15-Cİ MÜNAZİRƏ - II hissə

:

SÜNNİ ALİMLƏRİNİN ŞİƏLƏRƏ ATDIQLARI BÖHTANLAR
Dəvətçi: «Böyük alimlərinizin şiələrə atdıqları minlərlə iftira və yalanlardan bəzilərini, bu möhtərəm məclisdə həqiqətlərdən xəbərsiz insanların xəbərdar olması üçün bildirməyə məcbur etdiniz.

Hökm verməyi də müsəlmanların təmiz ruhuna və aydın qəlblərinin ixtiyarına buraxıram.

İBNİ ƏBDÜRƏBBİHİN ŞİƏLƏRƏ ATDIĞI İFTİRALAR
Sizin iftixarınızdan olan ədəbi alimlərinizdən Şəhabuddin Əbu Ömər Əhməd ibn Məhəmməd ibn Əbdürəbbih Qurtəbi əl-Əndulusi əl-Maliki (Ö: 328 h.q. Qurtəbda ölmüşdür) «İqdul-Fərid» adlı kitabının Ι cildinin 269-cu səhifəsində İslama sahib olan imanlı və müvəhhid şiələrə «Ümmətin yəhudiləri» deyərək sözünə belə davam edir: «Yəhudilər necə xristianlara düşməndirlərsə, şiələr də eyni şəkildə İslama düşməndirlər». O bu şəkildə şiələrə bir çox iftiralar atmışdır.
Məsələn deyir ki: «Şiələr, yəhudilər kimi üç talaqa inanmırlar və talaqdan sonra iddənin olmadığını söyləyirlər».
Məclisdə iştirak edən möhtərəm şiələr, hətta şiələrlə yaxın əlaqədə olan siz sünnilər, deyin görək İbn Əbdürəbbihin bu iftiraları gülməli deyilmi?! Bizim bütün fiqh kitablarımız və əməli risalələrimizdə (Tovzihul-məsaillərdə) üç talaqın hökmləri, talaqdan sonra iddə gözləməyin yolları geniş şəkildə bildirilmişdir. Şiələrin talaqdakı əməlləri və talaqdan sonra iddə gözləmələri, ədəbdən uzaq olan bu ədibin (İbn Əbdürəbbihin) yalanına ən böyük dəlildir.
Yenə belə deyir: «Şiələr yəhudilər kimi Cəbrailə düşməndirlər. Çünki vəhyi Əliyə gətirməliydi Peyğəmbərə gətirmişdir!» (Məclisdə iştirak edən şiələrin gülməsi.) Görürsünüz ki, burada olan şiələr belə uydurma yalan sözləri eşidikdə gülürlər, o ki, qaldı ona inanmış olsunlar.
Biz şiələr, həzrət Mühəmmədi Mustafa Xatəmul-ənbiyanı (s) haqq üzərə gəlmiş peyğəmbər olaraq bilir və deyirik ki; ona (s) nazil olan vəhydə əsla xəta və yanlışlıq olmamışdır. Biz, Cəbraili-əminin məqamını o şəxsiyyətsiz adamın təsəvvür etdiyindən daha uca bilirik. Biz Əli ibn Əbu Talibə inanırıq ki, Cəbrail, onu, Xatəmul-ənbiyanın (s) xəlifəsi və varisi olaraq tanıtdırmışdır.
Yenə belə deyir: «Şiələr, yəhudilər kimi Peyğəmbərin sünnəsinə əməl etməzlər. Bir-birlərini gördüklərində “Salamun əleykum”un əvəzinə, «Samun əleykum» (Ölüm sənə olsun) deyrlər». (şiələrin qəh-qəhə ilə gülmələri.)
Şiələrin bir-birlərinə və siz sünni qardaşlara olan davranışları onun yalanına ən böyük dəlildir. Bundan əlavə o, uydurduğu başqa bir sözdə deyir: «Şiələr, yəhudilər kimi müsəlmanların qanını və malını halal bilərlər».
Siz özünüz şiələrin əməllərini görür və onlara şahidsiniz. Biz, kafirlərin belə canını və malını halal bilmirik o ki, qalsın müsəlmanların canını və malını halal bilək.
Şiə məzhəbində qul haqqı və insanı öldürmək, böyük günahlardan sayılmaqdadır».

İBN HƏZMİN İFTİRALARI
Böyük alimlərinizdən Əbu Məhəmməd Əli ibn Əhməd ibn Səid ibn Həzm «əl-Fəslu fil-miləli vən-nihəl» adlı məşhur kitabında şiələrə həqarətlərlə birlikdə onlara misli olmayan yalan və iftiralar atmışdır. Xüsusilə kitabın Ι cildini oxuduqda görəcəksiniz ki, açıq-aydın «Şiələr, müsəlman deyildir, əksinə kafir və yalançıdırlar. Onlar yəhudilik və xristianlıqdan qaynaqlanırlar» - deyə uydurma sözlər yazmışdır.
Həmin kitabın 4-cü cildinin, 182-ci səhifəsində də belə deyir: «Şiələr, doqquz qadınla evlənməyi caiz bilirlər».
Bu yalançı adamın yalan və iftiralarına ən böyük cavab; şiələrin əsrlər boyu yazdıqları fiqhi kitabları və elmi risalələridir. Onların hamısında dörd qadından çox daimi olaraq nigahlamanın haram olduğu yazılmışdır....».

İBN TEYMİYYƏNİN İFTİRALARI
Alimlərinizin arasında ən həyasızı, bəlkə də ən dinsizi Əhməd ibn Əbdülhəlim Hənbəli yəni İbn Teymiyyədir. (Ö: 728 h.q.) İbn Teymiyyənin şiələrə, xüsusilə mövlamız Əmirəl-möminin həzrət Əliyə (ə) və Rəsulullahın (s) pak itrətinə (Əhli-beytinə) qarşı böyük bir kin və düşmənçiliyi vardı.
Onun «Minhacus-sünnə» kitabını oxuyan hər kəs təəccüb edir. Belə şiddətli bir düşmənçiliyi vardı ki, mövlamız, Əmirəl-möminin həzrət Əli (ə) və onun Əhli-beyti haqqındakı bütün açıq nəssləri (ayə və hədisləri) və uca fəzilətləri inkar edir. Məzlum şiələrə elə yalan və iftiralar atır ki, bunları eşidənlərin ağlı çaşır. Əgər onların hamısını bir-bir deməyə dursam, bu məclislərin günlərlə uzaması lazımdır. Sözü uzatmamaq üçün bir misala kifayətlənəcəyəm. Beləcə möhtərəm Şeyx bilsin ki, yalan və iftira atmaq, şiə alimlərinin deyil bəzi sünni alimlərinin xüsusiyyətlərindəndir. Təəccüblüsü budur ki, şiələr haqqında söylədiyi yalanlardan sonra, həqiqətlərdən xəbərləri olmayanları qandırmaq üçün, Ι cild səhifə 15-də bir də deyir ki; «Qiblə əhlindən heç biri şiələr qədər yalan söyləmir». Bu səbəbdən sihahları yazanlar onlardan hədis nəql etməmişlər. 10-cidin 23-cü səhifəsində də belə deyir: «Şiələr üsulud- dinin dörd bəndən ibarət olduğuna inanırlar: tövhid, ədalət, nübuüvət, imamət».
Şiələrin kəlam (əqaidlə əlaqəli elm) kitabları, hər kəsin əli çatan yerdədir. Onlarda yazılan və keçən gecələrdə bizim də söylədiyimiz kimi şiələr üsulud-dinin üç bəndən ibarət olduğuna inanırlar. Bu üçü: tövhid, nübüvvət və məaddır. Ədalət tövhidin, imamət də nübüvvətin bir hisəsidir. Ι cildin, 131-ci səhifəsində də belə deyir: «Şiələr məscidlərə əhəmyyət verməzlər. Məscidləri tamam boşdur. Nə cümələri məsciddə qılarlar, nə də camaat namazları vardır. Əgər bəzən namaz qılsalar da camaatla deyil, tək başlarına qılarlar». (şiələrin qəh-qəhəylə gülmələri.) Möhtərəm Şeyxim, siz və burada olan və olmayan sünni qardaşlar, şiələrin məscidlərinin dolu olduğunu görmədinizmi?! Camaatla qılınan namazları görmədinizmi?! Şiələrin mərkəzi olan İran və İraqda, hər şəhərdə camaat namazlarının qılınması üçün bir çox böyük məscidləri yoxdurmu?! Hansı kəndə gedirsiz gedin orada bir məscidnin olduğunu görəcəksiniz. Mübarək ramazan ayından əlavə, hər gün sübh axşam namazlarını camaatla məscidlərdə qılarlar.
Yenə eyni səhifədə deyir ki, şiələr digər müsəlmanlar kimi həccə getməzlər. Onların həcci qəbirləri ziyarət etməkdir. Qəbirlərin ziyarət etməyin savabını Allahın evini ziyarət etməyin savabından daha çox qəbul edirlər. Hətta qəbirlərin ziyarətinə getməyənlərə lənət edirlər. (şiələrin gülüşməsi.)
Əgər şiələrin ibadətlə əlaqəli risalə və kitablarını açıb oxusanız, Kitabul-həcc (həcc kitabı) adında bu ibadət üçün məxsus bölüm ayırdığını görəcəksiniz. Şiələrin həcdə etməsi lazım olan əməllər üçün hər fəqih (müctəhid) «Mənasiki-həcc» adlı kitablar yazmışlar; o kitablarda məsum imamlardan (ə) da həcc mövzusunda hədislər nəql etmişlər. O hədislərin bəzisində belə deylir: «Maddi imkanı olduğu halda, Allahın evini, həcci tərk edən bir müsəlman (sünni olsun, şiə olsun), İslamın xəttindən çıxmışdır; öldüyü zaman ona deyiləcək ki, hansı dində olaraq ölmək istərsən; yəhudi, xristian, yoxsa məcusi kimi?»
Belə hökmlər qarşısında, şiələrin Allahın evini ziyarət etməyi tərk etmələrini ağıl qəbul edərmi? Gedib İmamların (ə) qəbirlərini ziyarət edən dağ başında yaşayan cahil bir kəndçidən, həcc əməlinin harada yerinə yetirilməsini vacib olduğu haqqında soruşsanız, Məkkəyi-müəzzəmdə deyə cavab almış olarsınız.
Amma Allahdan xəbəri olmayan bu şəxs, bunlara haşiyə olaraq bir də qalxıb şiənin iftixarlarından Şeyx Müfid deyə məşhur olan Şeyx Məhəmməd ibn Məhəmməd ibn Nöman Mufidə iftira ataraq deyir ki; «Onun “Mənasikil-həccil-məşahid (Qəbirlərin ziyarətinin hökmü) adında bir kitabı vardır», halbuki belə deyil, Şeyx Mufidin «Mənasikuz-ziyarət» adında hər kəsin əlində olan bir kitabı vardır. Bu kitabda məsum imamların (ə) müqəddəs məzarları ziyarət edildiyi zaman digər ziyarətlər kimi bu ziyarətə aid ədəb və qaydalar yazılmışdır. Kitabın əvvəlində yazır ki, «Müstəhəb ibadətlərdən biri də, Peyğəmbəri-əkrəm (s) və məsum imamların (ə) müqəddəs qəbirlərini ziyarət etməkdir».
Allahdan xəbərsiz şəxsin yalanına ən böyük cavab, hər il minlərlə şiənin Allahın evinə gedib həcc əməllərini yerinə yetirmələridir. Şiələr həccdən qayıtdıqdan sonra özlərinə «Hacı» deyilməsini iftixar bilirlər. İndi bu yalançı şəxsin nə qədər yalan düzəltmələrinə bir baxın!
Yenə 1-ci cildin 11-ci səhifəsində belə deyir: «Şiələr itlərinin adını Əbu Bəkr və Ömər qoyaraq ardıcıl şəkildə onlara lənət deyirlər. (şiələrin gülüşməsi.)
Şiələrə belə iftira atıb onlar haqqında yalan söyləyən bu şəxsin inad, təəssüb və dinsizliyinə doğrusu insan təəccüb edir.
Halbuki, onun dediyinin əksinə şiələrin əhkam və hədis kitablarının hamsında itin nəcis olduğu yazılmışdır. Müsəlman şəxsin evində it olarsa, o evə Allahın rəhmətinin nazil olmayacağı bu kitablarda yazılmışdır. Şiə müsəlmanların bir neçə yerdən başqa it saxlamağı qadağan edilmişdir. Şiə inancına görə, bir it bir evdə sərbəst dolaşarsa, o ev nəcis olar. Bütün bunlar göz önündə olduğu halda, bir şiənin öz evində it saxlaması və bundan əlavə Rəsulullahın (s) möhtərəm səhabələrindən bəzilərinin adlarını onlara qoyması və ya onlara lənət etməsi düşünülə bilməz? Yazıqlar olsun bu cür müsəlmanlara!
İnad və təəssübdən Allaha sığınırıq. Siz cahil də olsa, bir şiədən belə bir iş görsəniz göstərin, biz onda bu şəxsin söylədiklərinə təslim olarıq. Əgər göstərə bilməsəniz (əsla göstərə bilməyəcəksiniz) onda lənət edin belə təəssübkeş inadkar insanlara ki, onlar alim adlandıqları halda təsir altında olan həqiqətlərdən xəbərdar olmayan insanları aldatmaqda və müsəlmanların arasına ixtilaf və düşmənçilik salmaqdadırlar
Bunlar, əhli-sünnə alimlərinin şiə camaatına etdikləri xəyanət, aşkar yalan və iftiralardan bəzi misallardır. Əgər, İbn Həcər Məkki, Cahiz və Qazı Ruzbehan kimi şəxslərin sözlərinin sadəcə siyahısını anlatmağa başlasam, bir neçə gecə vaxtınızı gərək alam. Başqalarına rəhbərlik etmək istəyən belə alimlərin yalan və uydurma sözləri ilə vaxtınızı zay etmək istəmirəm.

ŞƏHRİSTANİNİN XƏTALARI
Onların bir çox kitabları var, amma elmi tərəfdən müəlifləri hər hansı bir dəyərə sahib deyildir. Məsələn Məhəmməd Əbdülkərim Şəhristaninin (Ö: 548 h.q.) «Miləl və Nihəl» adlı kitabı məhşur olmasına baxmayaraq, tədqiqatçı alimlərin gözündə heç bir dəyəri yoxdur.
Bu kitabı açıb oxuduqda görürsən ki, şiələrə nə qədər iftiralar atmamışdır! Həzrət Əliyə tapınmaq (sitayiş), tənasüx və təşbihdən tutmuş, ağlın və şəriətin qəbul etmədiyi və şiələrin ruhunun belə xəbəri olmadığı bir çox cəfəngiyatı şiələrə nisbət verir. Bu şəxsin, həqiqətləri anlama idrakının olmadığı açıq-aydın bəllidir. Tarixi hadisələr haqqında da hər hansı bir məlumatı olmadığı aşkardır. Dünyanın bir guşəsində oturmuş kim nə demişsə, yetərli araşdırma aparmadan hamısını yazmış. Adını da «Miləl və Nihəl» (Millətlər və inanclar) qoymuş!
İnsan, bu kitabın bəzi yerlərində ki, yalanları gördükdə, başqa bölümlərdə yer alan sözlərdə gözündən düşür. Bu halda “aşkar yalan yazılmışsa, başqa bölümlərin yalan və uydurma olmadığı haradan bəlli olsun?” – deyə düşünür insan. Oxucuların, kitabın mahiyyətini və müəllifin necə bir şəxsiyyətə sahib olduğunu bilmələri üçün sadəcə tarixi bir hadisəni misal olaraq xatırladacağam: İsna-əşəriyyə (yəni şiələrin) haqqında fikir yürüdərkən belə yazır: «İmam Məhəmməd Təqidən sonra, məzarı Qumda olan imam Əli ibn Məhəmməd Nəqi», halbuki istər alim olsun, istər cahil, istər dost olsun istər düşmən, istər böyük olsun istər kiçik, həzrət Hadinin (imam Əli Nəqi) (ə) məzari-şərifinin Samirrədə oğlu imam Həsən Əskərinin (ə) yanında olduğunu hər kəs bilir. Orada qızıldan düzəldilmiş böyük bir günbəzi olan geniş bir hərəmi də vardır. Qacar şahlarından Nəsirəddin şah onu təmir etdirərək zinətləndirmək iftixarına nail olmuşdur.
Daha kifayət edər, sözü çox uzatmaq istəmirəm. Bunlar minlərlə deyə biləcəyim misaldan biri idi. Artıq möhtərəm Şeyx, şiələr yalan söyləyir, iftira atır, deməsinlər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!