XURAFATIN QƏBUL OLUNMA SƏBƏBLƏRİ - 2

:

 

XURAFATDA PSİXOLOJİ SƏBƏBLƏR
Psixoloqlar xurafatın qəbul olunmasının psixoloji amilləri haqqında deyirlər: «Bəzən adamlar həyatın keşməkeşində özlərinə qarşı itirdikləri inamı rəmmallara, taleyəbaxanlara, müxtəlif sehr və cadulara əl atmaqla yenidən bərpa etmək istəyirlər. Çalışıb zəhmət çəkmədən inam tapmaq, iztirablarını azaltmaq, uduzduqlarını əldə etmək və möcüzəvi müvəffəqiyyətə çatmaq istəyirlər.

Lakin onun acı nəticələrindən xəbərsizdirlər. Fərdlər arasında konfliktin yaranması, əlin işdən soyuması, iradəsizlik, özünə inamsızlıq, mövhumatdan doğan intizar və ümid, hətta iqtisadi zərərlər də bu qəbildəndir.» («Mahnameye-peyame-zən», № 146, səh: 96)
Psixologiya ilə tanışlıq barəsində mütaliələr göstərir ki, gələcəyə ümidin olmadığı ən həlledici anlarda, adamların qorxu və qaranlıq hiss etdikləri vaxt xurafatın qəbul edilib yayılması üçün zəmin yaranır. Yəni nadanlıq (cəhl) və qorxu, xurafatın qəbul olunması üçün iki güclü hərəkətverici amillərdir.

ƏRƏB CAHİLİYYƏTİ DÖVRÜNDƏ XURAFAT
Bəşəriyyətin inkişafında, onun cahillik və xurafatdan xilas olmasında İslamın oynadığı rolun daha da aydın olması üçün İslamdan öncə olan xurafi və cahil əqidələrdən qısa nümunələrə işarə edirik.
Ərəb cahilliyyəti dövründə səfərə çıxan şəxsin arxaya baxmağa haqqı yox idi. Əks təqdirdə, onun üçün problemlər yaranacaqdı.
Uşağa qalmayan qadın əgər ölmüş kişinin cəsədinə yeddi dəfə ayaq qoysaydı, artıq onun uşağının ölməyəcəyinə etiqadlı idilər.
Ərəbin böyükləri özləri ölməmişdən öncə bir dəvəni öz qəbirlərinin kənarında dəhşətli şəkildə öldürüb basdırardılar ki, Qiyamət günü piyada qalmasınlar.
Əgər səfərdə olanın qayıtmağını istəməsəydilər, onun üçün ocaq yandırardılar.
Arzulamadıqları qonağı yola salmağı sevmədikləri üçün xəlvətcə onun arxasına kasa qoyardılar ki, bir daha qayıtmasın.
Cahiliyyət dövründə yaşayan ərəblər getdikləri yerdə qorxu ilə üzləşsəydilər, yüz dəfə eşşək kimi səs çıxarar və ya tülkü sümüyünü bədənlərindən asardılar.
Əgər bir şəxs çöllükdə (yolu azıb) itsəydi, divləri qorxutmaq üçün öz köynəyini çevirib tərsinə geyərdi.
Dəvələrinin sayı yüzə çatsaydı, həsəd aparananın bədnəzərinin qarşısını almaq üçün erkək dəvənin bir gözünü çıxarıb kor edərdilər.
Dişi inəklər su içməyəndə, buynuzlarının arasında olan cinlər uzaqlaşsın deyə, erkək inəklərin üz-gözünə vurardılar.
Əgər uşaqlarının dişi düşsəydi, onu iki barmaqla səmaya atıb deyərdilər: «Günəş! Ondan yaxşı diş ver!»
Yağış yağmasaydı, cahil ərəblər tez alışan çubuqları götürüb inəyin quyruğuna bağlayıb, yandırardılar. Yazıq inək də böyürər, aşağı-yuxarı atılardı. Onlar da bunu göyün gurlaması əlaməti sayıb, yağışın yağacağını güman edərdilər.
Quş uçan zaman onun hərəkləri ilə fala baxardılar. Əgər quş sağ tərəfə uçsaydı uğur rəmzi, sola uçsaydı uğursuzluq sayıb, uduzmaq əlaməti hesab edərdilər.
Qız uşaqlarının diri-diri qəbrə basdırılması, arvadların dəyişdirilməsi, məntiqsiz və ifrat həddində olan şəhvətdən doğan evliliklər və s. adətləri də yuxarıdakı nümunələrə əlavə etmək olar.1

ELM VƏ İNKİŞAF ƏSRİNDƏ XURAFAT
Nadanlıq və cəhalət gecə-gündüzmü, xüsusi zaman-məkanmı tanıyır?! Bu gün də – elm, bilik və inkişaf dövründə xurafat və nadanlıq müsibəti bəşəriyyətdən əl çəkmir. Mövhumatdan doğan əsassız əqidələr bu məğrur bəşərin əllərini bağlayır, atom kəşfini, kosmik nailiyyətini kölgələyərək orta əsrləri, bəzən də cahiliyyət əsrini xatırladır. Əgər buna inanmırsınızsa, bu gün cəmiyyətin qəbul etdiyi xurafata baxıb, yaxşı-yaxşı düşünün və özünüz qərara gəlin!
İnformasiyanın bəzən bizə çatdırdığı müxtəlif ölkə və millətlərin bir sıra xurafi əqidələrini görəndə, insan təəccüblənməyə bilmir. Öz-özünə: «Bunlar, heç də cahiliyyət dövründə olan əqidələrdən geri qalmır!»-deyir.2
Görəsən, xurafat, elmi tərəqqinin olduğu vəziyyətlə yanaşı necə və niyə yayılır?! Dünyanı xurafatdan nə uzaqlaşdıra bilər?! Elm-bilik, mal-dövlət, yoxsa sənət?! Bəs niyə uzaqlaşdırmır?! Niyə qərbin bilik adamlarının elm və texnikanın, bəşəriyyətin səadətini təmin etməsinə sadəlövhcəsinə olan inamı, hal-hazırda tükənməkdədir. Buna görə də, sırf maddi inkişafın insanın problemlərini həll etməməsi həqiqətini dərk etməkdən başqa çarə qalmır...
Təqribən bütün dünyada indiyidək qəbul olunan ən şirin yalan da elə budur: elm həqiqətə tərəf gedən yeganə yoldur.»3

İMAM ZAMANIN (Ə) DÖVRÜNDƏ CAHİLİYYƏT
Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf edib bəşəriyyəti azğınlığa və puçluğa sürükləyəcək.
Yaranmış həşrədək belə olacaq,
Şor su şor, şirin su şirin qalacaq.
Təəccüblüsü budur ki, dünyanın yeganə xilaskarı üçün (bütün dünya əhli Ona fəda olsun və Allah gəlişini yaxınlaşdırsın) atom bombası və hərbi silahlardan çox, insanların nadanlıq və cəhalətinin problem yaratdığını deyirlər!
Fəzl ibn Yəsar deyir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:
ان قائمنا اذا قام استقبل من جهل الناس اشد مما استقبله رسول الله (ص) من جهال الجاهیة
«Bizim Qaimimizin (ə.c) zühur etdikdə, axirəz-zaman camaatının cəhlindən görəcəyi azar-əziyyətləri, Rəsulallahın (s) İslamdan qabaq gördüyü ərəblərin cahiliyyətindən daha çətin olacaq.»
İmamdan soruşdum: «Bu necə olur?!» Həzrət (ə) buyurdu: «Peyğəmbər (s) yonulmuş daş, qaya, çubuq və taxtaya pərəstiş edən camaatın arasına gəldi. Amma bizim Qaimimiz qiyam edəndə, camaatın hamısı onun üçün Allahın Kitabından dəlil gətirəcək, Quran ayələrini təfsir edib yozacaqlar.» («Qeybəte-Nomani», səh: 413, bab: 18, həd: 1. Bu məzmunda əlavə olaraq bir neçə rəvayət nəql olunmuşdur.)
Baxın! Səhv başa düşmək, əyri anlamaq və cahillərin saf İslam dinini xoşagəlməz tərzdə öyrətmələri işi hara aparıb çıxarır. Məsum İmamın kənarında, Quran ayələrinə ehtiyaclı olduqları halda, öz anladıqlarını düzgün sayırlar!!

HİNDİSTAN – QƏRİBƏLİKLƏR DİYARI
«Cövşən-kəbir» duasında oxuyuruq:
یا من فی البحار عجائبه  «Ey o Allah ki, yaratdığı qəribəliklər dəryalardadır.»
Ustadlardan biri deyirdi: «Dəryaların dibinə getməmişəm, amma Hindistana səfər etmişəm. Orada tayfaların qəribəliklərini görəndə dedim:
یا من فی الهند عجا ئبه  «Ey o şəxs ki, qəribəlikləri Hindistandadır.»
Biz də Hindistanın müxtəlif tayfa və firqələrinin əqidələri, adət-ənənələri haqqında olan kitabları mütaliə etdikdən sonra dedik:
یا من فی الهند خرافاته  «Ey o şəxs ki, xurafatı Hidistandadır.»
Əgər inanmasanız, dəryanın bir nümunəsi sayılan bu kitabları nəzərdən keçirin: «Bərrəsiye əqayid və ədyan», səh: 26; «Ərməğane-hind və pak», Ayətullah Ləngərudi, səh: 106-111.
Hindistanda bəzi şəxslər supərəstdirlər. Sübh tezdən sahilə və ya su arxının yanına gedir, günəş doğan zaman bir az su götürüb dörd tərəflərinə səpirlər. Bu iş onlar üçün bir növ ibadətdir. Suyun azalmasını, suyun (yəni allahın), onlardan küsməsi kimi qəbul edirlər. Onun diqqətini çəkmək üçün gözəl bir qızı gəlin kimi bəzəyib cah-cəlalla dərya kənarına aparırlar. Sonra su incikliyi kənara qoyub onlarla barışsın deyə, onu suya atırlar.
Hindistanda insanın tənasül üzvlərinə pərəstiş edən bir tayfa var. Onlar öz ibadətgahlarında qadın və kişinin tənasül üzvülərinin təsvir olunduğu heykəllərə pərəstiş edirlər.
Hindistanda bəzilərinin 33 milyard allahı var. Onlardan «Bunu necə sayırsınız?»-deyə soruşduqda, cavabında deyirlər: «Onları saya bildiyiniz gün, dünyanın axırıdır!»

Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər
Müəllif: Seyyid İsmail Şakir Ərdəkani
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1. İslamdan öncə cahiliyyət dövründə olan xurafatlarla tanışlıq üçün bu mənbələrə müraciət edə bilərsiniz: «Şərhi-Nəhcul-bəlağə», İbni Hədid, c. 19; «Tarixe-təhqiqiye-İslam, c: 1; «Fərazhaye əz tarixi-İslam və furuğe-əbədiyyət», c: 1; «Xorşide-İslam çequne derəxşid», c:1; «Kitabe-cahiliyyət və İslam»; «Təfsirül-mizan», c: 2.
2. «Cumhuriye-İslami» qəzeti, çərşənbə axşamı, 28 fərvərdin, 1385-ci il; Taylandın baş naziri öz çıxışında bildirib ki, keçirilən «su səpmək» və ya «sunk-karan» adlı ənənəvi bayramda indiyədək 441 nəfər ölüb, 5503 nəfərdən artıq şəxs isə yaralanıb. Bu həftə 554 yol hadisəsi qeydə alınıb. Onlardan təkcə biri maşının sürətlə idarə olunması səbəbi ilə baş vermiş, qalanı isə bayramla əlaqəlidir. Taylandlılar, öz ənənəvi bayramlarında müxtəlif vasitələrlə biri-birlərinə su atırlar ki, bu da onların bəzən ölməsi və yaralanması ilə nəticələnir.
Bir ovuc bir anbarın nümunəsidir. Televizor yayınlarında da inək oyunu, öküz minmək, portağal oyunu və s. bayramlarda belə miqyasların verilməsinin özünüz şahidi olmusunuz. Bunların hamısı korkoranə təqlid və ənənəvi bağlılıqlardan qaynaqlanır.
3. «Əsre-imam Xomeyni», səh: 151.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!