17-Cİ MÜNAZİRƏ - I hissə

:

İMAM ŞAFEİNİN ƏHLİ-BEYT SEVGİSİNİN FƏRZ OLDUĞUNA DAİR ETİRAFI  (27 rəcəb, çərşənbə axşamı, 1345-ci il)

Dəvətçi: Alimləriniz bu mövzuya o qədər çox toxunmuşlar ki, hətta İbn Həcər kimi təəssübkeş biri belə «Səvaiq» adlı kitabının 88-ci səhifəsində, Hafiz Cəmaləddin Zərəndi.«Meracul-vusul»da, Şeyx Abdullah Şəbravi «İthaf» kitabının 29-cu səhifəsində, misirli Məhəmməd ibn Əli Səbban  «İsafur-rağibin»in 119-cu səhifəsində və başqa bir çox şəxslər, dörd məzhəb imamlarından biri olan Məhəmməd ibn İdris Şafeinin belə dediyini nəql edirlər:
“Ey Rəsulullahın Əhli-beyti! Sizin sevginizi, Allah tərəfindən nazil etdiyi Quranda fərz etmişdir.
Sizin şəninizin ucalığına bu yetər ki, sizə salavat göndərməyənin namazı qəbul olmaz.”!
İndi insafla söyləyin, görəsən, yalnız bir tərəfin (əhli-sünnənin) nəql etdiyi hədis, hər iki məzhəbin (sünnilərin və şiələrin) sayı qədər nəql etdikləri səhih hədislər qarşısında dura bilərmi?
Görəsən, Rəsulullahın (s) və Allahın-taalanın Quranda sevməyi vacib bildiyi şəxsləri bir kənara qoyub, onun yerinə başqalarına əhəmiyyət verilməsini ağıl qəbul edərmi?! Görəsən, Rəsulullahın (s) xanımı və Ümmül-möminin olmaqdan başqa fəzilətinə dair heç bir dəlil olmayan Ayişəni, Allahın Quranda sevgisini vacib etdiyi, haqqında «Təthir» ayəsi nazil olan və yenə Quranın hökmü ilə «Mübahilə» hadisəsinə qatılmaq iftixarına nail olan Fatimədən daha çox başqasının sevilməsi düşünülə bilərmi?! Peyğəmbərlər və övliyaların həvayi-nəfslərinə uymadıqlarını, Allahdan başqa heç kəsi göz önünə gətirmədiklərini sizlər də çox yaxşı bilirsiniz. Xüsusilə Rəsuli-əkrəm (s) ancaq Allah üçün sevər və ancaq Allah üçün nifrət edərdi. Allahın sevmədiyini qətiyyən sevməz və Allahın düşməni olmayana düşmən olmazdı. O zaman necə olar ki, Allah sevməyi vacib etdiyi həzrət Fatiməni bir kənara qoyub başqalarını ondan üstün bilərmi?! Peyğəmbəri-əkrəm (s) həzrət Fatiməni, Allah onu sevdiyi üçün sevirdi. Rəsulullah (s), Allahın aləmlərdəki qadınlardan üstün etdiyi və sevgisini vacib bildiyi bir kəsi qoyub xanımlarından birinin onunla müqayisə edilməsini ağıl qəbul edərmi?
Ya hər iki məzhəbin qəbul və Qurani-kərimin də təsdiq etdiyi bu səhih hədisləri rədd edəcəksiniz; ya da ziddiyyətin aradan getməsi üçün söylədiyiniz hədislərin uydurma olduğunu qəbul edəcəksiniz.
«Rəsulullah (s) yanında ən çox sevilən şəxs Əbu Bəkr idi» – hədisi də, böyük və etibarlı alimləriniz tərəfindən nəql edilən; «Rəsulullah (s) yanında ən çox sevilən şəxs, həzrət Əli idi» – hədisi ilə ziddiyyət təşkil edir.

HƏZRƏT ƏLİ (Ə) RƏSULULLAHIN (S) YANINDA ƏN ÇOX SEVİLƏN ŞƏXSDİR
Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 55-ci babında Tirmizidən Bureydənin belə dediyini nəql edir: «Peyğəmbər, ailəsində qadınların arasında ən çox Fatiməni, kişilərdən isə ən çox Əlini sevirdi».
Məhəmməd ibn Yusif Gənci əş-Şafei «Kifayətut-Talib»in 91-ci babında Ümmül-möminin Ayişədən belə bir hədis nəql edir: «Allah-taala, Rəsulullahın Əli ibn Əbu Talibdən daha çox sevdiyi bir qul yaratmamışdır».
Sonra belə davam edir: «Nəql etdiyim bu hədisi, İbn Həcər «Mənaqib»də, İbn Əsakir Dəməşqi də həzrət Əlinin tərcümeyi-halında qeyd etmişdir».
Muhyiddin və imamul hərəm Əhməd ibn Abdullah əş-Şafei də yenə Tirmizidən belə nəql edirlər: Ayişədən; «Rəsulullah insanlar içində ən çox kimi sevirdi?» – soruşduqlarında; «Fatiməni» – deyə cavab verdi. «Kişilərdən daha çox kimi sevirdi» – dediklərində də; «Onun həyat yoldaşı Əli ibn Əbu Talibi» – dedi.
Zəhəbi və Hafiz Əbul Qasım Dəməşqi də Ayişədən bu hədisi nəql etmişlər: «Rəsulullahın Əli və Fatimədən daha çox sevdiyi bir kəsi görmədim».
Şeyx Abdullah ibn Məhəmməd ibn Əmr Şəbravi əş-Şafei (sizin böyük alimlərinizdən sayılır) «İthaf» kitabının 9-cu səhifəsində, Süleyman Bəlxi «Yənabiul-məvəddə»də və Məhəmməd ibn Təlhə əş-Şafei Tirmizidən, o da Cumey ibn Umeyrdən belə nəql edirlər: «Xalamla birlikdə Ümmül-möminin Ayişənin yanına getdik. Mən ondan Rəsulullahın ən çox sevdiyi insanların kimlər olduğunu soruşdum. Ayişə də; «Qadınlardan Fatimə və kişilərdən isə onun həyat yoldaşı Əli ibn Əbi Talib» – deyə cavab verdi.
Xətib Xarəzmi də «Mənaqib»in VΙ fəslinin sonunda bu hədisi Cumeydən, o da Ayişədən nəql edir.
İbn Həcər Məkki «Səvaiq»in ΙΙ fəslində həzrət Əlinin (ə) fəziləti haqqında qırx hədis nəql etdikdən sonra Tirmizidən, o da Ayişədən bu hədisi nəql edir:
Ayişə deyir ki: «Fatimə qadınların, yoldaşı da kişilərin içində Rəsulullahın ən çox sevdiyi kimsələrdi».
Məhəmməd ibn Təlhə əş-Şafei «Mətalibus-süul»un 7-ci səhifəsində bu mövzuda bir çox hədis nəql etdikdən sonra belə deyir: «Bütün bu səhih hədislər bunu isbat edir ki, Rəsulullahın (s) qadınlar içində ən çox sevdiyi kəs Fatimədir. O cənnətdəki qadınların, mədinəli qadınların və bütün ümmətin qadınlarının xanımıdır».
Əqli və nəqli dəlillər, həzrət Əli və həzrət Fatimənin (ə) Rəsulullahın (s) ən çox sevdiyi insanlar olduğunu əsaslandırır.
Rəsulullahın (s) həzrət Əlini (ə) hər kəsdən daha çox sevdiyini və hər zaman onu ön tutduğunu isbat edən hədislərin arasında ən əhəmiyyətlisi «Təyri-məşviy» (qızardılmış quş) deyə məşhur olan hədisdir. Bu hədislə həzrət Əlinin (ə) ümmətin içində Rəsulullahın (s) ən çox sevdiyi kəs olduğu tamamən isbat edilir. «Təyri-məşviy» hədisi iki məzhəb arasında o qədər məşhurdur ki, onu kimlər tərəfindən rəvayət edilyini söyləmək belə mənasızdır. Amma «Bu hədisi şiələr uydurmuşlar» deyənlərin əlinə bəhanə verməmək üçün yenə də, onun yadımda olan sənədlərindən bəzilərini demək istəyirəm.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!