XURAFATLAR HAQDA ƏQİDƏMİZ - 1

:

AVROPA ÖLKƏLƏRİNDƏ «NƏHS 13» DASTANI
Ustad şəhid Mütəhhəri qərblilərin xurafatı barəsində yazır: «Biz əvvələr elə düşünürdük ki, bu məsələ (13 ədədinin nəhsliyi) bizim millət və ya millətlərə aiddir. Sonradan isə bizə xəbər çatdı ki, necə deyərlər, inkişaf etmiş ölkələr – Avropa və Amerika bizdən yüz dəfə artıq bu ədədə hücum etmişlər...» («Panzdəh qoftar», səh: 162. 13 ədədinin nəshliyi barəsində məlumat almaq istəyənlər bu kitaba müraciət etsinlər.)

Ustadın nəzərinin daha da aydın olması üçün iki fakta müraciət edək:
Nobel Sülh Mükafatçısı doktor Luter Kinq (1962-ci il) özünün «Qara nida» adlı tanınmış kitabında belə yazır: «Mən Nyu Yorkun böyük bir otelinin liftində 13-cü mərtəbənin olmadığını başa düşdüm; 12-ci mərtəbədən sonra 14-cü mərtəbə yerləşirdi. Bu barədə liftin işçisindən soruşdum. O  cavab verdi: «Bu üsul və adətə, bu şəhərin əksər otellərində riayət olunur. Çünki çoxları on üçüncü mərtəbədə qalmaqdan vəhşət edirlər. Hətta bəzi müsafirlər, 14-cü mərtəbənin 13-cü ilə dəyişdirildiyi üçün, 14-cü mərtəbədə yerləşməkdən də çəkinirlər.»
Aydındır ki, belə əsassız qorxular deyilən yolçular kimi zəif ruhlu şəxsləri gündüz vaxtı vəhşətə salırsa, təbiidir ki, gecə onların ruhunu bütünlüklə sarıb, vahiməyə və azara salacaq. 
Başqa bir nümunə budur ki, bir neçə il bundan öncə, İngiltərə və Almaniya mətbuatında bir xəbər dərc olunmuşdu: «İngiltərə şahzadəsi Qərbi Almaniyanı görmək üçün yola düşür. Duisburq dəmiryol stansiyanın rəisi qatarda şahzadənin 13 saylı vaqonda hərəkət etdiyini görəndə, Şahzadə və onunla birlikdə gedənlər üçün bir hadisə baş verməsin deyə, vaqonun nömrəsini 12 rəqəmi ilə dəyişir.» («Panzdəh qoftar», səh: 26)
Belə məsələlər Avropa ölkələrində bu gün də davam etməkdədir. Hətta bütün xəbərlərdə Birləşmiş Millətlər Təşkilatının binasında 13-cü mərtəbənin olmadığı bildirilir. 13 rəqəminin nəhsliyi barədə sözü burada saxlayaq.
Avropanın, necə deyərlər, mədəni və inkişaf etmiş ölkələrində taleyəbaxmaq, gələcəkdən proqnozlar, o xalqların arasında tilsimlərin alınıb-satılması, cahil və azdırıcı fikirlərin təsirləri, onların zahiri ağıl və düşüncəpərəstlik pərdəsinin arxasından özünü göstərir. Bu da, bəzən orta əsrlərin geridəqalmış cəmiyyətini xatırladır.
Buna görə də, onların azdırıcı zahirləri, yalançı hay-harayları və səs-küylərinə aldanmayın, özünüzü onların qabağında kiçik saymayın və əbəs yerə təriflərə, şişirtmələrə yol verməyin!

MƏZHƏBİ MÖVHUMAT – TƏZƏ EV VƏ MAŞIN ÖNÜNDƏ QAN TÖKMƏK
Ustad şəhid Mütəhhəri bu məsələnin kökünün cahilliklə bağlı olduğu barədə deyir: «Adətimiz belədir ki, evimizi dəyişəndə, təzə evə gedəndə, bir bulaq açanda, ya da hər hansı təzə bir iş görəndə bir qoyun kəsirik. Şeyx Səduq nəql etmişdir ki, Rəsuli-əkrəm (s) cin qurbanlıqlarını nəhy etmişdir. Məlum olur ki, qədimdə bu adətin adı «zəbihətul-cin» (cin qurbanlığı) olmuşdur. Ev alan, bulaq açdıran və ya hər hansı bunun kimi bir iş tutan şəxs tutduğu iş uğursuz olmamalı, cinlərdən ona zərər gəlməməsi üçün qoyun kəsir (Biz buna «bədnəzər» deyirik). Cahiliyyət dövründə ərəblər, bu zərərləri cinlərin törətdiyini deyirdilər. Peyğəmbər (s) cahiliyyətin bu sünnəsini batil sayıb nəhy etsə də, bizim aramızda yenidən yayılmışdır. Həmin hədis (bizim mötəbər hədis kitabımız olan) «Vəsailuş-şiə» kitabında nəql olunub:

نهی عن ذبا ئح الجن و هو أن یشتری الرجل الدار او یستخرج العین و ما اشبه ذ لک فیذبه له ذبیحة للطیرة مخافة إن لم یفعل أن یصیبه شیء من الجن

(«Vəsailuş-şiə», c: 2, səh: 198; «Panzdəh qoftar əz məaniul-əxbar», ustad Şəhid Mütəhhəri, səh: 170 (cüzi dəyişiliklə))
Ayətulah Məkarim Şirazi  bu qurbanlığın şəri hökmü barədə belə deyir: «Qurban kəsmək və ehtiyaclılara kömək etmək yaxşı işdir. Amma onun qanını nəqliyyat vasitələrinə və ya yarımçıq tikilmiş evlərə səpmək xurafatdır!» (Məkarim Şirazinin «İstifta»sından.)

MƏSUMLARIN (Ə) QONDARMA TƏSVİRLƏRİ
Ustad şəhid Mütəhhəri deyir: «İslamın təsviri şüarları yoxdur. İslamda iki şüar yoxdur: təsviri və ədədi şüar. Bəzi yerlərdə, xristianlıqda xaç təsviri olduğu kimi, təsviri şüarlar gözə dəyir. İslamda xaçın müqabilində qoyulası şüar yoxdur"! 
Bazarda satılan Peyğəmbərin (s), Əmirəl-möminin (ə) və pak imamlar kimi müqəddəslərin təsvir olduğu şəkilllərin heç bir əsası yoxdur! İslam, tövhid dini olduğu üçün əvvəldən ona yad olan heykəltaraşlıqla, xüsusən də, din övliyaları üçün heykəl düzəldənlərlə möhkəm mübarizə aparıb. O zamanlarda, xüsusən İslam mədəniyyətinin çox inkişaf etdiyi dövrdə də hansısa bir təsviri qələmlə çəkmək istəyənlər var idi. Bununla yanaşı, bu kimi hallar olmamışdır. Əgər Peyğəmbər (s) və əimmənin təsviri olsaydı, mütləq biz onu İsanın yerinə qoyub indiyədək pərəstiş edərdik. Bu şəkillərin əsassız olduğu bir yana qalsın, Peyğəmbərin (s), Həzrət Əlinin (ə) və İmam Hüseynin (ə) təsvirlərini qəbul etməyin! O şəkillər haqqında xoşagəlməz söz demək istəmirəm. Həmişə İmam Əlini (ə) vəhşətli bir qiyafə ilə və əlində tutduğu ikibaşlı, ilana oxşar ikidilli qılıncla göstərirlər. Həzrət Əli (ə) nə vaxt belə olub?! Düşmənlər İmam Əlinin (ə) gülərüz olduğunu deyir və bu xüsusiyyətini xəlifəlik üçün eyib sayırdılar.
Buyurur:  عجبا لابن النابغة! یزعم لاهل شام ان فی دعابة وانی امرؤ تلعا بة
«Təəccüblüdür! Nabiğə oğlunun xilafət üçün mənə tutduğu eyib budur ki, deyir, xoşsima adamam, zarafat edirəm və gülərüzəm...» («Nəhcul-bəlağə», xütbə: 80; «Panzdəh qoftar», ustad Şəhid Mütəhhəri, səh: 207-209)

MƏRCEYİ-TƏQLİDLƏRİN NƏZƏRLƏRİ
Sual: Bazarlarda satılan həzrət Mühəmmədin (s) azyaşlı və yaşlı halda təsvir olunan şəkillərini təsdiq edirsinizmi?
Ayətullah Məkarim Şirazi: «Əlimizdə bu və digər yayılan şəkilləri təsdiqləyən heç bir mötəbər dəlil yoxdur.» («İsteftate-cədid», c: 1, səh: 491)
Sual: 14 məsumun şəkillərinin çəkilməsi qadağan olunubmu? Bu şəkillər, onların müqəddəs məqamının zəiflədilməsi anlamına gəlmirmi?
Ayətullah Fazil Lənkərani: «Məsumların (ə) xəyala əsasən şəkillərinin çəkilməsi, onlara hörmətsizliyə səbəb olmadığı təqdirdə, öz-özlüyündə haram deyil. Amma ona etiqad bəsləmək əsassızdır!» («Cameul-məsail», c: 1, səh: 259, sual: 1013)

QADINLARIN UZUN DIRNAQ SAXLAMALARI
Görəsən, qadınların uzun dırnaq saxlamarı İslamda deyilib, yoxsa xurafatdandır? «Vəsailuş-şiə» kitabında İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə Peyğəmbərin (s) kişilərə belə buyurduğu deyilir:
قصوا اظا فیرکم  «Dırnaqlarınızı qısaldın (kəsin)!»
اترکن من اظا فیرکن فا نه ازین لکن  Qadınlara isə buyurur: «Bir az dırnaqlarınızdan saxlayın, çünki bu (qadınlar üçün) zinətdir.» («Vəsailuş-şiə», c: 2, səh: 134, həd: 1720)
Deməli, qadınların bir az dırnaq saxlamasının eybi yoxdur. Amma başqalarının nifrətinə və əziyyətinə səbəb, yaxud da naməhrəmlərin diqqətini çəkmək həddində olmamalıdır. Bunu, müsəlman qadınların ad-sanına yaraşmayan şəkildə, kafir və yad qadınlar kimi etməməlidirlər. Hədisin (ərəbcə) mətnində olan «من» kəlməsindən məlum olur ki, qadınlar, dırnaqlarını tamamilə deyil və adi qaydadan xaric olmamaq şərtilə bir hissəsini saxlaya bilərlər. Bunu da əlavə etmək lazımdır ki, belə bir göstərişə əməl etmək, onun zərər və mənfi nəticələri olmayan vaxta aiddir.

UYDURMA YUXUYOZMA KİTABLARI
Sual: Bir müddət bu məzmunda vərəqlər paylayırdılar: Şeyx Əhməd Nami Mədinədə (yaxud bir qız, Həzrət Zeynəbin (ə) hərəmində) yuxuda Peyğəmbəri (s) görüb. Ona məlum olub ki, göydə bir ulduz görünəcək, tövbə qapısı bağlanacaq. Kim yazarsa belə olacaq, yazmasa elə olacaq... Görəsən, bu vərəqlər etibarlıdırmı? Onlara diqqət etmək lazımdırmı?
Ayətullah Məkarim Şirazi: «Bu vərəqlər qondarma və əsassızdır! Neçə illərdir ki, naməlum şəxslər tərəfindən paylanılır.» («İsteftate-cədid», c: 3, səh: 570)

Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər
Müəllif: Seyyid İsmail Şakir Ərdəkani
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!