14-CÜ MÜNAZİRƏ

:

ƏLİ İBN ƏBU TALİBİN XƏLİFƏLİYİNİN AÇIQ-AŞKAR ELAN EDİLMƏSİ (27 rəcəb, çərşənbə axşamı, 1345-ci il)
Nəvvab: «Möhtərəm qardaşımız! Əgər Əli ibn Əbu Talib (ə) xəlifə idisə, nə üçün həzrət Peyğəmbər onu aşkar şəkildə xəlifə olaraq tanıtmadı. Məqsədini işarə və kinayə ilə deyirdi. Əgər aşkar şəkildə «Əli mənim xəlifəmdir» – deyə buyursaydı, kimsənin şübhəsi qalmazdı».

Dəvətçi: «Daha öncə ərz etmişdim, Rəsuli-əkrəm (s) həqiqəti iki şəkildə bəyan etmişdir. Xəlifəliyi aşkar bəyan edən hədislər, sizin bir çox mötəbər kitablarınızda nəql edilmişdir. Amma kinayə və üstörtülü deməyin lətafətliyi, aşkar deməkdən daha çoxdur. Ədəbiyyatçılar deyirlər ki: «Kinayə və istiarə, insanı məqsədə aşkardan daha yaxşı çardırır». Bu cür deyilən sözlərdə bir dünya məna yatır».
Nəvvab: «Həqiqətin ortaya çıxması üçün, bizim alimlərin kitablarında xəlifəliyi aşkar isbat edən hədislərin bu anda yadınızda olanı söyləyə bilərsinizmi.? Çünki bizə, xəlifəliyi aşkar bildirən heç bir hədisin olmadığını dəfələrlə söyləyiblər».
Dəvətçi: «Mötəbər kitablarınızda həzrət Əlinin (ə) xilafətini aşkar söyləyən bir çox hədislər vardır. Məclisin vaxtını nəzərə alaraq, onlardan bəzilərini açıqlayacağam.

İNZAR1 GÜNÜ PEYĞƏMBƏRİN (Ə) «HƏDİSSÜD-DAR» – DEYƏ MƏHŞUR KƏLAMI İLƏ HƏZRƏT ƏLİNİ (Ə) XİLAFƏTƏ TƏYİN ETMƏSİ
Hədislərin arasında ən əhəmiyyətlisi «əd-Dar» hədisidir. Çünki Peyğəmbər (s), peyğəmbərliyini açıqladığı o ilk gün, həzrət Əlinin (ə) xəlifəliyini də aşkar elan etdi.
İmam Əhməd ibn Hənbəl «Müsnəd»in Ι cildinin 111, 159 və 333-cü səhifələrində, imam Sələbi də öz təfsirinin «İnzar» ayəsinin açıqlamasında, Sədrul-əimmə Müvəffəq ibn Əhməd əl-Xarəzmi «Mənaqib»də, Məhəmməd ibn Cərir Təbəri “İnzar” ayəsinin təfsirində və «Tarixul-üməm vəl mülük»un ΙΙ cildinin 217-ci səhifəsində müxtəlif yollarla, İbn Əsir «Kamil»in ΙΙ cildinin 22-ci səhifəsində (mürsəl olaraq), Hafiz Əbu Nəim «Hilyətul-övliya»da, Həmidi «Cəmun-beynəs-səhiheyn»də, Beyhəqi «Sünənun vəd-dəlail»də, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənəbiul-məvəddə»nin 31-ci babında Müsnədi Əhməd və «Təfsiri-Sələbi»dən nəqlən, Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»in 51-ci babında və digər bir çox böyük alimləriniz az bir fərqlə belə nəql edirlər: «Şüəra» surəsinin 214-cü ayəsi, yəni «və ənzir əşirətəkəl-əqrəbin» – Və ən yaxınlarını qorxut! – ayəsi nazil olduqda, Rəsuli-əkrəm (s) qohumlarından 40 nəfəri, əmisi Əbu Talibin evinə dəvət etdi. Onlar üçün qoyunun bud ətindən bir az yemək və bir “sa”2 da süd hazırlamışdı. Onlar bu vəziyyətə gülərək, «Mühəmməd bir nəfərlik yemək belə hazırlamamışdır» – dedilər.
Rəsuli-əkrəm (s): «Kulu bismillah» (yəni yeyin Allahın adı iıə) buyurdu. Onlar yedikdən sonra bir-birlərinə, «Mühəmməd bu yeməklə bizi sehirlədi» – dedilər. Yeməkdən sonra Rəsulullah (s) ayağa qalxıb, onlara bir xütbə oxudu. Sözü uzatmamaq üçün Peyğəbərin dediklərindən sadəcə iddiamıza dəlil olan giriş hissəsini bildirəcəyəm. Rəsulullah (s) belə buyurdu: «Ey Əbdülmüttəlib oğulları! Allah-taala məni, bütün insanlara və məxsusən sizlərə peyğəmbər olaraq göndərdi. Mən də sizi bu iki kəlməni (cümləni) söyləməyə dəvət edirəm. Belə ki, bu iki kəlmə dildə rahat və asan, ölçüdə, ağır və dəyərlidir. Siz bu iki kəlməni söyləməklə ərəbə, əcəmə (ərəb olmayanlara) malik olacaqsınız. Onlar əmrinizədə olacaq və bütün ümmətlər (millətlər) sizə müti olacaqlar. Bu iki kəlmə ilə Cənnətə girəcək və Cəhənnəmdən qurtulacaqsınız. O iki kəlmə; Allahın birliyinə və mənim peyğəmbərliyimə şəhadət vermənizdir. Kim (ilk şəxs olaraq) bu dəvətimi qəbul edər və mənə yardımçı olarsa, o mənim qardaşım, məndən sonra vəzirim, varisim və xəlifəm olacaqdır».
Rəsulullah (s) bu son cümləni üç dəfə təkrarladı. Hər üçündə də həzrət Əlidən başqa heç kim cavab vermədi. Həzrət Əli (ə) hər dəfə, «Ey Allahın Peyğəmbəri! Mən sənin yardımçın və yavərinəm» ‒ deyə cavab verdi. Bundan sonra Peyğəmbər (s) onu xəlifəliklə müjdələdi və ağzının mübarək suyunu onun ağzına sürtərək belə buyurdu: «Bu (Əli), mənim qardaşım, vəsim və aranızdakı xəlifəmdir».
Bəzi kitablarda həzrət Əlinin özünə xitab edərək belə buyurduğu nəql edirlər: «Sən ey Əli! Mənim vəsim və məndən sonra xəlifəmsən».
Şiə və sünni alimlərinin eləcə də, İslam tarixi yazan başqa millətlərin tarixçiləri də, məzhəbi (yəni nə sünni, nə də şiə) təəssübləri olmadığından, bu hadisəni tərəfsiz olaraq nəql etmişlər. Onlardan biri, XVΙΙΙ əsrin məhşur ingilis filosof və tarixçisi Tomas Karlildır. O, misirlilərin ərəb dilinə tərcümə etdiyi «Əl-ibtal və ibadətul-məbtulə» adlı məşhur kitabında, sözügedən mövzumuz haqqında geniş mütaliə edib məlumat topladıqdan sonra belə yazır: «Peyğəmbərin xütbəsindən sonra Əli ayağa qalxaraq, ona iman gətirdi. Beləcə, böyük xəlifəlik məqamı ona nəsib oldu».
Fransız professoru Müsyö Paul Lehojur, 1884-cü ildə Parisdə nəşr olunan «Xatəmun-nəbinin həyatı» adlı kiçik həcimli kitabında, ingilis Corcis Sal və şamlı Haşim Nəsrani 1891-ci ildə nəşr edilən «Məqalətul-İslam»ın 83 və 86-cı səhifələrində, (İslama və müsəlmanlara qarşı müxalif olmalarına baxmayaraq), xüsusilə Mister Can Deyvun Purt (ki, insaflı biriydi) dəyərli əsəri «Mühəmməd və Quran» adlı kitabın 20-ci səhifəsində bu mövzu ilə əlaqəli, aydın bir nəzər və təmiz bir qəlblə belə yazır: «Peyğəmbər, daha peyğəmbərliyinin əvvəlində Əlini özünə qardaş, vəzir və xəlifə seçdi».

İMAM ƏLİNİN (Ə) XƏLİFƏLİYİNİ AÇIQ-AŞKAR ELAN EDƏN HƏDİSLƏR
Həzrət Peyğəmbər (s), bu hədisi-şərifdən başqa bir çox yer və zamanda da eyni mənaya toxunmuşdur. Məsələn:
1. İmam Əhməd ibn Hənbəl «Müsnəd»də və Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»nın 4-cü məvəddətinin sonunda belə nəql edirlər: “Rəsulullah (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən xalqın üzərimdəki olan haqqlarını ödəyəcəksən və sən mənim ümmətimə olan xəlifəmsən».
2. İmam Əhməd «Müsnəd»də  müxtəlif mənbələrdən, Şafei fəqihi olan İbn Məğazili «Mənaqib»də və Sələbi öz təfsirində belə nəql edirlər: «Rəsuli-əkrəm (s) həzrət Əliyə belə buyurdu: «Ya Əli! Sən mənim qardaşım, vəsim, xəlifəm və borclarımı ödəyənsən».
3. Əbul Qasım Hüseyn ibn Məhəmməd (Rağib İsfahani) «Mühazirətul-Üdəba və Mühaviratüş-şüəra vəl-büləğa» kitabının ΙΙ cildinin 213-cü səhifəsində Ənəs ibn Malikdən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: «Şübhəsiz mənim dostum, vəzirim, xəlifəm və borcumu ödəyib, vədlərimə vəfalı olan, özümdən sonra qoyduğum ən xeyirli kəs, Əli ibn Əbu Talibdir».
4. Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də Əbuzər Ğəffaridən belə nəql edir: Peyğəmbər (s) belə buyurdu: «Üzü, əli, ayağı (səcdə yerləri) nurlu olanların əlində bayrağı olan imamı və məndən sonrakı xəlifəm  Əmirəl-möminin Əli yanıma gələcəkdir».
5. Beyhəqi, Xətib Xarəzmi və İbn Məğazili əş-Şafei «Mənaqib»lərində Rəsulullahın (s) həzrət Əliyə belə buyurduğunu nəql etmişlər: «Mən insanların arasından getdikdən sonra, sən mənim xəlifəm və məndən sonra möminlərin vəlisisən».
6. İmam Əbu Əbdürrəhman Nəsai (Sihahi-sittənin imamlarından biri) “Xəsaisul-Ələvi”nin 23-cü hədisində İbn Abbasdan həzrət Əlinin (ə) fəzilətini geniş şəkildə nəql edir. Harunun mənzilətlərini zikr etdikdən sonra Rəsulullahın (s) həzrət Əliyə belə buyurduğunu nəql edir: «Sən mənim xəlifəmsən. Yəni məndən sonra hər möminin xəlifəsisən».
(Aydındır ki, bu cümlə və davamındakı cümlə ilə Harunun bütün mənzilət və dərəcələrini həzrət Əliyə verdikdən sonra Əlinin əmirliyini açıq bəyan etdi. «Yəni sən Ey Əli, ümmətimə və məndən sonra hər möminə mənim xəlifəmsən»!
Bu hədisi-şərifdə və digər hədislərdə həzrət Peyğəmbərin buyurduğu «من – min» kəlməsi, ya “min”i bəyaniyyədir; yəni «Mənim ölümümdən sonra…» və ya “min”i ibtidaiyyədir; yəni «Öldüyüm andan etibarən sən ümmətimin xəlifəsisən».
Hər iki halda da, həzrət Əlinin həzrət Peyğəmbərdən sonra, bütün ümmətə Allah və Rəsulunun xəlifəsi olduğu açıq-aydın əsaslandırılmış olur.
7. Xilqət hədisi: Bu hədis müxtəlif mənbələrdən nəql edilmişdir. Məsələn: İmam Əhməd ibn Hənbəl «Müsnəd»də, Mir Seyid Əli Həmədani əş-Şafei «Məvəddətul-Qurba»da, İbn Məğazili əş-Şafei «Mənaqib»də, Deyləmi «Firdovs»da az bir fərqlə, səhih sənədlərlə həzrət Peyğəmbərin belə buyurduğunu nəql etmişlər: «Allah-taala, Adəmi yaratmadan 14000 il əvvəl mən və Əli bir nurdan yaradıldıq. Allah-taala, Adəmi yaratdıqdan sonra, o nuru Adəmin sülbünə yerləşdirdi. Əbdülmüttəlibin sülbünə gələnə qədər beləcə bir nur idik. Əbdülmüttəlibin sülbündən ayrıldıqdan sonra nübüvvət mənə, xilafət də Əliyə verildi».
8. Hafiz Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri (Ö: 310 h.q.) «əl-Vilayət» adlı kitabında Rəsuli-əkrəmdən (s) belə nəql edir: «Rəsulullah (s) «Qədir-Xum» xütbəsinin əvvəlində belə buyurdu: «Cəbrail Rəbbim tərəfindən mənə; burada qalxıb bütün ağ dərili və zəncilərə bunu elan etməyimi əmr etdi: «Şübhəsiz ki, Əli ibn Əbi Talib mənim qardaşım, vəsim, xəlifəm və məndən sonra İmamdır». Sonra belə buyurdu: «Ey insanlar! Şübhəsiz, Allah-taala, Əlini sizlərə vəli və imam təyin etdi; Onun itaətini hər kəsə vacib etdi; hökmü keçərli, sözü isə caizdir (Allah tərəfindəndir). Kim ona müxalifət edərsə (qarşı çıxarsa,) məlundur; kim də onu təsdiq edərsə, rəhmətə nail olmuşdur».
9. Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»də Əhmədin «Mənaqib»indən, o da İbn Abbasdan belə bir rəvayət nəql edir ki, həzrət Əlinin (ə) bir çox məxsus fəzilətləri xilafət məqamını əhatə edir. Onların hər biri tək başına onun xilafətini isbat etməyə kifayətdir. Bu səbəbdən ağaların izni ilə, höccətin tamamlanması üçün hədisin hamısını nəzərinizə çatdırmaq istəyirəm.
Möhtərəm ağalar, bilin ki Xatəmül-ənbiyanın (s) risalət məqamından sonra, ən üstün məqam həzrət Əlinin (ə) məqam və dərəcəsidir. Xülasə, İbn Abbas Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Ya Əli! Sən Hovuzumun və bayrağımın sahibi, qəlbimin həbibi, mənim vəsim, elmimin varisi və xəlifəmsən. Sən məndən əvvəlki peyğəmbərlərin mirasının əmanətçisisən. Sən Allahın yer üzündəki əmini, bütün insanlara höccətisən. Sən imanın əsası və İslamın sütunusan. Sən qaranlığın məşəlisən, hidayətin nuru və dünya əhli üçün yüksəldilmiş nişanəsən.
Ya Əli! Kim sənə itaət edərsə, qurtulmuşdur. Kim də səndən üz çevirirsə, həlak olmuşdur. Aydın yol sənsən, sırati-müstəqim sənsən, ağüzlülərin rəhbəri və möminlərin sultanı sənsən. Mən kimin mövlasıyamsa, sən də onun mövlasısan. Mən bütün mömin kişi və qadınların mövlasıyam. Səni ancaq halalzadə sevər və səna yalnız haramzadə düşmən olar. Allah-taalanın hüzuruna merac etdiyim zaman mənə belə buyurdu: «Ya Mühəmməd! Əliyə məndən salam söylə və ona bildir ki, o mənim dostlarımın imamı və mənə itaət edənlərin nurudur». Bu kəramət və məqam sənə mübarək olsun ya Əli!».
10. Xarəzm Xətiblərinin ən üstün Xətib Əbul-Muəyyid Müvəffəquddin «Fəzailu Əmirəl-möminin» (ə) adlı kitabının 240-cı səhifəsinın (1313 h.q tarixli nəşri) 19-cu bölümündə, öz sənədləri ilə Rəsulullahın (s) belə buyurduğunu nəql edir:
«Meracda “Sidrətul-Müntəha”ya yetişdikdə mənə belə xitab edildi: «Ey Mühəmməd! İnsanları imtahan etdinmi? Onların içərisində ən itaətkar kimi gördün?» Mən də cavabında: «Bəli, imtahan etdim, onların arasında ən itaətkar Əlini gördüm» – ərz etdim. Allah-taala buyurdu ki, «Doğru söylədin ya Mühəmməd!» Sonra belə buyurdu: «Sənin hədəflərini insanlara çatdıracaq, mənim kitabımdan bəndələrimin bilmədiklərini onlara öyrədəcək bir xəlifə özünə seçdinmi?» Mən belə ərz etdim: «Ey Rəbbim! Sən kimi seçsən, mən də onu seçəcəyəm». Allah-taala buyurdu ki: «Əlini sənin üçün xəlifə və vəsi seçdim. Elm və helmimdən ona bağışladım. O, möminlərin həqiqi olan əmiridir. Nə keçmişdə bir kəs onun məqamına yetişmiş və nə də gələcəkdə bir kəs onun məqamına yetişəcəkdir».
Bu növ hədislər, sizin mötəbər kitablarınızda çoxdur. Mən onlardan ancaq zehnimdə olanları söylədim. Bu şəkildə cənab Hafiz bilsin ki, biz mövzunu qarışdırıb faydalanmırıq. Əksinə həqiqətin elə özünü söyləyirik. Sizin insaflı böyük alimləriniz də bunu eynən təsdiq etmişlər. Onlardan biri Nuzzam Bəsridir. Səlahəddin Səfdi «Vafi bil-vəfəyat»da əlif hərfində mötəzili Nuzzam deyə tanınan İbrahim ibn Səyyar ibn Hani əl-Bəsrinin tərcümeyi-halında onun belə dediyini nəql etmişdir:
«Rəsulullah (s) Əlinin imamətini (xəlifəliyini) açıq-aşkar elan etmişdir. Ömər də bunu çox yaxşı bilirdi. Lakin o, Əbu Bəkrin (r.z) xatiri üçün Əlinin imamətini gizli saxladı».
Sizin mötəbər kitablarınızda qeyd olunan hədislərdə – həzrət Əlinin imaməti xüsusunda - xilafət, vilayət və vəsilik (varisilik) kəlmələri olduqca çoxdur. Bunlara əlavə olaraq deyim ki, keçən axşamlar bildirdiyimiz kimi, həzrət Əli (ə), nübüvvət istisna olmaqla digər bütün üstünlük və xüsusiyyətlərdə, həzrət Peyğəmbər (s) ilə bərabər idi. Buna görə də ümmətin hamısından daha üstündür. Quranın ayələri və bir çox mütəvatir hədislərə görə, insanlar arasında heç kəs onun fəzilətlərinin onda birinə, hətta mində birinə belə yetişməyiblər.
Bu səbəbdən Xətib Xarəzmi «Mənaqib»də İbn Abbasdan, Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayəut-Talib»də, Sibt ibn Cuzi «Təzkirə»də, İbn Səbbağ əl-Maliki» Fusulul-mühimmə»də, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»də, Mir Seyid Əli Həmədani «Məvəddətul-qurba»nın 5-ci məvəddəsində ΙΙ xəlifə Ömər ibn Xəttabdan Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql etmişrlər: «Əgər ağaclar qələm, dənizlər mürəkkəb, cinlər hesab edən və insanlar da yazıçı olarlarsa, yenə də Əli ibn Əbu Talibin fəzilətlərini saya bilməzlər».
Buna görədə həzrət Əli (ə) xilafət məqamına və Rəsulullahın (s) vəsisi olmaya hər baxımdan daha övla və daha layiqdir.


1     Peyğəmbərin (s) yaxın qohumlarını qorxudaraq İslama dəvət etdiyi hadisə
2     “3 litr tutumu olan ölçü qabı.”

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!