20-Cİ MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT ƏLİ (Ə) BÜTÜN SƏHABƏ VƏ ÜMMƏTDƏN DAHA FƏZİLƏTLİDİR 28 rəcəb, çərşənbə, 1345-ci il
Şafeilərin məşhur fiqh alimi Mirseyid Həmədani «Məvəddətül-qurba» kitabında bu mövzuda bir xeyli hədis nəql edərək, həzrət Əlinin (ə) fəzilətlərini dəlillərlə və səhih hədislərlə isbat etmişdir. «Yeddinci məvəddə»də İbn Abbasdan belə nəql etmişdir: «Rəsulullah (s) buyurdu: «Mənim zamanımda bütün aləmlərin kişilərinin ən üstünü Əlidir».

Sizin öz insaflı böyük alimlərinizin çoxunun nəzəri də həzrət Əlinin fəzilətli olmasıdır. Bu səbəbdən İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabının 3-cü cildinin 40-cı səhifəsində belə yazır: «Mötəzilə şeyxlərindən Əbu Cəfər İskafinin bir kitabı əlimə keçdi. O, belə yazırdı: «Bəşr ibn Mötəmər, Əbu Musa, Cəfər ibn Mübəşşir və Bağdadın digər qədim alimlərinin məzhəbi (nəzərləri) bu idi: Müsəlmanların ən üstünü Əli ibn Əbu Talibdir. Sonra oğlu Həsən, daha sonra oğlu Hüseyn, daha sonra Əbdülmütəllib oğlu Həmzə və Əbu Talib oğlu Cəfərdir...».
Bizim şeyximiz Əbu Abdullah Bəsri, Şeyx Əbülqasim Bəlxi və Şeyx Əbulhəsən Xəyyat (Bağdad alimlərinin şeyxlərindən idi) ümumiliklə Əbu Cəfər İskafinin nəzərində (həzrət Əlinin üstünlüyü qənaətində) idilər. Üstün olmalarından məqsəd isə, onların savablarının hər kəsdən çox olması, Allah-taala yanında ən dəyərli zatlar və Qiyamət günü məqamlarının hər kəsdən daha yüksək olması idi.
Daha sonra eyni səhifənin sonunda Mötəzilə inancını şeir şəklində bəyan edərək belə demişdir:
Mühəmməd Mustafadan sonra Allahın ən üstün qulu və ən şərəflisi,
Vəsilərin ağası və Bətulun yoldaşı olan Mürtəza Əlidir.
Ondan sonra iki oğlu, sonra Həmzə və Cəfərdir.
Onlardan sonra isə Ətiqdir (Zeyd), bu, inkar edilməzdir!

Şeyx: «Siz alimlərin xəlifə Əbu Bəkrin imanının üstünlüyünün isbatı haqqındakı nəzərlərini bilsəydiniz, belə bəyan etməzdiniz».
Dəvətçi: «Siz də təəssübkeş alimlərdən üz çevirib insaflı alimlərinizə tərəf yönəlsəniz, hamısının həzrət Əlinin üstünlüyünü təsdiq etdiyini görərsiniz!
Məsələn: İbn Əbil Hədid Mötəzilənin «Nəhcüll-bəlağənin şərhi» kitabının 3-cü cildinin 264-cü səhifəsinə baxın. Sizin «Əbu Bəkrin imanı Əlinin imanından daha üstündür» bəyanınızın eynisini Cahizdən bildirmiş və böyük mötəzilə alimi Əbu İskafinin bu iddiaya aid verdiyi cavabı da geniş nəql etmişdir. İskafi verdiyi cavabda həzrət Əlinin kiçik yaşda gətirdiyi imanının Əbu Bəkr və bütün səhabələrin imanından daha üstün olduğunu əqli və nəqli dəlillərlə isbat edir. Daha sonra 275-ci səhifədə sözünə belə davam edir: «Əbu Cəfər belə dedi: «Biz əshabın fəzilət və sələfliyini inkar etmirik; lakin içərilərindən hər hansı birinin həzrət Əlidən üstün olduğu düşüncəsini rədd edirik!».
Bu anadək danışılan sözlərə əsasən, həzrət Əlini (ə) digər səhabə ilə müqayisə etmək doğru deyildir. Çünki İmamın məqamı o qədər ucadır ki, hər hansı bir səhabə və ya başqa bir kəslə müqayisə olunmaz. O ki, qaldı söylədiyiniz birtərəfli olan bir neçə (fərz edək ki, doğrudur) hədislə səhabənin fəzilətlərini o Həzrətin uca məqamı qarşısında üstün göstərə biləsiniz!
Bu səbəbdən Mirseyid Həmədani «Məvəddətül-qurba» kitabının 7-ci məvəddəsində Əhməd ibn Məhəmməd Kurzi Bağdadidən nəql edir: «Abdullah ibn Əhməd ibn Hənbəlin belə dediyini eşitdim: «Atamdan – Əhməd ibn Hənbəldən (Hənbəlilərin başçısı) səhabənin fəziləti və məqamı haqqında soruşdum. Əbu Bəkr, Ömər və Osmanın adlarını zikr edib susdu. Dedim: «Ata, nə üçün Əli ibn Əbu Talibin adını qeyd etmədin?». Atam cavabında dedi: «O, Əhli-beytdəndir; bunlar onunla müqayisə edilə bilməz».
Yəni Qurani-kərimin ayələri və cəlal sahibi Peyğəmbəri-əkrəmin (s) sözlərinin hökmünə görə, risalət Əhli-beytinin (ə) məqam və mərtəbəsi ən üstün məqam və mərtəbədir. Həzrət Əlinin məqam və mərtəbəsi də bütün səhabə və digərlərindən daha ucadır. Onun adını əshabın sırasında deyil, nübüvvət və risalət sahibi olan kəslərin arasında zikr etmək lazımdır!
Bu səbəbdən «Mübahilə ayəsi»ndə Allah-taala Əlini Rəsulullahın nəfsi dərəcəsində tanıtmışdır. Bunun dəlili başqa bir hədisdir. «Məvəddət» kitabının 7-ci fəslində Əbu Vail Abdullah ibn Ömər ibn Xəttabdan belə nəql etdiyi zikr olunmuşdur: «Bir gün Rəsulullahın səhabəsini sayırdıq. Əbu Bəkr, Ömər, Osman dedik. Bir nəfər: «Ey Əbu Əbdürrəhman (Abdullah ibn Ömərin künyəsi)! Bəs, Əlini nə üçün saymadınız?» - deyə soruşdu. Abdullah da cavabında belə dedi: «Əli Əhli-beytdəndir. Onunla heç kim müqayisə edilə bilməz. O, Rəsulullah ilə bərabər və onun dərəcəsindədir».
Yəni Həzrət Əlinin məqamı ümmətin və səhabənin məqamı sırasında deyildir; onun məqamı, Rəsulullahın məqamı və dərəcəsindədir.
İzn versəniz, «Məvəddət» kitabının eyni fəslində yer alan başqa bir hədisi də hüzurunuza təqdim edərdim. Cabir Abdullah Ənsaridən belə nəql edir: «Bir gün Rəsulullah mühacir və ənsarın hüzurunda Əliyə xitabən belə buyurdu: «Ey Əli! Əgər bir kimsə, Allah-taalaya haqqıyla ibadət edib, sonra sən və Əhli-beytinin insanların ən üstünü olduğuna şübhə edərsə, yeri Cəhənnəm atəşi olar».
(Məclisdə olanların hamısı, xüsusilə də Hafiz, bu hədisi eşitdikdə, şübhə edənlərdən olmaması üçün istiğfar etdilər.)
Xülasə, bunlar həzrət Əlinin bütün ümmət və səhabədən fəzilətli və üstün olduğu haqqında nəql edilən hədislərdən bir nümunə idi. Siz, ya mötəbər kitablarınızda olan bu qədər səhih hədisləri rədd edəcək, ya da ağlın və nəqlin hökmünə görə həzrət Əlinin Əbu Bəkr və Ömər də daxil olmaqla bütün səhabələrdən daha üstün olduğunu qəbul edəcəksiniz.
Həzrət Əli (ə) Əhzab – «Xəndək» döyüşündə ərəblərin qəhrəmanı olan Əmr ibn Əbdəvudu öldürdükdən sonra Rəsulullahın buyurduğu və hər iki məzhəbin də ittifaq etdiyi bu hədisə – «Əlinin Xəndək döyüşündə vurduğu bir zərbəsi insan və cinlərin ibadətindən daha üstündür» – yaxşı diqqət etsəniz, imam Əlinin bir əməlinin bütün insan və çinlərin ibadətindən üstün olması onun digər əməlləri ilə birlikdə göz önündə canlandırılarsa, o zaman O Həzrətin digərlərindən üstün olması sizin üçün daha yaxşı anlaşılar. Bunu çox inadkar və mütəəssiblərdən başqa heç kəs inkar etməz!
Əgər həzrət Əlinin üstünlüyünə heç bir dəlil olmasa belə, “Mübahilə” ayəsi (ki, ayədə Allah-taala onu Peyğəmbərin nəfsi olaraq zikr etmişdir) onun bütün əshab və digər insanlardan üstünlüyünü isbat etməyə kifayət edər. Çünki Rəsulullahın keçmişdəkilərin və gələcəkdəkilərin ən üstünü olduğu sabitdir. Elə isə Mübahilə ayəsindəki «Ənfüsəna» kəlməsinin hökmünə görə həzrət Əli də keçmişdəkilərin və gələcəkdəkilərin ən üstünüdür!
Bu halda təsdiq edin ki, «Vəlləzinə məəhu»nun (Rəsulullahla birlikdə olanın) həqiqi misdaqı mövlamız Əmirəl-möminin Əlidir. həzrət Əli İslam daha zühur etmədən əvvəl Rəsulullah ilə bərabər idi; İslam zühur etdikdən sonra da Peyğəmbərin ömrünün sonuna qədər davamlı olaraq o həzrətlə (s) birlikdə olmuş, həyatında ən kiçik xəta və yanlışlıq belə görülməmişdir».
(Namaz vaxtı çatdı. Qonaqlar ayağa qalxıb, namazlarını qıldılar. Çay içdikdən sonra sözə başladım.)
Dəvətçi: «Həzrət Əlinin (ə) Rəsuli-əkrəmin (s) hicrət etdiyi gecə onunla bərabər hərəkət etməməsinə gəlincə, bunun səbəbi çox aydındır. Çünki Rəsulullahın əmri ilə İmamın öhdəsinə ağır vəzifələr düşmüşdü. Bu səbəbdən O, Məkkədə qalmalı və vəzifələrini yerinə yetirməliydi.
Xalqın əmanətlərinin özlərinə geri qaytarılması üçün Rəsulullahın həzrət Əlidən daha əmin bir kəsi yox idi. (Bilindiyi kimi həzrət Peyğəmbər dost və düşmənlərin birgə qərar verdiyi Məkkə əhlinin əmin bildiyi bir şəxs idi. Bunun üçün düşmənləri belə əmanətlərini O həzrətin yanına qoyurdular. Bax, bu səbəbdən İslamdan əvvəl ona «Mühəmməd-Əmin» deyirdilər.)
Həzrət Əlinin üzərinə düşən vəzifələrdən biri də Rəsulullahın ailəsi və digər müsəlmanları Mədinəyə çatdırmaq idi.
Bunlara əlavə olaraq deyək ki, o gecə həzrət Əli mağarada həzrət Peyğəmbərlə birlikdə olmasa da, ondan daha böyük bir məqam əldə etmişdi. İmam (ə) Rəsulullahın yatağında yatmaqda öz canını təhlükəyə atmış, Peyğəmbəri-əkrəmi qorumuşdu. Əbu Bəkr Peyğəmbərin yol yoldaşı olaraq «ikisindən ikincisi» sayılırsa, eyni gecə mağarada yoldaşlıqdan daha əhəmiyyətli və daha yaxşı olan bir iş üçün müstəqil olaraq bir ayə həzrət Əlinin mədhinə nazil olmuşdur. Həzrət Əlinin bu əməli (hər iki məzhəbin ittifaqıyla) onun iftixara layiq, məqam və fəzilətlərindən biri sayılır. Əgər o gecə həzrət Əlinin fədakarlığı və canından keçməsi olmasaydı, həzrət Peyğəmbərin canı böyük bir təhlükəylə qarşı-qarşıya qalardı.

HİCRƏT GECƏSİ PEYĞƏMBƏRİN (S) YATAĞINDA YATAN HƏZRƏT ƏLİ (Ə) HAQDA AYƏNİN NAZİL OLMASI

Etibarlı və böyük alimləriniz mötəbər təfsir və hədis kitablarında bu böyük fəziləti nəql etmişlər:
İbn Səb Məğribi «Şifaus-sudur»; Təbərani «Ovsət» və «Kəbir»; İbn Əsir «Usdul-ğabə», c.4, səh.25; Nurəddin ibn Səbbağ Maliki «Füsulul-mühimmə fi mərifətül-əimmə» səh.33; Əbu İshaq Sələbi, Fazil Nişapuri, imam Fəxri Razi və Cəlaləddin Süyuti «Təfsir»; Şafei olan mühəddis Hafiz Əbu Nəim İsfahani «Ma nəzələl-Quranu fi Əliyyin»; Xətib Xarəzmi «Mənaqib»; Şeyxül-İslam İbrahim ibn Məhəmməd «Fəraid»; Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» bab 62; imam Əhməd Hənbəl «Müsnəd» Məhəmməd ibn Cərir (müxtəlif mənbələrdən); İbn Hişam «Sirətun-Nəbi», Hafiz və Şamın mühəddisi «Ərbəin tival» imam Ğəzali «İhyaul-ulum», c.3, səh. 223; Əbu Səadat «Fəzailü itrətit-tahirə»; İbn Əbil-Hədid «Nəhcül-bəlağənin şərhi»; Sibt ibn Cuzi «Təzkirətul-xəvass», səh: 21...digər böyük alimləriniz öz dəyərli kitablarında müxtəlif cümlələrlə hicrət gecəsi xas bir ayənin həzrət Əlinin şəninə nazil olmasını nəql etmişlər.
Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə» kitabının 21-ci babında bir çox alimlərdən belə nəql edir: «Rəsulullah (s) Allahın əmri ilə Mədinəyə hicrət etdikdə Əmirəl-mömini Əlini çağıraraq belə buyurdu: «Gecələr üzərimə örtüb yatdığım» yaşıl örtüyü üzərinə örtərək, yatağımda yat!».
Həzrət Əli də Peyğəmbəri-əkrəmin evini pusan müşriklərin yataqda yatanın başqası olduğunu anlamamaları üçün o Həzrətin buyurduğu şəkildə etdi. Beləliklə, Rəsulullah rahatca onların arasından çıxıb getdi.
Allah-taala Cəbrail (ə) və Mikayil (ə) buyurdu: «Mən sizin aranızda qardaşlıq icad etdim. İndi birinizin ömrü digərindən çoxdur. Sizdən hansı bilmədiyi ömrünün çoxunu digərinə bağışlamağa hazırdır?». Ərz etdilər: «Allahım, bu bir əmrdir, yoxsa ixtiyaridir?». Allah-taala buyurdu: «Əmr deyil, ixtiyaridir».
Lakin onlardan heç biri iradə və ixtiyarla ömrünün çox olan hissəsini digərinə bağışlamağa hazır olmadı. Bu vaxt Allah-taala onlara belə xitab etdi: «Mən, vəlim olan Əliylə nəbim olan Mühəmmədin arasında qardaşlıq qərar verdim. Əli öz həyatını Peyğəmbərə fəda etməyi qəbul edərək, canıyla onu qorumaq üçün yatağında yatdı. Yer üzünə enin. onu düşmənlərin şərrindən qoruyun!»
Mələklər o an yerə endilər. Cəbrail Əlinin (ə) başı üzərində, Mikayil isə ayaq tərəfində oturdu və Cəbrail belə dedi: «Təbriklər olsun, təbriklər olsun, sənə ey Əbu Talibin oğlu! Allah  səninlə mələklər qarşısında iftixar edir».
Bu vaxt «Bəqərə» surəsinin 207-ci ayəsi Rəsulullaha nazil oldu: «İnsanlardan eləsi var ki, Allahın razılığını qazanmaq üçün canını satar (fəda edər). Allah da Öz (bu) bəndələrinə qarşı çox mehribandır».
İndi ricam budurki, zəhmət olmasa, evə qayıtdıqda özünüzü hər cür təəssüb və şiə-sünni düşüncəsindən uzaqlaşdırıb, insafla “Mağara” ayəsi ilə bu ayəni müqayisə edin. Öz-özünüzdən soruşun: Görəsən, iftixar Rəsulullah ilə qəm-qüssə içində bir neçə gün bərabər olan bir insan üçündür, yoxsa bilərək, sevə-sevə canını həzrət Peyğəmbərə fəda edən və Allahın mələklərlə müqayisədə üstünlük verdiyi və bu fədakarlıq haqqında nazil olan ayənin bariz nümunəsi olan bir kəs?!
Bir qisim böyük alimləriniz də özlərini təəssübdən uzaqlaşdıraraq müxtəsər olaraq diqqətlə araşdırdıqları üçün həzrət Əlinin Əbu Bəkrdən daha fəzilətll olduğunu təsdiq etmiş və onun Rəsulullahın yatağında yatmasını, Əbu Bəkrin mağarada Peyğəmbərlə birlikdə olmasından daha üstün bilmişlər!

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!