24-CÜ MÜNAZİRƏ - I hissə

:

XİLAFƏTƏ ƏN LAYİQ ŞƏXS ƏLİ (ə) İDİ. 29 rəcəb, cümə axşamı, 1345-ci il.
Dəvətçi: Allah xatirinə, Allah rızası üçün öncəki bəhsimiz barəsində bir az insafla düşünün. Görəsən, düşünmədən keçmişlərinizin adətlərini təqlid edərək, dəlilsiz bu sifətlərdən məhrum olanları belə böyük bir şəxsiyyətdən önə keçirməyiniz insafsızlıq deyilmi?!

Görəsən, ağıl və fikir sahibləri keçmişlərinizin fikir və anlayışlarının nə qədər səviyyəsiz olduğuna gülmürlərmi? Çünki onlar siyasət və firqəçilik səbəbindən ümmətin ən üstün olanını evində oturdaraq, ondan (ə) tam mənasıyla aşağıda olan birini xilafət məqamına yüksəltdilər! Ən azı, Səqifədəki xilafət kimi mühüm bir iş xüsusunda məşvərət etmək üçün, təmamilə unudulsun deyə, ona xəbər belə göndərmədilər!»

MÜXALİFLƏR DEYİRLƏR: İCMAYA SÖYKƏNMƏK HAQDIR
Hafiz: «Biz insafsızlıq edirik, yoxsa siz?! Rəsulullahın (s) səhabəsinin dəlilsiz olaraq xilafətə layiq olmayanları önə keçirib, xilafətə seçdiklərini söyləyirsiniz. Həqiqətən, bizim hamımızı düşüncəsiz, cahil və yersiz təqlidçi elan etdiniz. Hansı dəlil icma dəlilindən daha böyük ola bilir? Çünki bütün səhabə və ümmət, hətta mövlamız həzrət Əli (ə) belə icma edərək, Əbu Bəkrin xilafətinə hökm etmiş və təslim olmuşdu.
Ümmətin icmasının höccət və o icmaya itaətin də vacib olduğu açıq-aydındır. Çünki Rəsuli-əkrəm belə buyurmuşdur: «Mənim ümmətim xəta (başqa bir nəqlə görə, zəlalət) üzrə icma etməz». Elə isə biz kor-koranə öz keçmişlərimizin arxasınca getməmişik! Çünki Peyğəmbərin (s) vəfatından sonra – elə ilk gün bütün ümmətin toplanıb Əbu Bəkrin xilafətinin səhihlyini qəbul etdikləri zaman, biz də ağlın hökmünə uyğun olaraq itaət etdik».
Dəvətçi: «Rəsulullahın (s) vəfatından sonra xilafətin həqqaniyyətinə dair dəlilin nə olduğunu söyləyə bilərsinizmi? Yəni xilafət hansı dəlilə görə sabit olur?»
Hafiz: «Rəsulullahın (s) vəfatından sonra xilafətin həqqaniyyətinə dair ən böyük dəlil, o həzrətdən (s) sonra ümmətin icmasıdır. Bütün ağıl sahiblərinin “icma” dəlilindən əlavə, qabaqcıllıq haqqını Əbu Bəkr və Ömərə verən şey onların yaşlı olmaları idi. Əli bütün fəzilət, kamal və Rəsulullaha yaxınlığına baxmayaraq, onlardan yaşca kiçik və gənc olduğu üçün geridə qaldı. Həqiqətən, bir gəncin səhabənin böyüklərindən önə keçməsi doğru deyildir! Biz xilafət baxımından Əlinin geridə qalmasını onun üçün bir əksiklik görmürük; çünki onun daha fəzilətli olduğu hər kəsin yanında sabitdir.
Xəlifə Ömərin nəql etdiyi bu hədis də – «Nübüvvət və səltənət bir ailədə toplanmaz» Əlini (ə) xilafət məqamından düşürmüşdü, çünki həzrət Əli Rəsulullahın (s) Əhli-beytindən idi. Bu səbəbdən xilafət məqamına keçə bilməzdi».
Dəvətçi: «Bu cür dəlillərin sizin kimi bir alimdən deyilməsi, həqiqətən, təəccübləndiricidir. Nə qədər də keçmiş adətlərin təsiri altında qalaraq kor-koranə, düşünmədən haqqı gözardına vurub, boş dəlillərə sarılırsınız! Özünüz də bir az düşünsəniz, bu cür dəlillərin boş və çör-çöpdən yapışmaq olduğunu anlayacaqsınız! Amma təəssüf ediləcək nöqtə budur ki, ağalar bir saat belə təəssüb libasını çıxarıb, əsassız və boş dəlillər qarşısında böyük şiə alimlərinin dəlilləri haqqında dərindən duşünmür, onları diqqətlə araşdırmağa belə hazır olmurlar.
Sizin avamınız şiənin dəlillərindən xəbərsiz olduğu kimi, söhbət etmiş olduğum alimlərinizi də şiənin dəlillərindən xəbərsiz və təəssübə bürünmüş gördüm! Bunun tək səbəbi, kitabxanalarınızda oxumaq üçün şiənin böyük kəlam və hədis alimlərinin kitablarının olmaması və bu kitabları “kutubu-zallə” – (azdırıcı kitablar) kimi tanıdaraq bir-birlərini onları oxumaqdan yayındırmağınızdır.
Mən özüm Bəsrə, Bağdad, Beyrut və Hələbdə, yəni sünnilərin yaşadığı bölgələrdə kitab satılan yerlərə gedib şiə alimlərinin mötəbər kitablarını soruşduqda tanımadıqlarını söyləyirdilər. Hətta əhli-sünnə alimləri tərəfindən vilayət məqamının isbatı, Peyğəmbərin (s) itrət və Əhli-beytinin (ə) fəziləti haqqında yazılıb çap olunmuş kitabları belə satış məntəqələrinə buraxmazlar. Əgər bəzən, şiə kitablarından biriylə qarşılaşdıqda da, onu oxuduğunuza görə kin və düşmənçilik üzündən elə qəzəblənir, hirslənirsiniz ki, həqiqətin kəşf olub kamil bir nəticənin əldə edilməsi üçün həmin kitabları elm və məntiq dairəsinə daxil etmirsiniz. Amma tam əksinə, şiə cəmiyyətlərində alimlərinizin kitablarını nəşr etmək üçün heç bir maneə, müşkül yoxdur. Hətta alimləriniz tərəfindən yazılmış olan mötəbər kitablar təfsir, ədəbiyyat, hədis və elmi kitabları şiələrin bazarında satışa təqdim olunmuşdur, şəxsi və ümumi kitabxanalarda, evlərdə oxunub-oxudulur.
İndi üzərimdə olan böyük məsuliyyət səbəbindən, qısaca cavab vermək istəyirəm.

“İCMA”NIN RƏDDİNƏ DAİR DƏLİLLƏR
Şahid gətirdiyiniz hədisə görə, ümmətin icmasının sağlam bir dəlil və höccət olduğunu söylədiniz. Əlbəttə, özünüz də çox yaxşı bilirsiniz ki, «ümmət» kəlməsi, «mən» şəkilçisinin mənasını daşıyan «ya» hərfinə əlavə olduqda ümumiliyi ifadə edir. Elə isə, hədisin mənası (əgər səhivdirsə) belə olur: Ümmətimin hamısı xəta və zəlalət üzrə icma etməzlər. Yəni Peyğəmbərin (s) ümmətinin hamısı birləşdikləri zaman xəta olmaz. Biz də ümmətin istisnasız olaraq hamısının icma (ittifaq) etməsinin nəticə verəcəyini qəbul edirik. Çünki Allah-taala bu ümmətin içərisində onların haqla və haqqın da onlar ilə olması üzrə bir qrup xas insanlar qərar vermişdir. Yəni Allahın höccət və xəlifəsi onların içərisindədir. Ümmətin hamısı icma etdikdə, haqq əhli və Allahın höccəti olan o qrup ümmət içərisində olub, onların xəta və zəlalətə düşmələrinə mane olacaqdır.
Əgər bir az diqqət edib ciddi düşünsəniz görərsiniz ki, bu hədis Rəsulullahın (s) xəlifə təyin etmə işini ümmətin öhdəsinə qoymasına dəlalət etməz! Sözünüz doğru olarsa, kamil dinin sahibi olan Xatəmül-ənbiyanın «Mənim ümmətim zəlalət və xəta üzrə icma etməzlər» bəyanına görə, o həzrət (s) xəlifə təyin etmə haqqını özündən uzaqlaşdırıb ümmətə vermişdir. Ancaq hədis belə bir şeyə dəlalət etmir! Ümmətə vermiş olduğu təqdirdə də bütün müsəlmanların (xilafətdə fayda sahibi olduqlarından) hamısının xəlifə seçiminə qatılmaları lazım gəlir. Yəni Peyğəmbərin vəfatından sonra bütün ümmətin hamısının toplanıb məşvərət edərək icmasının rəyi ilə kamil olan bir şəxsi xilafətə seçmələri zəruri olur. İndi sizlərdən soruşuram: Rəsulullah yeni vəfat etmişkən, Səqifə adında üzəri qapalı, kiçik bir yerdə Əbu Bəkrin xəlifə olaraq elan edilməsi bütün ümmətin toplanıb səs verməsi ilə həqiqiləşdi, yoxsa başqa şəkildə?»
Hafiz: «Çox qəribə bir açıqlama verdiniz, Əbu Bəkr xilafət məqamında oturduğu iki il ərzində bütün müsəlmanlar ona itaət edib, əmrinə tabe oldular. Bax, bu, həqqaniyyətə dəlil olan icmadır!»
Dəvətçi: «Həqiqətən, cavab vermədə muğalitə etdiniz. Sualım, Əbu Bəkrin xilafətinin bütün dövrü ilə əlaqəli deyildi. Mənim sualım budur: Görəsən, Bəni-Saidə Səqifəsində (Səqifə, Bəni-Saidə qəbiləsinin əhəmiyyətli bir iş üçün toplanıb məşvərət etdikləri üstü bağlı bir yerin adı idi.) Əbu Bəkrin xilafətinə səs verərkən bütün ümmət icma etmişdimi? Yoxsa bir neçə nəfərdən ibarət kiçik bir qrup orada toplanaraq səs verib, beyət etdilər?»
Hafiz: «O «kiçik qrup» səhabənin böyüklərindən olduğu və zaman keçdikcə icmanın həqiqiləşdiyi bilinən bir şeydir».
Dəvətçi: «Buyurduğunuz «icma»dan məqsəd, səhabənin böyükləri və ağıllılarının icmasıdır» sözünüz dəlilsiz, məntiqsiz bir iddiadır. Çünki  bu hədisdən başqa heç bir dəliliniz yoxdur! İstidlal etdiyiniz bu hədisin harasından səhabənin böyükləri və ağıllıları aydın olur? Siz, alimlərin heyrətlə baxdıqları bu hədisi öz xəyalınızla mənalandırırsınız!
Lakin mən elə indi «ümmət» kəlməsindəki «ya» zəmirinin səhabədən (fəzilət sahibi olsalar belə) bir neçə nəfərlik bir qrupa deyil, ümuma dəlalət etdiyini ərz etdim.
Fərz edək ki, bu sözünüzü qəbul etdik. İndi söyləyin: məgər, səhabənin böyükləri və qabaqcılları təkcə Səqifədə toplanıb Əbu Bəkr, Ömər və qəbir qazan Əbu Ubeydənin (Cərrah) liderliyinə səs verən və beyət edən bir neçə nəfərdən ibarətdirmi?! Məgər, müsəlmanların digər  şəhərlərdəki səhabələrdən ağıllı olan böyüklər yox idimi?! Görəsən, Rəsulullahın (s) vəfatı əsnasında Mədinədə olan bütün tayfaların qabaqcılları və əshabın böyükləri Səqifə kimi kiçik bir yerdə toplanıb icma etdilərmi ki, o icma da bu axşam sizə dəlil olsun?!»
Hafiz: «Xilafət məsələsi mühüm iş olduğu üçün fitnə və ixtilaf çıxmasın deyə, vaxt da dar olduğundan digər bölgələrdəki müsəlmanlara xəbər vermədilər. Çünki Əbu Bəkr və Ömər ənsardan bir qrupun Səqifədə toplandığını eşitdikdə, tələsik oraya gedib, söhbətlər etdilər. Ömər siyasi bir şəxs olduğu üçün ümmətin məsləhətini, xeyrini Əbu Bəkrə beyət etməkdə görüb, ona beyət etdi. Digər bir qrup da Ömərə tabe olub, beyət etdilər. Amma ənsar və Xəzrəc qəbiləsindən olan bir qrup Səd ibn Ubadəyə tabe olaraq, beyət etmədən çıxıb getdilər. Bu məsələdə tələsməyin səbəbi də bundan ibarət idi».
Dəvətçi: «Bütün tarixçilərin və böyük alimlərinizin də təsdiq etdiyi kimi, siz də bu həqiqəti təsdiq edirsiniz ki, işin başlanğıcı olan Səqifə günündə icma həqiqiləşmədi. Əbu Bəkr, siyasət işlədərək Ömər və Əbu Übeydeyə dilucu təklif etdi. Onlar da Əbu Bəkri tərifləyib, «Sən bizdən daha layiq və daha üstünsən» dedilər. Daha sonra da tələm-tələsik Əbu Bəkrə beyət etdilər. Ovs qəbiləsindən olan bir neçə nəfər də Xəzrəc qövmü ilə keçmişdən olan düşmənliklərindən Səd ibn Ubadənin əmir olub onlardan önə keçməməsi üçün Əbu Bəkrə beyət etdilər və sonralar da vaxt keçdiyindən bu beyət genişlənməyə başladı. Ancaq əgər icma dəlili sağlam bir dəlil idisə, zaman bütün ümmət (sizin sözünüzə görə ağıllıların) toplanaraq məşvərət edib, səs birliyi ilə xəlifəni təyin etmək üçün səbir etməli idi».
Hafiz: «Ərz etdim ki, işin içində fitnə və ixtilaf olduğundan və iki qəbilə olan Ovs və Xəzrəc Səqifədə toplanaraq xəlifənin öz içlərindən olması üçün münaqişə etdiklərinə görə onlar da belə etdilər. Həqiqətən, xilafət məsələsində ən kiçik bir qəflət belə ənsarın xeyrinə tamamlanır və mühacirin əli bu işdən uzaqlaşırdı. Bax, bunun üçün tələsməyə məcbur idilər».
Dəvətçi: «Biz də göz yumaraq sözlərinizə təslim olur və öz sözlərinizdən dəlil çıxarırıq. Məhəmməd ibn Təbərinin «Tarix» kitabının 2-ci cildinin səhifəsində və digər böyük alim və tarixçilərinizin yazdıqlarına görə, müsəlmanlar Səqifədə xilafət məsələsində məşvərət üçün bir araya toplanmamışdılar; əksinə, iki qəbilə olan Ovs və Xəzrəc özlərinə bir əmir təyin etmək üçün toplanmışdı. Bu əsnada Əbu Bəkr və Ömər tələsik özlərini onların münaqişə məclisinə yetişdirib, bu ixtilafdan öz xeyirlərinə sui-istifadə etdilər. Həqiqətən, əgər onlar belə mühüm bir iş olan xilafət məsələsində məşvərət üçün bir araya toplanmışdılarsa, yerdə qalan bütun müsəlmanlara da rəy vermələri üçün xəbər verməli idilər.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!