FREYDİN NƏZƏRİYYƏSİ – “QORXU” AMİLİ

:

Sual: Məşhur psixoloq Freyd deyir: “İnsan özündən böyük və qüdrətli bir şəxsin ona dayaq olduğunu hiss etməyə möhtacdır. Beləcə o, “Tanrı” adlı varlığa itaət etməyə ehtiyac duyur. Əslində, Tanrı yoxdur və o, sığınacaq axtaranlar və “Tanrı” adlı varlığa pərəstiş edənlərin təsəvvürüdür.” Bu, Freydin sözləridir. Ona necə cavab verə bilərsiniz?

Cavab:

Avstriyalı məşhur nevropatoloq və psixoloq Ziqmund Freyd (1856-1939) öz nəzəriyyələrini bəyan edərkən insandakı qorxu hissini Allaha inam və dindarlığın əsas amili hesab edir. Əlbəttə, bu nəzəriyyə ondan öncə də irəli sürülmüşdür. Çox ehtimal ki, həmin nəzəriyyəni açıq şəkildə bəyan edən ilk şəxs (b.e.ə təqr. 99-55) romalı şair Tit Lukertsi Kardır. O, öz şeirlərinin birində belə deyir: “Tanrıları yaradan ilk şey qorxudur.” Bir sözlə, bu nəzəriyyəyə əsasən, sel, zəlzələ, xəstəlik, ölüm və bu kimi təbii hadisələrdən yaranan qorxunu bütün təbii hadisələr üçün müştərək amil hesab edərək onu Allah adlandırır. Z. Freydin nəzərincə, insanı Allah yox, əksinə Allahı insan yaratmışdır. Həqiqətdə, insanların zehnində dini inancların yaranış səbəbi təbii hadisələrdən doğan qorxu hissi və özlərini qorumaq istəyidir. Qədim insanlar dəhşətli hadisələr müqabilində təhlükə və qorxudan amanda qalmaq üçün tədricən qüdrətli, dərrakəli və təbiətə hakim varlıqlara inanmağa başladılar ki, xahiş, dua, ibadət, qurbanlıq və bu kimi əməllər vasitəsilə həmin varlıqların məhəbbətini cəlb edib təhlükəni özlərindən uzaqlaşdırmaq istəyirdilər. Onun fikrincə, insanın Allaha üz tutmasının səbəbi qədimdə də, müasir dövrdə də qorxu hissi olmuş və bu baxış hələ də qüvvədə qalmaqdadır. Çünki insan tarixi bir varlıqdır və keçmişdəki varlığın xüsusiyyətləri müxtəlif nəsillər vasitəsilə müasir insana ötürülür.1

“QORXU” AMİLİNƏ İRADLAR
1. Bu nəzəriyyə yalnız bir fərziyyə və ehtimaldır və onun isbatı üçün heç bir dəlil də yoxdur.
2. Ümumiyyətlə, insanın qorxusunda iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi zəiflik. İnsan tanımadığı və məlumatlı olmadığı bir çox gerçəkliklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca, qorxusu da azalır. Məsələn, xəstəliyə tutulan və onun səbəbini bilməyən bir insan təsəvvür edək. Onun həmişə qəm-qüssə, həyəcan içində olduğunu görəcəksiniz. Çünki o, əlacsız xəstəliklərə tutulduğunu ehtimal edir. Lakin həkimə müraciət edib xəstəliyinin səbəbini öyrəndikdə, onun elə də təhlükəli olmadığını başa düşür, qorxu və həyəcanı aradan qalxır.
Fiziki və ruhi çatışmazlıq da insanda qorxu yaradır. İnsan bəzi ruhi-psixoloji xəstəliklərə yoluxduqda, həmişə qorxu və iztirab halında olacaqdır. Ruhi-psixoloji sağlamlığa malik olanlar isə bir çox təhlükələrdən qorxmurlar.
Deməli, insanın məlumatı artdıqca, bir çox ruhi-psixoloji gərkinliklərdən xilas olur və qorxu hissi keçirmir. Bunu nəzərə almaqla, Z. Freydin “Allaha inamın səbəbi qorxudur!” – nəzəriyyəsinə diqqət yetirək. Bu nəzəriyyəyə görə, insanın məlumatı artarsa və ruhi-psixoloji sağlamlığa malik olarsa, onun qorxusu aradan qalxar və Allaha inanmaz. Başqa sözlə, heç bir hadisədən qorxmayan, eləcə də, məlumatının artması və ruhunun sağlamlığı nəticəsində qorxusu aradan qalxan insan Allaha inanmamalıdır. Halbuki, həyatda həmişə bunun əksi müşahidə olunur.
3. Fərz edək ki, insanların hamısı və ya bir qrupu qorxudan “Allah” adlı bir varlığa inanıb Ona itaət edir. Məntiqə əsasən, yenə də “Allah yoxdur, bütün dinlər puç və batildir!” – nəticəsini ala bilmərik. Freydin nəzəriyyəsinin düzgün olduğunu fərz etsək belə, bunu isbat etmiş olarıq ki, insanların din və Allaha inanmasında rol oynayan səbəb düzgün deyil.2  Bu da, “Allahın varlığı və hər hansı bir dinin haqq olmasını” inkar etməkdən tamamilə fərqlənir.
Bu misala diqqət yetirin: Tarix boyu bəşər cəmiyyətinin elmi ixtira və kəşflər etməkdə əsas məqsədi məşhurlaşmaq, ictimai mövqe qazanmaq və sərvət toplamaq olmuşdur. Bunu əxlaqi və düzgün məqsəd hesab etmək olmaz. Lakin insanın elmi ixtirda məqsədinin düzgün olmaması elmi ixtiranın puç və yersiz olduğunu göstərmir. Bir sözlə, bu nəzəriyyədə səbəblə (insanı hansısa bir şeyə sövq edənlə) nəticə (insanın nail olduğu şey) arasında uyğunsuzluq yaranmış və birinin batil sayılması digərinin batil hesab edilməsi ilə nəticələnmişdir.
4. Bu nəzəriyyənin batil olmasını isbat edən amillər:
a) Tarix özü şəhadət verir ki, dini gətirən və camaatı Allaha doğru dəvət edənlər ən şücaətli və dözümlü şəxslər olmuşlar.
b) Dünyada Allaha əsla etiqad bəsləməyən qorxaq insanlar da çox olmuşdur və hal-hazırda da mövcuddur.
Bizim əqidəmizə əsasən, Allahın varlığına inam tarix boyu bütün insanların fitrətində və daxilində olmuşdur; yəni (məsələn) məhəbbətin yaxşı iş olması, həqiqəti tapmaq hissinin bütün insanların fitrətində mövcudluğu səbəbə ehtiyaclı olmadığı kimi, “Allahı tanımaq” və “Ona itaət” hissi də fitridir. İlahi fitrət onları Allaha inanmağa sövq edir.3

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1.  “Xuda dər əndişeye bəşər”, Abdullah Nəsri, səh. 38
2. Yəni insanların Allaha və dinə inanmalarının səbəbi qorxudursa, bu yanlışdır.
3.  Əlavə məlumat əldə etmək istəyənlər Şəhid Mürtəza Mütəhhərinin “Fitrət” kitabına müraciət edə bilərlər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!