2-Cİ MÜNAZİRƏ

:

ZÖHRLƏ ƏSR VƏ MƏĞRİBLƏ İŞA NAMAZLARININ BİRLİKDƏ QILINNMASI BARƏDƏ

23 Rəcəb, cümə axşamı, 1345-ci il
İşa namazının vaxtını elan edən müəzzinin azan səsi eşidildi [1]. Sünni qardaşlar məscidə getmək və fərz namazı əda etmək üçün hazırlaşırdılar.


Qardaşlardan bəziləri, «Əgər təkrar dönüb müzakirəyə davam etmək istəyirsinizsə, məscidə gedib-gəlmək çox vaxt aldığına görə, bu məclis davam etdiyi müddətdə “İşa” namazının burada qılınması yaxşı olardı. Təkcə Seyid Əbdülhəy ağa (məscidin imamı) məscidə gedib, camaatla namaz qıldıqdan sonra geri dönər» dedilər.

İrəli sürülən təklif hər kəs tərəfindən qəbul olundu. Qardaşlar namaz qılmaq üçün digər böyük bir otağa keçib, namazı əda etdikdən sonra təkrar bəhs yerinə döndülər.

Nəvvab Əbdülqəyyum xan [2]: «Möhtərəm qardaşımız, icazənizlə ağalar çay içənə qədər, mövzudan kənar bir söz soruşum».

Dəvətçi: «Buyurun, sizi dinləyirəm».

Nəvvab: «Sualım çox qısadır. Çoxdan bəridir ki, şiələrdən soruşmaq istəyirdim, lakin fürsət olmurdu; amma indi bu fürsət olduğu üçün qəlbimdəki bu sualı ərz etmək istəyirəm. Nə üçün şiələr Rəsulullahın (s) sünnəsinə zidd olaraq, zöhrlə əsr və məğriblə işa namazlarını birlikdə qılırlar?».

HƏZRƏT PEYĞƏMBƏR ZÖHRLƏ ƏSR VƏ MƏĞRİBLƏ İŞA NAMAZLARINI HƏM CƏM, HƏM DƏ AYRI-AYRILIQDA QILIRDI.

Dəvətçi: «Əvvəla bunu söyləyim ki, ağalar da (məclisdəki alimlərə işarə) bilirlər ki, fiqhi məsələlərdə alimlər arasında ixtilaf çoxdur. Hər halda, sizin dörd məzhəb imamlarınız arasında da çoxlu ixtilaflar vardır.

Sonra «şiələrin əməli Rəsulullahın (s) sünnəsinə ziddir» şəklində buyurduğunuz sözə gəlincə, məsələni sizə yanlış bildirmişlər. Çünki o həzrət, namazı bəzən cəm və bəzən də ayıraraq qılardı».

Nəvvab: (Öz alimlərinə tərəf dönüb) «Görəsən, Rəsulullah (s) təfriq (ayrı-ayrı) və həm də cəm şəklindəmi namaz qılırdı?».

Hafiz: «Ümmətin zəhmətə və çətinliyə düşməməsi üçün sadəcə səfər, yağış və sair üzürlü vaxtlarda belə edirdi. Amma səfərdə olmadıqda, namazlarını daima təfriq şəklində əda edirdi. Deyəsən, cənabımız səfəri vətən sanıb, səhvə yol vermişdir».

Dəvətçi: «Xeyir, yanılmamışam, buna yəqinim var; hətta öz rəvayətlərinizdə belə nəql olmuşdur ki, həzrət Rəsulullah bəzən vətəndə heç bir üzürü olmadan, namazlarını cəm şəklində əda etmişdir».

Hafiz: «Deyəsən, şiə rəvayətlərini bizim rəvayətlərlə qarışdırmısınız».

Dəvətçi: «Şiə rəvayətlərini bu mənaya (namazın cəm şəklində qılınması) ittifaq etmişlər. Söz sizin rəvayətlər haqqındadır. Bir çox səhih rəvayətlər sizin səhih və mötəbər kitablarınızda bu mövzuda qeyd olunmuşdur».

Hafiz: «Mümkünsə, onların yerlərini bildirərdiniz».

Dəvətçi: «Müslim ibn Həccac öz “Səhih”ində «Əl-cəmu beynəs-səlatəyni fil həzər» fəslində ravilərin silsiləsini nəql edərək, İbn Abbasdan belə nəql edir: «Rəsulullah (s), zöhrlə əsr və məğriblə işa namazını heç bir təhlükə və səfərdə olmadan, cəm halda qıldı».

Yenə İbn Abbas belə nəql etmişdir: «Rəsulullahla (s) səkkiz rükət zöhrlə əsr və yeddi rükət də məğriblə işa namazlarını cəm halda qıldım».

Eyni hədisi imam Əhməd ibn Hənbəl, «Müsnəd»in 1-ci hissəsində digər bir hədis də söyləyərək nəql etmişdir ki, İbn Abbas belə dedi: «Rəsulullah (s) Mədinədə olduqda səfərə çıxmadığı halda, bir dəfə səkkiz, bir dəfə də yeddi rükət namaz qıldı (yəni zöhrlə əsr və məğriblə işa namazını cəm halda əda etdi)».

Müslim, bu qəbildən bir neçə hədis nəql edir; o yerə qədər belə yazır: «Abdullah ibn Şəqiq belə dedi: «Bir gün əsr vaxtından sonra İbn Abbas bizə xütbə oxuyub, söhbət edirdi. Söhbəti o qədər uzun çəkdi ki, günəş batdı, ulduzlar çıxdı və camaatın – «Əs-salat! Əs-salat» (Namaz! Namaz!) səsləri ucaldı, amma İbn Abbas etina etmədi. Bu əsnada Bəni-Təmim tayfasından olan bir şəxs yüksək bir səslə; «Əs-salat! Əs-salat!» deyə qışqırdı. İbn Abbas cavabında belə dedi: «Anasız! Sünnəni mənəmi öyrətmək istəyirsən? Mən ki, Rəsulullahın (s) zöhrlə əsr və məğriblə də işa namazlarını cəm halda əda etdiyini gördüm».

Abdullah deyir ki, onun bu sözündən qəlbimdə bir şübhə yarandı, bu səbəbdən Əbu Hüreyrənin yanına gedib, bu məsələni ona söylədim, Əbu Hüreyrə də bunu təsdiq etdi və «bu məsələ İbn Abbasın söylədiyi kimidir» – dedi.

Yenə sizin böyük alimlərinizdən olan Zərqani, İbn Malikin «Müvatta» kitabının şərhinin Ι cüzündə «Əl-cəmu bəynəs-səlatəyn» babında Əmr ibn Hirəm, o da Əbi Şəəsa vasitəsiylə Nəsaidən belə nəql edir: «İbn Abbas Bəsrədə zöhrlə əsr və məğriblə işa namazını onların arasında bir fasilə vermədən, cəm edərək qılırdı və «Rəsulullah (s) namazı bu şəkildə əda edirdi» – deyirdi».

Yenə «Səhihi-Müslim»də Malik “Müvatta”nın «Cəmun bəynəs-səlatəyn» babında imam Əhməd ibn Hənbəl «Müsnəd»də ravilərin silsiləsini Səid ibn Cübeyr, o da İbn Abbasdan belə dediyini nəql edir: «Rəsulullah (s) zöhrlə əsr namazını Mədinədə heç bir təhlükə və səfər olmadan, cəm edərək qıldı».

Əbu Zübeyr belə deyir: “Səidə, «Nə səbəbdən Peyğəmbər (s) namazı cəm edib qılırdı?» – deyə soruşanda, belə cavab verdi: «Mən də bu sualı İbn Abbasdan soruşdum, o da cavabında, «Çünki Peyğəmbər (s) ümmətinin əziyyətə, çətinliyə düşməsini istəmirdi» – dedi».

Bu babda çox hədislər nəql etmişlər. Amma namazı cəm etməyin caiz olmasına dair daha aydın dəlil «Cəmun beynəs-salatəyn» adıyla məlum olan bablardır. Cəm hədislərinin zikr edilən babda nəql edilməsi, namazı cəm halda, ara vermədən qılmağın mütləq caiz olmasına bir dəlildir. Belə olmasaydı, o zaman hər biri (yəni vətəndə və səfərdə cəm etmək) üçün xüsusi bir bab ayırmaları lazım gəlirdi. Sizin səhih və mötəbər kitablarınızda nəql olunan hədislərdə, namazın həm səfər və həm də vətəndə cəm halda qılmağın caiz olması mövcudur».

Hafiz: «Səhihi-Buxari»də belə bir bab və bu cür rəvayət yoxdur».

Dəvətçi: «Birincisi, Müslim, Nəsai və Əhməd ibn Hənbəl kimi səhih bildiyiniz kitab sahiblərinin, «Səhihi-Müslim» və «Səhihi-Buxari»yə şərh verənlər və digər böyük alimlərinizin nəql etdikləri, hədəf və məqsədimiz üçün yetərlidir. İkincisi, möhtərəm Buxari də digərlərinin nəql etdiyi rəvayətlərin eynisini öz «Səhih»ində zikr etmişdir, lakin tam bir mənada öz yeri olan «Cəmun beynəs-salatəyn» babını başqa bir yerdə nəql etmişdir. Əgər «Təhirüz-zöhr iləl əsr min kitabi məvaqitis səlat» və «Zikrul-işa vəl-ətəmət» və «Vəqtul-məğrib» bablarını oxuyub diqqət etsəniz, bu cəm hədislərinin hamısını görərsiniz.

Həm də, «Cəmun bəynəs-səlatəyn» babında izn və icazə ünvanıyla nəql edilən hədislər, əhli-sünnət alimlərinin əqidəsidir, öz səhihlərində bu hədislərin səhih olduğunu iqrar etmişlər. Bu səbəbdən Əllamə Nəvəvi «Səhihi-Müslim»ün şərhində, Əsqəlani, Qəstəlani və Zəkəriyyə Ənsari «Səhihi-Buxari»yə və Zərqani Malikin «Müvatta»sına yazdığı şərhdə, eləcə də sizin digər böyük alimləriniz hədisləri, xüsusən İbni Abbasın hədisini nəql etdikdən sonra onun səhihliyinə və ümmətin əziyyət və çətinliyə düşməməsi üçün bu hədislərin namazın vətəndə cəm halda qılınmasına aydın bir dəlil olduğunu etiraf etmişlər».

Nəvvab: «Rəsulullahdan namazın cəm halda qılınmasına dair bəzi hədislərin yetişməsinə baxmayaraq, alimlərin onun hökmünə zidd əməl etmələri necə mümkün ola bilər?».

Dəvətçi: «Rəsulullahdan (s) yetişən hədislərə zidd əməl etmək, sadəcə bu mövzuya məxsus deyildir; daha sonra buna bənzər çox şeylərin mövcud olduğunu anlayacaqsınız. Xüsusi ilə bu mövzuda əhli-sünnənin fəqihləri ya dar düşüncələrindən, ya da bilmədiyim başqa bir səbəbdən o səhih hədisləri zahirən zidd sayaraq, əsassız təvillərlə (yozmalarla) dəyərdən salmışlar. Məsələn belə deyirlər: «Bu hədislər, ancaq təhlükə hiss olunduqda, yağış, sel və möhkəm külək kimi üzürlü vaxtlara aiddir».

Bax, sizin imam Malik, Şafei və Mədinə alimlərindən bir qrup şəxslər də, o təvilə əsasən fitva vermişlər. Halbuki, belə bir əqidəni və fitvanı İbn Abbasın «من غير خو ف ولامطر»hədisi aydın şəkildə rədd edir.[3]

Bəziləri də belə demişlər: «Yəqin hava buludlu imiş, vaxtı düzgün müəyyən edə bilməmişlər, zöhr namazını qıldıqdan sonra buludlar çəkilib göy üzü açıldıqda, əsr vaxtının daxil olduğunu görmüş, ardınca əsr namazını qılmışlar. Bu səbəbdən zöhr və əsr namazı cəm halda, ara verilmədən qılınmışdır».

Bu təvil və yozumlardan daha zəif bir təvil olduğunu zənn etmirəm. Guya bu cür təvil edənlər, namaz qılan şəxsin Rəsulullah (s) olduğunu düşünməmişlər. Buludun olub-olmaması, Rəsulullah üçün bir maneə olmaz. Çünki o həzrətin elmi, səbəblərə bağlı deyildir. O həzrət bütün səbəb və nəticələri əhatə etmişdi. Belə dar düşüncəli insanların əllərində heç bir dəlil yoxdur. Belə bir təvilin batilliyi, məğrib və işa namazının cəm olmasında da sabitdir. Çünki məğrib və işa namazında buludun olub-olmamasının heç bir əsəri yoxdur; üstəlik belə bir təvil hədislərin zahirinə də ziddir.

Ərz etdiyimiz kimi, İbn Abbasın xütbəsi o qədər uzun çəkdi ki, dinləyicilər uca bir səslə; «əs-salat» deyərək, ulduzların çıxdığını və namaz vaxtının yetiştiyini xatırlatdılar. Amma bununla belə, İbn Abbas qəsdən məğrib namazını işa namazının vaxtına saxlayıb; hər iki namazı bərabər qıldı. Əbu Hüreyrə də, Rəsulullahın (s) bu cür namaz qıldığını etiraf etmişdir. Əlbəttə, bu növ təvillər bizim qarşımızda qəbulolunmazdır. Hətta sizin böyük alimləriniz də bu təvilləri rədd etmiş və bunların, hədislərin zahirinə zidd olduğunu bildirmişlər. Bu səbəbdən, sizin böyük alimlərinizdən Şeyxul-İslam Ənsari «Töhfətul-bəhri fi hərhi Səhihil-Buxari» kitabında, «Səlatuz-zohr məəl əsri vəl məğribi məəl işa» fəslində, eyni şəkildə Əllamə Qəstalani «İrşadus-sari fi şərhi Səhihi-Buxari» kitabının ΙΙ cüzündə, «Səhihi-Buxari»ni şərh edən digər şəxslər və sizin tədqiqatçı alimlərinizdən bir çoxları, bu növ təvillərin hədislərin zahirinə zidd olduğunu bildirmişlər. Namazın təfriq olaraq qılınmasının vacibliyinə bağlılıq «تر جيح بلا مر جٌح وتجصيص بلا مخصٌص»-dır».[4]

Nəvvab: «Bəs, bu iki qrup müsəlman qardaşın bir-birinin canına düşməsinə, ədavət gözüylə bir-birlərinə baxmasına və bir-birlərinin əməllərini pisləməsinə səbəb olan bu ixtilaflar necə meydana gəlmişdir?».

Dəvətçi: «Birincisi, «Bu iki qrup müsəlman bir-birlərinə ədavət gözüylə baxır» dediyiniz sözə gəlincə, Əhli-beyt və risalət xanədanını, şiə camaatını müdafiə etmək məcburiyyətindəyəm. Çünki şiə camaatı qətiyyən əhli-sünnə qardaşların alim və avamına ədavət və həqarət gözüylə baxmır, hətta onları öz qardaşlarımız bilirik. Amma əhli-təsənnün (sünnilər) qardaşlar “əcnəbi”, “xəvaric”, “nasibi” və “əməvi”lərin əleyhimizə apardığı təbliğatın təsiri altına düşərək qiblə, kitab, nübuvvət, bütün fərz və müstəhəb əhkama əməl etmək, böyük günah və məsiyyətləri tərk etmək yönündə onlarla ortaq olan şiə qardaşlarını rafizi, müşrük və kafir bilmiş, onları özlərindən ayırmış və onlara ədavət gözüylə baxmışlar.

İkincisi, «Bu ixtilaflar nə cür meydana gəlmişdir?» – deyə buyurdunuz. Yanıqlı bir qəlblə ərz edim ki, bu ixtilafın təməlini qoyanın Allah canını alsın. İndi bu növ ixtilafların haradan qaynaqlandığını ərz edəcək bir vaxtımız yoxdur. İnşallah, sonrakı gecələrdə bəzi münasibətlər, daha doğrusu pərdələr qalxacaq, o zaman özünüz həqiqətin nə olduğunu anlayacaqsınız.

Üçüncüsü, namazın cəm və təfriq şəklində qılınmasına gəlincə, əhli-sünnə fəqihləri mütləq şəkildə olmağa və caizliyə dəlalət edən zikr olunan hədislərin, ümmətin rahatlığı və əziyyətə düşməməsi üçün üzürlü vaxtlara aid olduğunu söyləmişlər. Amma bilmirəm onlar nə üçün belə əsasız fikirlər irəli sürür və üzür olmadan, namazların cəm qılınmasını caiz bilmirlər. Hətta Əbu Hənifə və ona tabe olanlar, namazı cəm halda qılmağı istər üzürlü, istər üzürsüz, istər vətəndə, istərsə də səfərdə olsun, qadağan etmişdir.

Lakin Şafei, Maliki və Hənbəlilər bütün üsul və füruda ixtilafları olmalarıyla bərabər, həcci-ümrə və mubah olan yerlərdə namazın cəm olaraq qılınmasına izn vermişlər.

Lakin şiə alimləri Rəsulullahın (s) göstərişiylə, haqq və batili bir-birindən ayıran və qiyamət gününə qədər Qurandan ayrılmayan həzrət Peyğəmbərin bütün günahlardan uzaq olan Əhli-beytinə tabe olaraq, namazın istər səfərdə, istər vətəndə, istər üzürlü, istərsə də üzürsüz olsun, cəm halda qılınmasının caiz olduğu hökmünü vermişlər.

Cəm halda namaz qılmaq, namaz qılanın ixtiyarındadır; yəni namaz qılan bir şəxs zöhrlə əsr və məğriblə işa namazını, rahatlıq üçün cəm halda, bir vaxtda və ya təfriq halda, ayrı fəzilət vaxtlarında qılmaqda ixtiyar sahibidir. Əlbəttə, təfriq halda, ayrı olaraq və fəzilət vaxtlarında qılınması, cəm halından daha fəzilətlidir. Bu məsələ şiə alimlərinin fiqh kitablarında kamil bir şəkildə zikr edilmişdir. Lakin ümumilikdə xalqın işinin çoxluğu və sıxıntıları nəzərə alınaraq, müqəddəs İslam şəriətinin hədəfi də xalqı əziyyət və məşəqqətə salmamaq olduğundan, şiələr namazlarını cəm olaraq qılırlar.

Bizə qəzəb və kinlə baxan digər əhli-sünnə qardaşların ağıllarına gələn şübhəli sualların aydınlıq tapması üçün dediyim bu cavabların, yetərli olacağını hesab edirəm. Qarşıda daha əhəmiyyətli mövzular haqqında bəhs ediləcəyinə görə, əvvəldəki müzakirəmizə qayıtmaq yaxşı olardı. Çünki əsl əhəmiyyətli məsələlər həll olduqda, cüzi məsələlər də öz həllini tapacaqdır».


[1]     Sünni qardaşlar şiələrin əksinə, fərz olaraq zöhrlə əsr və məğriblə işa namazlarını ayrı qılırlar. Lakin şiə, Rəsulullah (s) və onun pak Əhli-beytinə tabe olaraq, cəm və ayrı qılmaqda muxtardır.

[2]     Məhz bu səbəbdən, işa namazını on gecə sürən münazirə müddəti ərzində eyni məclisdə qılırdılar.

[3]     Yəni heç bir qorxu və yağış olmadan.

[4]     «Tərcihun bila murəccih», iki tərəfi bərabər olan bir şeyin bir tərəfinə dəlil olaraq, digərinə tərcih edilməsinə deyilir. «Tərcihun bila muhassis» də, dəlilsiz olaraq külli və xüsusi olan bir hökmü məlum vəziyyətə və ya bir fərdə məxsus etməyə deyilir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!