24-CÜ MÜNAZİRƏ - II hissə

:

USAMƏNİN OYUNÇULARLA SÖHBƏTİ
Biz də sizlə həmsəs olub deyirik: Vaxt dar olduğuna görə Məkkə, Yəmən, Taif və müsəlmanların yaşadıqları digər şəhərlərə xəbər vermək imkanı yox idi. Mədinənin yaxınlığında olan Usamənin ordusundakı böyük səhabələrə də xəbər verə bilmirdilər?!

O səhabələrdən biri, hətta ən təsirli olanı müsəlmanların ordu sərkərdəsi olan Usamə ibn Zeyd idi. Rəsulullah (s) Usaməni orduya başçı təyin etdərək, Əbu Bəkr və Öməri də onun rəhbərliyi altına daxil etmişdi.
Usamə fitnənin qopduğunu və onlardan xəbərsiz məşvərət edilmədən üç kişinin öz istəkləri üzrə xəlifə seçdiklərini eşitdikdə, atına minib məscidə gələrək fəryad etdi: «Ortalığı qatıb-qarışdıran bu vəlvələ nədir? Kimin iznilə xəlifə təyin etdiniz? Siz bir neçə nəfər kim idiniz ki, müsəlmanların və səhabənin böyüklərinin məşvərət və icması olmadan xəlifə təyin etdiniz?!»
Usamənin bu fəryadını bütün tarixçilər nəql etmişdir. Ömər Usaməni cəzb etmək üçün irəli gələrək belə dedi: «Ey Usamə! İş tamam oldu, beyət həqiqiləşdi, təfriqə yaratma, sən də beyət et!»
Usamə onun bu sözlərindən narahat olub belə dedi: «Peyğəmbər məni sizlərə sərkərdə təyin etdi, vəzifəmdən də azad edilmədim! Rəsulullahın sizlərə əmir etdiyi bir şəxs necə olur ki, gəlib əmri altında olan məmurlara beyət etməli olur?!...»
Mübahisə və münaqişəni sonuna qədər danışıb, mövzunu uzatmaq istəmirəm. Bəhanə üçün Usamənin ordusunun şəhərdən uzaq olduğunu və vaxtın keçdiyini deyə bilməzsiniz. Məgər bu məsafə Səqifədən həzrət Peyğəmbərin evinə qədər olan məsafədən uzaq idimi?! Görəsən, şiə və sünni ittifaqına görə müsəlmanlar içərisində təsirli bir şəxs olan həzrət Əliyə (ə), həzrət Peyğəmbərin (s) əmisi olan Abbasa, Rəsulullahın ailəsindən və haqlarında dəfədərlə tövsiyyə etdiyi Quranın bərabəri olan Bəni-Haşimə və digər böyük səhabələrə orada olduqları halda fikirlərini bildirmələri üçün nə səbəbdən xəbər vermədilər?!»
Hafiz: «Zənn edirəm, cəmiyyəti elə təhlükəli bir hal bürümüşdü ki, Səqifədən bayıra çıxmaq üçün fürsət belə tapmamışdılar».
Dəvətçi: «Mərhəmətsizlik edirsiniz! Çünki onların fürsətin olmasına baxmayaraq, qəsdən Əliyə (ə), evdə olan Bəni-Haşim ailəsinə və səhabənin böyüklərinə xəbər vermədilər!»
Hafiz: «Onların əməllərinin qəsdli olduğuna dair dəliliniz varmı?»
Dəvətçi: «Ən böyük dəlil, Ömərin Peyğəmbərin (s) evinin qapısına qədər gələrək, evdə toplanan Əli (ə), Bəni-Haşim və səhabənin böyüklərinin xəbərdar olmamaları üçün içəri girməməsidir».
Hafiz: «Heç bir şübhə yoxdur ki, bu söz şiələrin uydurmalarındandır!»
Dəvətçi: «Yenə də lütfsüzlük etdiniz. Heç kimin uydurması deyil. Hicri-qəməri III əsrdə yaşayan Məhəmməd ibn Cərir Təbərinin «Tarix» kitabının 2-ci cildinin 456-cı səhifəsinə müraciət etsəniz yaxşı olar! O belə yazır: «Ömər, Rəsulullahın evinin qapısına qədər gəlib içəri girmədi. Əbu Bəkrə işinin olduğunu və təcili gəlməyinin zəruriliyi xəbərini göndərdi. Amma Əbu Bəkr cavabında: «İndi vaxtım yoxdur, gələ bilməyəcəyəm» – dedi. Ömər Əbu Bəkrə təkrar olaraq: «Mühüm bir hadisə olmuşdur və sənin olmağın lazımdır» – deyə xəbər göndərdi. Nəhayət, Əbu Bəkr bayıra çıxdı. Ömər gizli bir şəkildə ənsarın Səqifədə toplanma hadisəsini ona bildirdi və «Təcili oraya getməyimiz lazımdır» – dedi».
Hər ikisi Səqifəyə doğru gedərkən yolda qəbir qazan Əbu Übeydə ilə rastlaşdılar. Bu gecə sizə dəlil ola biləcək «ümmətin icması»nı təşkil etmək üçün onu da yanlarına alaraq, birlikdə getdilər!
Allah xatirinə, bir az insaflı olun. Əgər işin içində hiylə və mənfəət yox idisə, nə üçün Ömər Rəsulullahın (s) qapısına qədər gedib, hadisəni bütün Bəni-Haşim və səhabənin böyüklərinə bildirərək onlardan yardım almaq üçün içəri girmədi?! Məgər, Rəsulullahın ümməti arasında sadəcə Əbu Bəkr kamil bir ağıla sahib idi?! Səhabədən olan digər şəxsiyyətlər və Peyğəmbərin Əhli-beyti yad insanlar idilər ki, onlara xəbər vermədilər?!
Bütün tarixçilərin yazdığı kimi, uydurmanız olan bu icma üç nəfərlə həqiqiləşdimi?!
Ağalar bir az insaflı olun! Əgər bir qrup danışmaq istəsə, elmi və əməli mövzularda münazirə etsə, dəlillər gətirərək sözügedən xilafət və icmanın uydurmadan ibarət olduğunu və heç bir səmavi və yer üzündəki qanunlarla uyğunlaşmağına görə qəbul edilmədiyini söyləsə, görəsən, şiə müşrik, nəcis olurmu?! Qətl edilmələri vacib olurmu?! Onlara hər cür iftira yağdırmaq caiz olurmu?!
Buyurursunuz ki, Peyğəmbər (s) xilafət məsələsini ümmətin (və ya sizin nəzərinizə görə ümmətin ağıllılarının) öhdəsinə buraxdı. Zəhmət olmasa, Allah xatirinə insafla deyin, ümmət və ya ümmətin qabaqcılları təkcə üç nəfərdən – Əbu Bəkr, Ömər və qəbir qazan Əbu Übeydə Cərrahdan ibarət idimi? Bu üç nəfər bir-birlərinə təklif edərək, ikisinin digər üçüncüsünə beyət edib, ona təslim olmaları, yerdə qalan bütün müsəlmanların da o iki nəfərin yolunu davam etdirmələrini vacib bilirmi?! Əgər bəziləri: «Bu üç nəfər də digər  ümmət və əshab kimi idi, onların əshabla məşvərət etmələri zəruri idi, niyə belə etmədilər» deyərsə, kafir olurlarmı?! Onların qanları axıdılmalıdırmı?

İCMANIN HƏQİQİLƏŞMƏDİYİNƏ DAİR İKİ FİRQƏNİN BİRLİYİ
Ağalar, əgər təəssübsüz icma ətrafında bir az düşünsəniz görəcəksiniz ki, azlıq, çoxluq və icma (ittifaq) arasında böyük bir fərq vardır. Əgər şura məclisi əhəmiyyətli bir iş üçün təşkil olunursa, o işə az sayda insan səs verirsə «məclisin az hissəsi səs verdi», əgər çoxu səs verirsə, «məclisin çoxu səs verdi» deyirlər. Amma əgər məclisdə olanların istisnasız olaraq hamısı səs verirsə, «icma hasil oldu» deyirlər. Yəni o iş haqqında bir nəfər belə müxalifət etməmişdir.
Allah xatirinə söyləyin görək, Səqifədə və daha sonra məsciddə və sonralar da Mədinə şəhərində belə bir icma Əbu Bəkrin xilafətinə rəy verdimi? Sizin istəyinizə görə səsvermə haqqını bütün ümmətdən alaraq, icmanın, İslamın mərkəzi olan Mədinədə yaşayan səhabənin böyükləri və qabaqcıllarının bir araya gəlmələrilə həqiqiləşəcəyini söyləsək, yenə də belə bir icmanın həqiqiləşmədiyi bir həqiqətdir (faktdır)!
Sizə and verirəm Allaha, söyləyin: Məgər Mədinənin mühüm şəxsiyyətləri və səhabənin qabaqcıl böyükləri birləşərək Əbu Bəkrin xilafətinə səs verdilərmi ki, belə bir icma da kerçəkləşmiş olsun? Aydındır ki, bu sualın cavabı mənfidir. Bu səbəbdən «Məvaqif» kitabın müəllifi etiraf edərək demişdir: «Əbu Bəkrin xilafəti xüsusunda, hətta Mədinə şəhərində belə icma həqiqiləşmədi; səhabənin qabaqcıllarının hamısı ona səs vermədilər. Çünki ənsardan olan Səd ibn Ubadə, onun övladları, səhabənin mühüm şəxsiyyətləri, Bəni-Haşimin hamısı, onların dostları və eyni zamanda həzrət Əli (ə) altı ay müddətində müxalifət edərək. onların əmri altına girmədi».
Doğrudan da, həqiqət və insafı göz önünə gətirərək tarixə müraciət etdikdə, İslam dövləti və nübüvvətin mərkəzi olan Mədinədə bütün mühüm şəxsiyyətlərin və səhabənin hamısının bir araya gəlmədiyini, Əbu Bəkri xəlifə olaraq təyin etmək üçün birlikdə səs verilmədiyini, nəticədə belə bir icmanın da həqiqiləşmədiyini görürük!
Etibarlı ravi və böyük tarixçilərinizdən, məsələn: imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbn Əbil Hədid Mötəzəli, Təbəri, Buxari, Müslim və bunlar kimi bir çoxları müxtəlif ifadələrlə Mədinə şəhərində kamil bir icmanın həqiqiləşmədiyini söyləmiş və nəql etmişlər.
Bəni-Haşimin hamısı – Rəsulullahın (s) qohum-əqrabaları, ailəsi və Quranın bərabəri olan Əhli-beyti (ə) Bəni-Üməyyə və üç nəfər istisna olmaqla əshabın hamısı Səqifədə xilafətə səs verilərkən orada deyildilər. Belə bir hadisənin baş verdiyini eşidər-eşitməz etiraz etməyə başladılar. Hətta mühacir və ənsardan olan səhabənin qabaqcıllarından bəzi şəxslər etirazlarını bildirmək üçün məscidə gedib, Əbu Bəkr ilə xilafət mövzusu barəsində mübahisəyə başladılar. Məsələn: Salman Farsi, Əbuzər Qəffari, Miqdad ibn Osvəd Kəndi, Əmmar Yasir, Bureydə Əsləmi, Xalid ibn Səid ibn As Əməvi (mühacirlərdən), Əbül Heysəm ibn Tiyhan, Xüzeymə ibn Sabit (Zuş-şəhadəteyn, iki nəfərin yerinə şəhadət verən kəs deməkdir. Bu ləqəbi ona Rəsuli-əkrəm (s) vermişdir.), Əbu Əyyub Ənsari, Übeyy ibn Kəb, Səhb ibn Huneyf və Osman ibn Huneyf.
Bunların hər biri məsciddə Əbu Bəkrə qarşı sağlam höccət və kifayət qədər dəlillər gətirmişdilər. Təəssüflər olsun ki, məclisimizin vaxtı az olduğu üçün onların mübahisələrinə toxuna bilməyəcəyəm. Lakin icma dəlilinin təmamilə batil və əsassız olduğunu açıqlamaq və məclisdə olan və ya olmayanların bəsirətlərinin artması və höccətin onlara tamam olması üçün sadəcə bu qısa açıqlama ilə kifayətləndim.
Mədinənin özündə belə icma həqiqiləşmədi! Hətta Mədinədə olan «əshabın qabaqcılları və böyük şəxsiyyətlərinin icması» sözü də yalandan başqa bir şey deyildir! İndi isə, Əbu Bəkrin xilafətinin əleyhinə olan bəzi müxaliflərin adlarını mötəbər kitablarınızdan hüzurunuza ərz edim.

ƏSHABIN BÖYÜKLƏRİNİN ƏBU BƏKRİN BEYƏTİNDƏN ÇƏKİNMƏSİ
İbn Həcər Əsqəlani və Bəlazəri öz «Tarix» kitablarında, Məhəmməd Xavənd Şah «Rövzətüs-səfa»da, İbn Əbdülbirr «İstiab» adlı kitabında və digər alimləriniz belə deyirlər: «Səd ibn Ubadə, Xəzrəc qəbiləsi, Qüreyşdən bir tayfa və səhabənin böyüklərindən 18 nəfər Əbu Bəkrə beyət etməyərək, şiə oldular: onlar Əli ibn Əbu Talibin (ə) şiələrindəndir. Həmin 18 nəfərin adları bunlardan ibarətdir: 1. Salman Farsi; 2. Əbuzər Qəffari; 3. Miqdad ibn Osvəd Kəndi; 4. Əmmar Yasir; 5. Xalid ibn Səid ibn As; 6. Bureydə Əsləmi; 7. Ubeyy ibn Kəb; 8. Xüzeymə ibn Sabit (Züş-şəhadəteyn); 9. Əbül Heysəm ibn Tiyhan; 10. Səhl ibn Huneyf; 11. Osman ibn Huneyf (Züş-şəhadəteyn); 12. Əbu Əyyub Ənsari; 13. Cabir ibn Abdullah Ənsari; 14. Xüzeyfə ibn Yəman; 15. Səd ibn Ubadə; 16. Qeys ibn Səd; 17. Abdullah ibn Abbas; 18. Zeyd ibn Ərqəm.
Yəqubi «Tarix» kitabında yazır: «Mühacir və Ənsardan bir qrup Əbu Bəkrə beyət etməyərək, Əli ibn Əbu Talibə meyl etdilər. Onlar Abbas ibn Əbdülmütəllib, Fəzl ibn Abbas, Zübeyr ibn Əvam ibn As, Xalid ibn Səid, Miqdad ibn Ömər, Salman Farsi, Əbuzər Qəffari, Əmmar Yasir, Burra ibn Azib və Ubeyy ibn Kəbdən ibarətdirlər».
Məgər, bu şəxslər öz qəbilələrinin böyükləri, əshabın qabaqcılları və Rəsulullahın (s) məşvərət etdiyi şəxslər deyildilərmi? Görəsən, həzrət Əli, Peyğəmbərimizin əmisi Abbas və Bəni-Haşim qəbiləsinin digər üzvləri qövmün ağıllı insanları deyildilərmi?
Allah xatirinə bir az insaflı olun. Onların hüzuru, məşvərəti, rəyi və təsdiqi olmadan özünü həqiqət şəklində göstərən bu icma necə icmadır? Əbu Bəkri gizlicə o cəmiyyətdən bayıra çıxarmaq, səhabənin digər qabaqcıllarına xəbər verməmək və onların fikirlərini nəzərə almamaq icma mənasını verir, yoxsa işin içində siyasi oyunun olduğunu göstərir?! Demək, işin başında bütün ümmətin icması olmadığı kimi, Mədinə əhlinin hamısının də icması yox imiş. Hətta Səd ibn Ubadə və yanındakıların üstüörtülü Səqifədən çıxmasıyla orada da icma həqiqiləşməmişdir! Bu ilk inqilab idi ki, İslam aləmi bunu bəşər tarixinə əmanət verdi.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!