EY PEYĞƏMBƏR! ÇATDIR - 3

:

TƏBLİĞ AYƏSİNİN VERDİYİ MESAJLAR
Barəsində bəhs etdiyimiz ayədən iki ümdə və əhəmiyyətli mesajı anlamaq olar:
1. Ayənin o zamanda xitab etdiyi şəxsin Peyğəmbəri-Əkrəm (s) olmasına baxmayaraq, şübhəsiz ki, vilayət və imamətin təbliği və onun barəsində sual və şübhələrə cavab vermək təkcə o həzrətə məxsus deyil, əksinə bu məsələ tarix boyunca məlumatlı olan bütün kəslərin vəzifəsidir.

2. Ayənin çatdırdığı digər mühüm mesaj həqiqi möminlərin təəssübkeşlik, inadkarlıq və münaqişə etmədən və hansısa qruplaşma və istiqamətə meylli olmadan Allahın əmr və fərmanı müqabilində təslim olmasıdır, nəinki, onların meyl və istəklərinə uyğun olduqda təslim olmaları və əksinə, zidd olduğu hallarda təslim olmamalarıdır.
Həqiqətdə, İslam Peyğəmbərinin (s) belə uca və ali məqamlara çatmasının sirri o həzrətin Allah qarşısında məhz təslim və bəndəçiliyi olmuşdur. Bu, bizim hər namazın təşəhhüdündə Peyğəmbərin (s) risalətinə şəhadətdən öncə verdiyimiz şəhadətdir.
Əgər biz də Allaha yaxın və həqiqi mömin olmağı arzu edir və Allah Rəsulunun (s) məktəbinin davamçısı olduğumuzu iddia ediriksə, istək və tutduğumuz mövqelərin xilafına olsa da belə, bütün hallarda onun əmrlərinə tabe olmalıyıq.
Bəhsimizi təkmilləşdirmək məqsədilə Qədir-Xum məsələsini xülasə şəkildə "Quranın mesajı" təfsirindən nəql edərək diqqətinizə çatdırırıq.

QƏDİR-XUM HADİSƏSİ
Ötən bəhslərdən icmali olaraq aydın oldu ki, bu ayə çoxlu sayda şahidlərə əsasən, həzrət Əli (ə) barəsində nazil olmuşdur və həmin zəminədə əhli-sünnənin məşhur kitablarında qeyd edilən rəvayətlər – hələ, şiə kitablarında nəql olunanları demirik – o qədərdir ki, heç kəs onları inkar edə bilməz.
Yuxarıdakı rəvayətlərdən əlavə, bir sıra digər rəvayətlərimiz də var ki, açıq-aşkar bu ayənin Qədir-Xum hadisəsi və Peyğəmbərin (s) xütbəsi, həmçinin, həzrət Əlinin (ə) canişin və vəsi ünvanında tanıtdırılması barədə olduğunu göstərir və onların sayı əvvəldə qeyd etdiklərimiz rəvayətlərdən çoxdur. Tanınmış tədqiqatçı Əllamə Əmini "Əl-Qədir" kitabında həmin hədisi Peyğəmbərin (s) yüz on səhabə və ravisindən, səksən dörd nəfər tabein və üç yüz altmış nəfər alim və yazıçıdan dəqiq sənəd və materiallarla nəql edir.
Bu sənəd və materiallar toplusuna diqqət etməklə, hər bir şəxsdə Qədir-Xuma hadisəsinin İslamın ən dəqiq və düzgün rəvayətlərindən və mütəvatir hədislərə aşkar bir nümunə olduğuna dair əminlik yaranar. Doğrusu, əgər bir kəs onların mütəvatir olmasına şübhə etsə, deməli, heç bir mütəvatir hədisə inamı yoxdur.
Bəhsə geniş şəkildə daxil olmaq bizi kitabda nəzərdə tutduğumuz üslubdan xaric etdiyi üçün, hədisin sənəd və nazilolma səbəbi barədə bu miqdarda kifayətlənir və hədisin əhatə etdikləri məsələlərə toxunuruq. Hədisin sənədləri barədə daha ətraflı məlumata sahib olmaq istəyənlər aşağıdakı kitablara müraciət etsinlər:
1. "Əl-Qədir" təfsiri, birinci cild.
2. Əllamə Qazi Nurullah Şüştərinin yazmış olduğu və Ayətullah Nəcəfinin geniş şərhilə "Ehqaqul-həqq" kitabı, cild 2, 3, 14 və 20.
3. Mərhum Seyid Şərifuddin Amulinin "Əl-Muraciat" kitabı.
4. Mir Hamid Hüseyn Hindinin "Əbqatul-ənvar" kitabı (daha yaxşı olar ki, onun xülasəsi olan 7, 8 və 9-cu cildlərə müraciət edəsiniz).
5. Mərhum alim Müzəffərin "Dəlailus-sidq" kitabı, 2-ci cild.

"QƏDİR" RƏVAYƏTİNİN MÖHTƏVASI
Hazırda yuxarıdakı rəvayətlərdən istifadə edərək "Qədir" hadisəsinin yığcam formasını (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə geniş, bəzilərində müxtəsər, bəzilərində də onun bir qisminə toxunularaq nəql edilmişdir və biz onların məcmusundan alınan nəticəni) qeyd edirik:
Peyğəmbərin (s) ömrünün son ilindəki "Həccətül-vida" (vida həcci) mərasimi möhtəşəm şəkildə o həzrətin hüzurunda başa çatdı. Qəlblər mənəviyyatın şölə və nuruna qərq olmuş və bu əzəmətli ibadətin mənəvi ləzzəti hələ də duyulmaqda idi.
Peyğəmbərin (s) sayca həddən artıq çox olan tərəfdarları sevincdən bu feyz və səadəti dərk edə bilmirdilər. (Bəziləri Peyğəmbərlə (s) birgə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri də 120-124 min olaraq qeyd etmişlər.)
Bu səfərdə Peyğəmbərlə (s) birgə olmaq üçün təkcə Mədinə əhalisi deyil, Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən olan kəslər də iştirak edərək belə əzəmətli və tarixi iftixarı əldən vermək istəmirdilər.
Hicazın yandırıcı günəşi dağ və dərələrə od saçmasına baxmayaraq, səfərin şirinlik və misligörünməmiş mənəviliyi bütün çətinliyi asanlaşdırırdı.
Zöhr vaxtına az qalır və getdikcə Cöhfə məntəqəsi və Qədir-Xumun çöllük və biyabanlıqları uzaqdan görünməyə başlayırdı. Həqiqətdə, burada Hicaz camaatını bir-birlərindən ayıran dörd yol vardı. Mədinəyə tərəf gedən yol şimala, İraqa gedən yol şərqə, Misirə tərəf gedən yol qərb və Yəmənə gedən yol isə cənuba tərəf idi. Həmin dörd yol ayrıcında bu əzəmətli səfərin sonuncu xatirəsi və ən mühüm hissəsi həyata keçirilməli və müsəlmanlar Peyğəmbərin (s) sonuncu və həqiqətdə, onun risalətinin müvəffəqiyyəti hesab edilən göstərişinin nə olmasını bilməli və sonra bir-birlərindən ayrılmalı idilər.
Cümə axşamı və hicrətin onuncu ili idi və eynilə, Qurban bayramından səkkiz gün keçirdi. Gözlənilmədən Peyğəmbər (s) tərəfindən dayanmaq əmri verildi. Müsəlmanlar uca səslə öndə gedənləri geri qayıtmağa səsləyir və geridə qalanların da onlara gəlib yetişməsini gözləyirdilər. Günəş zenit nöqtəsindən keçmişdi. Peyğəmbərin (s) müəzzini "Allahu əkbər" sədası ilə camaatı zöhr namazına çağırır və camaat da tələsərək namaza hazırlaşırdılar. Hava o qədər isti idi ki, onlar məcburən əbalarının bir ətəyini ayaqları altına və digər ətəyini isə başları üstünə atır və bu yolla səhranın qaynar və qızmar çınqıllarının istisindən və günəşin yandırıcı şüalarından qorunmağa çalışırdılar. Səhrada qızmar isti ilə mübarizə aparan bir neçə çılpaq ağaclardan başqa, nə bir kölgəlik və nə də bir ağac və yaşıllıq gözə dəymirdi. Camaatın bir qismi həmin ağaclara pənah aparmış və ağacın başına parça bağlayaraq Peyğəmbər (s) üçün kölgəlik düzəltmişdilər, lakin əsən isti küləklər günəşin hərarətini bu kölgəliyə daxil edir və yayırdı. Zöhr namazı bitdi.
Müsəlmanların tez bir zamanda özləri ilə daşıdıqları kiçik alaçıq və xeymələrə pənah aparmaq qərarına gəlməsinə baxmayaraq, Peyğəmbər (s) onlara uzun və müfəssəl olacaq bir xütbəsində yeni ilahi mesajı dinləmək üçün hazır olmalarını söylədi. Uzaqda olan kəslər o həzrətin ruhani və mənəvi simasını görə bilmirdilər. Nəticədə, dəvələrin palanından hündür bir minbər düzəltdilər və Peyğəmbər (s) onun üzərinə çıxdı. Peyğəmbər (s) əvvəlcə, Allaha həmd və şükr etdi və özünü Allaha tapşırdıqdan sonra, camaata xitab edərək sözə başladı: "Mən tezliklə Allahın dəvətini qəbul edərək sizin aranızdan ayrılacağam. Həm mən, həm də siz məsuliyyət daşıyırsınız. Siz mənim barəmdə necə şəhadət verəcəksiniz? Camaatın səsi ucaldı və onlar dedilər:

نَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ وَنَصَحْتَ وَجَهَدْتَ فَجَزاكَ اللهُ خَيراً

"Şəhadət veririk ki, sən risalət vəzifəsini təbliğ etmiş, xeyirxahlığı bizə nəsihət edərək hidayətimiz üçün bütün təlaş və səyini əsirgəməmisən. Allah sənə xeyir əta eləsin. " Peyğəmbər (s) sözünə davam etdi ki, siz Allahın yeganəliyinə, peyğəmbərliyimin həqiqi və doğruluğuna, qiyamət günü və ölülərin dirildilməsinə (məada) şəhadət verirsinizmi? Hamı bir ağızdan "bəli, şəhadət veririk" – dedi. Peyğəmbər (s) söylədi ki, ilahi, şahid ol! Sonra buyurdu: "Ey camaat, mənim səsimi eşidirsinizmi? ""Bəli! "– dedilər. Sonra aralığa sükut çokdü və küləklərin vıyıltısından başqa, bir şey eşidilmədi. Peyğəmbər (s) buyurdu: "Sizin aranızda yadigar qoyacağım iki dəyərli və qiymətli əmanətlə necə rəftar edəcəyinizə diqqət edin! "Camaatın arasından bir nəfər dilləndi ki, hansı iki əmanət, ey Allahın Peyğəmbəri? Peyğəmbər (s) fasiləsiz olaraq dedi: "Birincisi "böyük əmanət"dir ki, Allahın kitabıdır və onun bir ucu Allahın ixtiyarında, digər ucu isə sizin əlinizdədir. Ondan möhkəm yapışın ki, yoldan azmayasınız, amma ikincisi "kiçik əmanət"dir ki, mənim xanədanımdır. Hər şeydən xəbərdar olan Allah mənə xəbər vermişdir ki, onların heç biri cənnətdə mənə qovuşana qədər bir-birindən ayrılmaz. Onlardan nə önə keçməyin, nə də geri qalmayın, yoxsa, hər iki halda həlak olarsınız. "Sonra camaat Peyğəmbərin (s) ətrafına baxaraq sanki kimi isə axtardığını gördü. Gözləri həzrət Əliyə (ə) sataşdıqda, onu yanına çağıraraq əlindən tutdu və əlini o qədər yuxarı qaldırdı ki, paltarının qoltuğunun alt hissəsində olan tərəfi görsəndi və camaat onun İslamın məğlubedilməz döyüşçüsü Əli (ə) olduğunu görüb tanıdı. Bu yerdə Peyğəmbərin (s) mübarək səsi daha da yüksələrək ucaldı və o buyurdu:

أَيُّهَا النّاسُ مَنْ أَوْلَى النّاسِ بِالمُؤمِنينَ مِنْ أَنْفُسِهِمْ

"Ey insanlar (ey camaat)! Kim möminlərə onların özlərinə nisbətdə daha övla və üstündür? "Dedilər ki, Allah və onun Rəsulu daha yaxşı biləndir. Peyğəmbər (s) buyurdu: "Allah mənim mövlam və rəhbərim və mən də möminlərin mövla və rəhbəriyəm, həmçinin, onlara nisbətda özlərindən daha üstünəm (mənim istəyim onların istəyindən üstündür). "Sonra isə buyurdu:

فَمَنْ كُنْتُ مَوْلاهُ فَعَلِيٌّ مَوْلاهُ

"Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. "O həzrət bu sözləri üç dəfə, bəzi hədissöyləyənlərin nəqlinə əsasən, dörd dəfə təkrar etdikdən sonra üzünü asimana tərəf tutaraq bu cür dedi:

اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادِ مَنْ عاداهُ وَأَحِبّ مَنْ أَحَبَّهُ وَاَبْغِضْ مَنْ أَبْغَضَه وَانْصُرْ مَنْ نَصَرَه وَاخْذُلْ مَنْ خَذَلَهُ وَأَدِرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ

"İlahi! Onun dostlarını özünə dost və düşmənlərini də düşmən tut! Onu sevən kəsləri sev və ona qəzəbli olanlara qəzəbli ol! Ona kömək edənlərə kömək və xar etməyə çalışanları xar və zəlil et! Onu həmişə haqq ilə birgə et və haqdan ayırma! "Sonra sözünə belə davam edir:

أَلا فَلْيَبْلُغِ الشّـاهِدُ الْغـائِبَ

"Bilin ki, burada olanlar olmayanlara bu xəbərləri çatdırmaqda vəzifəlidirlər. "Peyğəmbərin (s) xütbəsi sona çatır. Camaatın, Peyğəmbər (s) və Əlinin (ə) üz-gözündən tər axırdı və hələ camaat sıraları pozulmamış və bir-birlərindən ayrılmamışdı ki, Allah vəhyinə əmanətdar olan Cəbrayıl nazil olur və Peyğəmbərə (s) bu ayəni oxuyur:

اَلْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُم نِعْمَتى...

"Bu gün sizə dini kamil etdim və nemətimi tamamladım! "Peyğəmbər (s) dedi:

اللهُ أَكْبَرْ، اللهُ أَكْبَرُ عَلَى اِكْمالِ الدِّيْنِ وَاِتْمامِ النِّعْمَة وَرِضَي الرَّبِّ بِرِسَالَتِي وَالْوِلايَةِ لِعَليٍّ مِنْ بَعْدي

"Bizim üçün dinin kamil və nemətlərini tamamlayan Allah böyük və ucadır. O, mənim risalətim və məndən sonra Əlinin vilayətinə razıdır. ""
Bu zaman camaat arasında böyük bir təlatüm və hərəkətlilik olur və onlar həzrət Əlini (ə) bu münasibətlə təbrik edirlər. Təbrik deyənlər arasında Əbu Bəkr və Ömər də vardı və onlar camaatın hüzurunda belə deyirdilər:

بَخّ بَخّ لَكَ يَا ابْنَ أَبي طالِب أَصْبَحْتَ وَأَمْسَيْتَ مَوْلايَ وَمَوْلا كُلِّ مُؤمِن وَمُؤمِنَة

"Əhsən sənə, ey Əbu Talibin oğlu! Sən bu gündən etibarən, bizim və bütün mömin və möminələrin (iman gətirən kişi və qadınların) rəhbər və mövlasısan!"
Elə bu zaman İbn Abbas deyir ki, Allaha and olsun, bu əhdi-peyman hamımızın boynunda qalacaq və hamımız buna məsuluq. Sonra tanınmış və məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə şeir deməsi üçün icazə istədi və şeirə başladı:

يُنادِيْهِمْ يَوْمَ الْغَديرِ نَبيُّهُمْ *** بِخُمٍّ وَاَسْمِعْ بِالرَّسُولِ مُنادِياً
: فَقالَ فَمَنْ مَوْلاكُمُ وَنَبيِّكُمْ؟ *** فَقالُوا وَلَمْ يَبْدُوا هُناكَ التَّعامِيا
اِلـهُكَ مَـوْلانـا وَاَنْـتَ نَبِيُّنـا *** وَلَمْ تَلْقِ مِنّا فى الْوَلايَةِ عاصِياً
فَقالَ لَهُ قُمْ يا عَلَىٌّ فَاِنَّنى *** رَضيتُكَ مِنْ بَعْدى اِماماً وَهادِياً
فَمَنْ كُنْتُ مَوْلاهُ فَهذا وَلِيُّهُ *** فَكُونُوا لَهُ اَتْباعَ صِدْق مُوالِيا
هُناكَ دَعا اَللّهُمَّ وَالِ وَلِيَّهُ *** وَكُنْ لِلَّذى عادا عَلِيّاً مُعادِياً

Şeirin oxunuşu:
Yunadihim yəvməl-ğədiri nəbiyyəhum,
Bixummin və əsmi bir-rəsuli munadiyən.
Fəqalə, fəmən məvlakum və nəbiyyikum?
Fəqalu və ləm yəbdu hunakət-təamiyən,
İlahukə məvlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vilayəti asiyən.
Fəqalə ləhu qum, ya Əliyyu, fə innəni,
Rəziytukə min bədi imamən və hadiyən,
Fəmən kuntu məvlahu, fə haza vəliyyəhu,
Fə kunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə,vali vəliyyuhu,
Və kun lilləzi əda Əliyyən muadiyən!

Qədir-Xumda Peyğəmbərin nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: "Kimdir sizin mövla, nəbiniz? "
Bir ağızdan: "Allah bizim rəbbimiz!
Ondan sonra sən də Peyğəmbərimiz!
Vilayətə asi olmaz heç birimiz! "
Peyğəmbərin Əliyə buyruğuyla:
Qalx ayağa həqiqət sorağıyla!
Məndən sonra imam, hidayətçisən,
Camaatın mövla və rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
İlahi, özün sev onu sevəni,
Düşməninə düşmən olsan, var yeri.
Bu, əhli-sünnə və şiə alimlərinin öz kitablarında qeyd etdikləri Qədir-Xum hadisəsinin xülasəsi idi.

Kitabın adı: İmamət və vilayət ayələri
Tərcümə edən: R. Şükürlü
Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!