ƏBƏDİ HƏYAT - 8

:

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: hər ikisi həqiqi və cismanidir, onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır.

Nəhayət, hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur.
Fərqləri isə bunlardan ibarətdir: bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm olsa da, axirət dünyasında bütün bunlar heç bir məna kəsb etmir.
Bu dünyada insan zəhmətə qatlaşmalı, əkin yerlərini abadlaşdırıb oraya toxum əkməli, xeyirxah işlər görməli, axirət dünyasında isə əkdiyi toxumun [gördüyü xeyirxah işlərin] səmərəsindən bəhrələnməlidir. Bu dünya iş və əməl yeri, axirət dünyası isə nəticə və hesab yeridir. İnsan bu dünyada öz müqəddəratını həll edə bilsə də, axirət dünyasında buna nail ola bilmir. İnsanın dünyəvi həyatı ölümlə nəticələnir və bu dünyada bir gün cansız olan bir varlıq sabah canlanır və ya əksinə olaraq bir gün canlı olan varlıq sabah cansız bir varlığa çevrilir. Axirət dünyasında isə, mütləq həyat və qanun hakimdir. Orada heç bir dəyişiklik baş vermir. Axirət dünyasının cismi varlıqları (yer, göy, bağ və meyvələr və s.) insanın təcəssüm edən əməlləri kimi canlı və hər şeydən agahdır. Bu dünyanın özünəməxsus zaman mərhələsi vardır və varlıqlar zaman çərçivəsində müxtəlif şəraitlərdə təkamülə doğru hərəkət edir. Axirət dünyasında isə hər şey Allahın istək və iradəsindən asılıdır. Bu dünyadan fərqli olaraq insanın axirət dünyasındakı şüuru daha fəal olur. Başqa sözlə, pərdə və maneələr insanın gözləri önündən götürülür və o həqiqətlər olduğu kimi görünməyə başlayır. “Qaf” surəsinin 27-ci ayəsində bu haqda buyurulur: “Artıq bu gün gözünüzdən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.”
İnsanın dünyəvi həyatı yorucu və təkrarolunası fəaliyyətlərdən savayı bir şey deyildir. O, daim nə isə ələ gətirməyə və nəyəsə nail olmağa cəhd edər. Amma bir qədər sonra onun üçün adiləşər və yeni-yeni şeylər ələ gətirməyə çalışar. İnsan daim nə isə itirdiyini zənn edər və bütün ömrünü, itirdiyi şeyi tapmağa sərf edər. Axirət dünyasında əbədi həyata qovuşduqdan sonra axtardığının nə olduğunu dərk edər. Burada artıq yorğunluğun, ürək sarsıntısının nə olduğunu bilməz. O, hər şeyi unudar və həyatdan ləzzət alar. Qurani-Kərimdə bu haqda deyilir: “Onlar o Cənnətlərdə əbədi qalıb, oradan ayrılmaq [başqa yerə getmək] istəməyəcəklər.” (Kəhf-108).
Bu səbəbdən də Cənnət əhli, əbədi olmasına baxmayaraq, özlərində yorğunluq hiss etməzlər və istədikləri hər bir şey dərhal onların ixtiyarında qoyulduğu üçün artıq heç nəyin fikrini etməzlər.

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!