17-Cİ MÜNAZİRƏ - II hissə

:

«TƏYRİ-MƏŞVİY» HƏDİSİ
Buxari, Müslim, Tirmizi, Nəsai və Səcistani öz mötəbər səhihlərində, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, İbn Əbil-Hədid «Şərhi Nəhcül-bəlağə»də, İbn Səbbağ Maliki «Füsulul-mühimmə»nin 21-ci səhifəsində və Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 8-ci babını bu hədisə ayırmış və Əhməd ibn Hənbəldən, Tirmizidən, Müvüffəq ibn Əhməddən, İbn Məğazilidən və «Sünəni-Əbu Davud»dan, onlar da Peyğəmbərin nökəri Səfinədən, Ənəs ibn Malikdən və İbn Abbasdan bu hədisi nəql etdikdən sonra belə deyir: «Təyr hədisini 24 nəfər Ənəsdən nəql etmişdir».

Xüsusilə Maliki «Füsulul-mühimmə»də belə deyir: «Ənəs ibn Malikin nəql etdiyi Təyr hədisi, səhih və doğru hədislərin içində ən səhih və sağlam olan hədisdir».
Sibt ibn Cuzi «Təzkirə»nin 23-cü səhifəsində (Fəzail Əhməd və Sünən Tirmizidən nəqlən) və Məsudi «Mürucuz-zəhəb»in ΙΙ cildinin 49-cu səhifəsində bu hədisə toxunmuşlar. İmam Əbu Əbdullah Əbdürrəhman Nəsai «Xəsaisul-Ələvi» adlı kitabının 9-cu hədisində və Hafiz ibn Uqdə və Məhəmməd ibn Cərir Təbəri bu hədisin mütəvatir olduğu və sənədləri haqqında yazdıqları məxsus kitablarında, səhabədən 35 nəfərin bu hədisi Ənəsdən nəql etdiklərini söyləyirlər. Hafiz Əbu Nəim də bu hədis haqqında qalın bir kitab yazmışdır.
Xülasə, həm sünnilərin həm də şiələrin hər zaman və hər yerdə səhih olduğunu etiraf etdikləri o hədislərin hamısının əsası və nəticəsi budur: «Bir gün bir qadın qızardılmış bir quşu Rəsulullahın (s) yeməsi üçün ona hədiyyə etmişdi. Rəsulullah (s) onu yemədən öncə əllərini göyə qaldırıb belə dua etdi: «Allahım! Sənə və mənə ən sevimli olan qulunu göndər bu (qızardılmış) quşu mənimlə bərabər yesin» – deyərkən həzrət Əli gəlib o quşu Rəsulullah (s) ilə birlikdə yedilər.
Malikin «Füsulul-mühimmə»sində, «Tarixi Hafizi-Nişapuri»də, «Kifayəut-Talib»də, «Müsnədi-Əhməd»də və əhli-sünnənin digər əhəmiyyətli kitablarında Ənəs ibn Malikdən belə nəql etmişlər:
Ənəs deyir ki: «Rəsuli-əkrəm bu dua ilə məşğulkən Əli üç dəfə gəldi. Hər gəlişində ondan üzür istəyib onu geri qaytardım. Üçüncü gəlişində ayağıyla qapıya vurdu. Rəsulullah (s); «Onu içəri al» – deyə buyurdu. Əli içəri girdiyində; «Allah sənə rəhmət etsin, sənin mənim yanıma gəlməyinə mane olan şey nə idi?» – deyə soruşdu. Əli də; «Üç dəfə qapıya qədər gəldim, bu üçüncü gəlişimdir» – deyə ərz etdi. Rəsulullah (s) mənə dönərək; «Ənəs! Nə üçün Əlinin gəlməsinə mane oldun? Səni bu işə məcbur edən nə idi?» – deyə soruşdu. Mən də; «Ya Rəsulullah! Doğrusunu istərsəniz, sizin duanızı eşidiyimdə mənim qövmümdən birinin gəlməsini istədim» – dedim.
İndi sizlərdən soruşuram, görəsən, Allah-taala rəsulunun duasını qəbul etdi, yoxsa rədd etdi?».
Şeyx: «Cavab bəllidir. Çünki Allah-taala Quranda duaların qəbul ediləcəyinə dair vəd etmişdir. Rəsulullah da heç bir zaman yersiz dua etməyəcəyindən Allah-taala duasını qəbul etmişdir».
Dəvətçi: «Belə isə bilin ki, Allah-taala da yaratdıqlarının arasında ən çox sevdiyini seçib onu Peyğəmbərinin yanına göndərmişdir. Ümmətin içində, Allah və Peyğəmbərinin, ən çox sevdiyi kəs, Əli ibn Əbi Talibdir (ə).
Buna görədə sizin böyük alimləriniz, bu mənanı təsdiq etmişlər. Məsələn: Sizin böyük alimlərinizdən olan Məhəmməd ibn Təlhə əş-Şafei «Mətalibus-süul» adlı kitabın V fəslinin Ι babının 15-ci səhifəsində «Rayə» (bayraq) və «Təyr» hədisləri sayəsində, gözəl bəyanı və təhqiqi ilə həzrət Əlinin (ə) ümmətin içində Allah və Peyğəmbərin ən çox sevdiyi şəxs olduğunu və onun məqamının ucalığını isbat etmişdir. Şafei sözlərinə bunu da əlavə edərək deyir: «Peyğəmbəri-əkrəm (s), müttəqilərin ən yüksək dərəcələri olan bu dəyərli məqam və uca sifəti (Allah və Peyğəmbərinin yanında sevmli olmağı) həzrət Əliyə nisbət verərək onun ülvi məqamını xalqa bildirmək istədi».
Hicri 658-ci ildə Şamın hafiz və mühəddisi olan Məhəmməd ibn Yusif Şafei «Kifayəut Talib fi Mənaqibi Əli ibn Əbu Talib»in 33-cü babında öz mötəbər sənədləri ilə Ənəs və Səfinədən bu hədisi dörd yolla nəql etdikdən sonra belə deyir: Məhamili “Əmali”nin 9-cu hissəsində bu hədisi nəql etmişdir. Bu, həzrət Əlinin Allahın ən çox sevdiyi insan olduğunu isbat edən açıq bir dəlildir. Bu mənaya dəlalət edən dəlillərin ən güclüsü də, Allahın öz Rəsulunun duasını qəbul edəcəyinə dair verdiyi vəddir. Rəsulullah (s) dua etdiyində, Allah-taala onun duasını o an qəbul edərək ən sevdiyi insanı rəsulunun yanına göndərdi. O insan Əlidən başqası deyildir». Şafei sonra belə davam edir: «Təyri-məşviy» hədisini Hakim Əbu Əbdullah Hafiz Nişapuri 86 nəfərdən, onlar da Ənəsdən nəql etmişlər. Hafiz, 86 nəfərin hamısının adını yazmışdır. (Daha çox məlumat toplamaq üçün «Kiyafətut-Talib»in 32-ci babına baxa bilərsiniz)
İndi insafla söyləyin. Sizin söylədiyiniz hədis, xüsusilə ziddiyyətli olduğu halda Təyr hədisiylə birdirmi?! Cavab qətiyyətlə «xeyr»dir. Əhli-sünnənin böyük alimlərinin (çox az inadkar bir qrupundan başqa) hamsının nəql edib, səhihliyini təsdiqlədiyi səhih hədisləri bir kənara qoyub o tək tərəfli hədisi qəbul etmək bir fayda verməz. Nəql etdiyiniz o hədis tədqiqatçı hədis alimləri tərəfindən rədd edilmişdir».
Şeyx: «Çox qəribə, siz bizim söylədiyimiz hər şeyi qəbul etməməyə və israrla onları rədd etməyi qərara almısınız».

HƏQİQƏTİN BƏYANI
Dəvətçi: «Bu şahidlərin huzurunda sizin kimi bir alimin mənə belə bir şeyi söyləməsi həqiqətən də məni kədərləndirdi. Siz nə zaman elm, əql və məntiqə uyğun olan bir dəlil gətirdiniz mən də, inadkarlıq edib onu qəbul etmədim? Əgər zərrə qədər inad və təəssübüm varsa, ya da əhli-sünnə qardaşlarıma qarşı hər hansı bir düşmənçiliyim varsa, Allahın yardım və rəhməti məndən uzaq olsun.
Allahı şahid tuturam ki, indiyə qədər, yəhudilərlə, xristianlarla, hindularla, brahmanlarla, İrandakı əxlaqsız bəhayilərlə, Hindistandakı qədyanilərlə, azğın maddəçi və təbiətçilərlə bir çox münazirələrdə oldum və heç birində inadkarlıq etmədim. Hər yerdə və hər zaman Allahı nəzərdə tutdum. Hədəfim daima haqq və həqiqəti elm, əql, məntiq və insaf qanunlarına əsaslanaraq aşkar etmək olmuşdur. Mən kafir, mürtəd və nəcis insanlarla bəhs etdiyim zaman belə inadkarlıq etmədim, o qaldı ki, eyni ümmət və şəriətdən olan, qibləsi və hökmlərinə tabe olduğumuz peyğəmbəri bir olan siz müsəlman qardaşlarıma qarşı inadkarlıq edim. Ancaq sizdə sakin olan bir xəta var ki, ancaq onu məntiq və insaf yolu ilə aradan aparmaq lazımdır. Şükürlər olsun lillah ki, sizlər alimsiniz. Əgər bir az ata-babalarınızdan qalan adət və təəssüblərdən uzaqlaşıb insaf dairəsinə daxil olsanız, sağlam bir nəticə əldə edə bilərsiniz».
Şeyx: «Biz, sizin Lahurda brahman və hindularla etdiyiniz bəhsləri qəzet və jurnallardan oxuduq. Bu bizi həqiqətən çox sevindirdi. Hətta sizi görmədən sizə qarşı qəlbimizdə bir məhəbbət oyandı. İnşallah, Allah-taala sizə və bizə müvəffəqiyyət verər, haqq və həqiqət aşkar olar.
Əgər bir hədisin düzgünlüyündə hər hansı bir şübhə olarsa, sizin də buyurduğunuz kimi onu Quranla müqayisə etmək lazımdır. Əgər Əbu Bəkrin (r.z) fəziləti və “Xüləfai-raşidin”in (r.z) xilafətlərinə aid hədislərə şübhə edirsinizsə, Qurandan qaynaqlanan dəlillərdə də şübhə edib onları inkar etməyə çalışacaqsınız?».
Dəvətçi: «Qurandan olan dəlillərdə ya da səhih hədislərə şübhə edib onları inkar etməyə çalışmaqdan Allaha sığınıram. Allah belə bir günü göstərməsin. Burada əhəmiyyətli bir məqamı xatırladacağam. O da budur: Hər zaman bir firqə, bir qövm, ya da bir mürtədlə münazirə edirdim, onların hamısı özlərinin haqlı olduqlarını isbat etmək üçün Qurandan dəlil gətirirdilər. Çünki Qurani-məcidin ayələrini müxtəlif şəkillərdə təfsir etmək mümkündür. Xatəmul-ənbiya (s), insanların Quranı şəxsi mənfəətlərinə uyğun şəkildə yozmalarının qarşısını almaq üçün Quranı tək başına əmanət qoymadı. Rəsulullah (s) hər iki məzhəibn (şiə və sünni) alimlərinin qəbul etdiyi və əvvəldə də ərz etdiyim və Rəsulullahın (s) buyurduğu; «Mən sizin aranızda iki dəyərli əmanət qoyuram; Allahın kitabı və itrətimi (Əhli-beytimi). Bu ikisinə də bağlansanız, yapışsanız qurtulacaqsınız» – hədisdən anlaşılır ki, Həzrətin əmanət qoyduğu təkcə Quran deyildi onunla birlikdə Əhli-beytini də ümmətə əmanət olaraq qoymuşdu. Bunun üçün Quran ayələrinin nüzul səbəblərini, batini həqiqət və mənasının həqiqi bəyan edicisi olan Rəsulullahdan (s), ondan sonra isə Rəsulullahın Əhli-beytindən soruşmaq lazım gəlir. Çünki «Ənbiya» surəsinin 7-ci ayəsində Allah-taala belə buyurur: «Bilmirsinizsə, zikr əhlindən soruşun».

ZİKR ƏHLİ ALİ-MÜHƏMMƏDDİR
Zikr əhlindən məqsəd, Qurannın bərabəri olan Əli (ə) və onun imam olan 11 məsum övladıdır. Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddə»nin 39-cu babının 119-cu səhifəsində (İstanbul nəşri), o da imam Sələbinin “Kəşful-bəyan” təfsirindən, Cabir ibn Abdullah Ənsaridən nəqlən belə deyir: «Əli ibn Əbu Talib «Zikr əhli bizik» – buyurmuşdur. Zikr Quranın adlarından biridir. Əhli-beyt (ə) isə Quran əhlidirlər. Sizin və bizim alimlərimiz mötəbər kitablarında həzrət Əlinin (ə) belə buyurduğunu nəql edirlər: «Məni itirməmişdən əvvəl soruşun məndən. Allahın kitabını soruşun məndən. Çünki mən bir ayə nazil olduğu zaman onun gecə yoxsa gündüz, düzənlikdə yoxsa dağda nazil olduğunu bilirəm. Allaha and olsun, nazil olan ayələrin hamısının nüzul səbəblərini, harada nazil olduqlarını və kimə nazil olduqlarını şübhəsiz bilirəm. Çünki Rəbbim mənə fəsih bir dil və əhatəli bir qəlb bağışlamışdır».
Demək ki, Quranın ayələri dəlil olaraq göstərildiyi zaman, bu onun həqiqi anlamı və həqiqi müfəssirlərin bəyanı ilə uyğun olmalıdır. Yoxsa hər kəs öz nəzər və zövqünə, inanc və fikrinə görə Quranın ayələrini təfsir edərsə, bu vəziyyət ixtilaf və ayrılığdan başqa heç bir nəticə verməz.
Bu müqəddimədən sonra nəzərdə tutduğunuz o ayəni oxuyun. Əgər həqiqətə uyğun olarsa, onu canı-qəlbdən qəbul edib, başımızın üstünə qoyarıq. (Davamı 18-ci münazirədə....)

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!