19-CU MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ - 28 rəcəb, çərşənbə, 1345-ci il
Axşam çağı əhli-sünnənin dəyərli, şərif və təvazökar tacirlərindən olan və ilk gecədən etibarən fasiləsiz olaraq məclisdə iştirak edən möhtərəm Qulam İmameyn gələrək, uzun söhbət etdi: «Erkən gəlib, narahat etməyimin səbəbi bəzi şeyləri sizə bildirməkdir.

Dünən çox maraqlı dəlillərə əsaslanan bəyanlarınızla bizdən bir qrup şəxsi özünüzə cəzb etdiniz; qəlblər tamamilə yumşaldı. Bəzilərinin təqiyyə edərək söyləmədikləri şeyləri, əlhəmdu lillah, siz cəsarətlə dediniz. Həqiqətlərin üzünü örtən pərdələri bir-bir qaldırıb, –  ədəb hüdudları daxilində – onları bizə tanıtdırdınız.
Dünən axşam buradan getdikdə alimlər suallarımızla qarşılaşdılar; hətta bir-birimizə nəzakətdənkənar sözlər söylədik. Çətinliklə də olsa, aranı sakitləşdirdik. Aramızda ciddi bir ixtilaf meydana gəldi. Bu gecə ağalar bizə çox acıqlıdırlar».
Namaz vaxtı məğrib və işa namazlarını bizim kimi qıldılar. Məclisdə iştirak edənlər yavaş-yavaş gəlməyə başladılar. İltifat və ehtiramla olan qarşılıqlı münasibət şəraitində içilən çaydan sonra söhbətə Nəvvab Əbdülqəyyum Xan başladı.
Nəvvab: «Qibləsahib! Dünənki mövzunun yarımçıq qalmaması üçün hamımız ayənin həqiqi mənasının bəyan olunmasını və mövzunun sona çatmasını gözləyirik».
Dəvətçi: «Əlbəttə, alimlər istəyərsə və izn verərsə».
Hafiz: «(əsəbi halda) Heç bir maneəsi yoxdur! Əgər mövzunun tamamlanmayan tərəfi varsa, buyurun, dinləməyə hazırıq».
Dəvətçi: «Keçən gecədə ərəb ədəbiyyatı ilə əlaqəli dəlillərlə bu ayənin Xülafayi-raşidinin (dörd böyük xəlifə) xilafəti haqqında olmadığını bəyan etdik. İndi isə pərdələrin qaldırılıb həqiqətlərin aşkar olması üçün mövzunu başqa yöndən araşdıracağıq.
Cənab Şeyx Əbdüssalam (Allah-taala onu salamat etsin) keçən gecə ayədəki dörd   sifətin Xülafayi-raşidinə aid olduğunu söylədi. İlk olaraq nəzərinizə çatdırım ki, hər iki məzhəbin böyük müfəssirlərindən heç kəs bu ayənin nazil olması haqqında belə bir açıqlama verməmişdir.
İkincisi, yaxşı bilirsiniz ki, sifət (xüsusiyyət) movsufu (sifətlənmiş) ilə tam olaraq uyğun olarsa, diqqətə alınıb qəbul olunur. Arada uyğunluluq yoxdursa, həqiqət öz yerini tapmayacaqdır.
Əgər təəssüb və küdurətlə deyil, insafla araşdırsaq, ayədə mövcud olan sifətlərin bütün ümmət içərisindən sadəcə mövlamız Əmirəl-möminin həzrət Əli (ə) haqqında olduğunu görəcəyik. Bu sifətlər möhtərəm Şeyxin şamil etdiyi şəxslərə qətiyyən uyğun gəlmir!».
Hafiz: «Həzrət Əli (ə) haqqında bu qədər ayə nəql etməyiniz bəs deyilmiş kimi, indi bu ayənin də bəyanını məcburən ona aid etmək istəyirsiniz?! Buyurun, baxaq, görək necə olur bu sadalanan sifətlər Xülafayi-raşidinə uyğun gəlmir?!».

HƏZRƏT ƏLİ (ə) HAQQINDA ÜÇ YÜZ AYƏ
Dəvətçi: «Quran ayələrinin mövla Əmirəl-möminin (ə) şəninə nazil olduğunu deməyimizi mövzuya niyə qarışdırdığınıza təəccüb edirəm. Biz göz boyamırıq; bütün böyük təfsir və digər mötəbər kitablarınızda həzrət Əlinin şəninə nazil olan ayələr bildirilmişdir. Bunları sadəcə biz nəql etmirik!
Hafiz Əbu Nəim İsfahani «Ma nəzələ minəl-Qurani fi Əliyyin» (Quranda Əli (ə) haqqında nazil olan ayələr) və Hafiz Əbu Bəkr Şirazi «Nuzulul-Qurani fi Əliyyin» (Quranın Əli (ə) haqqında nazil olması) adlı kitabını məxsus olaraq yazmışdır. Onlar da şiədirlər?! Sizin imam Sələbi, Cəlaləddin Süyuti, Təbəri və imam Fəxri Razi kimi böyük müfəssirləriniz, eləcə də İbn Kəsir, Müslim, Hakim, Tirmizi, Nəsai, İbn Macə, Davud, Əhməd ibn Hənbəl və digərləri kimi böyük alimləriniz, hətta mütəəssib İbn Həcər «Səvaiq»də həzrət Əlinin şəninə nazil olan ayələri nəql etmişlər. Məgər bunlar şiədirlərmi?!
Alimlərdən bəziləri, məsələn: Təbərani və Məhəmməd ibn Yusif Gənci Şafei 62-ci babın əvvəlində İbn Abbasdan, Şamın mühəddisi isə öz böyük «Tarix» kitabında və digər alimlər üç yüz ayəni həzrət Əli haqqında nazil olduğunu nəql etmişlər. Görəsən, bunlar şiədirlər, yoxsa sizin böyük alimləriniz?! Ağalar, sonradan peşman olmamaq üçün sözlərinizi bir az düşünərək bəyan edin.
Bizim Əmirəl-möminin imam Əlinin (ə) məqamını isbat etmək üçün hədis uydurmağa ehtiyacımız yoxdur ki, zorla bir ayənin onun haqqında nazil olduğunu isbatlamağa çalışaq! O həzrətin məqamı gün kimi parlaqdır; günəş buludun arxasında daimi qalmaz!
İmam Məhəmməd ibn İdris Şafei deyir: «Mən həzrət Əlinin (ə) halına təəccüblənirəm. Düşmənləri (əməvilər, nasibilər, xaricilər) kin və nifrət üzündən o həzrətin fəzilət və təriflərini nəql etmədilər, dostları isə qorxudan; bütün bunlara baxmayaraq, yenə də bütün kitablar onun fəzilətləri ilə doludur! O, bütün məclislərin dadıdır».
Ayəyə gəlincə, sehrkarlıq etmirik; öz mötəbər kitablarınızdan dəlil gətirdik və gətirməkdəyik.
Diqqət etsəydiniz görərdiniz ki, indiyə qədər şiə mənbələrindən olan hədisləri dəlil gətirmədim, inşallah, bundan sonra da gətirməyəcəyəm. Əgər şiənin bütün kitablarını aradan aparsalar belə, əhli-sünnənin böyük alimlərinin mötəbər kitablarından vilayət və xəlifəlik məqamının mövlamız Əmirəl-möminin həzrət Əlinin (ə) haqqı olduğunu isbat edərəm. Bunu dəfələrlə minbərlərdə və məclislərdə demişəm.
Bu ayə ilə əlaqəli mövcud yozum təkcə mənim nəzərim deyil ki, sehr etmiş olam. Öz alimləriniz bu nəzəri təsdiq ediblər. Çox yaxşı xatırlayıram, iraqlıların fəqih və müftisi, Şamın mühəddisi Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» kitabının 23-cü babında «Təşbih hədisi»ni – Rəsulullahın (s) imam Əlini peyğəmbərlərə bənzətdiyi hədisi – nəql edərkən belə deyir: «Peyğəmbərin Əlini həzrət Nuha bənzətməsinin səbəbi onun kafirlərə qarşı şiddətli, möminlərə qarşı isə mərhəmətli olmasıdır. Çünki Qurani-kərim həzrət Əlini belə tanıdır: «Onunla (həzrət Mühəmmədlə) olan kafirlərə qarşı şiddətli, möminlərə qarşı isə mərhəmətlidir».
Şeyxin nəzərincə «Vəlləzinə məəhu» (Onunla birlikdə olan) kəlməsi Əbu Bəkr haqqındadır. Bu dəlilə görə ki, Əbu Bəkr mağarada bir neçə gün Rəsulullahın (s) yanında qalmışdır.
Dünən gecə ərz etdim ki, sizin öz alimləriniz belə Rəsulullahın Əbu Bəkri təsadüfən və hər hansı bir hadisə baş verməməsi üçün özüm ilə birlikdə apardığını yazmışlar. Fərz edək ki, Peyğəmbəri-əkrəm onu xüsusilə özüylə birlikdə aparmışdı. Görəsən, bir neçə günlük səfərdə Rəsulullahın xidmətində olan bir kəsin məqamı, doğumundan etibarən Peyğəmbərin təlim və tərbiyəsi altında böyüyən bir şəxsin məqamı ilə eyni səviyyədə ola bilərmi? Əgər insaf gözüylə baxsanız, bu xüsusda həzrət Əlinin Əbu Bəkr və digər müsəlmanlardan bu ayəyə aid olduğunda daha üstün olduğunu təsdiq edərsiniz.
Həzrət Əli uşaqlığından etibarən Rəsulullahın yanında, onun (s) təlim-tərbiyəsi altında böyümüşdür. Xüsusilə də besətin ilk günlərindən Peyğəmbərlə bərabər olan təkcə Əli olmuşdur. Əmirəl-möminnin Rəsulullahla bərabər olduğu günlərdə Əbu Bəkr, Ömər, Osman, Əbu Süfyan, Müaviyə və digər bir çox şəxslər tövhid dinindən azmış və bütpərəstlikdə qərq olmuşdular!

ƏLİ (ə) RƏSULULLAHA (s) İLK İMAN GƏTİRƏNDİR
Necə ki, böyük alimlərinizdən Buxari və Müslim öz «Səhih»lərində, imam Əhməd ibn Hənbəl «Müsnəd»də, İbn Əbdülbirr «İstiab»ın 3-cü cildinin 32-ci səhifəsində, İmam Əbu Əbdürrəhman Nəsai «Xəsaisul-Ələvi»də, Sibt ibn Cuzi «Təzkirə»nin 63-cü səhifəsində, Şeyx Süleyman Bəlxi Hənifi «Yənabiül-məvəddə»nin 12-ci babında (Tirmizi və Müslimdən), Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»un 1-ci fəslində, İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhi»nin 3-cü cildinin 258-ci səhifəsində, Mirseyid Əli Həmədani «Məvəddətül-qurba»da, hətta mütəəssib İbn Həcər «Səvaiq»də və digər böyük alimləriniz az bir fərqlə Ənəs ibn Malikdən və başqalarından nəql etmişlər: «Həzrət Peyğəmbər (s) bazar ertəsi günü peyğəmbərliyə seçildi, Əli də cümə axşamı günü ona iman gətirdi»; «Peyğəmbər bazar ertəsi günü peyğəmbərliyə seçildi, Əli də cümə axşamı günü onunla birlikdə namaz qıldı»; «Əli, kişilərdən Rəsulullaha ilk iman gətirən şəxsdir».
Yenə Təbəri öz «Tarix»inin 2-ci cildinin 241-ci səhifəsində, İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhi»nin 3-cü cildinin 256-cı səhifəsində, Tirmizi «Came»nin 2-ci cildinin 215-ci səhifəsində, imam Əhməd «Müsnəd»in 4-cü cildinin 368-ci səhifəsində, İbn Əsir «Kamil»in 2-ci cildinin 22-ci səhifəsində, hakim Nişapuri «Müstədrək»in 4-cü  cildinin 336-cı səhifəsində və Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib»in 25-ci babında sənədi ilə İbn Abbasdan belə rəvayət edir: «İslamda Rəsulullahla birlikdə ilk namaz qılan Əlidir».
Zeyd ibn Ərqəmdən də belə nəql edilmişdir: «Rəsulullaha ilk iman gətirən Əli ibn Əbu Talibdir».
Mötəbər kitablarınız bu cür xəbərlərlə doludur. Zənnimcə, misal üçün bu qədər kifayət edər.

RƏSULULLAHIN (S) HƏZRƏT ƏLİNİ (Ə) UŞAQLIQDAN TƏLİM-TƏRBİYƏ ETMƏSİ
Böyük aliminiz Nurəddin ibn Səbbağ Maliki «Füsulul-mühimmə»nin «Tərbiyətuhun-Nəbiyyu» fəslinin 16-cı səhifəsində, Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-süul»un 1-ci fəslinin 11-ci səhifəsində və digərlərinin də nəql etdiyi bu sözlərə xüsusilə diqqət etməyiniz lazımdır: Besətdən əvvəl Məkkədə qıtlıq olduğu bir ildə Rəsulullah (s) bir gün əmisi Abbasa belə buyurdu: «Qardaşın Əbu Talibin uşaqları çoxdur, dolanışığı çox çətinləşmişdir. Gedək, hər birimiz onun uşaqlarından birini himayəyə götürək ki, əmimin yükü azalsın».
Abbas bu təklifi qəbul etdi və onlar birlikdə Əbu Talibin yanına getdi. Nə üçün gəldiklərinin səbəbini söylədilər, o da təkliflərini qəbul etdi. Abbas Cəfərin, Rəsulullah isə həzrət Əlinin himayəçiliyini öz üzərinə götürdü».
Maliki sonra belə deyir: «Əli həmişə Rəsulullahla bərabər idi. Allah-taala həzrət Mühəmmədi peyğəmbərliyə seçdikdə, Əli ona iman gətirdi və tabe oldu. O zaman Əli on üç yaşında idi və həddi-büluğa çatmamışdan Xədicədən (s.ə) sonra Rəsulullaha iman gətirən ilk kişidir».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!