NAMAZ ÜRƏKDƏN QILINMALIDIR!

:

Heyfdir ki, insan səfalı cənnətin yanında bir ömür yaşasın, amma ona baş çəkməsin, əzizlərini ona sövq etməsin. İlahi vəhy böyük Peyğəmbərə (ə) belə fərman verdi: “Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona səbirlə davam et!“ (Taha/132) Bu gün sizin hamınız özünüzü bu müraciətin ünvanı sayın, müqəddəs həqiqət, dəyərli gövhər və Allahın Məhəmməd Mustafa (s) ümmətinə hədiyyəsi olan namazın qədrini bilin!1

Bir neçə saniyə!
Namaz hətta bizim İslam quruluşumuzda da özünün layiqli yerini tapmamışdır. Bu ağır məsuliyyət alimlərin və İslam maarifi ilə tanış olanların öhdəsinə düşür. Onlar namazı hamıya, xüsusən də gənc nəslə daha yaxşı tanıtdırmalıdırlar. İbtidai məktəb uşağından yüksək pilləli tədqiqatçıya qədər hər kəs namazı və onun sirlərini öz zehninə və bilgisinə uyğun şəkildə tanımaq yoluna qədəm qoya və bilmədikləri ilə tanış ola bilərlər.
Bizim cəmiyyətimizdə namazı bütün səviyyələrdə tanıtdırmaq üçün mühüm bir dövr başlanmalıdır. Media orqanları, xüsusən də radio və televiziya müxtəlif üsullarla namazı tanıtdırmalı və yada salmalıdırlar. Hər yerdə və həmişə radio və televiziyada namaz birinci olmalı, qəlblərdə iman şövqü və Allahı yad etməyin susuzluğu yaranmalıdır. Məktəb və universitetlərin dini dərslərində namaz dərsi öz yerini tapmalı, namazı öyrənməkdə biçimli sözlər və uca fikirlər hazırlanıb tələbə və şagirdlərin zehninə və qəlbinə təqdim olunmalıdır.
Namazın fəlsəfəsi, onun sirlərinin və rəmzlərinin təhlili sənət dili ilə hamıya təqdim olunmalıdır ki, hər kəs öz tutumu qədər ondan faydalansın. Tədqiqatçı və alimlər tərəfindən müxtəlif səviyyələrdə və müxtəlif aspektlərdən kitab və broşürlər yazılmalı, incəsənət və ədəbiyyat işlərinin mətninə çevrilməlidir.2
Əvvəl namaz!
Namazı bərpa etmək saleh bəndələr hökumətinin ilk səmərəsi və əlamətidir. Bundan sonra növbə cəmiyyətin iqtisadi tənzimindən və yoxsulluğu məhv etməkdən ibarət olan zəkata, eləcə də yaxşı işlərə dəvət etməyə və pis işlərdən çəkindirməyə - yəni yaxşılıqlara sövq etməyə və pis işlərdən saxlamağa çatır: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (hakim etsək), namaz qılar, zəkat verər, yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərlər“ (Həcc/41)3.
Daimi bir mübarizənin dayağı
Namazı bərpa etmək təkcə bu deyil ki, saleh insanlar özləri namaz qılsınlar. Bu, ilahi hökumətin təşkil edilməsinə bağlı olan bir şey deyil. Əslində dinin bu sütunu cəmiyyətdə ucaldılmalı, hər kəs onun sirləri və işarələri ilə tanış olmalı və faydalarından bəhrələnməlidir. Mənəviyyatın parıltısı və ilahi zikrin saflığı cəmiyyətin bütün üfüqlərini aydınlaşdırmalı və gözəlləşdirməlidir. Bədənlər və ruhlar birlikdə namaza tələsməli, onun pənahında aram və güclü olmalıdırlar.
Namaz dinin əsas sütunudur və xalqın həyatında da ən əsas yerə malik olmalıdır. Allah dininin hakimiyyəti sayəsində insanın gözəl həyatı o zaman hasil olacaq ki, insanlar öz ürəklərini Allahı yad etməklə canlı saxlasınlar, Onun köməyi ilə bütün şər və fəsad cazibələrinə qarşı mübarizə aparıb bütün bütləri sındıra, bütün daxili və xarici şeytanların zülm əlini öz vücudlarından kəsə bilsinlər. Bu daimi zikr yanlız namazın vasitəsi ilə hasil olur. Namaz əslində insanın onu aşağılığa və zəbunluğa çəkən nəfsi ilə, pul və güclə xarlığa və təslimçiliyə vadar edən hakim şeytanlarla həmişə və bütün hallarda apardığı mübarizədə möhkəm dayaq və tükənməyən ehtiyatdır.4
Tükənməz xəzinə
İnsanla Allah arasında əlaqənin yaranması üçün namazdan möhkəm və daimi bir vasitə yoxdur. Ən ibtidai insanlar özlərinin Allahla rabitələrini namaz vasitəsi ilə başlayırlar. Allahın ən dəyərli övliyaları da özlərinin məşuqla ünsiyyət xəlvətinin cənnətini namazda axtarırlar. Bu zikr və sirr xəzinəsinin heç zaman sonu yoxdur. Kim onunla daha çox tanış olsa, onda daha çox gözəllik və işıq tapar.
Namazın söz və zikrlərinin hər biri din bilgilərinin bir hissəsinə işarə vuran, onu təkrar-təkrar və ardıcıl şəkildə namaz qılanın yadına salan bir xülasədir. Mənalara diqqət yetirməklə səhvsiz və qəflətsiz qılınan namaz insanı ilahi bilgilərlə günbəgün daha artıq tanış edib, onlara daha artıq sevgi yaradar.5
"Namaz ürəkdən qılınmalıdır!"
Bizim xalqımız, bizim cəmiyyətimiz, xüsusən də indi ağır əmanəti öhdəsinə götürmüş gənclərimiz namazı tükənməz qüdrət mənbəyi bilməli və bu gün bəşəriyyəti təhdid edən fəsad, ədalətsizlik və azğınlıq cəbhəsi qarşısında namazdan və Allah zikrindən qüvvə almalıdırlar. Bu gün önümüzdə olan mübarizə bizi Allah zikrinin möhkəm dayağına, ona ümidə və etimada hamıdan qabaq və həmişəkindən daha çox möhtac edir. Namaz bizə bu ümidi, etimadı və mənəvi qüvvəni bəxş edən çağlar bulaqdır.
Ürəkdən və diqqətlə qılınan namaz, zikrlə dolu olan namaz, insanın öz Allahı ilə söhbət etdiyi, Ona könül verdiyi namaz, daim insana ən uca İslam maarifini öyrədən namaz insanı puçluqdan, məqsədsizlikdən və zəiflikdən xilas edir, həyat üfüqünü onun gözündə aydınlaşdırır, ona iradə və məqsəd bəxş edir, ürəyini azğınlığa, günaha və aşağılığa təmayüldən xilas edir. Məhz buna görə namaz bütün hallarda, hətta döyüşdə və həyatın ən çətin sınaqlarında da öz birinciliyini əldən vermir. İnsan həmişə namaza ehtiyaclıdır; təhlükəli anlarda isə daha ehtiyaclı.6

Kitabın adı: ƏN ÜSTÜN NAMAZ (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Hazırladı: Rəsul Mahmudzadə


1. Üçüncü namaz seminarına müraciətdən: 1993.
2. Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.
3. Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.
4. Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.
5. Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.
6. Müqəddəs Məşhəd şəhərində keçirilən illik namaz iclasına müraciətdən: 1991.

Tags: İSLAMIN ƏSASLARI, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!