15-Cİ MÜNAZİRƏ - I hissə

:

SƏHABƏLƏRİN FƏZİLƏTİ BARƏDƏ VƏ ŞİƏLƏRƏ ATILAN İFTİRALAR - 27 rəcəb, çərşənbə axşamı, 1345-ci il
Şeyx Əbdüssalam: (Hafiz Məhəmməd Rəşidə tərəf dönərək:) icazə verin bir az da mən danışım, bu arada siz də nəfəs alıb istirahət edin. (Sonra mənə tərəf baxaraq dedi:)

Möhtərəm qardaşmız! Biz əsla mövlamız Əlinin (ə) fəzilətlərini inkar etmirik. Amma fəzilətləri onunla hüdudlandırmaq da ağla sığan deyil. Çünki “Xuləfai-raşidin” (r.z) Peyğəmbərin xas səhabələrindən olub, hər birisi fəzilət sahibi və bərabərdilər. Siz bir tərəfli danışırsınız. Bu da məclisdə olanları və olmayanları çaşdıra bilər, vəziyyəti sizin buyurduğunuz şəkildə olduğunu zənn edə bilərlər. İzn verirsəniz haqqın gizli qalmaması üçün onların fəzilətlərini anladan hədislərdən bəzilərini bildirim».
Dəvətçi: «Bizim insanlara məxsus bir baxışımız yoxdur. Biz sadəcə ağıl, məntiq və elmə tabeyik. Bir tərəfli də danışmırıq. Quranın ayələri və hər iki məzhəbin (şiə və sünni) qəbul etdiyi səhih hədislər bizlərə məsələni bir tərəfli göstərir. Səhabə mövzusuna gəlincə, Allah şahiddir ki, işin içində cahilcəsinə bir sevgi, ya da bir nifrət yoxdur. Təəssübə heç bir zaman qapılmadım və qapılmayacağamda. Burada möhtərəm ağalardan rica edirəm, mənim təəssübə qapıldığımı, ağıl, məntiq və dəlildən başqa bir söz söylədiyimi gördükdə mənə xatırlatsınlar. Bu səbəbdən çox şad olaram.

KİMSƏ SƏHABƏLƏRİN FƏZİLƏTLƏRİNİ İNKAR ETMİR
Əgər hər iki tərəfin (şiə və sünni) qəbul etdiyi hədisləri bəyan etsəniz, məmnuyyətlə qəbul edərəm. Mən pak səhabələrin fəzilətlərini heç vaxt inkar etmərəm. Mütləq hər birinin öz yerində fəzilətləri vardır. Amma hər iki məzhəbin qəbul edib, qərar verdiyi, ümmətin ən fəzilətlisini (üstününü) tanıyıb bilmək lazımdır. Biz fazil (fəzilətli) üzərində danışmırıq. Çünki fəzilətlilər çoxdur. Rəsuli-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisinin kim olduğunu tapmalıyıq ki, əqlinn və nəqlin (ayə və hədislərin) hökmünə görə onu öndə bilib onun arxasınca gedək».
Şeyx: «Sizin məqsədiniz əks tərəfi çaşdırmaqdır. Çünki sizin kitablarınızda, xəlifələrin fəziləti haqqında istidlal ediləcək bir hədis yoxdur. Vəziyyət belə olduğu halda hər iki tərəfin qəbul etdiyi hədisləri dəlil gətirə bilərik?».
Dəvətçi: «Bu sizin probleminizdir. Nə üçün birinci gecə kitabları yaxşı oxumadan danışmağa başladınız? Yadınızdadırsa, bu təklifi birinci gecə cənab Hafiz (səlləməhullah – yəni Allah salamat etsin) təqdim etdi və dedi ki; «İstidlallarımız, söhbətlərimiz ancaq Quran ayələri və hər iki tərəfin qəbul etdiyi hədislərdən olsun». Mən də sizin mötəbər kitablarınızı yaxşı oxuduğum üçün təklifi qəbul etdim. Özünüzün və məclisdə iştirak edənlərin şəhadəti ilə, söhbətlərimizin əvvəlindən indiyə qədər bu şərtləşmədən kənara çıxmadım. İndiyə qədər sizin alimlərinizin mötəbər kitablarında nəql edilən səhih hədisləri və Quran ayələrini dəlil gətirdim. Bu söhbətlər davam etdiyi müddət ərzində inşallah bu vədimə əməl edəcəyəm.
Bu cür şərtləşdiyimiz zaman, belə bir çətinliklə qarşılaşacağınızı düşünmürdünüz sanki! Amma mən, şərtləşdiyimizi bəhanə edib sizləri çətin vəziyyətdə qoymaq istəmirəm. Sizin üçün bir tərəfli səhih hədislərinizi, saxta və uydurma olmasa; əqli və nəqli dəlillərə (ayə və hədislərə) uyğun olması şərti ilə dinləməyə hazırım. Sonra oturub insaflı bir şəkildə ədalətlə hökm verək, əgər deyəcəkləriniz həzrət Əlinin (ə) fəzilətlərinin kəmiyyəti qarşısında dura bilərsə, qəbul edərəm.
Şeyx: «Xilafət mövzusunda nəql etdiyiniz hədislərdən əlavə, Əbu Bəkrin xilafəti haqqında sizin qafil olduğunuz, çox sayda hədislər vardır».
Dəvətçi: «Sizin Zəhəbi, Süyuti və İbn Əbil-Hədid kimi böyük alimlərinizin özləri demişlər ki, əməvləri və bəkrilər, Əbu Bəkrin fəzilətləri haqqında bir çox hədislər uydurmuşlar. Bunu nəzərə alaraq o çox dediyiniz hədislərdən birini misal olaraq söyləyin insaflı və təəssübsüz hakimlər hökm versinlər».

ƏBU BƏKRİN FƏZİLƏTİ HAQQINDA HƏDİSİN NƏQL EDİLMƏSİ VƏ ONUN SAXTA ODLUĞUNA DAİR TUTARLI CAVAB
Şeyx: «Ömər ibn İbrahim ibn Xalid, İsa ibn Əli ibn Abdullah ibn Abbasdan, o da atasından, o da babası Abbasdan bu mötəbər hədisi nəql edirlər: Rəsulullah (s) o böyük şəxsə (Abbasa) belə buyurdu: «Ey əmi! Şübhəsiz ki, Allah-taala, Əbu Bəkri Allahın dininə xəlifəm etdi. Belə isə onu dinləyin və qurtuluşa yetişməyiniz üçün ona itaət edin!»
Dəvətçi: «Hədis təktərəfli olmasına baxmayaraq, mərdud (rədd edilmiş) olmasaydı, üzərində bəhs aparardıq».
Şeyx: «Necə mərduddur? Siz bütün məsələləri, sözlə həll edib düzəltmək istəyirsiniz!».
Dəvətçi: «Yanılırsınız! Biz boşboğaz deyilik, əksinə əməl əhliyik. Əvvəla bu hədisi təkcə biz rədd etmirik. Məlumunuz olsun bunu ilk olaraq sizin böyük alimləriniz rədd etmişdir. Onlara görə bu hədisi nəql edən ravilər, yalançı və saxtakardırlar. Bu üzdən hədisi batil bilib mötəbər qəbul etmirlər. Zəhəbi «Mizanul-itidal»da İbrahim ibn Xalidin tərcümeyi-halında və Xətib Bağdadi «Tarixi-Bağdad»da Ömər ibn İbrahimin tərcümeyi-halında «O, kəzzab (yalançı)-dır» – deyə yazmışlar».
Şeyx: «Səhih bir hədisdə, etibarlı səhabələrdən Əbu Hüreyrə (r.z) belə nəql edir: Cəbrail, Peyğəmbərə (s) nazil olaraq belə ərz etdi: «Allah sənə salam göndərir və buyurur ki, mən Əbu Bəkrdən razıyım, ondan soruş görəsən, o da məndən razıdırmı?!».
Dəvətçi: «Bunu yaxşı bilmək lazımdır ki, hədisləri nəql edərkən ağlın qınamasına məruz qalmamaq üçün çox diqqətli olmalıyıq. Ayrıca bu nöqtəni da xatırlatmaq istəyirəm ki, böyük alimlərinizdən İbn Həcər «İsabə»də, İbn Əbdülbirr «İstiab»da Əbu Hüreyrənin özündən Rəsulullahın (s) belə buyurduğunu nəql edirlər: «Mənim adıma yalan söyləyənlər çoxalıblar. Kim bilərək mənim adıma yalan söylərsə onun yeri cəhənnəm atəşidir. Nə zaman məndən sizə bir hədis gəlirsə, onu Quranla uyğunlaşdırın». (Yəni Qurana uyğunsa, qəbul edin, uyğun gəlməzsə, rədd edin.)
Yenə Fəxri Razi Təfsiri-kəbirin VΙ cildinin 371-ci səhifəsində hər iki məzhəbin qəbul etdiyi bir hədisi Rəsulullahdan (s) belə nəql edir: «Məndən sizə bir hədis nəql edildiyi zaman, onu Allahın kitabı ilə müqayisə edin, əgər ona uyğun olsa, qəbul edin, əks təqdirdə, rədd edin.
Böyük alimlərinizin kitablarında yazdıqları kimi Rəsulullahın (s) adına yalan hədis uyduranlardan biri də hədis nəql etiyiniz bax bu Əbu Hüreyrədir. Hədər yerə ona etibarlı dediniz».
Şeyx: «Sizin kimi alim, mübəlliğ və Rəsulullahın nəslindən olan bir şəxsdən, Rəsulullahın (s) səhabələrini pisləməyi doğrusu gözləmirdik».
Dəvətçi: «Səhabə kəlməsini istifadə edərək məni qorxutmaya çalışmayın. Səhabə olmağı öz başına şərəf və fəzilət səbəbi bilmək xətadır. Rəsuli-əkrəmə (s) səhabə olmaq o zaman insana şərəf və fəzilət qazandırır ki, Peyğəmbərə qarşı müti və itaətkar olsun. Amma əgər Peyğəmbərin əmr və göstərişlərinə zidd hərəkət edər, nəfsi-həvasına tabe olarsa, o insan rədd edilmiş, hətta məlun və dərdli bir əzaba düşar olar.
Quranın şəhadət verdiyi, fəsadlarına görə Cəhənnəmə düşəcək münafiqlər, görəsən, Rəsulullahın (s) səhabələrindən deyillərmi? Bəli, münafiqlər lənətlənmiş və atəş əhlidirlər. Əbu Hüreyrənin də o rədd edilmiş məlunlardan olub, cəhənnəmlik olduğuna təəccüb etməyin!
Şeyx: «Tamamilə onun rədd edilmiş olduğu bəlli deyildir. Bəzilərinin onu rədd etdiyini fərz etsək belə, bu onun cəhənnəm əhli olduğuna dəlil ola bilməz! Görəsən, hər rədd edilən (mərdud) məlun və cəhənəm əhlimi olur? Quranın açıq hökmü və Peyğəmbərin sözü ilə lənətlənmiş olan ancaq məlun olar».

ƏBU HÜREYRƏNİN KİMLİYİ VƏ PİSLƏNİLMƏSİ
Dəvətçi: «Əbu Hüreyrənin rədd edildiyinə dair günəşdən daha aydın bir çox dəlillər vardır. Bunu böyük alimləriniz də təsdiq etmişlər ki, onun rədd edilmiş (mərdud) olduğuna dair dəlillərdən biri, Rəsulullahın (s) dili ilə lənətlənmiş, Müaviyə ibn Əbu Süfyanın, münafiqlərin və ikiüzlülərin yanında yer almasıdır. Çünki Süffeyndə namazları Əmirəl-möminin həzrət Əlinin (ə) arxasında qıldığı halda, Müaviyənin yağlı süfrəsinin başından da əksik olmurdu. Zəməxşəri «Rəbiul-əbrar»da, İbn Əbil Hədid «Şərhu Nəhcül-bəlağə»də və daha başqaları belə nəql edirlər: Ondan bu iki fərqli hərəkətinin səbəbi soruşulduğu zaman belə deyirdi: «Müaviyənin muzəyrəsi (Muzəyrə ‒ Süddən duzəldilmiş bir cür yeməyin adıdır. Bu yemək Müaviyəyə məxsusdur) və yeməyi daha yağlıdır, Əlinin arxasında namaz qılmaq isə əfzəldir». Bu səbəbdən Əbu Hüreyrə «Şeyxul-muzəyrə» deyə məşhur olmuşdur.

HƏZRƏT ƏLİ QURAN VƏ HAQDAN AYRILMAZ
Halbuki şeyxul-İslam Himvini «Fəraid»in 37-ci babında, Xarəzmi «Mənaqib»də, Təbərani «Əvsət»də, Gənci Şafei «Kifayəut-Talib»də, İbn Quteybə «əl-imamət vəs-siyasət»in Ι cildinin 68-ci səhifəsində, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, Süleyman Bəlxi «Yənabiul-məvəddət»də, Əbu Yəla «Müsnəd»də, Müttəqi Hindi «Kənzul-ummal»ın VΙ cildinin 157-ci səhifəsində, Səmani «Fəzailus-səhabə»də, imam Fəxri Razi «Təfsiri Fəxri Razi»nin Ι cildinin 111-ci səhifəsində və sairə alimləriniz Əbu Hüreyrənin özündən və digərlərindən Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Əli haqq ilədir və haqq da Əli ilə; Əli haradasa haqq da oradadır».
Bu hədis, Əbu Hüreyrənin (bütün bunları bildiyi halda) həzrət Əlini (ə) buraxıb Müaviyənin ətrafında fırlanması, onun mərdud (rədd edilmiş) olduğunu göstərmimi?
Müaviyənin pis əməl və zülmlərini görüb susan və dünyəvi mənfəətləri üçün qarnını doydurmaq və məqam sahibi olmaq üçün o məlunun məclisində oturaraq ona yardımçı olan mərdud (rədd edilmiş) deyildirmi?!
Hakim Nişapuri «Müstədrək»in ΙΙΙ cildinin 124-cü səhifəsində, imam Əhməd Hənbəl «Müsnəd»də, Təbərani «Əvsət»də Şafei Fəqihi İbn Məğazili «Mənaqib»də, Müttəqi Hindi «Kənzul-ümmal»ın VΙ cildinin 153-cü səhifəsində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət»də, imam Əbu Əbdürrəhman Nəsai «Xəsaisul-Ələvi»də və daha başqa böyük alimləriniz Əbu Hüreyrənin özündən Rəsulullahın (s) belə buyurduğunu nəql edirlər: «Əli Quranla və Quran da Əli ilədir. Bunlar hovuzun başında, mənə qovuşacağına qədər əsla bir-birlərindən ayrılmazlar. Əli məndəndir, mən də Əlidənəm. Kim onun haqqında pis söz söylərsə, şübhəsiz mənə aid olur və kim mənim haqqımda demişsə, şübhəsiz Allaha aid edilmişdir».
Bununla birlikdə, Müaviyə açıq-aşkar, hətta minbər və cümə namazlarında həzrət Əliyə, həzrət Həsən və həzrət Hüseynə lənət oxunmasını görüb, seyr edib susan, bütün bunlalara etiraz etməyib əksinə, Müaviyə və başına yığışan lənət olunmuşlarla oturub duran və onların etdiyinə sevinən bir şəxs mərdud deyil, bəs nədir?!
Onları müşaiyət etməklə arabir, hədis uyduraraq onlara yardımçı olan və xalqı həzrət Əlinin əleyhinə qaldıran və o həzrətə lənət etməyə təşviq edən bir şəxs mərdud deyildirmi?!».
Şeyx: «Pak səhabənin hədis uyduraraq, xalqı Əliyə (ə) lənət etməyə və pis söz söyləməyə təşviq etməsi iftiralarını qəbul etməmiz mümkündürmü? Bu növ iftiralar şiələrin iftiralarından deyildirmi?!».
Dəvətçi: «Pak səhabələrin belə bir şeyi etmələri təbii ki, qəbul ediləsi deyil. Amma əgər səhabələrdən biri belə bir iş tutmuşsa, bu qətiyyətlə onun pak olmadığını göstərir və o münafiq, mərdud və məlundur.
Şiə alimlərinin ittifaq etdiyi, sizin böyük alimlərinizin də nəql etdiyi bir çox hədisdə Rəsuli-əkrəm (s) belə buyurur: «Kim Əliyə söyüş söyərsə, mənə və mənim Allahıma söyüş söymüşdür».
Belə iftiralar şiələrin uydurmalarıdır sözünə gəlincə; yanıldığınızı söyləmək istərdim. Bizi, bəzi alimləriniz kimi təsəvvür etməyin. Çünki sizin elə alimləriniz var ki, hədəflərinə yetişmək üçün şiələrə iftira atır, yalandan bəzi nisbətlər uydurur, həqiqətlərdən xəbəri olmayan insanları (avam xalqı) yoldan çıxarırlar. Qiyamətdən və Allahın məhkəməsindən də qorxmurlar».
Şeyx: «Siz, əgər Rəsulullahın (s) uca səhabələrinə hədis uydurmaqda ittihamlandırırsızsa, xüsusi olaraq İslamın iftixarları olan əhli-sünnət vəl camaatın alimlərini də pisləyəcəyiniz təbiidir. Əslində siz şiələrin ən böyük hünəri, böyükləri pisləmək, onlara iftira atmaq və onları söyməkdir».
Dəvətçi: «Bu növ sözləri bizə nisbət verməklə haqqsızlıq edirsiniz. 1400 ildir (şiə və sünnilərin yazdıqları) tarix kitabları, sizin söylədiklərinizin əksinə şəhadət verirlər.

ŞİƏLƏRİN MÜXALİFLƏRİN QARŞISINDAKI MƏZLUMİYYƏTİ
İslamın başlancığından və əməvilərin meydana çıxmasından bu günə qədər davamlı olaraq pak Əhli-beytin məsum imamlarına və məzlum şiələrinə lənət etmək, söymək və iftira atmaq, müsəlmanların siyasi oyunbazlarının (sünni adına yəni əməvi sünnət vəl-camaatın təqibçilərinin) etdiyi şeylərdir. Həqiqətlərdən xəbəri olmayanları aldatmaq, təfriqə salmaq və müsəlmanların arasına ixtilaf törətmək üçün, tanınmış alimləriniz mötəbər kitablarında məzlum şiələrə yüzlərlə iftira atmış və ağ yalanlar uydurmuşlar. Şiələrə rafizi, kafir, müşrik və azğın demiş və onları söyüb lənətləmişlər; onların rəhbərlərini də, hər şeydən xəbərsiz pak qəlbli sünni qardaşlərın gözündən salmış və nifrət etdirmişlər».
Şeyx: «Hansı sünni alim kitabında şiələrə iftira atıb onlar haqqında yalan söyləmişdir? Bunu isbat edə bilmədiyiniz təqdirdə məhkum olurusunuz. Bizim alimlərimiz nə yazıb söyləmişlərsə, həqiqəti söyləmişlər. Şiələr fasid inanc və əməllərini bir kənara qoysalar, bu cür işlər baş verməz».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!