeşlikdən uzaq olmaqla qəzavət edək. Nəticədə:
Birincisi, qeyd edilən ayə "Maidə" surəsinin 67-ci ayəsidir və onun Peyğəmbərə (s) nazil olan sonuncu surə və ya surələrdən olduğunu bilirik. Yəni, bu ayə hicrətin on və Peyğəmbəri-Əkrəmin (s) ömrünün sonuncu ilində və o həzrətin iyirmi üç illik təbliğindən sonra nazil olmuşdur.
Sual: Həqiqətdə, iyirmi üç ildən sonra Peyğəmbərin (s) ömrünün axırına qədər hələ də rəsmi olaraq hansı məsələlər bəyan olunmamış qalırdı? Görəsən, bu mühüm məsələ müsəlmanların iyirmi ilə yaxın namaz qılmasına baxmayaraq, namazla bağlı idimi?
Yoxsa, orucla bağlı idi? Halbuki, oruc hicrətdən sonra vacib olmuş və ona göstəriş verilməsindən on üç ilə yaxın bir müddət keçmişdi.
Cihadın hicrətin ikinci ilindən başlamasına baxmayaraq, görəsən, cihada göstəriş verməklə bağlı idimi? Yoxsa, həccə aid idi?
Cavab: İnsaf adı çəkilən məsələlərdən heç birinin olmamasını deməkdədir. Peyğəmbərin (s) iyirmi üç illik gərgin zəhmətlərindən sonra, yer üzərində hansı mühüm məsələnin deyilməmiş qaldığını anlamaq lazımdır.
İkincisi, ayədən Peyğəmbərin (s) bu vəzifəsinin çox mühüm və təhlükəli, eyni zamanda, nübüvvətlə eyni çəkidə olması başa düşülür. Bəzi alimlərin söylədiyi ehtimallar və yuxarıdakı sətirlərdə işarə etdiyimiz məsələlərin də mühüm olmasına baxmayaraq, onlardan heç biri risalət və nübüvvətlə eyni çəki və ölçüdə deyil. İyirmi üç ildən sonra hələ də yerinə yetirilməyən və risalətə bərabər olan mühüm məsələnin nə olduğunu düşünməliyik.
Üçüncüsü, bu vəzifənin digər xüsusiyyəti bəzilərinin onunla müxalifətçilik etməsidir və hətta, həmin müxalifətçilik o qədər ciddi və şiddətlidir ki, Peyğəmbəri (s) də ortadan qaldırmağa hazırdırlar. Müsəlmanlar namaz, oruc, cihad və həcc kimi məsələlərlə müxalif olmadıqlarından, bu vəzifənin siyasi məqsəd daşıdığı aydınlaşır və bir dəstə onunla müxalifətçilik səbəbindən, İslam Peyğəmbərinin (s) müqabilində dayanmağa belə hazır idi.
Bütün bu məsələləri nəzərə aldığımız, bitərəf və münsif şəkildə mütaliə, həmçinin, inadkarlıq və təəssübkeşlikdən uzaq olaraq qəzavət etdiyimiz zaman, Qədir-Xumda rəsmi olaraq bəyan edilən mətləbin Peyğəmbərin (s) "xəlifəsi" və "canişini" məsələsindən başqa, digər bir məsələ olmadığı nəticəsinə varırıq.
Bəli, Peyğəmbərin (s) şərafətli ömrünün sonlarında rəsmi olaraq bəyan etdiyi, peyğəmbərlərin sonuncusunun risalət və nübüvvətinə bərabər, çoxlarının onunla mübarizə aparacağına and içmiş olduğu və Allahın da Peyğəmbərə (s) bu vəzifəni icra etməsi üçün mühafizə edəcəyinə zəmanət verdiyi məsələ həlledici və mühüm olan canişinlik məsələsi idi. Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan etmişdisə də, həmin məsələni dünya müsəlmanları qarşısında rəsmi olaraq bildirməmişdi.
Beləliklə, o böyük və əzəmətli vəzifəni Peyğəmbər (s) "Həccətül-vida"dan (vida həcci) qayıtdığı zaman Qədir-Xum çolündə həyata keçirərək həzrət Əlini (ə) "öz canişini" ünvanında tanıdırdı və bununla da risalətini tamamlamış oldu.

ÜÇLÜK TƏŞKİL EDƏN NİŞANƏLƏRİN VİLAYƏT MƏSƏLƏSİNƏ TƏTBİQİ
Əmirəl-mömininin (ə) vilayət və canişinlik məsələsi "Təbliğ" ayəsində bildirilmişdir və o, üçlük təşkil edən nişanələrə tamamilə uyğundur:
Birincisi, aydın olduğu kimi, Peyğəmbər (s) mübarək ömrü boyunca heç vaxt özündən sonra “canişinlik” və “xilafət” məsələsini rəsmi olaraq və belə geniş miqyasda bəyan etməmişdi və bu məsələ İslam Peyğəmbərinin (s) ömrünün son illərində yer üzərində hələ də bəyan edilməmiş olan ən mühüm məsələ idi.
İkincisi, İslamın müxtəlif məsələlərindən heç biri nübüvvət yolunu davam etdirmək baxımından onun həddi və şənində, həmçinin, onunla eyni ağırlıqda deyil, amma “imamət” məqamı nübüvvətlə eyni səviyyədədir və imam Peyğəmbərin (s) vəzifələrini yerinə yetirməyə qadirdir.
Üçüncüsü, Əmirəl-mömininin (ə) vilayət və imamət məsələsi bəyan olunduğu zamandan etibarən, çoxlu sayda müxalifətçiliklər meydana çıxmış, hətta Qədir-Xum çölündə bir nəfər Peyğəmbərin (s) hüzuruna gələ və ona etiraz edərək demişdir: "Əgər bu gün dediklərin Allah tərəfindəndirsə, mənə Allahdan əzab nazil olmasını və məhv olmağımı dilə." Onun dediyi kimi də olur və o məhv edilir. Bu məsələnin şərhi gələcək bəhslərimizdə veriləcək.
Xüsusən, "Maidə" surəsinin 41-ci ayəsini bu ayənin kənarında qoysaq, mətləb daha da aydın olacaq. Nəticədə, rəvayət, tarixdə qeyd edilənlər və təfsirçilərin düşüncə və söylədikləri nəzərə alınmadıqda belə, yuxarıdakı ayənin Əmirəl-mömininin (ə) vilayətinə dəlalət etdiyi məlum olur.
Sual: Bu ayədə bəyan edilən mühüm məsələ İslam və müsəlmanların iki böyük düşməninin – yəhudi və nəsranilərin (məsihilər) – təhlükəsi ola bilərmi? Onlar daimi olaraq İslamın müqabilində dayanmış, müsəlmanlar və İslamın inkişafına maneə hesab edilmişlər. Belə olduğu təqdirdə, ayənin vilayətlə rabitəsi varmı?
Cavab: Tarixlə azacıq tanışlığı olan kəslər bilirlər ki, hicrətin onuncu ilində artıq yəhudi və nəsrani məsələsi həll olunmuş və müxtəlif yəhudi qəbilələrinin – Bəni-Qüreyzə, Bəni-Nəzir, Bəni-Qəynuqa, Xeybər yəhudiləri və digərləri ilə nəsranilər – kitabı bağlanmışdı. Onların hamısı ya müsəlmanlara təslim, ya da hicrət etməyə məcbur olmuşdular. Nəticədə, "Maidə" surəsinin 41-ci ayəsində nazil olunanlara uyğun olaraq, Peyğəmbərin (s) qorxu və həyəcanı müsəlmanlar və iman gətirənlərdən idi, nəinki, İslamdan kənar olanlardan.
Bu baxımdan, ayəni yəhudi və nəsranilərlə əlaqədar təfsir etmək düzgün deyil və Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayətindən başqa, ayəni digər məsələlərlə əlaqələndirərək təfsir etmək yanlışdır.
Beləliklə, xatırlatdığımız ayə yuxarıda qeyd edilən şərh və izahlara əsasən, həzrət Əli ibn Əbu Talibin (ə) xilafət və vilayətini inkar edərək danan kəslər üçün tutarlı və möhkəm dəlil və cavabdır.

İKİNCİ YOL:
TƏBLİĞ AYƏSİNİ RƏVAYƏTLƏR SAYƏSİNDƏ TƏFSİR ETMƏK
Ayəni təfsir etməkdə ikinci yol onun nazilolma səbəbi ilə bağlı qeyd edilən hədis və rəvayətlər, İslam alim və təfsirçilərinin nəzərləri, eyni zamanda, İslam tarixindən yardım almaqla təfsir edilməsidir. İslamın əvvəllərində yaşamış hədis söyləyənlərin (mühəddislər) əksəyiyyəti qeyd edilən ayənin Əmirəl-möminin Əlinin (ə) barəsində nazil olduğuna inanırlar. Həmin alimlər aşağıdakılardır:
1. İbn Abbas – ravi, tanınmış təfsirçi və vəhyin katıbidir (vəhyi yazan) və əhli-sünnə və şiə tərəfindən qəbul edilir.
2. Cabir ibn Abdullah Ənsari – hər iki məzhəb tərəfindən qəbul edilən və tanınmış şəxsdir.
3. Əbu Səid Xudri – Peyğəmbərin (s) böyük səhabələrindən və ən çox ehtiram edilən şəxslərdəndir.
4. Abdullah ibn Məsud – vəhyi yazanlardan və Qurani-Kərimin təfsirçilərindən biri.
5. Əbu Hüreyrə – əhli-sünnə nəzərində çalışqan ravilərdən hesab olunur.
6-7. Hüzeyfə və Bərra ibn Azib – İslam Peyğəmbərinin (s) tanınınmış iki səhabəsi və s. tanınmış alim.
Digər Peyğəmbər (s) tərəfdarları da yuxarıdakı ayənin həzrət Əlinin (ə) vilayəti barədə nazil olduğunu demişlər.
Adları çəkilən bəzi şəxslərin nəql etdikləri rəvayətlərin sənədinin müxtəlif nəqledilmə vasitələrinin olmasına diqqət edilməlidir. Məsələn, yuxarıdakı rəvayət İbn Abbas və Cabir ibn Abdullah Ənsaridən on bir vasitə ilə nəql edilmişdir.
Əhli-sünnə təfsirçilərinin bir qrupu da həmin rəvayəti Əmirəl-mömininin (ə) vilayətinə aid olduğunu nəql etmişlər və buna Süyutinin "Durrul-mənsur" kitabı, cild 2, səh. 298; Əbülhəsən Vahidi Nişapurinin "Əsbabun-nuzul" kitabı, səh. 150; Şeyx Məhəmməd Əbduh, "Əl-Mənar" kitabı, 6-cı cild, səh. 120; Fəxri Razi "Təfsire kəbir" kitabı və sairəni misal göstərmək olar.
Biz nümunə olaraq Fəxri Razinin söylədiklərinin bir qismini nəql edirik:
"O, əhli-sünnə təfsirçiləri arasında tayı-bərabəri olmayan, güclü və geniş şərhli təfsirə malik alim, zəkalı və zirək bir insandır (eyni zamanda, hədsiz təəssübkeşdir və bu, onun üçün həqiqətlərin qəbulluğunda bir maneəyə çevrilmişdir). Yuxarıdakı ayə barəsində doqquz ehtimalı bəyan etdikdən sonra, Əmirəl-mömininin (ə) vilayətini “onuncu ehtimal” ünvanında nəql edir. Fəxri Razinin kəlamlarının mətni bu tərtiblədir:

نزلت الآية فى فضل علي بن ابيطالب ولما نزلت هذه الآية أخذ بيده و قال : من كنت مولاه فعلي مولاه اللّهم وال من والاه وعاد من عاداه فلقيه عمر فقال: هنيئاً لك يا بن أبي طالب! أصبحت مولاي ومولى كل مؤمن ومؤمنة.

"Bu ayə Əli ibn Əbu Talib (ə) barəsində nazil olmuşdur. Həmin ayə nazil olan zaman Peyğəmbər (s) Əlinin (ə) əlindən tutaraq yuxarı qaldırdı və buyurdu: "Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlası və rəhbəridir. İlahi! Əlinin vilayətini qəbul edənləri özünə dost və onunla düşmənçilik edənləri isə düşmən tut!" Sonra Ömər Əliyə yaxınlaşdı və o həzrətə dedi: "Ey Əbu Talibin oğlu! Bu məqam və fəzilət sənə mübarək olsun. Bu gündən etibarən, sən mənin və bütün müsəlman kişi və qadınların rəhbərisən."
"Şəvahidut-tənzil" kitabında yazılanlara uyğun olaraq Ziyad ibn Munzir deyir: "İmam Baqir (ə) camaatla söhbət edən zaman, mən onun yanında idim. Bəsrə əhlindən Osman Əşa adlı bir şəxs ayağa qalxdı və soruşdu: "Ey Allah Rəsulunun övladı! Canım sənə fəda olsun! Həsən Bəsridən bu ayənin kimin barəsində nazil olduğunu soruşduğumda, cavab verdi ki, bir kişi barəsindədir, lakin onun adını demədi. Siz onun kim olduğunu deyin. "İmam dedi ki, əgər Həsən Bəsri istəsəydi, onun adını deyə bilərdi, amma qorxu üzündən onu deməmişdir (çünki Bəni-Üməyyə zamanında yaşamış və Əmirəl-möminin Əli (ə) ilə arası yaxşı deyildi). Amma mən deyirəm.... Allah-taala camaatın ehtimal edilən təhlükəsi qarşısında Peyğəmbərə (s) zamanət verdiyi zaman, o, həzrət Əlinin (ə) əlindən tutaraq qaldırdı və onu özünün canişin və xəlifəsi ünvanında tanıtdırdı. "
Diqqəti cəlb edən məsələ "Şəvahidut-tənzil" kitabının müəllifi və həmin rəvayəti nəql edən şəxsin əhli-sünnədən olmasıdır. Digər əhli-sünnə alimləri də həmin rəvayəti nəql etmişlər.
Nəticə etibarilə, hədislər, rəvayətlər, səhabələrin dedikləri, alim və təfsirçilərin nəzəriyyələri "Təbliğ" ayəsinin Əmirəl-möminin Əlinin (ə) vilayəti barədə nazil olmasına dəlalət edir.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!