PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ - 4

:

MÖCÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI
“Müşriklər: “Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi tərəfindən bir möcüzə nazil edəydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin.” Doğrusu mən də sizinlə birlikdə gözləyirəm!” (“Yunus” surəsi, ayə: 20)

Onlar deyirlər: Ayənin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbərdən (s) möcüzə gətirməsini istədikdə o, möcüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qurandan başqa heç bir möcüzəsi olmamışdır. Bu məzmunda ayələrə Quranın digər surələrində də rast gəlirik. Məsələn, “Rəd” surəsinin 1-ci və “Ənam” surəsinin 37-ci ayəsində deyilir.
“Kafir olanlar: “Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] vardır.” (“Rəd” surəsi, ayə: 7)
“[Məkkə müşrikləri] dedilər: “Məgər ona [Peyğəmbərə Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De ki: Allah möcüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!” (“Ənam” surəsi, ayə: 37)
Müşriklərin istidlal etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.
Birinci cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan möcüzələr Peyğəmbərin (s) bütün möcüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri möcüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklər tələb etdikləri möcüzələri peyğəmbərlərə iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail olmaq üçün idi.
Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.
Qurani-Kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.
“Onlar dedilər: Məgər ona [Həzrət Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?”(“Ənam” surəsi, ayə: 8)
“[Müşriklər Peyğəmbərə (s) ] belə dedilər: Ey özünə kitab nazil edilən kəs! Axı sən divanəsən. Əgər sən doğru danışanlardansansa , [peyğəmbər olduğun barədəki iddian düzgündürsə] mələkləri bizə gətirsənə!” (“Hicr” surəsi, ayə: 7)
“Müşriklər dedilər: Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyildimi?Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib dolanmaq üçün bir bağı olmalı deyildimi?” Zalimlər [müşriklər möminlərə] dedilər: Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe olursunuz!” (“Furqan” surəsi, ayə: 8)
Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri möcüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli dəlillərə əsaslanmamışdır. O ki qaldı Peyğəmbərə (s), o da , müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki, qeyd etdiyimiz kimi müşriklər bu tələbləri Peyğəmbərə (s) iman gətirmək məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən tələb edirdilər. Bu səbəbdən də əgər onlar, möcüzələrdən hər birini Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Quranı bir möcüzə olaraq onların qarşısına qoyar və mübarizə meydanına dəvət edərdi.
Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik.
1. Peyğəmbər (s) ixtiyarında olan möcüzələrdən yalnız biri ilə, yəni Quranla müşriklərin mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki, əbədi peyğəmbərlik əbədi möcüzəyə əsaslanmalıdır və belə bir əbədi möcüzəvi xüsusiyyətə yalnız Quran malikdir. Digər möcüzələr isə müvəqqəti və məhduddur. Yəni bütün insanlara deyil, bəzi zaman və ərazilərdə yaşamış millətlərə şamildir.
2. Möcüzə göstərmək Peyğəmbərin (s) ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə təyin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.
Bu xüsusiyyət təkcə Həzrət Muhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də möcüzə göstərmişlər. Qurani-Kərimdə bu haqda deyilir:

“Allahın izni olmadıqda heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz.” (“Rəd” surəsi, ayə: 38)
“Heç bir peyğəmbər Allahın izni olmadan möcüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.” (“Mumin” surəsi, ayə: 78)
Bunu da qeyd etmək lazımdır ki, Quranda [bəzi] möcüzələri inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.
Məsələn:
“Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin möcüzəsi ilə] parçalandı.
Əgər müşriklər [Muhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir möcüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.” (“Qəmər” surəsi, ayə:  1-2)
“Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, möcüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.” (“Ənam” surəsi, ayə: 124)
Hər iki ayədə istifadə olunan “ayə” kəlməsində məqsəd Quran ayəsi deyil, möcüzə və onun əlamətləridir. Yəni “ayə” sözü hər iki ayədə möcüzə mənasında işlənmişdir. Çünki, əgər Quran ayəsi nəzərdə tutulsaydı, “parçalanmaq” və “görmək” felindən deyil, “eşitmək” felindən istifadə olunardı. Ayənin məzmunu da Quran ayələri ilə deyil, möcüzə ilə əlaqəlidir.
Buradan belə məlum olur ki, Peyğəmbərin (s) Qurandan başqa digər möcüzələri də olmuşdur və “uzun müddət davam edən sehrdir” cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun möcüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə bölə bilərik.
1. Müvəqqəti olaraq möcüzələrin dayandırılmasına dəlalət edən ayələr;
2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nazil olmuş ayələr.

İNCİL VƏ TÖVRATDA HƏZRƏT MUHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ
Quran, Tövratda və İncildə Həzrət Muhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.

“O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.” (“Əraf” surəsi, ayə: 157)
“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən Allahın elçisiyəm!”( “Səf” surəsi, ayə: 6)
Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yəni məsihi və yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi oluruq.
Kitab əhlinin kütləvi şəkildə islamı qəbul etməsi, Tövrat və İncildə Həzrət Muhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.
Çünki əgər bu kitablarda Muhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-küdurət olmayan, Həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Muhəmmədə (s) də iman gətirməli idilər.

Onlara iman gətirməyənlər isə, Muhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün möcüzə görməli idilər. O ki qaldı Muhəmmədin (s) möcüzələrinə, Qurandan başqa onun bir çox digər möcüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər peyğəmbərlərin möcüzələrindən daha böyük təsir göstərmişdir. Çünki, onun möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər zaman və etibar baxımından digər peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mötəbərdir.

MƏTLƏBLƏRİN XÜLASƏSİ
1. Quran ayələri nəinki möcüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;
2. Möcüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə möcüzə göstərə bilər;
3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün möcüzə göstərməlidir. Lakin Allah-taala bundan artıq nə ona möcüzə izni verməli, nə də özü möcüzə göstərməlidir. İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə möcüzə istəyinə müsbət cavab vermək düzgün təvəqqö deyildir.
4. Möcüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan möcüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;
5. Əbədi olan yeganə möcüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan Həzrət Muhəmmədə (s) nazil olmuş Qurani-Kərimdir. Muhəmməd (s), Qiyamət gününədək qalacaq bu ilahi möcüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə dəvət edirdi;
6. Muhəmmədin (s) möcüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;
7. Muhəmmədin (s) möcüzələri çox olsa da, Qurandan başqa onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu möcüzələrin heç biri keçmiş peyğəmbərlərin möcüzələri kimi əbədi olmamışdır.

Kitаbın аdı: Əl-bəyan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!